Kreml Mərkəzi Asiyada irimiqyaslı təlimlərə start verir
Əfqanıstanda vəziyyət gərginləşməkdə davam edir. Hətta müsəlmanlar
üçün müqəddəs olan Qurban bayramı günlərində belə atəşə ara verilməyib.
"Taliban" ilə hökumət qüvvələri arasında döyüşlər davam edib.
Yaraqlılar sürətlə irəliləməkdə, şəhərləri və qəsəbələri tutmaqda, hökumət də
aciz vəziyyətdə geri çəkilməkdədir. Kabildə Qurban bayramı günü prezident
sarayı qarşısına raketlərin düşməsi isə gərginliyi pik həddə çatdırıb. Bayram
mərasimində Əfqanıstan prezidenti Əşrəf Qani də iştirak edib.
ABŞ-ın Əfqanıstandan çəkilməsi mayın 1-dən başlayıb və prosesin 95 faizi
tamamlanıb. Bundan sonra "Taliban” sürətli hücuma başlayıb. Müxtəlif mənbələrə
görə, ölkə ərazisinin 50-75 faizi taliblərin nəzarətinə keçib. Bunlar əsasən
kənd yerləri olsa da, artıq "Taliban" Qəndəhar, Herat, Qəzni və hətta
Kabil kimi böyük şəhərləri də hədəfə alıb.
Belə bir gərgin durumda Rusiya və Özbəkistandan olan 2 minə yaxın
hərbçi Əfqanıstanla sərhəd ərazilərdə təlimlərə start verib. İyulun 30-dan
avqustun 10-a kimi keçiriləcək təlimlərin Mərkəzi Asiya dövlətlərinin
təhlükəsizliyi və ərazi bütövlüyünün qorunmasına xidmət etdiyi vurğulanır.
İyulun ortalarından etibarən Rusiya hərbçiləri Tacikistanda da hərbi
təlimlərə başlayıb. Tacikistandakı 201-ci hərbi bazaya aid tanklar Laura
poliqonundan Əfqanıstan sərhədindəki Harb-Maidon poliqonuna qədər 200
kilometrlik yürüş edib. T-72 tanklarının ekipajları təxribat qruplarının
hücumlarını və süni düşmənin hava zərbələrini dəf etməyi sınaqdan keçiriblər.
Kollektiv Təhlükəsizlik üzrə Müdafiə Təşkilatının (KTMT) cənub
sərhədlərində baş verənlər həm Mərkəzi Asiya respublikalarını, həm də Rusiyanı
narahat edir. Rəsmi Moskva Xarici İşlər Nazirliyi əməkdaşlarının dili ilə
"Taliban"ın Rusiya üçün təhlükə yaratmadığını təkrarlayır. Radikal
hərəkatın nümayəndələri bu yaxınlarda Rusiya paytaxtında olub.
10 iyulda "Taliban" nümayəndələri Moskvaya gələrək Rusiya
prezidentinin Əfqanıstan üzrə xüsusi elçisi Zamir Kabulovla görüşüblər. Mətbuat
konfransında "Taliban" təmsilçiləri Mərkəzi Asiya ölkələri ilə sərhədləri
pozmayacaqlarına söz veriblər. Təlimlər qoruyucu xarakter daşıyır
"Milli Müdafiə” jurnalının redaktoru, hərbi ekspert İqor Korotçenko
hesab edir ki, Rusiyanın Mərkəzi Asiya respublikalarındakı hərbi fəaliyyəti
Əfqanıstandakı münaqişənin və ekstremist ideologiyanın MDB ölkələrinə
yayılmasının qarşısını almaq niyyəti güdür. "Tacikistan və hər hansı bir
postsovet ölkəsi üçün yaranan təhlükə Rusiya üçün də təhlükə kimi qəbul edilir.
Əfqanıstandan postsovet ölkələrinə ekstremizmin ixracı bizim maraqlarımıza
qətiyyən uyğun deyil. Bu təlimlər qoruyucu xarakter daşıyır. Tacikistandakı
Rusiya hərbi bazaları mümkün hücumu dəf etmək üçün ortaq planlar
hazırlayır", - deyə "Vestnik Kavkaza"ya verdiyi müsahibədə
ekspert bildirib. O əlavə edib ki, bu təlimlər həm də Əfqanıstandakı münaqişə
tərəflərinə də bir "mesajdır". Yəni hərbi fəaliyyət postsovet
məkanına keçərsə, Rusiya bu təhdidlərin qarşısını almaq hüququnu özündə
saxlayır.
İ.Korotçenko verilən bəyanatlara baxmayaraq, "Taliban"ın sözünə
əməl edə bilməyəcəyi riskinin olduğuna da diqqət çəkib. Onun sözlərinə görə, "Taliban"
tərəfindən edilən siyasi açıqlamalar adi sözdür. Əfqanıstandakı hərbi
əməliyyatlara nəzarət və real güc döyüşən digər insanların əlindədir: "Bu
səbəbdən əlində konkret bir güc olanlar danışıqlara gəlməzlər. Nəticə
etibarilə, "Taliban"ın siyasi qanadının açıqlamaları sözdən başqa bir
şey deyil. "Taliban" Əfqanıstanda sabitliyi pozmaq, qanuni hökuməti
devirmək istəyir. Əlbəttə, bu, Əfqanıstanın daxili işidir. Rusiya oraya
müdaxilə etməyəcək. Amma biz ehtiyatı əldən vermirik və sərhədlərimizi
qoruyuruq. Amerikalıların gedişindən sonra Əfqanıstanda sabitliyin pozulması
Rusiyanın maraqları üçün real bir təhdid olaraq görülür".
Mərkəzi Asiya – hər an
partlaya biləcək bölgə
Mütəxəssis Mərkəzi Asiya rejimlərinin də qeyri-sabit olduğuna dair
xəbərdarlıq edib. Bildirib ki, çox əlverişli olmayan iqtisadi vəziyyətə görə
Əfqanıstandan bu ölkələrə ekstremizmin ixracı riski var: "Özbəkistan,
Tacikistan və Qırğızıstanda daxili siyasi vəziyyət kifayət qədər
qeyri-sabitdir. Özlərini tapmaq imkanı olmayan çox sayda gənc sosial ədalət
tələb edir. Kənardan atılan hər hansı bir fikir ekstremizmin yayılmasına, fəlakətli
nəticələrə səbəb ola bilər. Özbəkistan, Tacikistan, Qırğızıstan və
Qazaxıstandakı mövcud sistemlərin dağılması, radikallar tərəfindən ələ keçirilməsi
Rusiyanın cənub sərhədlərini təhlükə altına alır. Bu səbəbdən KTMT-yə üzv
dövlətlərin müdafiə xətti Rusiyanın milli sərhədlərinin və maraqlarının
qorunmasıdır".
Digər bir problemi Rusiyada qadağan edilən İŞİD terror qruplaşması yaradır.
Belə ki, bu təşkilatın təmsilçilərinin "Taliban” tərəfindən Mərkəzi Asiyaya
doğru qovulması riski var. Korotçenkoya görə, Rusiya və KTMT tərəfdaşları bunu
nəzərə alaraq Əfqanıstanla sərhədləri bağlamalı və ekstremistlərin postsovet
məkanına girməsinin qarşısını almalıdırlar.
Beynəlxalq məsələlər üzrə Rusiya Şurasının mütəxəssisi Kirill
Semyonov isə hesab edir ki, hərbi əməliyyatlar sərhədləri aktiv döyüş
şəraitində olan ölkələr üçün adi bir praktikadır. "Əgər payızda
Qarabağdakı hadisələri xatırlayırsınızsa, o zaman İran öz hərbi qrupunu sərhəd
yaxınlığında yerləşdirməyə başladı. Sərhəd yaxınlığında döyüş əməliyyatları baş
verdikdə, onlara hərbi güclə cavab vermək adi bir təcrübədir. Bu, xaos və heç
kimə tabe olmayan terrorçuların və qruplaşmaların fəaliyyət göstərdiyi
Əfqanıstan üçün də aktualdır"- deyə Semyonov vurğulayıb.
Sonda onu da qeyd edək ki, indiyə qədər mediada radikalizmin Əfqanıstandan
Mərkəzi Asiyaya nüfuz etməsi barədə kütləvi informasiya vasitələrində məlumat
getməyib. Lakin bu mövzu bütün sərhəd respublikalarında fəal şəkildə müzakirə
olunur. Əfqanıstandakı vətəndaş müharibəsi artıq beş Mərkəzi Asiya ölkəsindən
ikisini təsiri altına alıb. İyul ayında yüzlərlə əfqan hərbçinin "Taliban"
hücumlarından qorunmaq üçün Tacikistana və Özbəkistana qaçması faktı qeydə
alınıb.