Elbrusun zirvəsini fəth edən azərbaycanlı xanım - Fotolar
Silahlı Qüvvələrimizin 100 illiyi münasibəti ilə "Qartal” Dağçılıq Klubunun
8 alpinisti Elbrus dağının zirvəsini fəth edib. 8 nəfərin 7-si kişi, biri isə
xanım olub. Həmsöhbətimiz elə o xanım - Vəfa Qəhrəmandır. İngilis dili müəllimidir,
kouç, Azərbaycan Müəllim İnkişafı Mərkəzində müəllim-təlimçi
kimi çalışır. "Xanımdan yaş soruşmazlar” desələr də, mən soruşdum. Çünki neçə yaşından
sonra bu sahəyə meyillənməsi mənə maraqlı idi. 37 yaşı var, 3 ildir ki
dağçılığa başlayıb, fəth etdiyi dağlar da var, zirvəsinə qalxmaq arzusunda
olduğu da.
- Kənardan baxanda heç demək olmaz ki, bu xanım
dağlara çıxır, alpinistdir. Demək ki, bu zərifliyin, incəliyin arxasında böyük
güc var...
- Güc bizim
daxilimizdədir və bunu hamıdan yaxşı özümüz bilirik. İçimizdəki əjdahanı,
vulkanı bəzən kənardakılara göstərmərik, amma bir az cəsarət, özgüvən olanda
insan ondan bolluca istifadə edir.
- Yəni, bu cəsarət, özgüvən sizdə var?
- İnsan
yaşadıqca, təcrübə artdıqca, bəlkə də yaxşı mühitə düşdükcə bunu qazanır. O
uğur, özünütəsdiq dəfələrlə təkrarlananda insanda özgüvən yaranır. Bu, yəqin ki
illərin təcrübəsidir. Sən artıq nəyi bacarıb-bacarmayacağını özün dəqiq bilirsən.
- Uşaq yaşlarınızdan bu kimi şeylərə maraqlı
olmusunuz, yoxsa...
- Yaxınlarda bir
fikir oxudum, deyir ki, 7 yaşlı uşağa bax, indi onu necə görürsənsə, 70-ində də
elə olacaq. Biz artıq 7 yaşımızda formalaşmış insan oluruq. Hər zaman nə isə hərəkət
edəndə dönüb keçmişimə baxıram və görürəm ki, uşaqlıq illərində də qarşıma hədəf
qoymuşam, onlar üçün mübarizə aparmışam. Gücümün hara qədər gedəcəyini sınamağı
sevən adam olmuşam.
- İnsanın necə bir xarakterə sahib olmasında
uşaqlıq illərində valideynlərinin onlara yanaşmasının rolu böyükdür. Valideynlərinizin
sizə yanaşması necə olub?
- Valideyn, müəllim,
təhsil işçisi gözü ilə uşaqlıq illərimə nəzər salıram. Bir bacım, bir qardaşım
var. Onlar tamamilə fərqli təbiətdə insandırlar. Evə bağlıdırlar. Anam
alpinistlərlə bağlı məlum hadisədən sonra dağa getməyimə heç razı deyil, amma mən
hər hansı yolla gedirəm, çünki bu istək mənə güc gəlir. Amma bacım, qardaşım
ananın istəyinə qarşı getməzlər. Onlarla mənim tərbiyəmdə fərqli nə etdiklərini
tuta bilmirəm. Məni çox sərbəst böyüdüblər. Uşaq vaxtı düşərgələrə gedirdim,
rayona göndərirdilər. Sanki mənə sanki güvənləri daha çox idi, "O bacarar”, "o
baş çıxarar”, "o öhdəsindən gələr” deyirdilər. Yəqin ki, o arxayınlıq mənə bir
çox şeylər ötürə bilib.
- Müəllim kimi fəaliyyətinizdən və müəllimin
dağçılığa marağının necə yaranmasından danışaq...
- İngilis dili
sahəsi üzrə çalışıram. Uzun illər beynəlxalq məktəblərdə fəaliyyət göstərmişəm,
hazırda isə Azərbaycan Müəllim İnkişafı Mərkəzində təlimçi-müəllim kimi işləyirəm.
Burda əsas işim müəllimlərlə çalışmaqdır.Marağımın
yaranmasına gəlincə, mən hər zaman idmanla məşğul olmağa, özümü formada
saxlamağa çalışmışam. Bu, forma saxlamaq xatirinə olmayıb. Fiziki aktiv olmaqla
bağlı daxilimdə istək olub. Dağçılıq mənim son 3 ilimin yol yoldaşıdır. O vaxta
qədər həm dağçılıq elə də məşhur deyildi, həm də mənim elə bir ətrafım yox idi.
3 il bundan öncə Heydər Əliyev zirvəsinə yürüş təşkil olunması ilə bağlı elan
verilmişdi. O yürüşə getdim, dağçılıqla bağlı dostlar qazandım, o dostlarla
növbəti zirvələrə getdim, yeni dostlar qazandım, onlarla başqa zirvəyə. Belə-belə
o mühitə düşdüm. İlk dəfə o yürüşə gedəndə dağçılıqla məşğul olmaq kimi məqsədim
yox idi, sadəcə olaraq mənim üçün bir dağ sınağı idi. İlk dəfə 3751 metrlik
zirvəyə çıxacaqdım. Düşünürdüm ki, mən onu bacararam? Bir növ özümü sınamaq
üçün getdim.
- Sonra da davam etmisinizsə, deməli, maraqlı gəlib.
Sizi bura çəkən nə oldu?
- Mən həvəskar
kimi idmanın müxtəlif sahələri ilə məşğul oluram, amma dağçılıq özündə bir çox
şeyləri birləşdirir. Təkcə fiziki deyil, həm də mental hazırlığın olmalıdır.
Dağa, zirvəyə çıxmaq üçün təkcə gücün yetməyə bilər. Çox güclü insanlar var ki,
dağın müəyyən bir yerinə qədər çıxırlar, amma sonra davam edə bilmirlər. Beyin
gücü, iradəsi yolu davam etməyə yetərli olmur. Gördüm ki dağçılıq özündə bir
çox keyfiyyətləri cəmləşdirir və mən bu istiqamətdə olsam, həmişə o tərəflərimin
inkişafı üçün çalışacam, məşqlər edəcəm. Bu, mənim marağımı cəlb etdi. Qeyd
etdiyim kimi gücümün hara qədər yetəcəyini sınamağı sevən insanam.
- Yarı yolda yorulduğunuz, geri dönmək istədiyiniz
olurmu?
- İstər dağ
olsun, istər başqa hansısa məsələ, mən həmişə yorğunluq hiss edəndə özümə sual
verirəm ki, doğrudan gücün bu qədərdir? Daxilimdən cavab gəlir ki, yox, bu, sənin
içində olan gücün 0,1 faizidir, indi sənə elə gəlir ki, yorulmusan, amma 99,9
faizin hələ var. Və özümə deyirəm ki, sən bir az uşaqlıq, tənbəllik edirsən,
bir az da irəli gedə bilərsən. Bəlkə gələcəkdə elə zirvələr olacaq ki, bu
olacaq, amma indiyə qədər olduğum zirvələrdə geri dönmək istədiyim an olmayıb.
- Alpinistlərin dağda həyatlarını itirməsindən
ananızın narahat olduğunu dediniz. Bəs özünüzə bunun psixoloji təsiri heç
olmadımı?
- Mən ümumi
olaraq dağçılığı, burda baş verən hadisələri bilirəm. Ondan da dəhşətli, tükürpədici
hadisələr var. Dostlarımızın elə bir tale yaşaması bizə çətin idi. Hətta mən
ondan sonra Tufandağa getdim, həmin zirvədən onların həlak olduqları yerə bir də
baxdım, düşündüm. Amma başa düşürəm ki, bəzi şeylərdən qaçmaq olmur. Evimizdə
rahat yatdığımız yerdə də dünyamızı dəyişə bilirik. Bununla özümə rahatlıq
tapıram. İnsan özünü təhlükəyə atmamalıdır, bunu da başa düşürəm. Amma biz hər
şeyi ölümlə, təhlükəylə çərçivələsək, gərək heç nə etməyək. Çünki ölüm hər
addımda var. Həyatı doya-doya yaşamaq lazımdır.
- Neçə yaşınız var?
- 37.
- Son 3 ildə dağçılığa maraq göstərmisinizsə, bu 34
yaşdan başlamağınız deməkdir. Bu vaxta qədər dağçılıqla tanışlığınıza şərait
yaradan bir şans olmadığına heyifsilənirsiz?
- Bəlkə də hər
şeyin öz zamanı var. Dağçılıq bahalı idman növüdür. Ya ailən çox imkanlı
olmalı, sənə dəstək göstərməlidir ki, ləvazimatını alasan, yol xərci və s-ləri
qarşılayasan, ya da müəyyən yaşa gəlməli, özünü maddi baxımdan təmin etməlisən.
- Ailəniz bu fəaliyyətinizi dəstəkləyir?
- Bəli. Məsələn,
anam məni dəstəkləmir, amma mən Elbrusdan qayıdanda görürəm ki, bayraqlı şəklimi
profilinə qoyub. Əslində, dəstəkləmir, amma paylaşır ki, mənim övladım ora
gedib. Düşünürəm ki, insan istəyində möhkəm olmalıdır. Əgər öz istəyindən,
atacağı addımdan əmin deyilsə, o dağın zirvəsinə də gedib çıxa bilməz. Dağın
zirvəsinə çıxmaq üçün sən yerdə bunu ürəkdən istəməlisən. Təbii ki hava şəraiti
buna imkan verməsə, sən gedib gözləyərsən, lakin dağa çıxa bilməzsən. Hər kəsin
fərqli zövqü, yanaşması var. Başqalarının fikrinə nə qədər çox əməl etsən, öz
istəklərinin nə olduğunu itirərsən.
- Evdarlığınız necədir?
- Bəzən deyirlər
ki, bütün gün dağda-bağdasan, evi nə zaman çatdırırsan? Dağla necə münasibət
qururamsa, evimlə də eləyəm. Evimin təmizliyinə, səliqə-səhmanına özüm
baxmalıyam. Çünki orda mən yaşayıram. Qızım evə girəndə evə salam verir. Ev
artıq bizim bir parçamızdır. Evdarlığım yüz faiz olmaya bilər, amma ev işlərimi
heç kəsə gördürmərəm. İşlərimi planlaşdırıram, hər birinə lazım olan qədər vaxt
ayırıram.
- Qızınızı kilim toxumaq kursundan tanıyıram.
Aktiv, sərbəst uşaqdır...
- Uşaqlıqdan qızıma
aşılamağa çalışıram ki, o, Vəfa deyil, Sara Nurdur. Onun öz istəyi var, kilim
toxuyur. Mənim kimi deyil, daha xanım-xatındır. Sərbəst, rahat bir insan kimi
yetişməsini istəyirəm. Yəni nə istədiyini bilən, məqsədləri olan fərd olması
üçün çalışıram.
- Müəllim uşaqlar üçün ikinci valideyn kimidir. Necə
bir müəllimsiniz?
- Mən sevə-sevə
öyrədənlərdənəm. Öyrətdiyimin əsasını qarşı tərəfin özünün necə öyrənməsi təşkil
edir. İstər müdavimlər olsun, istər şagirdlər çalışıram ki, insan özü ömür boyu
öyrənməyə maraqlı olsun, öyrənmək bir əyləncəyə çevrilsin. Çətin bir iş kimi
görməsinlər.Bir də bizdə ümumilikdə
özgüvən azdır. Hardasa qırılmışıq, bizi hardasa tapdalayıblar, sözümüzü, düşüncəmizi
deməyə çəkinirik. Ona görə həmişə o rahatlığı, sərbəstliyi, azadlığı aşılamağa çalışıram.
Necə ki azad ruhla dağa çıxıram, onu öz auditoriyama da vermək istəyirəm.
- Dağlardan yadınızda qalan bir xatirə danışasınız
bəlkə...
- Dağın hər anı
mənim üçün xatirədir. Orda çox şəkil çəkdirirəm, hamısını paylaşmağa imkan
olmur. Onlara baxanda arxa fonda olan səsləri yada salıram, keçirdiyim hisslər
göz önünə gəlir. Qolumda dağdan qalma ləkələr var. Hamı deyir ki, sənə
yaraşmır, bu nədir belə? Amma mən orda zədə, ləkə görmürəm, arxasında olan
xatirəsinə baxıram. Deməli, biz meşənin içi ilə gedirdik, baldırğan deyilən
bitki var, mən onu qucaqlaya-qucaqlaya keçirdim. Bilmirdim ki, ona toxunandan
sonra yeri suluqlayır və sonra belə böyük izləri qalır. Nə qədər qalacağını da
bilmirəm. Ömürlük qalsa belə, məni narahat etmir. Bunun xatirəsi, orda
keçirdiyim hisslər o qədər gözəldir ki, heç bilmirəm onu bir də hardasa keçirə
biləcəm, yoxsa yox. Getdiyim hər dağın ayrıca xatirəsi var.
- Bu səfərləri maraqlı edən həm də yol
yoldaşlarıdır. Dağa kimlərlə gedirsiniz?
- Mən ilk
yürüşümdən sonra müxtəlif insanlarla fərqli dağlara gedirdim. Amma sonra
düşündüm ki, gedirəmsə, özümə elə bir yol yoldaşı tapmalıyam ki, həm peşəkar
olmalı, həm dağları yaxşı tanımalıdır. İnsani tərəflər də önəmlidir. Çünki yol
yoldaşları ilə mən bir çadırda yemək yeyirəm, bir yolu gedirəm, hər bir çətinliyi
keçirəm. Tale elə gətirdi ki, "Qartal” Dağçılıq Klubunun üzvlərindən biriylə
tanış oldum, sonra onların dağ yürüşlərinə qatıldım. Mən həm də "Alpinizm məktəbi”nin
məzunuyam. İndi
dağa getdiyim adamlar o məktəbin məzunlarıdır. Dağlarda sınaqdan keçmişik,
bir-birimizi yaxşı tanıyırıq. Ona görə yürüşlərimizi bir edirik.
- Ümumi hədəfə daha hansı zirvələr daxildir?
- Axırıncı səfərdən
sonra müəllimimiz, bələdçimiz Rüfət Qocayev bizə sertifikatları verdi.
Sertifikatı alandan sonra öz-özümə dedim: budəfəki hədəfim nədir? Düzdür, bizim
bəlli proqramımız var, daim formada qalmaq üçün hansı dağlara gedəcəyimizi öncədən
bilirik. Ancaq bir də hədəf olaraq baxdığımız zirvələr var. Mən artıq Qafqazın və
Avropanın ən hündür zirvəsi Elbrusda olmuşam. "Yeddi zirvə” ("Seven Summits”) -
hər qitədəki ən yüksək dağdan ibarət zirvələr var və mən onlara çıxmağı hədəfləyirəm.
Birini fəth etmişəm, digər 6 zirvə hələ qalır.
- Maraqlıdır, gələcəkdə bu səfələrdə qızınız sizin
yol yoldaşınız ola bilər?
- Cəsarət edib ona
bunu təklif edə bilmərəm (Gülür). Deyir ki, səninlə qürur duyuram, dağçılıqla məşğul
olmağın məni sevindirir, amma bu, mənim işim deyil. O, mənimlə bir yerdə
dağçılıqla əlaqəli real həyat hadisələrinin əks olunduğu filmlərə çox baxıb.
Orda dağçılığın nə qədər çətin olduğunu görüb. Hətta bəzən ağlayır ki, belə şeylər
ola bilər?
Aygün Asimqızı