• cümə axşamı, 25 aprel, 20:11
  • Baku Bakı 21°C

Çəkməli Pişiyin hiyləsi

13.07.15 11:52 1731
Çəkməli Pişiyin hiyləsi
Artıq yay gəldi. Teatrlarımız mövsum bağlanışı edirlər. Hər mövsüm açılışındakı kimi, bağlanışı da teatrlarımız bacardıqları qədər maraqlı etməyə çalışırlar. Növbəti mövsüm bağlanışını edən teatrımız uşaqların sevimli və tez-tez baş çəkdikləri məkan, yəni Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrıdır.
Dostluq, sədaqət, səxavət, xeyir əməl, dürüstlük, böyüyə hörmət və bu kimi xeyir əməllər aşılamaqla yanaşı, şər, hiyləgərlik, kobudluq, yalan kimi pis əməllərdən uzaq olmağı müxtəlif tamaşalarında balacalara aşılayan Kukla Teatrı bu dəfə də yeni bir tamaşasıyla körpələrin marağına səbəbə oldu. Uşaqların sevimli teatrı dünya uşaq ədəbiyyatının görkəmli nümayəndələrindən olan fransız şairi və tənqidçisi Şarl Perronun “Çəkməli pişik” nağılı əsasında hazırlanan eyniadlı tamaşa ilə onların görüşünə gəldi.
Bu birhissəli tamaşada arxa fonda qara libasda əllərində kuklaları canlandıran aktyorlar bir dəqiqə belə olsun tamaşanın tempo-ritmini sönməyə qoymurdular. Aktyorlar kuklaları elə canlandırırdılar ki, hətta onların üz mimikaları, qəzəb, sevinc, təəccübləri sanki kuklaların üzlərində ifadəsini tapırdı. Tamaşa elə qurulmuşdu ki, uşaqlar təkcə seyr etmirdilər, həm də hadisələrə müdaxilə edirdilər. Baş qəhrəman Çəkməli Pişik isə (Əməkdar artist Rəhman Rəhmanov) uşaqlarla bəzən məsləhətləşir, ya da onlara “bax bu cür olmaq lazımdır” deyə məsləhət verirdi. Dostu Markiz Karabasın Kralın qızını sevdiyini bildikdən sonra onları birləşdirməyə cəhd göstərən hiyləgər pişik müxtəlif yalanlarla Kralı aldadır və sonda sevənləri qovuşdurur. Lakin tamaşanın sonunda səslənən mahnının sözlərində körpələrəiyalan danışmamağa, hər zaman dürüst olmağa səsləyirlər.
Teatrın rejissoru Anar Məmmədovun quruluşunda hazırlanan tamaşada ağ yalan və onun törədə biləcəyi fəsadlardan bəhs olunurdu. Lovğalıq, xudpəsəndlik kimi mənfi xüsusiyyətlərin qəhrəmanların dilində tənqid edildiyi birhissəli kukla tamaşasının quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı isə əməkdar incəsənət xadimi Cahangir Zülfüqarov idi. Kuklaları isə Rəhman Rəhmanov, Tamilla Bünyatova, Rəhim Rəhimov, Cavid Telman, Rəhilə İbadova və başqaları ifa edirdilər.
Onu da qeyd edək ki, Kukla Teatrı yeni mövsümü də məhz bu tamaşa ilə açacaq.
Nigar Pirimova
teatrşünas
banner

Oxşar Xəbərlər