• cümə, 29 Mart, 14:26
  • Baku Bakı 14°C

Ekoloji cəhətdən sağlam, maddi cəhətdən sərfəli nəqliyyat vasitəsi

08.01.19 09:30 1304
Ekoloji cəhətdən sağlam, maddi cəhətdən sərfəli nəqliyyat vasitəsi
Müasir yaşam tərzi ömrümüzü qısaldır desək, yanılmarıq. Son dövrlərin xəstəliklərinin statistikasına nəzər yetirsək, görərik ki, əksəriyyətinin yaranma səbəbi oturaq həyat tərzidir. Dövrün tələbinə uyğun olaraq, insanların çoxu gününün əsas hissəsini kompüter qarşısında oturmaqla keçirir. Bu isə öz növbəsində sağlamlığa mənfi təsir edir. Belə ki, insanlar çoxmərtəbəli binalarda liftdən, evdən işə, işdən evə gedəndə isə ya şəxsi avtomobillərindən, ya da ictimai nəqliyyatdan istifadə edirlər. Hətta ən qısa məsafəni belə yeriməyə ərinirlər. Piyada gəzmək istəmirlər. Bunlar da təbii ki, nəticə etibar ilə müəyyən problemlər yaradır. Mütəxəssislər bu kimi halların qarşısını almaq üçün bəzi məsləhətlər verirlər. Bu məsləhət içərisində velosiped sürmək də var. Velosiped sürmək ucuz məşq olmaqla yanaşı, kalori yandırmaq və formaya düşmək üçün çox yaxşı bir vasitədir.Məsələn, indi sizə velosipeddən istifadə etmək üçün 5 səbəb yazacağıq. Arıqlamağınıza kömək edir, ürək sağlamlığınızı qoruyur, əzələləriniz inkişaf etdirir, ətraf mühiti qoruyur, pulunuz cibinizdə qalır. Velosipeddən nəqliyyat vasitəsi kimi istifadə etsəniz, benzin yerinə kalori itirəcəksiniz. Bu da benzin və parketmə xərclərinin sıfıra düşməsi deməkdir. Bundan başqa, avtomobil sürmək əvəzinə velosipeddən istifadə edərək avtomobilinizə və cibinizə ziyan vurmazsınız. Bütün bu üstünlüklərlə yanaşı, velosipedə minərək istixana qazını və yol tıxaclarını da azaltmış olacaqsınız. Velosiped enerji məhsuldarlığı baxımından da ən yaxşı nəqliyyat vasitələrindən olub, insanların sevgisini qazanıb. Ölkəmizdə də velosiped sürməyi stimullaşdırmaq baxımından bir sıra addımlar atılır. Belə ki, Azərbaycan yollarında velosiped zolaqları və duracaqları yaradılacaq.
Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda deyilir. Sənəddə bildirilir ki, 2019-2023-cü illərdə avtomobil yollarında və küçə-yol şəbəkəsində velosiped zolaqlarının və duracaqlarının yaradıla biləcəyi ərazilər müəyyən ediləcək, bununla bağlı müvafiq təkliflər hazırlanacaq və tədbirlər görüləcək. Bundan başqa, kənd təsərrüfatı və texnoloji təyinatlı nəqliyyat vasitələri üçün onların hərəkətinə icazə verilməyən avtomobil yollarında mümkün olan yerlərdə paralel yollar (hərəkət zolaqları) yaradılacaq və ya digər müvafiq tədbirlər görüləcək, eyni istiqamətdə bir hərəkət zolağı olan yolların müvafiq sahələrində astagedən nəqliyyat vasitələrini ötüb keçmək üçün qısaməsafəli əlavə hərəkət zolaqları təşkil olunacaq. Həmçinin monitorinqlər aparmaqla respublika əhəmiyyətli avtomobil yollarında və avtomagistrallarda avtomobil yollarının örüş-otlaq sahələrindən və heyvandarlıq təsərrüfatlarının geniş yayıldığı ərazilərdən keçən hissələrində təhlükəsizlik qaydalarına uyğun mal-qara keçidlərinin sayının optimallaşdırılması nəzərdə tutulur.

Nəzərəd tutulan yeniliklərin hansı effekti olacağını, xüsusilə də velosiped yolu ilə bağlı hissəsinin velosiped həvəskarları üçün nə kimi üstünlüklər verəcəyini, qeyd olunanları həyata keçirmək üçün hansı işlərin görülməsi gərəkdiyini və bunun üçün nə qədər vaxt lazım olduğunu öyrənməyə çalışdıq.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov qeyd edir ki, əgər kompleks tədbirlər görülərsə, əlbəttə, effektiv nəticələr əldə etmək olar: "Həmin sərəncamda əsas hədəf ondan ibarətdir ki, müasir inkişaf etmiş ölkələrdə olduğu kimi, bizdə də yol nəqliyyat infrastrukturu formalaşdırılsın. İnsanların yol hərəkətində iştirakı və nəqliyyat vasitələrindən istifadə ilə bağlı mədəni yanaşmalar inkişaf etdirilsin. Əgər bu təcrübə dünya ölkələrində mövcuddursa, Azərbaycanda da ola bilər. Sadəcə olaraq mövzu ilə bağlı tədbirlər görmək lazımdır. Müasir dünyada velosiped təkcə idman aləti deyil, real yerdəyişmə, daşıma vasitəsi kimi qəbul edilir. Məsələn, inkişaf etmiş ölkələrin bir çoxunda insanlar səhər işə velosipedlə gedir. Bu yanaşmanı bizim ölkədə də inkişaf etdirmək üçün ən azı iki istiqamətdə ciddi iş görülməlidir. İlk olaraq velosipedlərin hərəkəti üçün təhlükəsiz yol infrastrukturu yaradılmalıdır. Yəni mövcud küçələrdə, prospektlərdə velosiped zolaqları çəkilməlidir, həmçinin xüsusi dayanacaqlar olmalıdır. Bu elə də çətin iş deyil. Sadəcə, bəzi dəqiqləşdirmə və ölçmə işləri aparılmalıdır. İkinci istiqamət isə velosipedin nəqliyyat vasitəsi kimi populyarlaşması ilə bağlı addımların atılmasıdır. Bunun üçün də təbliğat və təşviqat işləri görülməlidir. İnsanlara izah etmək lazımdır ki, velosiped ekoloji cəhətdən sağlam, maddi cəhətdən isə sərfəlidir. Maarifləndirmə işinin ən gözəl variantı nümunədir. Hazırda dünyanın bir ölkəsində dövlət məmurları işə bahalı maşında deyil, velosipedlə gedir. Yaxşı olar ki, bizdə də belə nümunə olsun”.

Velo-yürüş həvəskarı Ayaz Mirzəyevvelosipeddən istifadənin bir çox müsbət tərəfi olduğunu bildirir: "Bu addımı çox müsbət qiymətləndirirəm və deyərdim ki, Avropanın bir çox ölkəsində artıq uzun illərdir tətbiq edilir. Hətta deyərdim ki, bu qərarı daha tez vermək olardı. Velosiped sürmək şəhərdəki gərginliyin azalması, insanların fiziki sağlamlığı və ekologiyanın təmizliyi baxımından olduqca əhəmiyyətlidir. Məsələn, Avropanın böyük şəhərlərində şəhərin abı-havasını qorumaq üçün müəyyən yerlərdə avtomobillə hərəkət etmək məhdudiyyətləri qoyulur. Həmin ərazilərdə yalnız velosipedlər vasitəsilə hərəkətə icazə verilir. Çünki yollarda olan hədsiz maşınlar şəhəri kəşf etməyə mane olur. Bu ərazilərdə velosipedlər üçün xüsusi zolaqlar, işıqforlar, dayanacaqlar olur. Velosiped ekoloji nəqliyyat vasitəsi kimi çox sərfəlidir. Onu sürmək üçün nə yağa, nə benzinə ehtiyac yoxdur. Bununla insanlar şəxsi büdcələrinə də qənaət etmiş olurlar”.

Velo-təlimçi Səhər Mehman nəzərdə tutulan yenilikləri alqışlayır: "Bu, velosipedçilərin çoxdankı arzusu idi. Velosiped yolu olmadığı üçün məcbur maşın yolunda sürürük bu isə çox təhlükəlidir. Bəzən bizi maşın vuracaq deyə, çox qorxuruq. Avtomobil sürücüləri bəzən bizi görməzdən gəlir. Yollarda bizi sıxışdırırlar və sürücülərdə səbəbini bilmədiyimiz aqresiya olur. Məncə, verilən qərar velosiped sürməyə marağı artıracaq. Çünki bir qrup insan nə qədər velosiped sürmək istəsə də, yol olmadığı üçün buna cəhd etmir. Əgər belə bir yol yaranarsa, əlbəttə ki, həmin insanlar da sürməyə başlayacaq. Əslində, hazırda da kifayət qədər insan var ki, velosipeddən istifadə edir. Düşünürəm ki, bundan sonra onların işi daha asan olacaq. Məncə, velosipedə maraq artarsa, ondan gündəlik nəqliyyat vasitəsi kimi istifadə edəcəklər”.
Günel Azadə

banner

Oxşar Xəbərlər