• cümə axşamı, 28 mart, 13:26
  • Baku Bakı 16°C

Əlahiddə Ümumqoşun Ordusu Naxçıvanın təhlükəsizliyinin qarantıdır

26.06.19 15:30 739
Əlahiddə Ümumqoşun Ordusu Naxçıvanın təhlükəsizliyinin qarantıdır
Ordu hər bir ölkənin, diyarın təhlükəsizliyinin qarantıdır. Təsadüfi deyil ki, hər bir azad, müstəqil dövlət öz ordusunun nüfuzu ilə tanınır. Qədim və zəngin dövlətçilik tarixinə malik Azərbaycanda da ordu quruculuğu daim prioritet məsələlərdən olub. Ölkəmizdə güclü, nizami və yüksək döyüş hazırlığına malik ordunun yaradılması və inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Əsası Ulu Öndərimiz tərəfindən qoyulan ordu quruculuğu işi bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin dinamik inkişafı ordumuzun büdcəsinin artmasına, nəticə etibarilə Silahlı Qüvvələrimizin döyüş arsenalının ən müasir silah və sursatlarla təminatına şərait yaradıb.
Ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Bu sahədə görülmüş işlərdən ən diqqətçəkəni muxtar respublikanın təhlükəsizliyinin qorunması məqsədilə dövlətimizin başçısının "Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusunun yaradılmasıdır. Bu əlamətdar hadisə Naxçıvanın müdafiə potensialının, hərbi hissələrin döyüş hazırlığının daha da yüksəlməsinə əsaslı zəmin yaradıb. Prezident İlham Əliyev bu barədə deyib: "Ordu quruculuğu sahəsində aparılan islahatlar, Naxçıvanda Əlahiddə Ordunun yaradılması, bu ordunun ən müasir silah-sursat, texnika ilə təchiz edilməsi bizim dövlət siyasətimizdir. Naxçıvanın hərbi potensialı böyük dərəcədə möhkəmlənmişdir. Naxçıvan ordusu bu gün güclü ordudur. Naxçıvan ordusunun hərbi texnika ilə təminatı ən yüksək səviyyədə təşkil edilir. Bu da təbiidir, çünki Naxçıvan strateji yerdə yerləşir. Naxçıvan blokada şəraitində yaşayır və belə olan halda Naxçıvanın döyüş potensialı ən yüksək səviyyədə olmalıdır”.
Bu gün muxtar respublikada ordu quruculuğu sahəsində mühüm işlər görülür. Hərbi hissələrin maddi-texniki təminatı möhkəmləndirilir, əsgəri-məişət-yaşayış kompleksləri tikilir, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, şəxsi heyətin döyüş və mənəvi hazırlığı əhəmiyyətli dərəcədə artırılır. Bir faktı qeyd etmək yerinə düşər ki, son illər muxtar respublikanın etibarlı müdafiə təminatı ilə bağlı həyata keçirilmiş tədbirlər çərçivəsində yüzlərlə hərbi obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilib.
Bununla yanaşı, Naxçıvanda xalq-ordu birliyi özünün ən yaxşı ifadəsini tapıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun tez-tez sərhəd bölgələrindəki hərbi hissələrdə olması, xidmətin vəziyyəti, əsgərlərin həyat tərzi və problemləri ilə mütəmadi maraqlanması şəxsi heyətə mənəvi-psixoloji dəstək verməklə onlarda vətənpərvərlik hisslərinin daha da güclənməsinə səbəb olub.
Məhz görülən işlərin sayəsində Əlahiddə Ümumqoşun Ordusu 2017 və 2018-ci illərdə döyüş və ictimai-siyasi hazırlıqda əldə olunmuş nailiyyətlərə görə Azərbaycan Respublikası Silahlı Qüvvələri üzrə birinci yerə layiq görülüb. 2017-ci il oktyabrın 18-də muxtar respublikada ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü münasibətilə keçirilən möhtəşəm hərbi parad ordumuzun Naxçıvanda yerləşən hissələrinin gücünü bütün dünyaya nümayiş etdirib. Ötən il may ayının sonlarında Əlahiddə Ümumqoşun Ordusunun 26 il işğal altında olan Şərur rayonunun Günnüt kəndini və 11 min hektar ərazini azad edərək mühüm strateji üstünlüklərə yiyələnməsi isə bu gücün praktik nəticəsini ortaya qoyub.
Bu gün hər bir Naxçıvan sakini Əlahiddə Ümumqoşun Ordusunun gücü, qüdrəti ilə fəxr edir.
Bu yaxınlarda isə Əlahiddə Ümumqoşun Ordusunun və Naxçıvan Muxtar Respublikasının güc strukturlarının, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələri bölmələrinin birgə döyüş atışlı "Sarsılmaz qardaşlıq – 2019” taktiki təliminin nəticələri onu göstərdi ki, Naxçıvan ordusu istənilən təhdidə layiqli cavab verməyə, istənilən tapşırığı yerinə yetirməyə tam hazırdır.
Türkiyə və Azərbaycan Silahlı Qüvvələri rəhbərlərinin iştirak etdiyi, 5 min nəfərədək şəxsi heyətin, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 ədəd təyyarə, helikopter, pilotsuz uçuş aparatı və silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və texnikaların cəlb olunduğu bu möhtəşəm təlim düşmənlərimizə əsl gözdağı oldu. Keçirilən təlimlə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri deyib: "Ordu quruculuğu tədbirləri sırasında hərbi təlimlərin əhəmiyyəti böyükdür. Çünki təlimlər əsgər və zabitlərdə hərbi vərdişləri formalaşdırır, onların döyüş hazırlığını artırır. Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürk deyirdi ki, "Hər hansı bir ordunun dəyəri onun əsgər və komandan heyətinin dəyəri ilə ölçülür”. Azərbaycan-Türkiyə birgə hərbi təlimində qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsi bir daha əminlik yaratdı ki, təlimə cəlb olunmuş şəxsi heyətlərdə yüksək döyüş hazırlığı vardır”.
"Sarsılmaz qardaşlıq – 2019” birgə döyüş atışlı taktiki təlim bir daha onu göstərdi ki, Naxçıvandakı ordu hissələri böyük potensiala malikdir.
Ordu quruculuğu sahəsində həyata keçirilən əhəmiyyətli tədbirlərdən biri də hərbi kadr hazırlığı ilə bağlıdır. Ötən dövrdə göstərilən böyük dövlət qayğısı hesabına Naxçıvan şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi Liseyin maddi-texniki bazası möhkəmləndirilib, kursantlar üçün müasir tədris və məişət şəraiti yaradılıb. İndiyədək 3 mindən artıq kursantın məzun olduğu bu lisey ordumuzun peşəkar zabitlərlə təminatında böyük rol oynayır.
Bu gün hər birimiz ordumuzun gücü, qüdrəti ilə fəxr edirik. Ordumuzun döyüş və vətənpərvərlik ruhu, təmas bölgələrində düşmənin təxribat xarakterli hərəkətlərinə vaxtında layiqli cavab verilməsi hər birimizdə qürur hissi doğurur. Ölkəmizdə və muxtar respublikamızda xalq-ordu birliyinin möhkəmliyi onu deməyə əsas verir ki, Azərbaycan əsgərinin xalqımıza qələbə sevincini yaşadacağı gün uzaqda deyil.
AZƏRTAC
banner

Oxşar Xəbərlər