• cümə axşamı, 25 aprel, 13:10
  • Baku Bakı 23°C

Çəkim qanunu

04.09.20 19:01 1411
Çəkim qanunu
Və ya xoşbəxt həyatın sirri çox sadədir

Elə olubmu ki gecikməkdən qorxduğunuz müsahibəyə gecikmisiniz? Və ya ən sevimli geyiminizi nə qədər qorumağa çalışsanız da, üstünüzə nəsə tökmüsünüz? Yaxud "Bu gün başıma pis şey gələcək deyə hiss edirəm” demisiniz və həqiqətən də olub? Deməli, "Çəkim qanunu”dan xəbəriniz yoxdur.
Haqqında çox kitablar yazılmış və məlumatlandırıcı videolar çəkilmiş olsa da, bəlkə də milyonlarla insan hələ də həyatımızı dəyişdirməyə kömək edən "Çəkim qanunu” barədə heç nə eşitməyib. Maraq doğurmağa ilk dəfə on doqquzuncu əsrdə başlasa da, avstraliyalı yazıçı Rhonda Byrne tərəfindən yazılmış "Secret”, yəni "Sirr” kitabı ilə 2006-cı ildən etibarən daha çox diqqət çəkib. Həmin ildə həmin adla film də çəkilib və böyük marağa səbəb olub. Bəs bu qədər maraqla qarşılanmasının səbəbi nədir və bu, bizə niyə lazımdır?
Müəllifin dili ilə desək, bu qanun bizə istədiyimiz həyatı asanlıqla yaşamaq imkanı verir. Bura gündəlik həyatda yerinə yetirdiyimiz adi işlərdən ən böyük arzularımıza qədər hər şey daxildir. Kitabdan öyrənirik ki, əslində düşüncələrimiz və sözlərimiz həyatımızda böyük rol oynayır və onu formalaşdırır. Məsələn, hər gün uğurlu insan olmadığınızı düşünür və bunu "Mən çox uğursuz insanam, həmişə də belə olacam” şəklində dilə gətirirsinizsə, daha çox uğursuzluğu həyatınıza çəkirsiniz. Qanun məhz buna görə "Çəkim qanunu” adlandırılır. Eyni şəkildə, əgər uğurlu insan olduğunuzu düşünür və bunu danışanda da təsdiq edirsinizə, daha çox uğur və xoşbəxtliyi həyatınıza cəlb etmiş olursunuz.
Kitabda o da qeyd olunub ki, arzuladığınız həyatı yaşamaq üçün ilk növbədə sahib olduğunuz şeylərin qədrini bilməli və onlara görə minnətdar olmalısınız. Daha sonra isə sahib olmaq istədiklərinizi gözünüzdə canlandırmalı və həqiqətən onları əldə etməyin mümkün olduğuna inanmalısınız. "Axı mənim maaşım azdır. Sadəcə, xəyal qurmaqla arzumu necə həyata keçirəcəm?” deməyin. Fürsətlərin sizi harada gözlədiyini təxmin edə bilməzsiniz. Siz sadəcə, hədəfinizə yönəlin və bunun mümkün olduğuna inanın. Tez-tez yadınıza salın ki, pozitiv düşünməklə hədəfinizə daha da yaxınlaşırsınız. Çünki arzunuzun mümkünlüyünə inanmaqla həvəsiniz daha da artır və hər şeyə fərqli pəncərədən baxmağa başlayırsınız. Beləliklə, hədəfinizə çatmağın yeni yollarını da tapa bilərsiniz. Məsələn, kitabda adı çəkilən Cek Kenfild adlı şəxs eyni yolla bir ildə doxsan iki min üç yüz iyirmi yeddi dollar qazanmışdı.
Son olaraq müəllif vurğulayır ki, siz nəyi düşünüb danışsanız, onun başvermə mümkünlüyünü artırırsınız. Məsələn, siz "Xəstələnmək istəmirəm” dedikcə, xəstəliyə qarşı duyduğunuz qorxu enerjisini yayır və sanki onun gerçəkləşməsinə kömək edirsiniz. Eləcə də, "Hər gün daha sağlam və gümrah oluram” deməklə və buna inanmaqla sağlamlığınıza müsbət təsir göstərmiş olursunuz. Daha aydın desək, o cür düşünməklə səhhətinizlə bağlı qorxu və stressdən uzaqlaşırsınız və beləliklə, özünüzə böyük bir yaxşılıq etmiş olursunuz. Odur ki, "Çəkim qanunu”u yoxlamaqla heç nə itirməz, əksinə, qazanarsınız.
Aynur Babayeva


banner

Oxşar Xəbərlər