AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Əkrəmi qeyri-səmimi insan kimi tanımışam” müsahibə

“Əkrəmi qeyri-səmimi insan kimi tanımışam” müsahibə

Siyasət
13 Fevral 2013, 10:57 2044
Azərbaycan cəmiyyətində müzakirə edilən əsas mövzularından biri sabiq xalq yazıçısı Əkrəm Əylislinin Rusiyanın “Drujba narodov” jurnalında dərc olunan “Daş yuxular” əsəridir. Bu əsərdə tarixi həqiqətlərin təhrif edilməsi, Azərbaycan xalqının, İslamın və peyğəmbərinin alçaldılması, həmçinin müxalifətin bu əsərə susqun münasibəti ilə bağlı “Kaspi”nin suallarını Vəhdət Partiyasının (VP) sədri Tahir Kərimli cavablandırır.

- Tahir müəllim, sizin bu əsərə və müəllifə münasibətiniz necədir?
- Əkrəm Əylisliyə qarşı müəyyən qəzəbli vəziyyəti yerində olan münasibət kimi dəyərləndirirəm. Mən Əkrəm Əylislinin səmimiyyətinə heç zaman inanmamışam. Hətta ona o fəxri ad, medallar veriləndə də, bu adam millət vəkili seçiləndə də, içimdə haradasa narazılıq olub. Çünki Əkrəmi qeyri-səmimi insan kimi tanımışam. İndi Əkrəm Əylisli və onun tərəfdarları “Daş yuxular” əsərindən söhbət düşəndə deyirlər ki, yazıçının yaradıcılıq hüququ var, bu yazılanlar onun konstitusion hüququdur və sair. Tərəfdarları insan hüquqları mövqeyindən çıxış edərək, yazıçının istədiyi tərzdə əsər yazmaq haqqının olduğunu söyləyirlər. Məgər insan hüquqları ancaq ermənilərə şamil edilməlidir, yalnız ermənilər insandır? Bizim xalq insan deyilmi? Əkrəm Əylisli azərbaycanlıların vəhşi obrazını yaradır, bununla ermənilərin və Azərbaycanı istəməyən qüvvələrin əlinə dəstəvuz verirsə, ona hansı münasibət sərgilənməlidir? Nəyə görə Azərbaycan xalqı təhqir ediləndə insan haqları yada düşmür, lakin bu təhqirə qarşılıq kimi ictimai qınaq olanda, həmin an bu insan haqlarının pozulması kimi qələmə verilir? Yüz illər boyu öz doğma Azərbaycanımızda ermənilər və onların havadarları tərəfindən xalqımızın başına olmazın müsibətlər gətirilib. Cənubi və Şimali Azərbaycanda, hətta tarixi Azərbaycan ərazisi olan İrəvanda on minlərlə azərbaycanlını ermənilər tərəfindən qətlə yetirilib. Öz torpaqlarımızda bizə qarşı müxtəlif vəhşiliklər törədiblər. Günü bu gün də öz torpağımızda atəşkəsi pozmaqla balalarımızı şəhid edirlər. Nə əcəb bunlar yada düşmür? Niyə görə belə hallarda azərbaycanlıların hüquqlarının müdafiəsi yada düşmür? Əkrəm Əylislinin hadisələrə yanaşma tərzi bəşəri deyil, kosmopolit dünya görüşüdür. Xalqımıza qarşı atılan böhtanlar milli mənafeyin kosmopolit dünya görüşünə tabe edilməsidir. Bu isə Azərbaycanın deyil, dünyanın maraqlarına bir xidmətdir. Ona görə də hesab edirəm ki, Əkrəm Əylislinin əsəri və özü haqqında tənqidi fikir yürüdülməsi, onun xalqımızın qınağına tuş gəlməsi təbiidir. Yeri gəlmişkən, “Əsli və Kərəm” dastanını, həmçinin görkəmli dövlət xadimi Nəriman Nərimanov tərəfindən qələmə alınan “Bahadır və Sona” povestini də mən heç vaxt yaxşı qarşılamamışam. Çünki o zamanlar Rusiya Qafqazda, o cümlədən əzəli Azərbaycan torpaqlarında, İrəvan quberniyasında, Dağlıq Qarabağ bölgəsində möhkəmlənmək, məskunlaşdırma siyasəti həyata keçirmək istəyirdi. Bu siyasətin reallaşması üçün də belə əsərlər ictimailəşdirilirdi. Bəşəri hisslər, ümumbəşəri dəyərlər adı altında ermənilərin Azərbaycan ərazilərində məskunlaşdırılması, onların türk gəncləri ilə ailə həyatı qurmaları və sair proseslər reallaşdırılırdı. Bu siyasətin nəticəsi olaraq, ermənilər nəinki bu ərazilərdə zorla məskunlaşdılar, hətta bizləri öz torpağımızdan, öz evimizdən də sıxışdırıb çıxardılar. Hər cür qətliamlar, soyqırımları törətdilər, azərbaycanlıları öz dədə-baba torpağından deportasiya elədilər.

- “Daş yuxular” əsərində 1919-cu ildə ermənilərin türklər tərəfindən kütləvi qətlə yetirilməsi, Sumqayıt hadisələrinin azərbaycanlılar tərəfindən törədilməsi, İslam peyğəmbərinin və ümumilikdə azərbaycanlıların aşağılanması da əks olunur. Sizcə, tarixi mənbələri araşdırmadan, həqiqətləri görmədən “tarixi faktlara” söykənən əsər yazmaq nə dərəcədə düzgündür?
- Mən başqa cür düşünürəm. Hesab edirəm ki, Əkrəm Əylislinin onlardan az-çox məlumatı var. O, bilə-bilə yazıb. Mənim rəhmətlik nənəm həmişə ağlaya-ağlaya ermənilərin azərbaycanlıları necə zülmlə öldürdüklərindən danışardı. Heç zaman uşaqlıq yaddaşımdan onun danışıqları çıxmazdı. Məgər o eşitməmişdi, bilmirdi ki, öz torpaqlarımızda ermənilər bizim başımıza necə oyunlar gətiriblər. “Osmanlılara gücümüz çatmadığına görə, onların qisasını sizdən alırıq” adı altında başımıza olmazın müsibətlər gətiriblər. Halbuki, osmanlı torpağında, Türkiyə ərazisində bu gün də aşkarlanan kütləvi məzarlıqların təhlili göstərib ki, müxtəlif işgəncələrlə qətlə yetirilib toplu halında basdırılanlar ermənilər deyil, türklərdir. Onları da öz torpağında ermənilər qətlə yetiriblər. Məgər ermənilərin öz rusiyalı havadarlarının köməyi ilə silahlanıb, təşkilatlanıb daşnak partiyasının idarəçiliyi altında türklərə qarşı ən çirkin, ən ağır bəşəri cinayətlər törətdiyini Əkrəm Əylisli bilmir? Məncə, bilir. Bu gün də o çox yaxşı bilir ki, dünya kimlər tərəfindən idarə olunur, kimləri yazıq vəziyyətinə qoyublar, kimləri öz torpağında ev-eşiyinə geri qaytarmağa qoymurlar. Bunu bilə-bilə belə bir əsər yazmağı daha böyük rəzalət, saxtakarlıqdır. Mən inanıram ki, Qarabağdan gələn missiya gələcəkdə bizim itirilmiş bütün torpaqlarımızı geri qaytaracaq. Bax o zaman Əkrəm Əylislilərə daha çox nifrət olacaq.

- Əkrəm Əylislini belə bir əsər yazmağa nə məcbur edib? Onun öz xalqına qarşı alçaldıcı mövqe sərgiləməsinə səbəb nədir?
- Əkrəm Əylislinin getdiyi yol Orxan Pamuk yoludur. Belə adamların düşüncəsinə görə, öz millətini təhqir eləmək olar. Çünki, öz millətinin ürəyi yumşaqlığı səni bağışlayacaq. Bunun müqabilində ermənilər, həmçinin müsəlmanların, türklərin düşməni olan hansısa xristian təəssübkeşliyi, dünyanı idarə edənlər sənin bu saxtakarlığına qiymət verəcəklər. Hətta sənə Nobel mükafatı verəcək, başqa cür də dəyərləndirəcəklər. Əkrəm Əylislinin ona verilən titullardan o qədər başı gicəlləndi ki, o, artıq özünü millətdən və dövlətdən yuxarı tutmağa başladı, xalqını bəyənmədi. Öz xalqını bəyənməməzlik, özgələrə münasibətdə kosmopolit yanaşma, öz düşüncələrini başqasının fikrindən üstün tutma, millətinə həqarətlə, yuxarıdan aşağı baxmaq bu vəziyyətin yaranmasına səbəb oldu. Düşünürəm ki, bu insan Orxan Pamuk kimi öz türk millətini, müsəlman xalqını aşağılamaqla, Nobel mükafatı almaq istəyir. O, yaxşı bilir ki, öz xalqını nə qədər söysən, millətini sevməyənlər tərəfindən sən o qədər hörmətə minəcəksən. Yəni Əkrəm Əylisli bir erməninin, rusun və yaxud Azərbaycan xalqının istənilən düşməninin “sağ ol”unu, bizim millətin nifrətindən üstün tutur. Fikrimcə, öz xalqından özünü bu qədər üstün tutmaq, öz millətinə nifrət etmək, öz xalqını bəyənməməzlik bütövlükdə xalqı geri salan amillərdir. Gec də olsa xalqımız başa düşür ki, məhz bu kimi fikirlərlə insanlarımızı torpaqları geri qaytarmağa kökləyə bilmirik. Ona görə də Əkrəm Əylisli kimi adamların mənəvi, siyasi cəzasını xalq özü verir. Əlbəttə, biz linç məhkəməsinin tərəfdarı deyilik. Amma Əkrəm Əylisliyə qarşı ictimai qınaq, xalqın münasibəti onun kimilərə yaxşı bir dərsdir.

- Sizcə, işğal faktı aradan qalxmadan, Dağlıq Qarabağ problemi həllini tapmadan, Azərbaycanın suverenliyi təmin edilmədən Ermənistanla birgə yaşayışdan, ümumbəşəri dəyərlərdən, xalqlararası dostluqdan danışmaq nə dərəcədə düzgündür?
- Tamamilə haqlı sualdır. Mənim üçün anlaşılan deyil ki, nəyə görə ermənilər Azərbaycan torpağını işğal etməmişdən əvvəl millətlərin qardaşlığından, bəşəri duyğulardan danışılmırdı? Nə üçün torpaqlarımız işğal olunandan sonra erməniləri barışdırmağa Əkrəm kimilər bu qədər cəhd edirlər? Bunların hamısı düşmən işğalı ilə xalqı barışdırmaq cəhdidir. Hamısı xalqımızı düşmənin qarşısında diz çökdürmək, düşmənin qarşısında əymək cəhdidir. Əlbəttə ki, indiki məqamda belə əsərlər bizə yaramaz. Əksinə, indi vətənpərvərlik ruhunda böyük əsərlər yaradılmalıdır. Azərbaycan xalqının tarixi keçmişini, faciələrimizi özündə əks etdirən əsərlər yaradılmalı, vətənpərvərlik hissi gənclər arasında gücləndirilməlidir. Öz torpaqlarını düşmən işğalından təmizləmək xətti götürülməlidir. Dövlət başçısı da çıxışlarında vurğulayır ki, İrəvan qədim Azərbaycan torpağıdır, Qarabağımızda, İrəvanımızda ermənilər özləri üçün süni dövlətlər qurublar. Bütün bir xalqı kökləmək lazımdır ki, bu ərazilər tarixi Azərbaycan torpaqları olub. Azərbaycanın bütövlüyünün təmin olunmasını təbliğ edəcək əsərlər yaradılmalıdır. Uydurma “böyük Ermənistan” planına xidmət edən, düşmən dəyirmanına su tökən əsərlərin yazılması isə acınacaqlıdır.

- Dövlət başçısının imzaladığı sərəncamlarla Əkrəm Əylisli həm xalq yazıçısı adından, həm də prezident təqaüdündən məhrum edildi. İndi isə cəmiyyətdə yazıçının “Şərəf” nişanından, “İstiqlal” və “Şöhrət” ordenlərindən məhrum edilməsi üçün imza toplanır. Sizin bu hadisələrə münasibətiniz necədir?
- Dövlət başçısının sərəncamları da, xalqın qınağı, tələbi də məntiqi və qanunauyğundur. Azərbaycanın adına ləkə gətirən əsər yazan adam necə “Şöhrət” ordeni daşıya bilər? Azərbaycan istiqlalını, onun suverenliyini şübhə altına alan, ərazi bütövlüyünün təmin olunmasına ziyan gətirən yazıçı hansı haqla “İstiqlal” ordeni gəzdirməlidir? Bu səbəbdən son hadisəni tamamilə təbii sayıram. Bu hadisə hamıya görk olsun. Hər kəs bilsin ki, hansı mərtəbədə olmasına baxmayaraq, xalqına və millətinə qarşı xəyanətkar yol tutanın sonu necə olur.

- Əsər müzakirə mövzusu olduğu vaxtlarda nə Ziyalılar Forumunda, nə də radikal müxalifət partiyalarında təmsil olunanlar bununla bağlı hər hansı mövqe nümayiş etdirmədilər. Hətta, AXCP sədri Əli Kərimli bu günlərdə mətbuata açıqlamasında əsərə və yazıçıya qarşı sərgilənən münasibəti “söz azadlığına təhdid” kimi dəyərləndirdi. Sizcə, ermənilərin azərbaycanlılardan üstün tutulduğu əsərə onların bu cür yanaşması nəyin göstəricisidir?
- Yadınızdadırsa, Əkrəm Əylisli Azərbaycan iqtidarının yanında olanda həmin bu müxalifət onu söyürdü. İndi Ziyalılar Forumundadır, yəni artıq onlardan biridir deyə, Əkrəm barədə, əsəri barədə xoşagəlməz hər hansı fikir bildirmirlər. Deməli, Əkrəm özlərinin-müxalifətin yanındadırsa, onun səhvlərindən, bütün günahlarından keçmək olar. Bu hansı milli hisdən, hansı milli düşüncədən, dövlətçilikdən xəbər verir? Adicə təhqirin özü bir hüquq pozuntusudur. Əkrəm Əylislinin əsərində də millət təhqir olunur. İnsanlar istər fərdi şəkildə, istərsə də ümumi şəkildə aşağılanır. Hüquq prizmasından hər hansı fərdin təhqir olunması qanun pozuntusu sayılırsa, o zaman bütövlükdə xalqın təhqir olunmasına necə bəraət qazandırmaq olar? Əgər, bu əməl bağışlanandırsa, nə üçün təhqirə görə Qanunda maddələr nəzərdə tutulur, cinayət və inzibati məsuliyyət, məhkəmə çəkişmələri olur? Kimin nə deməsinə baxmayaraq, Əkrəm Əylisli tərəfindən bütöv bir xalqın, azərbaycanlıların təhqir olunması yanlış bir addım olmaqla yanaşı, böyük hüquq pozuntusudur. Ona görə də yazıçının əməlini mənəvi siyasi cəhətdən hər kəs pisləməlidir. Lakin müxalifət öz sıralarında, cərgəsində gördüyü bu adama qarşı belə münasibət sərgiləmir. Bu isə müxalifətin iç üzünü açır. Xalq bir daha yəqin edir ki, müxalifətin milli ideologiyası yoxdur. Onların xalq mənafeyini düşünməsi qeyri-mümkündür. Azərbaycan xalqının təhqir olunmasını söz azadlığı kimi qəbul edənlər milli təəssübkeşliyimizi çəkə bilməzlər.

Rufik İSMAYILOV