• cümə axşamı, 28 mart, 14:17
  • Baku Bakı 16°C

Ekspert: AP-nin qətnaməsi Azərbaycanın dünyadakı nüfuzunu aşağı salmaq məqsədi güdür

18.01.19 21:31 551
Ekspert: AP-nin qətnaməsi Azərbaycanın dünyadakı nüfuzunu aşağı salmaq məqsədi güdür
Azərbaycanın bir sıra daha sanballı beynəlxalq təşkilatlarla əməkdaşlığı uğurla davam və inkişaf etdirdiyi bir vaxtda Avropa Parlamentinin (AP) 17 yanvarda Mehman Hüseynovla bağlı reallığa uyğun olmayan qətnamə qəbul etməsi haqlı suallar doğurur. Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
O bildirib ki, qətnamə qərəzlidir və Avropa Parlamentində ənənəvi olaraq Azərbaycan əleyhinə olan şəxslərin fəal iştirakı və təşəbbüsü ilə qəbul edilib: "Maraqlıdır ki, qətnamənin əsas təşəbbüskarlarından biri Almaniya Yaşıllar Partitasının təmsilçisi, eyni zamanda, anti-Azərbaycan xarakterli müxtəlif layihələri maliyyələşdirməkdə məşhur olan Sorosun dostu Rebekkadır. Sorosun maliyyəsi və metodikası ilə işləyən şəxslərin qəbul etdirdikləri qətnamənin arxasında nələrin dayandığını təsəvvür etmək çətin deyil. Ən əsası odur ki, qətnamə müəllifləri Avropa Parlamentində bu biabırçı qətnaməni Azərbaycanın heç bir rəsmi qurumu ilə əməkdaşlıq etmədən qəbul etdiriblər. Onu da xüsusi vurğulamağa ehtiyac var ki, Avropa İttifaqı ölkələrinin bir qrup nümayəndəsi Azərbaycanda Mehman Hüseynovun olduğu həbsxanada onunla görüşəndən və hər şeyin normal olduğunu bəyan edəndən sonra belə qərəzli qətnamə meydana çıxdı".
Ekspert qeyd edib ki, Azərbaycanın BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, MDB və sair kimi beynəlxalq təşkilatlarla əməkdaşlığının mühüm nəticələr verdiyi və ölkəmizin Avropa təhlükəsizliyi işinə mühüm töhfələr verdiyi bir vaxtda qəbul edilən böhtan xarakterli qətnamə ölkəmizin imicini ləkələmək, dünyadakı nüfuzunu aşağı salmaq məqsədi güdür: "Avropanın ticarət komissarı Sesilia Malstrom kimi şəxslərin obyektiv mövqeyinə və Mehmanın səhhətində qorxulu bir vəziyyətin olmadığına dair bəyanatlara baxmayaraq, qətnamənin qəbulu onu göstərir ki, Avro Parlamentinin həmin iclasından əvvəl qətnamənin qəbulu qərarlaşdırılmışdı və kimlərin hansı mövqedə olmasından asılı olmayaraq, rəhbərlik öncədən bu sənədi qəbul etmək barədə icrası məcburi sifariş almışdı. Bu prosesin arxasında anti-Azərbaycan erməni lobbiçilərinin dayandığı dəst-xətdən aydın görünür".
Baş redaktor vurğulayıb ki, qətnamənin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlverişli perspektivin tam açıldığı indiki dövrə təsadüf etməsi də düşündürücüdür:
"Bu əlverişli şəraiti Azərbaycan diplomatiyası balanslı xarici siyasət, region ölkələri ilə düşünülmüş əməkdaşlıq formatları və Ermənistanı təcrid etmək siyasəti sayəsində çətinliklə yarada bilib. Bu vəziyyətin mahiyyəti odur ki ,Ermənistanın pozucu manevr imkanları heçə endirilib və işğalçı ölkə ya torpaqları qaytarmaq, ya da Azərbaycanın güclü hərbi maşını altında əzilmək seçimi qarşısında qalıb. Təbii ki, Azərbaycanın belə əlverişli və aşkar üstün mövqelərə çıxa bilməsi Avropadakı erməni lobbisini narahat edir. AP-nin məlum qətnaməsinə Avropadakı ermənipərəst lobbi dairələrinin narahatlığının məhsulu kimi baxmaq gərəkdir. Avropada yurd salmış bəzi azərbaycanlı radikalların da Azərbaycan dövlətinə qarşı olan bu prosesdə vintlərə çevrilməsi acı həqiqətlərdir. AP-nin qətnaməsi əvvəllər dəfələrlə sübut olunmuş bir həqiqəti yenidən təqdim etdi: həqiqətən də dünyada Azərbaycan üçün diplomatik üstünlük məqamı özünü aşkar göstərəndə sorosçulardan, erməni lobbisindən və mühacir radikallardan ibarət üçlük hərəkətə keçir. Bu ifrat düşmənçilik mexanizminin əsl mahiyyətini hələ 2015-ci ildə Prezident İlham Əliyev Avropa Parlamentinin o zamankı anti-Azərbaycan qətnaməsi barədə danışanda klassik şəkildə ifşa edib. Prezidentin o zamankı cavabları o qədər dəqiq və əsaslı oldu ki, istənilən vaxt meydana çıxan anti-Azərbaycan sənədlərini ifşa etmək gücündədir. Belə qətnamələr Azərbaycanın beynəlxalq nüfuzunu, müstəqil siyasətini və davamlı inkişafını hədəfə alıb".
banner

Oxşar Xəbərlər