• cümə axşamı, 28 mart, 15:09
  • Baku Bakı 16°C

“Əfv sərəncamı Azərbaycan dövlətinin hüquqi təbiətini ifadə edir” - Fotolar

19.03.19 19:49 4173
“Əfv sərəncamı Azərbaycan dövlətinin hüquqi təbiətini ifadə edir” - Fotolar
Martın 16-da Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Bu əfv sərəncamı ümumilikdə 431 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bir nəfərin cəzası 25 il, 2 nəfərin cəzası 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib. Əfv olunanlar arasında Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq sədri Beytulla Hüseynov, "Nida” hərəkatının üzvləri Qiyas İbrahimov, Bayram Məmmədov, İlkin Rüstəmzadə, "Texnikabank” ASC-nin Yasamal filialının sabiq müdir müavini Elnur Seyidov, sabiq səhiyyə naziri Əli İnsanov, AXCP sədrinin müavinləri Gözəl Bayramlı və Fuad Qəhrəmanlı da var. Sözügedən əfv sərəncamı, onun əhəmiyyəti, ölkə daxilində və beynəlxalq aləmdə doğurduğu rezonans, həmçinin digər məsələlərlə bağlı "Kaspi”nin suallarını "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitənin üzvü, hüquq müdafiəçisi Əliməmməd Nuriyev cavablandırır.
- Əliməmməd müəllim, ölkə rezidenti tərəfindən əfv fərman və sərəncamlarının imzalanması, həmçinin amnistiya aktlarının qəbul edilməsi ənənə halını alıb. Bir neçə gün bundan öncə də daha bir əfv sərəncamı imzalandı və qısa zamanda icrası təmin edildi. Ümumilikdə bu prosesi necə qiymətləndirirsiniz?
- İmzalanan bu sərəncamı alqışlayıram. Bu sərəncamla dövlət başçısı yüzlərlə insana sevinc bəxş edib. Əgər əfv olunan şəxslərin ailə üzvlərini, qohum-əqrəbasını, dost-tanışlarını da nəzərə alsaq, minlərlə insana bu sevincdən pay düşdüyünü görərik. Sərəncamın Novruz Bayramı ərəfəsində imzalanması və icra olunması əfv olunanlar və onların ailə üzvləri üçün ikiqat bayrama çevrildi. Belə bir vaxtda mühüm dövlət sənədinin imzalanması Azərbaycan Prezidentinin xalqımızın milli dəyərlərinə hörmətlə yanaşmasını da nümayiş etdirir. Bildiyiniz kimi, Novruz sevinc, barışıq, ruzi-bərəkət bayramıdır. Bu bayramın mahiyyətini yaxşı bilən dövlət başçısı qeyd edilən sərəncamı imzalamaqla xalqımızın milli dəyərlərinə hörmətini növbəti dəfə büruzə verdi. Ona görə də sərəncamın Novruz Bayramı ərəfəsində imzalanmasını təsadüfi saymıram. Eyni zamanda, bu sərəncam Azərbaycan Prezidentinin azadlığa verdiyi dəyərdir. Ölkə rəhbəri üçün vətəndaşının azad olması ikiqat önəm daşıyır. Digər tərəfdən, cənab İlham Əliyev hələ ölkə rəhbəri seçilməzdən əvvəl ictimaiyyət nümayəndələri ilə keçirdiyi görüşlərdə hər bir azərbaycanlının prezidenti olacağını bəyan etmişdi. Prezidentlik fəaliyyəti dövründə isə dəfələrlə qeyd etmişdi ki, onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Mənə elə gəlir ki, 2003-cü ildən indiyə qədər ötən vaxt ərzində onun fəaliyyəti, 2019-cu ilin əvvəlindən başlayaraq bir çox sahələri əhatə edən islahatlara start verilməsi, çoxsaylı fərman və sərəncamların, o cümlədən əfv sərəncamını imzalaması bu bəyanatları özündə əks etdirir. Ölkədə sosial ədalətin, şəffaflığın təmin edilməsi, vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Xüsusilə qeyd etmək yerinə düşər ki, ötən vaxt ərzində sayca 33-cü əfv sərəncamı imzalanıb. Bu dövlət sənədlərinin qəbulu sayəsində minlərlə insana sevincə bəxş edilib. Əqidəsindən, cinsindən, etnik və siyasi mənsubiyyətindən asılı olmayaraq, hər kəsə bərabərhüquqlu yanaşma ortaya qoyulub. Son sərəncamla adları müxtəlif siyahılara salınaraq tez-tez hallandırılan 52 nəfər də azadlığa qovuşub. Əfv sərəncamları tarixində ilk dəfə olaraq 36 nəfər qadın azadlığa buraxıldı. İndiyə qədər olan əfv sərəncamlarında bu sayda qadın əfv olunmayıb. 14 əcnəbi vətəndaşın əfv olunması da sübut edir ki, hər kəsə eyni səviyyədə yanaşma var.
- Bəzən müxalif düşərgədə iddialar səsləndirilir ki, əfv sərəncamlarının imzalanması, o cümlədən bir qədər əvvəl qeyd etdiyiniz 52 nəfərin da əfv edilərək azadlığa buraxılması xaricdən Azərbaycana edilən təzyiqlərlə əlaqədardır. Belə fikirlərə münasibətiniz necədir?
- Azərbaycan yalnız milli maraqlara söykənən müstəqil daxili və xarici siyasət aparır və bu mənada heç bir qüvvə bu siyasi kursa təzyiq göstərə, bizimlə təzyiq dilində danışa bilməz. Bunu prezident İlham Əliyev dəfələrlə bəyan edib. Azərbaycan dövləti yalnız humanizm, mərhəmət, sosial ədalət prinsiplərinə söykənir və dövlət başçısı da bu prinsiplərdən çıxış edərək fəaliyyətini qurur, əfv sərəncamları imzalayır. Konkret sərəncama gəlincə, belə bir mühüm dövlət sənədinin qəbul edilməsinə və yüzlərlə insanın azadlığa qovuşmasına görə yeganə təşəkkür ünvanı Prezident İlham Əliyev olmalıdır. Çünki, yalnız ölkə başçısının iradəsi və Konstitusiya ilə tənzimlənən müstəsna səlahiyyətləri çərçivəsində onun tərəfindən əfv fərman və sərəncamları imzalanır. Bu səbəbdən əfv olunanlar təşəkkür ünvanını Şərqdə, Qərbdə, Şimalda, Cənubda deyil, Azərbaycan dövlətində və onun başçısında axtarmalıdırlar. Azərbaycan Prezidenti İlham Əliyevin lütfü sayəsində müvafiq sərəncam imzalanıb və bir sıra insanlar əfv olunub. İndiyə qədər imzalanan fərman və sərəncamlar bir daha onu deməyə əsas verir ki, Azərbaycan milli maraqlara söykənən müstəqil siyasət həyata keçirir və bu siyasətin mərkəzində ölkə vətəndaşı dayanır.

- İmzalanan əfv sərəncamının cəmiyyət üçün faydası nədən ibarətdir?
- Bu cür sərəncamlar cəzasının müəyyən qismini çəkən, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirən, ailəsi, Vətəni, cəmiyyəti, özü üçün faydalı işlə məşğul olmağa maraq göstərən, öz həyatını dəyişmək istəyən insanlara yeni bir şans verir. Ona görə də azadlığa çıxan şəxslər dərindən düşünməli, bu şansı düzgün qiymətləndirməlidirlər. Əminəm ki, bu, mütləq əksəriyyət üçün belə də olur. Əfv sərəncamının icrası zamanı azadlığa çıxan insanların, onları qarşılayan ailə üzvlərinin, qohum-əqrəbaların üzlərindəki sevinc hisləri bunu deməyə əsas verir. Onların simasında gözlənilən böyük ümidlərin doğrulması var idi. Əfv olunanların azadlığa çıxmasını gözlənilən ümidlərin özünü doğrultması kimi dəyərləndirmək olar. Eyni zamanda, bu, yeni ümidlərin yaranmasına da səbəb oldu. Bütün bu məqamları nəzərə alsaq, əfv sərəncamının azadlığa qovuşanlar, həmçinin onların yaxın ətrafı, ümumilikdə cəmiyyətimiz üçün faydası, əhəmiyyəti böyükdür. Ona görə də ölkə daxilində hər bir kəs, eləcə də ayrı-ayrı siyasi partiya nümayəndələri bu sərəncamı müsbət və pozitiv dəyərləndirir. Düzdür, bəzi şəxslərin ölkədən kənara təşəkkürlər etməsinin də şahidinə çevrildik. Amma onların bunu hansı məqsədlə etdiyini cəmiyyətdə hər kəs yaxşı bilir. Bir daha təkrar edirəm ki, bütün təşəkkürlərin yeganə ünvanı Azərbaycan Prezidentidir. Ən nəhayət, belə sərəncamlar Azərbaycan dövlətinin hüquqi təbiətini ifadə edir.
- Ümumilikdə 431 nəfərə şamil olun əfv sərəncamı Avropa İttifaqı tərəfindən də müsbət qarşılandı, bununla bağlı bəyanat yayıldı. Lakin təəssüf ki, Azərbaycanı yeri gəldi-gəlmədi tənqid edən, "siyasi məhbus” məsələsini əlində bayraq edərək bundan ölkəmizə qarşı təzyiq aləti kimi istifadə etməyə çalışan bəzi beynəlxalq təşkilatlardan eyni yanaşmanı görmədik. Bu, nə ilə əlaqədardır?
- İlk növbədə qeyd etmək istərdim ki, Azərbaycan demokratik dövlətdir. Burada hər bir kəs istədiyi kimi siyasi fəaliyyətlə məşğul ola, fərqli fikir bildirə, müxtəlif mülahizələr irəli sürə bilər. Buna görə heç kimə hansısa qadağa tətbiq edilməyib. Hər bir dövlətdə olduğu kimi Azərbaycanda da hər bir fəaliyyət qanunla tənzimlənir. Qanunları pozan hər bir kəs də buna görə məsuliyyət daşıyır. Bu, vəzifəsindən, mövqeyindən asılı olmayaraq, hər bir kəs üçün keçərlidir. Beynəlxalq təşkilatların əfv sərəncamına münasibətinə gəlincə, mütləq əksəriyyət tərəfindən bu qərar pozitiv dəyərləndirildi, alqışlandı. Hesab edirəm ki, bundan sonra da bu cür pozitiv münasibət olmalıdır. Ona görə ki, məzmun və yük etibarilə 16 martda imzalanan əfv sərəncamı böyük əhəmiyyət kəsb edir. Bu, insanların hüquq və azadlıqlarının təmin edilməsinə yönələn addımlardan biri idi. Biz gözləmirik ki, mütləq şəkildə beynəlxalq təşkilatlar Azərbaycanda imzalanan əfv sərəncamına müsbət qiymət versinlər. Lakin bu kimi addımları müsbət dəyərləndirməsələr, obyektiv qiymətləndirməsələr təəssüf doğurar. Bəzi beynəlxalq qurumların indiyə qədər olan davranışları, tələbləri başqa prizmadan diqqət çəkirdi. Onlar üçün Azərbaycan dövlətinin və ya vətəndaşının maraqları önəmli deyildi. Həmin qurumlar üçün vacib olan öz maraqları idi və əllərinə keçən hər bir şeydən bu maraqların təmin olunmasında alət kimi istifadə etməyə çalışırdılar. Bununla belə, bir qədər əvvəl xatırlatdığım kimi mühüm beynəlxalq təşkilatlar əfv sərəncamını obyektiv və müsbət qiymətləndirdilər.
- Əfv sərəncamının imzalanması ilə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş bir nəfərin cəzası 25 il, 2 nəfərin cəzası 20 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib. Digər ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərə də gələcəkdə belə bir yanaşma ola bilərmi? Bunun üçün tələblər, şərtlər nədən ibarətdir?
- Ömürlük azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin cəmi 8-10 maddəsində nəzərdə tutulub. Gəlin görək bu cəza kimlərə şamil olunur. Belə cəza o adamlara şamil edilir ki, onlar xüsusi ilə ağır cinayət törədirlər. Misal üçün, iki və daha artıq şəxsi qətlə yetirir, kütləvi qətllər törədirlər. Bu sırada terrorizm, killerlik, hamilə qadının amansızlıqla qətlə yetirilməsi, bir ailənin qətlə yetirilməsi və sairi də göstərmək olar. Ona görə də ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilən şəxslərin əfv olunması ilə bağlı müvafiq komissiyaya müraciət olunanda bir çox amillər nəzərə alınır, ətraflı araşdırma aparılır, cəza çəkən şəxsin törətdiyi əmələ diqqət yetirilir. Bu şəxsin cəmiyyət üçün təhlükəli olub-olmaması məsələsi araşdırılır. Bütün bunlardan başqa, heç kim unutmasın ki, cinayətin iki tərəfi var. Birinci tərəf cinayəti törədən, təqsirləndiriləndirsə, digər tərəf zərərçəkmiş şəxsdir. Ona görə də ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərin əfv olunması məsələsinə baxılarkən yalnız bir tərəfin – təqsirləndirilən şəxsin maraqları əsas götürülə bilməz. Əgər bir şəxs bütöv bir ailəni azyaşlı uşaqlarla birlikdə qətlə yetirib yandırıbsa, onun əfv edilməsi sosial ədalət baxımdan nə dərəcədə düzgündür? Mən hesab edirəm ki, düzgün deyil. Onu da qeyd etmək yerinə düşər ki, 2017-ci ildə Cinayət Məcəlləsində edilən dəyişikliyə görə, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxs 25 il cəza çəkibsə, bu müddətin sonuncu 5 ilində özünü qüsursuz aparıbsa, normal davranıbsa, bu zaman məhkəmə onun barəsində vaxtından əvvəl şərti azadetmə cəzasını tətbiq edə bilər. Burada da böyük bir humanizm siyasəti var. Daha bir məsələ isə bundan ibarətdir ki, əgər bir şəxs ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilibsə, o cəzasının 10 ilini çəkdikdən sonra əfv üçün müraciət edə bilər. Burada şərti azadetmə və əfv üçün müraciət etmə hüququnun yaranması o demək deyil ki, cəza çəkən şəxs dərhal azad ediləcəkdir. Həm məhkəmə orqanı, həm də Əfv Komissiyası həmin məhkumun vəziyyəti, əməli, törətdiyi cinayətin mahiyyəti, ictimai təhlükəliliyi ilə yaxından tanış olmalı, ətraflı araşdırma aparmalıdır. Misal üçün, sonuncu əfv sərəncamında ömürlük azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilmiş şəxslərdən biri ilə bağlı zərərçəkmiş Əfv Komissiyasına müraciət edib, onu bağışladığını bildirib. Həm zərərçəkmiş şəxsin mövqeyi, həm də məhkumun 24 il cəza çəkməsi nəzərə alınaraq aidiyyəti üzrə qərar qəbul edilib, humanizm prinsipləri əsas götürülüb. Sərəncamın şamil olunduğu digər ömürlük məhbusun işi də təkrar araşdırılıb və törədilən qətl hadisəsində birbaşa iştirak etmədiyi, sadəcə vəzifəsinə səhlənkar yanaşdığı nəzərə alınıb və cəzası 20 ilə endirilib. Bütün hallarda biz cəmiyyətdə ədaləti qoruyub saxlamalıyıq. Hər hansı qərar qəbul edilərkən dövlətin, cəmiyyətin, vətəndaşların, o cümlədən məhbusun və zərərçəkmişin maraqları nəzərə alınmalıdır. Bu kimi məsələləri nəzərə alsaq, Əfv Komissiyasının üzərinə çətin və məsuliyyətli iş düşür.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər