• cümə, 19 Aprel, 01:08
  • Baku Bakı 18°C

Əlavə yük yox, faydalı layihə ola biləcək mədəni normativlər

20.02.19 09:30 744
Əlavə yük yox, faydalı layihə ola biləcək mədəni normativlər
"Yeni mədəni normativlər”in dərs proqramına daxil edilməsi məktəblilərin virtual aləmə çox aludə olmamasına, dünyagörüşlərinin genişlənməsinə kömək edəcək. Rusiya məktəbləri üçün təklif olunan proqram hələ hazırlanma ərəfəsindədir. Belə ki, ölkənin mədəniyyət naziri Vladimir Medinskiy mədəni normativlərin yeni növünün məktəblərə tətbiqinin mümkünlüyünü vacib hesab edir. Rusiyanın Təhsil və Elm Nazirliyi ilə birlikdə hazırlanan layihə "Məktəbli üçün mədəni normativlər” adlanacaq. Layihə çərçivəsində məktəblilərə sərgiləri, muzeyləri gəzmək, tamaşalara baxmaq, yerli filmləri izləmək lazım gələcək. Sonra isə onlar öz təəssüratlarını kağız və ya elektron qaydada xüsusi hazırlanmış gündəliklərdə bölüşəcəklər.Məktəblilərin dünyagörüşünün genişlənməsinə, onların ünsiyyətinin artmasına, virtual aləmdən ayrılmalarına hesablanan layihənin bizdə də tətbiqinə ehtiyac var. Ekspert və müəllimlər bu baxımdan belə bir layihəni bizim tədris prosesi üçün də məqbul sayırlar. Bununla belə, layihənin dərs proqramına daxil edilməsi əlavə yük də hesab edilir.
Real aləmə doğru
Təhsil eksperti Etibar Əliyevin fikrincə, ruslardan öncə koreyalılar uşaqları virtual aləmdən maksimal səviyyədə qoparmaq üçün proqramlar hazırlayıblar: "Bəzi tədqiqatlar göstərir ki, virtual aləmə uşaqların kütləvi şəkildə cəlb olunması onlarda kəmağıllılıq yaradır. Bunun gələcək təhlükələrindən qorunmaq üçün onlar uşaqları virtual aləmdən qismən də olsa qoparmaq, real aləmə gətirmək üçün xeyli proqramlar hazırlayırlar”. Ekspertin sözlərinə görə, məsələnin həllində müxtəlif maarifçilik işləri rol oynayır: «Yəni həmin ölkədə böyük maarifçilik işləri həyata keçirilir. Dünyanın əksər ölkələri artıq bu təhlükəni başa düşürlər. İKT alətlərindən çox istifadənin, uşaqların psixoloji aləminə təsirini öyrənirlər. Dünya təhsil sistemində fənlərin inteqrativ yaxınlaşması üçün müəyyən dərsliklər hazırlayır, proqramları onlara uyğun olaraq yükləyirlər». Ekspertin fikrincə, belə bir proqramın ayrıca dərslik kimi hazırlanması, yeni fənn kimi tədris olunması müəyyən vaxt apara bilər. Amma sinifdənxaric, dərsdən sonrakı vəsaitlərin hazırlanması istiqamətində bunun əhəmiyyəti istisna deyil və belə bir layihə məktəblilərin real aləmə addımlamalarına təkan verə bilər: "Bu gün bizdə proqramlar çox yüklənib. Hər hansı fənnin tədris prosesinə əlavə olunması yeni yük gətirə bilər. Hesab edirəm ki, daha çox bu istiqamətdə mövcud vəsaitlərdən istifadə etməklə, uşaqların əsasən yay və qış məktəblərinə cəlb olunmasının təşkili bu işə dəstək ola bilər. Yəni bizdə yay məktəblərinin ölçüsü və miqyası çox zəifdir. Yay məktəbləri vasitəsilə uşaqların gəzintilərini təşkil etmək və bu yolla onları virtual aləmdən real aləmə cəlb etmək olar”. Ekspert bildirir ki, İKT alətlərinin gətirdiyi fəsadlar özünü göstərməkdədir. Belə ki, uşaqlarda aqressivlik hiss olunur: "O aləmin cəlbedici olması, uşaqları ora daha çox transformasiya edir. Bu istiqamətdə məktəblərdə maarifçilik işi aparılmalıdır. Sinifdənxaric hər hansı bir vəsaitin hazırlanması olduqca vacibdir. Bu işin əsas praktiki yönümü məktəblər üçün yay və qış məktəblərinin təşkilidir ki, bu da onları virtual aləmdən real aləmə qaytara bilər».
Şagirdlərin inkişafında müsbət hal
«Mən belə bir layihənin Azərbaycanda da tətbiq olunmasını alqışlayaram» - deyən Əməkdar müəllim Almaz Həsrətin sözlərinə görə, hazırkı kurikulum proqramında standartlardan biri «Oxuyub anlamaq» və «Oxuyub anladığını izah edib danışmaq» bacarıqlarının formalaşdırılmasıdır. Bu standartların formalaşdırılması üçün orta məktəbdə görülən işlərlə bağlı öz təcrübəsindən danışan müəllimin sözlərinə görə, hələ kurikuluma keçməzdən öncə – 2007-2008-ci illərdə Rusiya tərəfindən həyata keçirilən internet şəbəkəsi layihəsinə qoşulub: "Bu layihəyə Pribaltika respublikaları, Türkiyə və s. ölkələrin məktəbləri qatılmışdı. Hər şagird onlayn olaraq öz yaşadığı ölkədə flora və faunanı öyrənir, zooparklara, muzeylərə gedirdi. Sonra özləri telefonla video çəkib onun izahatını verir, gördüklərini şifahi nitq vasitəsi ilə izah edirdilər. Şagirdlər Qobustanda gördüklərini inşa şəklində yazmışdılar. Dərslərin keçirilməsində İKT avadanlığının, xüsusilə də telefondan doğru və gərəkli yerdə istifadəni də öyrənirdilər. Onlar ağac və güllərin şəklini çəkib xüsusi proqramlarda maraqlı video-kollajlar düzəldirdilər. Həmin videolar hazırda internetdə yerləşdirilib. Biz o materialları «Qobustan - açıq səma altında muzey» kimi təqdim etmişdik. Ümumi rəylər nəticəsində Azərbaycanın komandası – Əhmədlidə yerləşən 204 saylı məktəbin şagirdləri qalib elan olundu. Bu, çox gözəl bir təcrübə idi. Bir var oxuyasan, bir də var gəzib-görüb baxasan. Bu layihə uğurlu sonluqla bitdi. Hər ölkədən hazırlanan videosüjetləri şagirdlərimiz rus və ingiliscə "Vikipediya”da yerləşdirdilər. Bunun çox müsbət tərəfləri var”. Ekspert hesab edir ki, muzeyləri gəzmək, sərgiləri izləmək, filmlərə baxmaqla şagirdlərin hər birinin özlərinin qavrayacağı tərzdə təəssüratlarını kağıza köçürmələri, onların inkişafı yönündə müsbət haldır: "Bu, həm onların dünyagörüşünü artırır, həm də virtual aləmdə mədəni paylaşıma səbəbkar olurlar. Biz informasiya cəmiyyətində yaşayırıq. Şagirdlərin hər birinin, gördüyü hər hansı bir mənzərəni öz baxışı ilə qeyd etməsi digərləri tərəfindən də oxunur. Yəni şagirdin beyin məhsulunun təkcə öz sinfi daxilində deyil, məktəbdənkənar, qonşu ölkələrin də məktəbliləri tərəfindən görünməsi piar şəklində yayılır. Bu o deməkdir ki, hər şagird öz ölkəsinin hələ şagirdi ikən kiçik səfir statusunu qazanır». A.Həsrətin sözlərinə görə, bu proqram 10 ildən çoxdur ki, Rusiyada layihə şəklində həyata keçirilir. Heç şübhəsiz, layihənin şagirdlərin özündə, tədrisdə, öyrənmədə, ötürmədə və informasiya mədəniyyətinin formalaşdırılmasında müsbət nəticəsini görüb, artıq bunu öz proqramlarına daxil etməyi düşünürlər: "Mən də öz təcrübəmlə həyata keçirdiyim layihənin müsbət nəticəsini gördüyüm üçün belə bir proqramın bizim tədrisə də daxil edilməsini istərdim. Düzdür, bəzi bənzər dərslər var: məsələn, coğrafiya, fizika, tarix və s. fənn müəllimləri var ki, şagirdləri ekskursiyaya aparırlar. Bəzi yaradıcı müəllimlər də var ki, daim öz dərs prosesində bu üsuldan istifadə edirlər. Onlar getdikləri yerdən qayıdarkən şagirdlərə, gördüklərini inşa və ya esse şəklində yazmağı tapşırırlar. Bu üsulun müsbəti təsiri var. Bu, həm şagirdlərin dünyagörüşünün artmasına, həm daha önəmli məqamlara diqqət yetirmələrinə köməklik göstərir, həm də gördüklərini dilə gətirməklə, dil və yazı qabiliyyətlərinin formalaşmasına köməklik göstərir. Digər tərəfdən, şagirdlər bunu virtual aləmə ötürürlərsə, onlarda informasiya mədəniyyəti formalaşır».
Əlavə yük
160 saylı məktəbin ibtidai sinif müəllimi Ulduz Ocaqova belə bir layihəni tədris proqramına əlavə yük hesab edir: "İki aydan bir şagirdləri ekskursiyaya - təbiət qoynuna, teatra, muzeyə və s. yerlərə aparırıq. Qayıdandan sonra onlara gördüklərini inşa şəklində yazmağı tapşırırıq. Ancaq bu, dərs kimi həyata keçirilmir. Sadəcə, bir dərs müddətində – məsələn, Azərbaycan dili və ya Oxu dərsində onların təəssüratlarını müzakirə edirik. Bu cür müzakirələrin uşaqlar üçün böyük faydası var. Proses zamanı onların müşahidə qabiliyyəti üzə çıxır”. Müəllim bu proqramın ayrıca bir fənn kimi tədris olmasının tərəfdarı deyil: "Şagird onsuz da çox yüklənir. Hesab edirəm ki, belə proqrama hər hansı dərsin içərisində 15-20 dəqiqə vaxt ayırmaq olar. Çünki belə proqram lazımdır və şagirdlərin dünyagörüşünün genişlənməsinə, yazı qabiliyyətinin yaxşılaşmasına, fikir yürütmək bacarıqlarının formalaşmasına kömək edir”.
Əlbəttə, şagirdlərin dünyagörüşlərinin genişlənməsi üçün bizim təhsil sferasında da müəyyən addımlar atılır. Göründüyü kimi, bunu ekspertlər də təsdiqləyir. Mədəni normativlərdən ibarət proqramın tədrisə daxil edilməsinin daha böyük faydasının olması isə istisna deyil. Ən azı, bu sferada başqa dövlətlərin təcrübəsini mənimsəməkdə də fayda var. Dərs prosesinə əlavə yük olsa belə...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər