• cümə, 29 Mart, 10:36
  • Baku Bakı 5°C

Ekspert: Cari ildə buğda qıtlığı olacağı gözlənilmir

16.08.22 18:30 749
Ekspert: Cari ildə buğda qıtlığı olacağı gözlənilmir

Dünyada baş verən COVID-19 pandemiyası səbəbindən təchizat zənciri pozuldu. Nəticədə qida çatışmazlığı qorxusu insanlar və ölkələr üzərində psixoloji təsirlər yaratdı. Bu da buğdaya tələbin artmasına gətirib çıxardı. Eyni zamanda, qlobal iqtisadiyyatı pandemiya durğunluğundan çıxarmaq üçün yumşaq pul və fiskal siyasətin həyata keçirilməsi əmtəə məhsullarına tələbi artırdı. Rusiya və Ukrayna dünyanın buğda istehsalında 14 faiz və ticarətində 20 faiz paya sahibdir. İki dövlət arasındakı müharibə buğdaya tələbin artmasına və qiymətlərin 2022-ci ilin fevral-mart aylarında son 15 ilin ən yüksək həddinə qalxmasına səbəb oldu. Həmçinin son qlobal proseslər fonunda bütün əmtəələrin, o cümlədən taxıl istehsalı üçün vacib olan gübrə və herbisidlərin qiyməti kəskin artdı. Bu da istehsal xərclərinin artmasını və qiymət yüksəlməsini dəstəkləyən iqtisadi amillər oldu.

Bu fikirləri ekspert Cəfər İbrahimli bildirib.

Ekspert qeyd edib ki, buğda tələbatının böyük hissəsini idxal hesabına qarşılayan ölkələri, o cümlədən Azərbaycanı qiymət artımı narahat edirdi. Cari il üzrə Hindistanda məhsul istehsalı 5 milyon ton azalıb. Buna baxmayaraq, qonşu ölkələrdə -Türkiyə və Rusiyada taxıl istehsalında 5 milyon tona yaxın artım olacaq. Bu da təxminən dünyada gözlənilən 780 milyon ton buğda məhsulu yığılması deməkdir. Yəni, ötən illərlə müqayisədə istehsalda və istehlak həcmlərində ciddi artım olacağı gözlənilmir. Əlavə olaraq təchizat zəncirində düzəlmə və istehsalçı ölkələrin ixrac məhdudiyyətlərini mərhələli şəkildə qaldırdığı müşahidə olunur. Buna nümunə kimi Rusiyanın məhdudiyyətləri qaldırması və Ukrayna anbarlarında ötən ildən qalan 10 milyon ton taxıl məhsullarının bazarlara çıxarılmasını göstərə bilərik. Bütün bunların fonunda illik təxminən 9 milyard dollarlıq buğda satışı olan Rusiyanın digər məhdudiyyətlərə baxmayaraq, buğda satışı qiymətinin son 2 ayda 50 faizə yaxın enməsinə səbəb oldu. Azərbaycan əsasən ildə 1,3 milyon ton ərzaqlıq buğdanı Rusiyadan idxal edir. Bu il də ehtiyac olan qədər idxal edilməsində problem olmayacaq.

Cəfər İbrahimli bildirib ki, qlobal aləmdə olduğu kimi, Azərbaycanda da istehsal dövründə gübrənin, herbisidlərin və toxumun qiymətində artım müşahidə olunur. Lakin bu artım daxildə baş verən proseslərlə bağlı deyil. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Bu il dünyanın əksər ölkələrində inflyasiya ikirəqəmli inflyasiyadır. Bildiyiniz kimi, inkişaf etmiş ölkələrdə inflyasiya çox aşağı səviyyədə olur. Ərzaq mallarının qiymətinin qalxması da Azərbaycana bir növ, - əgər belə demək mümkündürsə, - idxal olunub”. Ötən il dizelin və eyni zamanda, bütün mal və xidmətlərin dəyərində artım müşahidə edilib. Bu da öz növbəsində bütün malların qiymətlərinə sirayət edir. Daxili bazarda da buğdanın qiymətinin keçənilki biçin dövrü ilə müqayisədə yüksək olacağı gözlənilirdi. Çünki istehsal xərci yüksəlib. İstehsalın təxminən 10 faizə yaxın azalması daxili bazarda qiymətlərin ən yüksək həddə qədər yüksəlməsini dəstəkləyib.

Ekspert əlavə edib ki, ümumiyyətlə, dünyanın əksər ölkələrində həyata keçirilən antiinflyasiya tədbirləri çərçivəsində qiymət artımı tendensiyası dayanıb və trend sabitləşmənin olduğunu göstərir. Son iki ayda dünya əmtəə birjalarında buğda qiymətlərində də eniş, trendli stabilləşmə müşahidə edilir. Nəticə etibarilə cari ildə dünyada buğda qıtlığı olacağı gözlənilmir, ancaq qiymətlərin əvvəlki illərlə müqayisədə yüksək olması reallığı ilə barışmalıyıq.

banner

Oxşar Xəbərlər