• cümə axşamı, 28 mart, 16:55
  • Baku Bakı 16°C

"Əkinçi”dən başlanan şərəfli yol - Fotolar

22.07.19 18:30 20190
"Əkinçi”dən başlanan şərəfli yol - Fotolar
Mətbuat günü təkcə jurnalistlərin yox, bütövlükdə cəmiyyətimizin bayramıdır. Çünki azad söz azad cəmiyyətin təməl daşıdır. Düz 144 il bundan öncə - 22 iyul 1875-ci ildə Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu "Əkinçi” qəzeti ilə bu təməl daşı qoyulub. Həmin vaxtdan 1877-ci ilin sentyabrınadək cəmi 56 nömrəsi çıxan "Əkinçi” millətin aynası olub, Azərbaycan jurnalistikasının bayraqdarına çevrilib. Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən "Ziya”, "Kəşkül”, "Şərqi-rus”, "İrşad”, "Kaspi”, "Molla Nəsrəddin” kimi qəzet və jurnallar "Əkinçi”nin ənənələrini davam etdirib. Azərbaycan jurnalistikası müxtəlif dövrlərdə ağır sınaqlara məruz qalıb, amma milli dilin yaşaması naminə hər çətinliyə dözüb və tutduğu şərəfli yoldan dönməyib.

Milli Məclisin deputatı, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycan mətbuatı öz inkişaf tarixində uzun və mürəkkəb yol keçib. Millət vəkilinin sözlərinə görə, mətbuatın özünün ictimai institut kimi formalaşması tarixi o qədər qədim olmasa da, sevindirici haldır ki, Azərbaycanın mətbuat tarixi Orta Asiya və Şərqi Avropa ölkələri sırasında birincilərdəndir: "Azərbaycan mətbuatının böyük hamisi və qayğıkeşi, mətbuatın missiyasını və funksiyasını dərindən başa düşən, onu lazımınca qiymətləndirməyi bacaran ulu öndər Heydər Əliyev 1998-ci ildə mətbuat üzərində senzuranı ləğv etdi. Ulu öndərin imzaladığı Fərmanla Nazirlər Kabineti yanında mətbuat və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarə ləğv edildi, hərbi sirlərin yayılması ilə bağlı 16 aprel 1992-ci il tarixli Fərman və bütün informasiya üzərində nəzarətin tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvəsini itirmiş elan edildi. Bundan başqa, 1999-cu ilin sonunda "Kütləvi informasiya vasitələri haqqında" yeni qanunun qəbulu media təsisatının inkişafını şərtləndirən, bəhs edilən sahəyə müvafiq surətdə sahəvi və ümummilli münasibətləri tənzimləyən hüquqi bazanın zənginləşdirilməsi işinə əhəmiyyətli töhfə oldu. 2000-ci ilin mart ayında ümummilli lider Heydər Əliyevin sərəncamı ilə "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı" təsdiq olundu”.

H.Babaoğlu qeyd edib ki, idarəçilik sisteminin islahatı çərçivəsində Mətbuat və İnformasiya Nazirliyi ləğv edilib, kütləvi informasiya vasitələrinin yaranması və fəaliyyətinin hüquqi əsaslarının möhkəmləndirilməsi məqsədilə Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradılıb: "Bir sıra qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borcları donduruldu, sonradan isə ləğv edildi. 2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Bütün bunlar, öz növbəsində, Azərbaycanda söz, fikir və mətbuat azadlığının bərqərar olunması üçün əlamətdar tarixi hadisələr kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional siyasət kursu nəticəsində iqtisadi qüdrətimiz artdıqca mətbuatın maddi probleminin həlli ilə bağlı çox ciddi addımlar atılıb və müvafiq tədbirlər görülüb. İlk növbədə, öz peşəsini dürüst və obyektiv surətdə yerinə yetirən, Azərbaycan mətbuatının inkişafına xüsusi xidmət edən ayrı-ayrı jurnalistlərin müxtəlif problemlərinin həlli ilə bağlı fundamental addımlar atılmağa başlanıb. Bunun ardınca bütövlükdə mətbuatın maddi problemlərinin həlli istiqamətində xüsusi önəm kəsb edən bir tədbir görülüb. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında" sərəncamı bəhs edilən missiyanın yerinə yetirilməsi üçün hüquqi substrat olub. Kütləvi informasiya vasitələrinin "Azərbaycan" nəşriyyatına olan borcları tamamilə ləğv edilib”.

Millət vəkili deyib ki, bu borcların ödənilməsi prosesi ulu öndər Heydər Əliyev tərəfindən dondurulub, məhz Prezident İlham Əliyevin göstərişi ilə məlum borcların ləğv edilməsi isə mətbuatın maddi problemlərinin aradan qaldırılması istiqamətində atılmış fundamental əhəmiyyətli tarixi bir addım olub: "Buna paralel olaraq, jurnalistlərin peşə nüfuzunun artırılması üçün jurnalist-məmur, jurnalist-vətəndaş, jurnalist-biznesmen çəkişmələrinə hüquqi müstəvidə son qoyulması istiqamətində müxtəlif tədbirlər görülüb. Bundan sonra KİV-lərin və ayrı-ayrı jurnalistlərin fəaliyyəti ilə bağlı məhkəmələrə müraciət etmə halları aradan qalxıb. Yəni, sözügedən çəkişmələr tədricən bitməyə başlayıb və nəticə etibarilə, özünə və peşə dəyərlərinə hörmət edən jurnalistlərin sayı artıb. Bu da mövcud jurnalistik meyillərin müsbətə doğru irəliləməsinə xüsusi töhfə və təkan verib. Mətbuat azadlıqların təmin edilməsi və mediaya qayğı keyfiyyətcə yeni KİV formalaşdırıb. Məhz bu ərəfədə Azərbaycan mətbuatında ilk fundamental keyfiyyət dəyişiklikləri meydana gəlməyə başlayıb. Bu isə bütövlükdə müstəqil Azərbaycanın mətbuat tarixində keyfiyyət etibarilə yeni mərhələnin başlanmasını şərtləndirən əlamətdar bir hadisə olub”.

H.Babaoğlu vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən atılan bütün bu addımlar və görülən tədbirlər Azərbaycan mətbuatının inkişafına xüsusi töhfələr bəxş edib: "Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən tədbirlər və həyata keçirilən islahatlar nəticəsində mətbuatda hökm sürən neqativ tendensiyaların tədricən sıradan çıxması müşahidə edilməyə başlandı. Beləliklə, konkret cinayətlər törətmiş və məsuliyyətə cəlb edilmiş - "KİV haqqında" qanunun tələblərini pozmuş, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə zidd hərəkətlərə yol vermiş jurnalistlərin hüquqi və ictimai-mənəvi müstəvidə cəzalarının yüngülləşdirilməsi üçün müvafiq addımlar atıldı. Ümumilikdə 144 yaşlı milli mətbuatımız ötən zaman ərzində böyük inkişaf yolu keçib. Bu gün isə mətbuata xüsusi dövlət qayğısı və diqqətinin mövcud olması, eyni zamanda, söz, fikir və özünüifadə azadlıqlarının ən yüksək səviyyədə təsbit edilməsi, mətbuatın maddi-texniki və maliyyə bazasının gücləndirilməsi, media institutunda təmsil olunan şəxslərin səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və digər bu kimi amillər milli mətbuatımızın inkişafını şərtləndirən fundamental amillər kimi dəyərləndirilməlidir”.

AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov bildirib ki, KİV Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tutaraq yüksək peşəkarlıq nümayiş etdirir. O, Azərbaycan mətbuatının hazırda uğurlu inkişaf dövrünü yaşadığını dilə gətirib. Akademik əlavə edib ki, Prezident İlham Əliyev mətbuatımızın inkişafının qayğısına qalaraq Azərbaycan jurnalistlərinin bütün sosial problemlərini müntəzəm olaraq yüksək səviyyədə həll edir: "Milli-mənəvi dəyərlərimizin, müasir uğurlarımızın və tariximizin təbliğ olunmasında Birinci vitse-prezident Mehriban xanım Əliyeva və onun prezidenti olduğu Heydər Əliyev Fondu çox mühüm rol oynayır. Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var. 1875-ci il iyulun 22-də görkəmli ziyalı Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlayan "Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi kimi öz adını tarixə yazıb. Qəzet dövrün qabaqcıl ideyalarını təbliğ edib, insanları dini mövhumata və cəhalətə qarşı mübarizəyə çağırıb. Bu, ictimai fikir tariximizin böyük nailiyyətidir. Bu gün mətbuat müstəqil dövlət, sivil, demokratik vətəndaş cəmiyyəti quruculuğunda, iqtisadi və sosial islahatların həyata keçirilməsində, cəmiyyətdə sosial ədalət və şəffaflığın təmin edilməsində, insan hüquqlarının müdafiəsində, həmrəylik və tolerantlıq mühitinin yaradılmasında, milli şüurun, siyasi mədəniyyətin və bütövlükdə sağlam və mənəvi dəyərlərin formalaşmasında mühüm rol oynayır. Hazırda ölkəmizdə həyata keçirilən bütün bu proseslərin mətbuatın, kütləvi informasiya vasitələrinin iştirakı olmadan reallaşdırılması təsəvvür edilə bilməz”.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Möhbalıyev də bildirib ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə yenidən qayıdışı ilə siyasi həmlələrdən, təzyiqlərdən, buxovlardan qurtulan milli mətbuatımız Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir demokratik cəmiyyətdə mühüm rol oynamağa başlayıb. Onun sözlərinə görə, respublikada mətbu nəşrlərin sərbəst fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün bütün imkanlar yaradılıb: "Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının yaranmasının dövlət səviyyəsində qeyd edilməsinə, yubiley münasibətilə Azərbaycan mətbuat işçilərinin təltif edilməsinə, fəxri adlar almasına, onların sosial məsələlərinin həllinə xüsusi önəm verilməsinə, habelə kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsinə böyük önəm verir, jurnalistlərin əməyinə xüsusi həssaslıqla yanaşır. 144-cü ili tamam olan milli mətbuatımız bundan sonra da keyfiyyətcə yeni mərhələdə sağlam jurnalistika dəyərləri əsasında fəaliyyət göstərəcək, cəmiyyət qarşısındakı sosial məsuliyyətini unutmayacaq, bəzi qüvvələrin Azərbaycanda mövcud olan plüralizmdən istifadə edib dövlətimizi, millətimizi nüfuzdan salmağa yönəlmiş fəaliyyətinə biganə qalmayacaq, dövlət - mətbuat, vətəndaş-mətbuat münasibətlərinin sivil yolla nizamlanmasını, jurnalist etikasına əməl olunmasını, obyektivlik, peşəkarlıq, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik hisslərinə, aktual problemlərə diqqət yönəldilməsini, milli-mənəvi dəyərləri və dövlətçilik maraqlarına hörmət prinsipini daim əldə rəhbər tutacaq”.
Alpər TURAN
banner

Oxşar Xəbərlər