• şənbə, 20 Aprel, 00:31
  • Baku Bakı 15°C

“Ədəbiyyat beynin içində yerləşən mülkiyyətdir”

18.11.15 12:08 1260
“Ədəbiyyat beynin içində yerləşən mülkiyyətdir”
“Əlahəzrət, şahzadə cənabları!
Xanımlar və cənablar,
Sevgili və möhtərəm dostlar.
Baxmayaraq ki, bir zamanlar yaylaqda otlayan inəklərə göz-qulaq olan uşaq idim, amma yolum Stokholmun hamının xəyalını qurduğu bu əzəmətli binasına düşdü! Burada yaylaqda olduğumdan fərqli olmayan bircə şey var – yenə özümə kənardan baxıram.
O vaxtlar anamın razılığı olmadan hazırlıq dərslərinə qoşulmuşdum, anam niyəsə kənddə dərzilik etməyimi istəyirdi. Bilirdi ki, onsuz da meylliyəm, oxumaq üçün şəhərə getsəm, ailədən tamamilə uzaqlaşıb, qopacağam. Elə də oldu...
Kitab oxumağa başladım. Kənd mənə insanın doğulduğu, evləndiyi və öldüyü, xüsusi məna ifadə etməyən bir yer kimi görünürdü artıq. Kənddə tanıdığım, ilk dəfə gördüyüm hamı hansısa köhnə zamandan çıxıb gəlmişdi, hamı dünyaya yaşlı kimi doğulmuşdu sanki. Əgər gənc qalmaq istəyirdimsə, tez-gec o kəndin aid olduğu şəhəri də tərk etməli olacağımı düşünürdüm. O kənddə hamı dövlətin ümumi idarəçilik qaydalarına o qədər qəti şəkildə uyğunlaşmışdı ki, bir-birlərini məhv etmək üçün hər şeyi nəzarətdə saxlamağa çalışır, xəstəlik dərəcəsində idarəçilik edirdilər. Amma şəhərin də insanlarında o eyni qorxaqlıq, eyni nəzarət xəstəliyi var idi. Əslində bu daxildə formalaşmış duyğu deyil, qorxaqlıq fərdləri hər an məhv edə biləcəyini göstərmiş sistemin əsəri idi. Diktatura rejimində gündəlik həyat tərzini ən qısa belə təsvir edə bilirəm.
Yaxşı ki, şəhərə gələndən sonra çoxlu dost tapdım. Bunlara aktyorlar truppasında həm yazan, həm oynayan həmyaşıdlarım da daxil idi. Qrupumuza elə bağlamışdım ki, onlar olmayanda nə oxumağa, nə yazmağa həvəsim olurdu. Ən önəmlisi onlar mənim üçün hədsiz vacib adamlar idilər. Onlar yanımda olmasa, özümə inamımı körükləməsələr, məni inandırmasa, bu qədər mənəvi təzyiqə tab gətirə bilməzdim yəqin ki. Bu gün ən çox onları düşünürəm, onların bu mükafatdakı rolunu, həyatıma hədiyə etdikləri şeyləri.
Bu yola başlayandan çox insanın yıxıldığını gördüm. Mən də uçurumun kənarında idim, amma yıxılmağa çox az qalmış Ruminyadan çıxa bildim. Çox şanslı idim, baxmayaraq ki, buna layiq deyildim. Həm də ki şans layiq olduğun üçün verilən hədiyə deyildi. Xoşbəxtlik bəlkə də paylaşıla bilər, amma şansı təəssüf ki, paylaşmaq olmur. Bu dəqiqə Stokholmdayam, özümə kənardan baxıram və yenə şanslı olduğumu düşünürəm. Çünki bu mükafat ictimai, mənəvi təzyiqlərə tab gətirə bilməyənlərin yaşadıqlarını unutmağa imkan vermədiyi kimi eyni zamanda Tanrıya çox şükür ki, bunu yaşamayanlara da yaşananları hər zaman yadda saxlamaq, bunlar yenidən yaşanmasın deyə mübarizə aparmaq lazım olduğunu xatırladır.
Bəzi diktatura rejimləri – İrandakı kimi – hələ də davam edir və içimizə qorxu salır. İnsan hüquqları hələ də hansısa nəzəriyyələrin altında qalır. Amma diktaturadan pis rejimlər var, yarı demokratiyalar.
Ədəbiyyat və yazarlar bu nəhəng həqiqətləri dəyişdirə bilməz. Ancaq geri dönüb baxanda ədəbiyyatın rolunu aydın görürük - ədəbiyyat mənəvi dəyərlər, insani göstəricilər yoldan çıxanda bizə içimizdə və ətrafımızda nələr baş verdiyini göstərən həqiqəti təsvir edə bilən dil ilə təmin edir.
Ədəbiyyat hamı ilə tək-tək danışır, onun işi, bizim vəzifəmiz budur. Ədəbiyyat beynin içində yerləşən mülkiyyətdir. Heç nə bizimlə kitab qədər güclü və təsirli dil ilə danışa bilməz. Və kitablar düşündüklərimiz və hiss etdiklərimizdən başqa bizdən heç nə gözləməz.
İsveç Akademiyasına təşəkkürlərimi bildirirəm.
Tərcümə etdi:Elcan SALMANQIZI
banner

Oxşar Xəbərlər