Ekologiyanın polisi
Milli Məclisdə
bununla bağlı məsələ qaldırılsa da...
Meşə
yanğını baş verir, məlum olur ki, kimsə meşədə ocaq qalayıb və nəticədə yanğına
səbəb olub. Halbuki orda ocaq qalamaq olmazdı. Yaxud kimsə 3-4 balıq tutmaq istəyir,
suya elektrik buraxır, nəticədə daha çox balığın ölümünə səbəb olur. Bəs bu
qanunsuzluğa kim nəzarət etməlidir? Meşəbəyilər? Bir meşəbəyi böyük bir ərazinin
qorunmasına necə cavabdeh ola bilər? Dünyanın əksər ölkələrində ekoloji polis təcrübəsi
var. Onlar ərazidə gəzirlər, ekoloji mühitin təhlükəsizliyinə nəzarət edirlər.
Suda və quruda ovçuluqla məşğul olanların lisenziyalarının olub-olmadığına, meşədə
istirahət edənlərin qaydaları pozub-pozmadığına və s. nəzarət edirlər. Azərbaycanda
da ekoloji polisin olmasının vacibliyi ilə bağlı məsələ ara-sıra gündəmə gətirilib.
Hətta Milli Məclisdə bununla bağlı məsələ müzakirə
olunsa da, elə müzakirə müstəvisində də qalıb. Son günlər bütün dünyada, o
cümlədən Azərbaycanda ardıcıl meşə yanğınlarının olması bu məsələni yenidən
aktuallaşdırıb. Bəs indi necə, dünyada baş verən dəhşətli meşə yanğınlarından
sonra ekoloqların, rəsmilərin ekoloji polisin yaradılması ilə bağlı məsələyə
baxışları dəyişibmi? Hazırda bu mexanizmi qurmaq mümkündür?
"Ekoloji
polisin yaradılması zəruridir”
Ekoloq Kənan
Kərimli deyir ki, ölkəmizdə
də ekoloji polisin yaradılması zəruridir: "Ekoloji polisin məqsədi təbiətə, ətraf
mühitə və heyvanlara qarşı törədilən cinayət, qanun pozuntuları ilə mübarizə
aparmaq, bu qanun pozuntularına qanuni və idarəetmə baxımından prosedurlar tətbiq
etmək, cinayətlərin qarşısını almaq və bu sahədə ictimai təbliğatlar apararaq həssaslığı
artırmaqdan ibarətdir. Ekoloji polisin vəzifəsi mühafizə etmək, hadisənin qarşısını
almaq, hadisəyə yerində müdaxilə etmək (məsələn, meşə yanğınları, heyvanlara zərər
vurulması zamanı), həm də məlumatlı olub təbliğat işlərini aparmaqdan ibarətdir.
Əksər inkişaf etmiş ölkələrdə Daxili İşlər Nazirliyinə tabe olan ekoloji polislər
mövcuddur. Zənnimcə, yaxın gələcəkdə bizdə də bu xidmət yaradılacaq. Çünki ekoloji polisin yaradılması zəruridir”.
"Qanun
pozuntularının qarşısı yerindəcə alınacaq”
K.Kərimlinin
sözlərinə görə, ekoloji polisin yaradılması ekoloji mühit üçün çox faydalı
olacaq: "Hazırda bu işləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli
qurumu olan Dövlət Ekoloji Təhlükəsizlik Xidməti həyata keçirir. Və müəyyən
zamanlarda onlar təbiətə zərər vuran şəxslərə qarşı polis əməkdaşları, daha dəqiq
desək, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ilə birgə reydlər
aparırlar. Ancaq ekoloji polis yaradılarsa, ölkə ərazində baş verən ekoloji qanun pozuntularının böyük hissəsinin qarşısı operativ və yerindəcə
alınacaq”.
Meşəbəyilərin
işinə təsir
Ekoloq
qeyd etdi ki, ekoloji polisin yaranması meşəbəyilərin işini daha perspektivli
edən faktor olacaq: "Təbii ki, meşə ərazilərinə meşəbəyilər nəzarət etməlidir.
Effektli olub-olmamağı onun işinə olan məsuliyyətindən, vicdanından, şəxsin
özündən asılıdır. Göz bəbəyi kimi qorunan meşə sahələri ilə yanaşı, bunun əksi
olan yerləri də görürük. Hər iki ərazini eyni statusa, vəzifə səlahiyyətlərinə
malik olan şəxs mühafizə edir. Ekoloji polis yarandığı halda, təbiətin mühafizəsinə
dair bütün sahələrdə, o cümlədən meşəbəyilərinin fəaliyyətində də effektivlik
artacaq”.
"Praktik
addımlar atılmayıbsa…”
Milli Məclisin Təbii ehtiyatlar,
energetika və ekologiya komitəsinin üzvü, millət vəkili Nəsib
Məhəməliyev bildirdi ki, indiyə qədər ekoloji
polisin yaradılması ilə bağlı hər hansı addım atılmayıbsa, deməli, müvafiq
sayılmayıb: "İqlim dəyişikliyindən
tutmuş, qlobal istiləşmə, yanğınlar, meşələrin kütləvi qırılması, su qıtlığı, səhralaşma,
havanın çirklənməsi, kimyəvi tullantılar və s. ən çox müzakirə olunan məsələlərdir.
Ekologiyaya, ətraf mühitə münasibət hər bir ailədə formalaşdırılmalıdır.
Ümumiyyətlə, cəmiyyət olaraq, kütləvi şəkildə ekoloji mühitin sağlamlaşmasında
iştirak etməliyik. Ekologiya polisinin yaradılması ilə bağlı təklif əvvəllər
Milli Məclisdə səsləndirilsə də, praktik addımlar
atılmayıbsa, yəqin, məqsədə müvafiq sayılmayıb. Hər bir dövlət strukturunun
yaradılması həmin sahə üzrə dərin təhlillər, analiz, iqtisadi əsaslandırma tələb
edir”.
"Ayrıca
struktura ehtiyac yoxdur”
N.Məhəməliyev
deyir ki, ekoloji polis sistemi üçün ayrıca struktur qurmağa ehtiyac yoxdur: "Dünyada,
o cümlədən ölkəmizdə təsdiq olunmuş ekoloji kriteriyalar və normalar mövcuddur.
Monitorinqlər keçirilməli, ekoloji vəziyyətin həmin norma və kriteriyalara
uyğunluğu aydınlaşdırılmalıdır. Zərurət olduqda, ekologiya polisini yaratmaq
mümkündür. Bəzi ölkələrdə belə bir təcrübə var. Müstəqil və yaxud yerli icra
orqanlarının nəzdində fəaliyyət göstərən ekoloji polis yaradılıb. Bəziləri
sonralar ləğv olunub. Düşünürəm ki, Daxili İşlər Nazirliyinin nəzdində ixtisaslaşmış
idarə və yaxud şöbə yaradıla bilər. Ayrıca struktura ehtiyac yoxdur”.
Aygün