Əfqanıstan yenə “böyük oyun”da

"Taliban”
həqiqətən kiminsə layihəsidir, yoxsa müstəqil hərəkat kimi ortaya çıxıb?
20 illik səy,
amerikalı vergiödəyicilərinin on milyardlarla dollar vəsaiti, heç kimin vecinə
də almadığı NATO və əfqan hərbçilərinin minlərlə həyatı - uğursuz müdaxilənin
belə bir faciəvi sonu. Əfqanıstanda baş verənləri məhz belə xarakterizə etmək
olar. Orta əsr şəriət əmirliyi qurmaq istəyən "cübbəli tələbə”lər 21-ci əsrin ən
qüdrətli dövlətini çox pis duruma saldılar. Uzaq-yaxın Əfqanıstanda baş verənlər,
az qala dünyanın əksər ölkələrində yaşından asılı olmayaraq hər kəsin ən çox
müzakirə etdiyi məsələdir desək, yanılmarıq.
Dünya
qorxu içində
Düzdür,
"Taliban” Əfqanıstan hakimiyyəti ilə bir müddət idi ki, hərbi əməliyyatlar
aparırdı. Lakin heç kim bu sürətlə hakimiyyətin süqut edəcəyini gözləmirdi. Bir
günün içində dünyəvi hakimiyyətin süqut etməsi dünyanı şoka salmaqla yanaşı,
yenidən qorxutdu. Söhbət ötən əsrin 90-cı illərin sonunda, 2000-ci illərin əvvəllərində
yaşananların yenidən təkrarlana biləcəyindən gedir. Hərəkat, 2001-ci il
sentyabrın 11-də Nyu-Yorkdakı terrordan sonra Əfqanıstan istiqamətində başlanılan
hərbi kampaniya nəticəsində itirdiyi hakimiyyəti, demək olar, bir anda götürdü.
Hərəkatın sürətli qayıdışı, bəlkə də, onun Əfqanıstanda, belə desək, böyük xalq
dəstəyinə sahib olduğundan xəbər verir, əks təqdirdə ABŞ və NATO-nun müdaxilə
etməməsi halında belə sırf hərbi baxımdan bu cür sürətli keçid kifayət qədər çətin
olardı. Həqiqətən də, nə amerikalılar, nə də avropalılar "Taliban”ın belə sürətli
qələbəsini gözləmirdilər. Məsələn, ABŞ-da hesab edirdilər ki, onların hava dəstəyi
ilə dünyəvi dövlət payızın sonuna kimi duruş gətirə biləcək. Avropada isə
çoxları uzunmüddətli vətəndaş müharibəsinin yaşanacağını proqnoz edirdilər.
Bunların da heç biri olmadı. Rusiya da eyni mövqedə idi. Beləliklə, heç kəsin
ağlına belə gəlmədiyi proses yaşandı. Bəlli oldu ki, Birləşmiş Ştatların aktiv
dəstəyi ilə formalaşan hakim əfqan rejimi əhali arasında heç bir dəstəyə malik
olmayan bir rejimdir. Onun uğrunda nə amerikalıların hazırladığı xüsusi təyinatlılar,
nə yerli polis və ordu ölməyə hazır deyil. Ən acınacaqlısı isə o oldu ki, son
günlərə kimi "taliblər”in tələb etdikləri koalision hökumət qurulmasını rədd edən
ölkənin qanuni prezidenti Əşrəf Qəni Əhmədzayın özündən başqa heç kimi təmsil
etmədiyi bəlli oldu. Beləliklə, bu gün "taliblər”in nəzarəti altında olmayan
bir əyalət qalıb - Pəncəbad. Orada da yaraqlılara Əhməd Məsud rəhbərlik edir.
Bu şəxs isə əfsanəvi səhra komandiri Məsud Şahın oğludur. Əşrəf Qəni qaçandan
sonra özünü prezident elan edən Əmrulla Saleh də onunla birlikdədir.
Koalision
hökumət formalaşacaq?
İndi "taliblər”,
çox güman ki, müvəqqəti hökumət formalaşdıracaq. Artıq yeni hökumətin
formalaşdırılması prosesi kölgədən çıxır. Ötən gün Kabildə bir vaxtlar barışmaz
düşmən olan sabiq prezident Həmid Kərzayi və milli barışıq üzrə Ali Şuranın sədri
Abdulla Abdulla ilə "Taliban”ın nümayəndəsi Anas Hakkani və keçmiş baş nazir, İslam
Partiyasının sədri Gülbəddin Hikmətyar görüşüblər. Anasın qardaşı Siracuddin
"Taliban”ın ali rəhbərinin müavinidir. Hakkaninin atası isə vaxtilə
Əfqanıstanın ən sərt terrorçularından biri kimi tanınmaqla yanaşı, "Hakkani şəbəkəsi”nin
rəhbəri olub. Ekspertlər indidən bildirir ki, "taliblər” real hakimiyyətə yeni
qüvvələrin daxil olmasına imkan verməyəcək. Koalisiya yaradılsa belə, bu,
nominal bir məna kəsb edəcək. Bununla da islamçıların beynəlxalq arenadakı
imicini dəyişməyə çalışacaqlar. Maraqlıdır ki, danışıqlara "Taliban”ın Dohada yerləşən ofisinin rəhbəri
molla Əbdül Qəni Baradar də qatılıb. Heyət Kabil aeroportuna deyil, hələ də
NATO nəzarəti altında olan Qəndəhar aeroportuna enib.
"Taliban”
daha terror təşkilatı deyil?
Ekspertlər
diqqəti bir məsələyə yönəldirlər - "Taliban” legitimlik qazanmaq üçün hansı
addımları atacaq - seçkiyə gedəcək, ya istədiyi kimi hökuməti formalaşdıracaq?
Qərb ekspertləri hesab edir ki, "Taliban”ın Əfqanıstanda hakimiyyəti ələ keçirməsi
hələ onun terror təşkilatı olmadığı gerçəyini dəyişmir. "Taliban”ın hakimiyyəti
o vaxt legitim olacaq ki, o, Əfqanıstanda qanuni şəkildə seçkiyə qatılıb qalib
gəlsin. Bundan sonra onun terror təşkilatı statusu ləğv edilə bilər. Beynəlxalq
hüquqda terror təşkilatı statusu almış bir təşkilatın statusunun ləğv edilməsinə
dair tənzimləmə mexanizminin olmadığı bəllidir. Hazırda bir sıra dünya dövlətləri
də buna görə tərəddüd içərisindədir. Çünki əksər ölkələr və təşkilatlar
"Taliban”ı terror təşkilatı kimi tanıyır. Lakin bununla belə hesab etmək olar
ki, tədricən bu ölkələr "Taliban”la münasibətlər quracaqlar. Yəni hələ
"Taliban”ı Əfqanıstanın qanuni hakimiyyəti olaraq tanımasalar da, onunla
münasibətlər yaradacaqlar. Çünki bu bir seçim deyil, zərurətdir. Məsələ ondadır
ki, "Əfqanıstan” deyə bir dövlət var və istər-istəməz bu ölkə ilə bu və ya
başqa formada əlaqələr qurulmalıdır. Hazırda hakimiyyətdə "Taliban”dırsa, dünya
dövlətləri də məcbur olub onunla əlaqə qurmalıdır. "Taliban” indiki halda dünya
dövlətləri tərəfindən Əfqanıstanın legitim hakimiyyəti olaraq tanınmasını istəyirsə,
bir sıra addımlar atmalıdır. Yəni "Taliban” orta əsrlərdən qalma feodal idarəetmə
üsulu ilə deyil, müasir dövrün qanunları ilə Əfqanıstanı idarə etsə, qanuni
seçkilər keçirsə, bu zaman dünya dövlətləri də "Taliban”ı terror təşkilatı kimi
deyil, Əfqanıstan hakimiyyəti olaraq tanıya bilər.
Əfqanıstan
Mərkəzi Asiya üçün təhlükədirmi?
Əfqanıstanda
gərginlik Mərkəzi Asiya regionu üçün də mürəkkəb bir vəziyyət yaradır. Burada
birbaşa oyunçular olan İran, Çin, Rusiya, Türkiyə, Pakistanın hər biri öz risk
və problemləri kontekstində "Taliban”la razılığa gəlməyə çalışır. Lakin yumşaq
desək, bu razılaşmaların nə qədər sabit və etibarlı olacağını söyləmək çətindir.
Məsələ burasındadır ki, Əfqanıstana qayıdan "Taliban” sürətli hərbi uğura
baxmayaraq, indi özünü tam şəkildə qurmaq, sükanı ələ almaq və sabitləşmək üçün
bir qədər zamana ehtiyac duyur. Buna görə də, "Taliban” da bu çoxtərəfli
razılaşmalarda maraqlıdır. Hərəkat Əfqanıstan hakimiyyəti statusunda möhkəmləndikdən,
habelə daha böyük həcm və ambisiyalarla regional oyuna cəlb edildikdən sonra nə
edəcək? Çin, İran, Rusiya, Türkiyə və ya Pakistanla razılaşmalar nə qədər davam
edəcək? Və mümkün "çöküş” və "Taliban” ambisiyası hansı istiqamətdə hərəkət edəcək?
Məsələ burasındadır ki, bir qayda olaraq radikal totalitar qapalı rejimlər bu
ambisiyaları olmadan etibarlı və güclü ola bilməzlər. Buna görə də, "Taliban”
yalnız Əfqanıstanla məhdudlaşa bilməz. Vəziyyət Rusiya üçün də təhlükəlidir. Radikalizm
dalğasını dayandırmaq praktiki mümkünsüz ola bilər. Bir faktı da qeyd edək ki,
Əfqanıstan Çinin 2013-cü ildən planlaşdırdığı və 2049-cu ildə bitirməyi hədəflədiyi
"Bir kəmər, bir yol" layihəsində önəmli nöqtədir. ABŞ da hər vəchlə
bu layihənin əksinə çıxır.
ABŞ Qətərə
arxayındır?
Ekspertlər
diqqəti Qətər nümayəndəsinin "Taliban”a rəhbər gətirildiyinə də yönəldirlər. Qətər
Yaxın Şərqin açar ölkəsi, ABŞ-ın strateji müttəfiqidir. ABŞ-ın Qətər ərazisində
böyük hərbi kontingenti var. Yəni rəsmi Vaşinqton "taliblər”i məhz Qətər vasitəsilə
nəzarətdə saxlamağı planlaşdırır. Amma Qətər həm də Türkiyənin müttəfiqidir.
Buraya ABŞ-ın Yaxın Şərqdə strateji iki müttəfiqi - Birləşmiş Ərəb Əmirlikləri
və Səudiyyə Ərəbistanının "Taliban”ı tanıyacaqları ilə bağlı mövqelərini də əlavə
etmək lazımdır. Qətərdən fərqli olaraq bu iki ölkənin Türkiyə ilə münasibətləri
ziddiyyətlidir. Türkiyə isə "Bir kəmər, bir yol" layihəsini dəstəkləyir.
Türkiyə həm də Pakistanla müttəfiqdir. Pakistan həm də Çinlə yaxın strateji
müttəfiqdir və sözügedən layihəni tam dəstəkləyir. Eyni zamanda "Taliban”la
münasibətləri normaldır. Türkiyə ilə onun mövqeyi üst-üstə düşür. Ən əsası,
"Taliban”a hakimiyyətini qoruyub saxlamaq üçün həm daxili, həm də xarici siyasətdə
güvənə biləcəyi güc lazımdır ki, burada da Pakistan və Türkiyə ən doğru variant
kimi görünə bilər. Nəhayət, Əfqanıstanın yenidən qurulmasında, xüsusilə də ordu
quruculuğu və iqtisadi vəziyyətin normallaşdırılmasında "Taliban” üçün mümkün
güc lazımdır ki, burada da Pakistan və Türkiyə daha mümkün variant kimi
görünür. Türkiyə Əfqanıstanda mövcudluğunu qoruyarsa, dünya üçün vacib əhəmiyyətə
malik Mərkəzi Asiya regionunda nüfuzunun daha da artmasına şərait yaradacaq.
Çin, Rusiya, Hindistan və ABŞ-la yanaşı, Türkiyə də həm Əfqanıstanda, həm də Mərkəzi
Asiyada əsas nüfuz sahiblərindən biri ola bilər. Təsadüfi deyil ki, bir neçə
gün öncə Pakistanın baş naziri İmran Xan açıqlama verərək Türkiyə və "Taliban”
arasında əlaqələrin yaxşılaşdırılması üçün lazım olan bütün imkanlardan istifadə
edəcəklərini bildirib.
Əfqanıstanı
nə gözləyir?
"Taliblər”in
qlobal iddiaları var və əvvəlcə Asiya regionunun qonşu ölkələrinə - Özbəkistana,
Qazaxıstana, Qırğızıstana öz təsirlərini yaymağa başlayacaqlar. Böyük ehtimalla,
yaxın gələcəkdə onlar məhz bu ölkələri öz xütbələri üçün sevimli yerlər kimi
seçəcəklər. Dəhşətli olan odur ki, "taliblər”in Əfqanıstanda qələbə qazanması
müxtəlif terror təşkilatları üçün (İŞİD, Əl-Qaidə) "bizdə də alına bilər”
düşüncəsinin yaranmasına gətirib çıxara bilər. O ki qaldı "Taliban”ın
tanınmasına - hazırda dünya ölkələri buna can atmırlar, çünki əfqan mücahidləri
ölkəni idarə etməyi indi-indi öyrənirlər. Bəli, onlar hərbi qələbə qazanıblar,
Əşrəf Qənini deviriblər və şəriət normalarının yumşaldılmasını elan ediblər.
Ancaq onlar dövləti necə idarə etməyi indi öyrənirlər. Təbii ki, indi "taliblər”in
beynəlxalq aləmdə söylədikləri heç bir sözə inanmaq lazım deyil. Onların
Əfqanıstanı necə idarə edəcəyini və qonşu ölkələr üçün hansı təhdidlər yarada
biləcəyini zaman göstərəcək. Buna görə də, onlarla əlaqələr qurmağa bir çox ölkə
tələsməyəcək. Əfqanıstanda vəziyyət yaxın bir ay ərzində yüz dəfə dəyişə bilər.
Beləliklə, proseslərin gedişi hər kəsi narahat edir və düşündürür. "Taliban” həqiqətən
kiminsə layihəsidir, ya müstəqil bir hərəkat kimi ortaya çıxıb? Bu suala
yaxınlarda aydınlıq gələcək.
Azər
