• çərşənbə axşamı, 16 aprel, 11:48
  • Baku Bakı 14°C

Ədliyyə naziri yanında İctimai Komitənin yekun hesabat toplantısı keçirilib

21.06.17 16:30 753
Ədliyyə naziri yanında İctimai Komitənin yekun hesabat toplantısı keçirilib
Bu gün ədliyyə naziri yanında İctimai Komitənin yekun hesabat toplantısı keçirilib.APA-nın xəbərinə görə, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov bildirib ki, İctimai Komitənin səlahiyyət müddəti başa çatıb.
İctimai Komitənin koordinatoru, millət vəkili Çingiz Qənizadə hesabat məruzəsi ilə çıxış edib. Koordinator deyib ki, ədliyyə naziri yanında İctimai Komitə tərəfindən müxtəlif cəzaçəkmə müəssisələrinə 340-dək başçəkmə keçirilib.
Onun sözlərinə görə, 2000 nəfərdən artıq məhkuma müxtəlif istiqamətlər üzrə müxtəlif hüquqi yardım göstərilib: "İctimai Komitə cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə institutunun tərkibində nazirlik tərəfindən yaradılmış komissiyanın üzvləri ilə birgə cəzaçəkmə müəssisələrinə 320-dən artıq səfər edərək məhkumlarla görüş keçirib”.
Ç. Qənizadə qeyd edib ki, həqiqi islah yoluna qədəm qoymuş 7000-dən çox məhkum şərti azad olunmağa və ya yüngül rejimli müəssisəyə keçirilməyə layiq bilinib, məhkəmələr tərəfindən baxılmış həmin işlərdən 97 faizi müsbət həll edilib və həmin şəxslər arasında residiv hallarının sayı xeyli azalıb.
Qeyd olunub ki, komitənin səlahiyyət müddəti iyunun 25-də başa çatır.Komitənin yeni tərkibinin formalaşdırılması barədə kütləvi informasiya vasitələrində elanlar verilərək QHT və hüquq müdafiəçiləri qurumun fəaliyyətində iştirak etməyə dəvət olunacaq.
banner

Oxşar Xəbərlər