Əhalini niyə sayırlar?

Əhalini niyə sayırlar?

Təfsilat
19 Oktyabr 2019, 15:23 118
Birləşmiş Millətlər Təşkilatının Statistika Komissiyasının müəyyənləşdirməsinə görə "Əhalinin siyahıyaalınması- müəyyən olunmuş müddət çərçivəsində bu və ya digər ölkədə və ya onun konkret hissəsində olan bütün şəxslərə münasibətdə demoqrafik, iqtisadi və sosial məlumatların toplanması, qiymətləndirilməsi, təhlili, dərci və yayılması ilə müşahidə olunan bütün proseslərin məcmusudur”.
 
Göründüyü kimi əhalinin siyahıya alınması yalnız onların kəmiyyət göstəricilərinin müəyyən edilməsi üçün deyidir. Əhalinin siyahıyaalınması həm də və əsasən əhalinin keyfiyyət göstəricilərini müəyyən etmək üçün zəruri olan bir prosesdir. Məhz bu səbəbdən siyahıyaalma ümumi və hamını əhatə edən proses olmalı və bilavasitə həyata keçirilməlidir. Məlumat bazalarında olan göstəricilər əsasında əhalinin siyahıyalınması istənilən nəticəni verə bilməz.
 
Əhalinin siyahıyaalınmasının xarakterik xüsusiyyəti şəxsin fərdi qeydə alınması, müəyyən olunmuş ərazi çərçivəsinin tam əhatə olunması, prosesin dövrülüyünün və eyni vaxt çərçivəsində həyata keçirilməsinin təmin olunmasıdır.
 
Hazırda dünyada əhalinin siyahıya alınması üçün müxtəlif metodologiyalar mövcuddur, lakin onların içərisində klassik metod ən etibarlı, ən dəqiq, ən dürüst və ən əhatəli hesab olunur. Bununla belə hazırda bir neçə alternativ siyahıyaalma metodları da vardır. Məsələn, Avstrya, Danimarka, Finlandiya, İsveç və s. ölkələrdə alternativ siyahıyaalma metodu da tətbiq olunur. Amma, alternativ siyahıyaalma metodları tətbiq edən ölkələr heç də klassik metoddan imtina etməyib. Sadəcə elə ölkələr var ki, onlarda böyük məlumatlar ("big data") bazasının mükəmməl olması alternativ siyahıyaalmaya imkan verir.
 
Əhalinin siyahıyaalınması ölkənin əsas inkişaf perspektivlərinin, siyasi, iqtisadi, sosial sahədə starateji xəttinin müəyyən olunmasında əsas alətdir. Əhali barədə dəqiq məlumat olmadıqda müvafiq istiqamətlərdə həyata keçirlən siyasət və strateji planlaşdırma da düzgün olmayacaqdır.
 
Əhalinin siyahıyaalınmasının əsas məqsədi elə faktların müəyyən olunmasıdır ki, hansılar ki, dövlət siyasətinin, planlaşmanın və inzibati idarəetmə strategiyasının hazırlanması üçün ciddi əhəmiyyət kəsb edir.Əhalinin sayı, coğrafi paylaşması və əhalinin xarakteristikasının öyrənilməsi, ölkənin və  əhalinin rifah halının yaxşıladırılmasına yönələn  iqtisadi, sosial və demoqrafik şərtlərin hazırlanması və dövlət proqramlarının əsaslandırılması üçün zəruridir. Əhalinin siyahıyaalınması ölkə üçün bütövlükdə və onun ayrı-ayrı inzibati vahidləri və rayonları üçün müqaisəli baza məlumatlarının təmin edilməsinə, milli səviyyədə planlaşdırma və idarəetmə prosesinə mühüm tövhə verir.
 
Azərbaycanda dövrü olaraq həyata keçirilən əhalinin ümumi siyahıya alınması prosesinin də konkret hədəf və məqsədləri vardır. 
 
Əhali üzrə aparılan hər bir statistik müşahidə əsasında müxtəlif məsələləri həll etmək olur. Bütövlükdə əhali statistikasında əsas aşağıdakı məsələləri qeyd etmək olar:
• əhali sayının müəyyən edilməsi və onun ölkə ərazisi üzrə bölgüsü;
• əhalinin tərkibinin öyrənilməsi (cinsinə, yaşına, milli mənsubiyyətinə, sosial vəziyyətinə, təhsilinə, məşğulluğuna və sairə görə);
• əhalinin təbii hərəkətinin öyrənilməsi (doğum, ölüm, əhalinin təbii artımı);
• əhali miqrasiyasının öyrənilməsi.
Əhalinin siyahıyaalınması məlumatlarından, həmçinin əmək bazarının tədqiqində geniş istifadə olunur.
 
Əhalinin siyahıya alınmasında tərtib edilən sorğu vərəqi (vərəqləri) də təşəkkül tapmış beynəlxalq praktikaya əsaslanır. Bununla belə hər siyahıyaalmada sualların sayında dəyişikliklər də ola bilər.
 
Belə ki, 1999-cu ildə keçirilmiş əhalinin ilk siyahıyaalınmasında tərtib edilmiş sorğu vərəqəsində 17 sual və siyahıyaalma vərəqəsində 4 sual olmaqla cəmi 21 sual qeyd edilmişdir, 2009-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasında 29 sual sorğu vərəqəsində və 6 sual siyahıyaalma vərəqəsində olmaqla ümumilikdə 35 sual öz əksini tapmışdır. Cari siyahıyaalmada isə sorğu vərəqəsində 46 sual, siyahıyaalma vərəqəsində isə 6 sual olmaqla ümumilikdə 52 sual öz əksini tapmışdır.
 
Əhalinin siyahıyaalınması mühüm dövlət tədbiridir. Əhalinin kəmiyyət və keyfiyyət göstəricilərinə dair dürüst, əhatəli məlumat dövlətin sonrakı inkişafının planlaşdırlmasında, əsas strateji hədəflərin müəyyən olunmasında mühüm rol oynayır.
 
Sahib Məmmədov
ekspert