• cümə axşamı, 28 mart, 23:30
  • Baku Bakı 13°C

Ədəbi həyatın nəfəsi

22.11.18 09:30 1031
Ədəbi həyatın nəfəsi
Yaddaşımda ədədi iz salan, sözünü, tövsiyəsini heç unutmadığım, kitablarını tez-tez vərəqlədiyim, çətinə düşəndə ədəbi irsindən bəhrələndiyim, bu gün də yazdıqlarından dərs aldığım unudulmaz Qulu Xəlilov! Hər il onun doğum günü yaxınlaşdıqca, qeyri-ixtiyari, gözlərim kitablarını axtarır, min dəfə oxuduğum ədəbi-tənqidi məqalələrini, hekayə və povestlərini, xatirələrini yenidən nəzərdən keçirirəm. Filoloq alim Hamid Qasımzadənin bir fikri məni xeyli düşündürdü: "Qulu Xəlilov... ədəbi həyatla nəfəs alır, onun daha da yaxşılaşması, yüksəlişi, tərəqqisi uğrunda qələmini daim iti saxlayırdı”. O qədər səlis və doğru yanaşmadır ki... Həqiqətən də Qulu Xəlilov bütün yazılarında, hətta mühazirə və nitqlərində də mövqeyini dəyişməz saxladı. Onun bir amalı var idi: ədəbiyyatın bütün sahələrində əsərlər yaradan müəlliflər həmişə yeni söz, yeni fikir uğrunda inadla mübarizə aparmalıdırlar. Çünki ədəbi həyatın gözəlliyi, cazibədarlığı, nəfəsi məhz gerçəkliyin bədii təcəssümü və tərənnümündədir.
Qulu Xəlilov bizim nəslin çoxunun müəllimi olub. Onun auditoriyaya elə təsir gücü və qüdrəti var idi ki, indinin özündə inana bilmərəm ki, ondan dərs alanlar Qulu müəllimin mühazirələrini unutmuş olalar. Gur səsi ilə bizə dərin fikirlərini bəzən çox ciddi, bəzən kədər qarışıq bir sevinclə, hətta qəzəblə, bəzən də məzəmmət və zarafatla necə çatdırardı... Bu gün həm də belə müəllimlərimizi minnətdarlıqla ona görə xatırlayırıq ki, onlar bizə dərsliklərdə olmayan, gizlədilən mətləbləri heç nədən çəkinmədən, cəsarətlə söyləyirdilər. Əlbəttə, mən bu yazımda unudulmaz müəllimimin pedaqoji fəaliyyətindən danışmaq niyyətində deyiləm, ötən illərdə bu məsələdən yazmışam. Onun barəsində yazanda, haqqında nəsə fikirləşəndə, sanki baxışlarını hiss edirəm. Bir çəkincəklik yaşayıram, təkrarı sevməzdi. Mənə, hələ tələbəsi olduğum vaxtlarda bağışladığı kitabında yazdığı avtoqrafındakı bir cümləni olduğu kimi yazıram: "Gələcəyinə böyük ümid bəslədiyim Flora üçün... Sənin qabiliyyətli və səmimi jurnalist olacağına inanıram. Müəllimindən də yazacaqsan, bax, o zaman mən ədəbi mühitdən nə istəyirdim, onu qələmə alarsan...” Yadıma akademik Həsən Əliyev düşdü. Qulu Xəlilovun xətrini dağlar qədər istəyirdi. Tez-tez baş redaktoru olduğu "Azərbaycan təbiəti” jurnalında ətraf mühitin mühafizəsi ilə bağlı Qulu Xəlilovun maraqlı yazıları dərc olunardı. Onları birləşdirən cəhətlərdən ən əsası, məncə, hər ikisinin eyni amala xidmət etməsi idi. Həsən Əliyev təbiətimizin, Qulu Xəlilov da ədəbi mühitimizin pasibanı ıdi.
Filologiya elmləri doktoru, professor Qulu Xəlilov obyektiv tənqidçi, fədakar pedaqoq, istedadlı yazıçı, ən başlıcası, örnək ola biləcək gözəl keyfiyyətlərə malik əsil insan idi. 24 yaşından ömrünün sonuna kimi ən ağır xəstəliklə mücadilə etdi, dəfələrlə cərrahi əməliyyatlara məruz qaldı, sağlamlığını itirdi, amma dəyanətini saxlaya bildi, mənəvi zənginliyini qorudu. Hətta qələm tutan əli də işləmirdi, yazılarını sol əllə makinada yazırdı (sonralar ona övladları kömək edirdi -F.X.), amma əqidəsinə, amalına sadiq qaldı. Mərhəmətli, həssas, qayğıkeş, ədalətli, həm də bu tarazlıqda sərt adam idi. Yalanı, riyanı, xəyanəti, ikiüzlülüyü bağışlamazdı. İndi fikirləşirəm ki, nə qədər haqlı imiş. Qulu Xəlilov yazırdı: "Sənət, yaradıcılıq elə bir sahədir ki, daim axtarışı aparmasan, onun fövqünə qalxa bilməzsən. Sənətkar ürəyinin yağını, aktyor əsəblərinin qüvvəsini, rəssam gözünün nurunu, bəstəkar hisslərinin canını yaradıcılıq yolunda əridir. Başqa cür də ola bilməz! Kim yanmasa, yarada bilməyəcək”. Sənətdə səmimiyyəti böyük məziyyət kimi dəyərləndirən bu böyük alim, həm də dilimizin saflığının keşikçisi idi. Bütün müəlliflərdən bir tələbi var idi: "Əsərlərinizdə dil və üslubun səlistliyinə, aydınlığına, axıcılığına fikir verməlisiniz”. Mən onun dilçilərə ünvanlanmış açıq məktubunu dəfələrlə oxumuşam. Qətiyyətlə deyim ki, bizə "XX əsr Azərbaycan ədəbiyyatı”ndan mühazirələr oxumuş tənqidçi Qulu Xəlilov, rəsmi dilçi statusunda olanlardan daha çox dilçi idi. Onun bu istiqamətdəki fəaliyyəti Vətənə, dilə məhəbbətindən, həqiqətə bağlılığından və millət aşiqliyindən gəlirdi. Dilçinin özünün nitqindəki, yazısındakı qüsurları elə aydın və dürüstlüklə tənqid edirdi ki...
Görün Qulu Xəlilov hələ 1964-cü ildə hansı həyəcan təbilini çalırdı: "Bizim qrammatika kitablarında sırf formal məsələlərə daha çox fikir verilir, morfoloji və sintaktik təhlillə kifayətlənirlər. Daha doğrusu, dil ədəbi-bədii dil nöqteyi-nəzərindən təhlil olunmur. Halbuki, dilin obrazlılığı, şeiriyyəti, zənginliyi, sözlərin necə işlənməsi, məna xüsusiyyətləri ədəbi-bədii təhlildə özünü göstərir. Əgər dilçi yalnız qrammatik təhlillə kifayətlənib, onlara fikir vermirsə, bu, bağışlanmaz nöqsandır... Dilçilik elmi yalnız cümlə üzvlərini və ya şəkilçiləri, kateqoriyaları öyrənməkdən ibarət deyil və bu yolla heç bir zaman müasir dilin həqiqi mənzərəsini əks etdirmək, onun gözəlliklərini, incəliklərini öyrənmək olmaz. Dilin nəzəri problemlərini də hər bir dilin özünəməxsus xüsusiyyətləri əsasında öyrənmək lazımdır. Burada da qrammatik kateqoriyalarla yanaşı, canlı xalq dili, onun tarixi, hər bir yazıçının dil və öz üslubu, onların bir-biri ilə əlaqəsi, dilin öz daxili qanunauyğunluqları və s. diqqət mərkəzində durmalıdır”. Nə qədər qəribə və təəccüblü görünsə də, 54 il bundan əvvəl qələmə alınmış bu yazıda toxunulan bir sıra məsələlər bu gün də aktualdır. Qulu müəllim haqlı idi : "Dilin şəhdini, ətrini, ruhunu, şeiriyyətini, musiqisini, ahəngini, bütün gözəlliyini də hamıdan əvvəl dilçilər qorumalıdırlar”. Əlbəttə, bu siyahı indi bir qədər də genişlənib. Mətbuatın bu sahədə məsuliyyəti daha çoxdur.
Qulu Xəlilov Hüseyn Cavidi çox sevirdi. Ondan danışanda, o möhkəm iradəli insanın gözləri dolar, səsi titrəyərdi. Deyərdi ki, Cavidin yaradıcılığı o qədər geniş, rəngarəng, həm də mürəkkəbdir ki, axıra qədər öyrənmək, dərk etmək çətindir. Cavid çox dərindir, orijinaldır... Yadımdadır, bizi ilk dəfə 1974-cü ildə şairin sevimli qızı Turan Cavidlə məhz Qulu müəllim görüşdürdü... O zaman fakültəmizin bəzi dərsləri Hüseyn Cavidin indiki ev muzeyində keçirilirdi. Turan xanımın yuxa səsi hələ də qulağımda səslənir: "Bura bizim evimiz idi. Babamı buradan apardılar...”
Qulu Xəlilov diqqətli və həssas tənqidçi idi. Ədəbi mühitdə heç bir məsələyə laqeyd qalmazdı. Məşhur sənətkardan da yazardı, gənc qələm sahibindən də...Təqdir və düz istiqamət göstərmək əsas qayəsi olsa da, qüsur və nöqsanları dürüst nişan verməkdə, qətiyyətində bənzəri yox idi. İndinin özündə çoxumuz bu nisgili yaşayırıq ki, hardasan Qulu Xəlilov. O, zəif əsərləri elə ustalıqla, kəskinliklə tənqid edərdi ki, kiminsə, haqlı iradın qarşısında etiraza hünəri çatmazdı. Qulu Xəlilov həqiqətin carçısı və ədəbiyyatımızın əsil keşikçisi idi. Bugünkü ədəbi mühitdə yeri boş görünən unudulmaz insan!
Müəllifin 1976-cı ildə qələmə aldığı "Azərbaycan sovet ədəbiyyatı tədrisinin bəzi məsələləri” adlı məqaləsində bir sıra məqamlara toxunmaq istəyirəm. Güman edirəm ki, bu, oxucular üçün də maraqlı olar. Heç bir şərh vermədən həmin yazıdan bəzi cümlələri sizin diqqətinizə çatdırıram: " N.Vəzirov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə kimi görkəmli yazıçılarımızın yaradıcılığını heç bir elmi prinsipə əsaslanmadan, bütünlüklə sovet dövrünə bağlamağa ehtiyac yoxdur”; "Sual olunur geniş və zəngin yaradıcılığa malik olan və zaman etibarilə min ildən artıq bir dövrün müxtəlif və rəngarəng hadisələrindən bəhs edən bir sənətkarı, ədəbi icmallarda necə təhlil etmək olar?! Cavid yaradıcılığı elə orijinal, dərin, geniş və əhatəlidir ki, onu xüsusi saatlar, xüsusi kurs olmadan ağıllı-başlı öyrənmək mümkün deyil. Qəribədir ki, orta məktəbin onuncu sinfi üçün yazılmış ədəbiyyat dərsliyində H.Cavid, C.Cabbarlı və S.Rüstəmdən sonra öyrədilir”. Qulu müəllim klassikləri təhrif edənlərə, süni yenilikçilərə və yalançı ədəbiyyatçılara qarşı amansız idi. Riyakarlara sözünü deməyi bacarırdı. Qulu Xəlilov həqiqət meyarı idi və bu səbəbdən də saxta vətəndaşlıqdan çox uzaqda dayanırdı. Ədəbiyyatda şər və böhtanla məşğul olanlara qarşı mübarizə aparmaqdan da çəkinməzdi. Məlumdur ki, H.Cavidin "Mənim tanrım” adlı məşhur şerinə nəzirə yazanlardan biri də Cəfər Cabbarlı olub. Caviddə belədir:
Hər qulun cahanda bir pənahı var,
Hər əhli-halın bir qibləgahı var.
Hər kəsin bir eşqi, bir Allahı var,
Mənim tanrım gözəllikdir, sevgidir.
C. Cabbralı da belə yazılıb:
Mən bir zaman öz-özümdən uzaqdım,
Dün bir işıq buldum ruhuma taxdım.
Bütün əski tanrıları buraxdım,
Şimdi artıq bir tanrım var - gözəllik.
Qulu Xəlilov yazırdı: "Lakin nədəndirsə, bəzi yoldaşlar... "Azərbaycan sovet ədəbiyyatı tarixi” kitabında hər iki sənətkarın eyni adlı şeirlərini misal gətirib Cavidi estetizmdə, mücərrəd gözəllik əsiri olmaqda ittiham edir, C.Cabbarlını isə "yeni inqilabı gözəlliyə qovuşmağın” nəğməkarı kimi qiymətləndirir və yazırlar: "H.Caviddə gözəllik mücərrəd olmaqdan başqa, subyektiv xarakter daşıdığı halda, C.Cabbarlıda gözəllik ictimai ideal kimi dərk olunmuşdur”. Halbuki, ikisinin də arzu və amalı eynidir.
Qulu Xəlilov sovet dövrünün diktələrinin tüğyan etdiyi, canlardan repressiya xofunun tamamilə çəkilmədiyi, elə öz canında ağır xəstəliyin fəsadlarını daşıdığı bir zamanda yaşayıb yaratmışdır. "Lenin zəkasının işığı ilə”, "Sovet ədəbiyyatı” və digər mövzularda da öz fikirlərini qələmə almışdır. Qulu Xəlilovu da sevdirən məhz onun ömür devizi olan sözü və əməlləri idi: "Düşmən məni ayıqlığa və cəsarətə yönəltdi”. "Biz Lenindən çox şey öyrəndik”. Əslində, Lenin öz millətinin oğlu idi. Xalqlar üzərində imperiyanı qurdu və 70 il də yaşatdı. "Leninin ideyaları özümüzü özümüzə tanıtdı”. Lenin kimi öz torpağını, millətini sevmək-bu ləyaqətin dərkidir. Əlbəttə, biz istismarçı deyilik, amma millət, vətən, torpaq uğrunda mübarizədə başqalarının da təcrübəsindən bəhrələnmək, öyrənmək, qalibiyyətə aparan yolun mahiyyətinə varmaq özü də məharət və ustalıqdır.
Qulu Xəlilov sükunətin, ətalətin, liberallığın qənimi idi, bir kəlamı çox sevirdi: "Söz insan gücünün sərkərdəsidir”. Atalar da elə belə deyib: "Sözün kəsdiyini qılınc bacarmaz”. Biz də belə bir söz sahibini ad günündə yad etməyi özümüzə borc bildik. Allah sənə qəni-qəni rəhmət eləsin, Qulu Xəlilov - mənim unudulmaz müəllimim!
Flora XƏLİLZADƏ,
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər