• cümə, 19 Aprel, 03:03
  • Baku Bakı 18°C

Əhliman Əmiraslanov: Qələbəmiz həm də türk dünyasını birləşdirəcək

04.04.21 10:30 872
Əhliman Əmiraslanov: Qələbəmiz həm də türk dünyasını birləşdirəcək
Martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşü təşkilatın 2019-cu ilin oktyabrında Bakıda keçirilmiş Zirvə görüşündən sonra ikinci tədbiri idi. 2020-ci ilin aprelində Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə videokonfrans formatında keçirilən COVID-19-a həsr edilmiş Zirvə görüşü hər birimizin xatirindədir. Qeyd etməliyik ki, dünyanı ağuşuna almış koronavirus pandemiyasına qarşı beynəlxalq səviyyədə tədbirlər məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilib. 2019-cu il oktyabrın 15-də Bakıda keçirilən VII Zirvə görüşündə təşkilata sədrlik Azərbaycana keçdikdən sonra Şuranın COVID-19 da daxil olmaqla, bir sıra qlobal problemlərin həllində təşəbbüskar mövqedən çıxış etməsi əsl qlobal həmrəylik və əməkdaşlıq nümunəsi idi.
AZƏRTACxəbər verir ki, bunu Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov deyib.
Deputat bildirib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-formal Zirvə görüşündə müzakirə olunan məsələlər ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da güclənməsinə xidmət edir. Videokonfrans formatında keçirilən Zirvə görüşü türkdilli dövlətlər arasında mövcud olan sıx əlaqələrin və əməkdaşlığın daha da gücləndirilməsi niyyətinin növbəti təzahürüdür.
"Görüşün keçirilməsi ölkəmiz üçün həm də xüsusi əlamətdar oldu. Çünki Azərbaycan bu tədbirə qalib ölkə kimi, təcavüzkar Ermənistanın 30 illik işğalına son qoyan, ərazi bütövlüyü öz Ordusunun gücü ilə təmin edən ölkə kimi qatılmışdı. Elə Qazaxıstanın birinci Prezidenti - Elbası, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayevin çıxışında "Bu gün mən həm də Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevi təbrik edirəm. Xüsusilə qeyd etmək istəyirəm ki, ərazi bütövlüyünün bərpa edilməsi məsələsində Türkiyə önəmli rol oynamışdır” deməsi yaddaqalan məqamlardan oldu. Zirvə görüşündə Prezident İlham Əliyev çıxışı zamanı Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzün bərpa olunduğunu, ermənilərin 30 ilə yaxın işğal altında saxladığı ərazilərdə vandalizm aktları törətdiyini bildirib. Dövlətimizin başçısı 44 günlük Vətən müharibəsində Türk Şurasının Azərbaycana dəstəyini yüksək dəyərləndirib”, - deyə Ə.Əmiraslanov qeyd edib.
O bildirib ki, xüsusilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərinə səfər edəcəyini bildirməsi xüsusi məmnunluq doğurur. Çünki biz Vətən müharibəsində Türkiyənin qardaşlıq dəstəyini hər zaman hiss etdik. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası birmənalı şəkildə Ermənistan ilə Azərbaycan arasında münasibətlərdə suverenliyin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması və onlara hörmət edilməsi əsasında normallaşmasını dəstəkləyir.
"Azərbaycan enerji, nəqliyyat, iqtisadi əməkdaşlıq sahələrində türkdilli dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi üçün imkanlarını təqdim edir. Ölkəmizin tərəfdaşları ilə birgə reallaşdırdığı Bakı-Tbilisi-Ceyhan, TANAP, Bakı-Tbilisi-Qars, Yeni Bakı Beynəlxalq Dəniz Limanı kimi layihələr bu sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına imkan verir. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, TÜRKPA-nın binasının Bakıda yerləşməsi Azərbaycanın türkdilli ölkələr arasında əməkdaşlığa önəm verməsi ilə bərabər, həm də türk dünyasının birliyinin gücləndirilməsində oynadığı rolu nümayiş etdirir. Xüsusilə tarixi Azərbaycan torpağı olan Zəngəzurdan keçəcək, ölkəmizin əsas hissəsini Naxçıvan və Türkiyə ilə birləşdirəcək yeni dəhliz regionun nəqliyyat sektoru üçün böyük imkanlar yaradır. Prezident İlham Əliyev də söylədiyi kimi, Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə də malikdir. Bu rəmzilik bu gün daha ciddi əsaslarla əməkdaşlığa töhfə verməkdədir”, - deyə deputat vurğulayıb.
banner

Oxşar Xəbərlər