• cümə axşamı, 18 aprel, 12:59
  • Baku Bakı 22°C

Ədəbi əlaqələr dostluq körpüsü kimi

14.06.20 11:30 1583
Ədəbi əlaqələr dostluq körpüsü kimi
Azərbaycan və Türkiyə arasında ədəbi əlaqələrin ortaq kökləri var. İki ölkənin dil və mədəniyyətlərində mövcud olan oxşar xüsusiyyətlər ədəbi-bədii fikirlərin də yaxınlığında rol oynayıb. Xüsusən son vaxtlar bu əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində qarşılıqlı görüşlər, beynəlxalq elmi-nəzəri konfranslar keçirilir, əsərlər, dissertasiyalar, monoqrafiyalar, analitik məqalələr və s. dərc olunur. Amma ziyalılar hesab edir ki, ədəbi əlaqələrimizin inkişafı üçün daha sistemli işlərin görülməsinə ehtiyac var.

Ədəbi münasibətlərimizdə canlanma
"Azərbaycan deyiləndə dərhal ağlımıza şeir, ədəbiyyat, mədəniyyət və sənət gəlir. Bura tarix qoxuyan ölkə, muzeyləri, teatr və operası, aşıq deyişmələri, musiqisindəki ahəng və ruha toxunan yönləri ilə önə çıxır”- deyən Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altın Alan qeyd edir ki, Azərbaycanda hər kəs sənətin və ya ədəbiyyatın bir sahəsi ilə maraqlanır: "Ya bir musiqi aləti çalır, ya balet və ya teatrda çalışır, ya da şeir, roman, hekayə yazır. Bütün bu özəlliklərə sahib Azərbaycan ədəbiyyatının çox sağlam kökləri vardır. Bu baxımdan Azərbaycan və Türkiyə ədəbi əlaqələri çox güclüdür. Çünki bu iki ölkədəki ədəbiyyatlar eyni qaynaqlardan bəslənib. Orxon kitabələri, "Qudatqu-bilik”, "Divani Lüğəti-Türk”, "Dədə-Qorqud hekayələri”, "Koroğlu” dastanları bu ədəbiyyatın təməlini təşkil etdiyi kimi, Füzuli kimi bir düha da hər iki ölkədə meydana gələn ədəbiyyatın ən böyük təmsilçisidir”.
Müşavir bildirir ki, xalq ədəbiyyatının nümunələri olan aşıqların çalıb söylədikləri həm Anadoluda, həm də Azərbaycanda əsrlərdən bəri xalqın yaddaşında bu günə qədər daşınıb. Belə ki, Yunis Əmrə, Karacaoğlan, Aşıq Ələsgər, Tufarqanlı Abbas və b. söz ustadları hər iki coğrafiyada xalqın sevimlisi olub: "20-ci əsrin əvvəlində «Hophopnamə»ni yazan Sabir Azərbaycanda tanınıb sevildiyi qədər Türkiyədə də, İranda da tanınıb və sevilib. Bundan bir az əvvəl Namik Kamal, Tevfik Fikret və Şəmsəddin Sami Azərbaycanda da geniş oxucu kütləsi qazanıb. Hüseyn Cavidin yeri bambaşqadır”. H.Altın Alan bildirir ki, iki ölkənin sovet dövrü ədəbi əlaqələrində durğunluq olub. Həmin dövrdə yalnız Moskvanın icazə verdiyi ölçüdə ədəbi əlaqələr qurula bilib: "Buna rəğmən Nazim Hikmət, Əziz Nesin, Rəşad Nuri bu dövrdə türkiyəli yazar və şairlər olaraq Azərbaycanda oxucularla əlaqə qura biliblər. Bəxtiyar Vahabzadə, Nəbi Xəzri də hələ sovet dövründə Türkiyədə tanınıb, oxunub. «Heydər babaya salam!»ı yazan təbrizli Məhəmməd Hüseyn Şəhriyar türkcənin danışılıb yazıldığı bütün coğrafiyalarda, o cümlədən Azərbaycan və Türkiyədə də milyonların qəlbinə sahib olmağı bacarıb”.
Müşavir qeyd edir ki, Azərbaycan müstəqillik qazandıqdan sonra siyasi, iqtisadi və mədəni əlaqələrimiz kimi ədəbi münasibətlərimizdə də böyük canlanma yaranıb. Ən əsası, şair və yazıçılar iki qardaş ölkə arasında rahatca gedib-gəlməyə başlamış, bir-biri ilə əlaqələr qurmuş və fikir mübadiləsi etmişlər: "Kitab, qəzet, dərgi yayımı sərbəst olub. İki ölkə ziyalıları bir-birlərinin əsərlərini asanlıqla əldə edə biliblər. Şeir, hekayə antologiyalar, cild-cild ensiklopedik nəşrlər yayımlanıb. İnternet və televiziya yayımlarının sərhədləri ləğv etməsi münasibətlərə fərqli bir təkan verib. Qeyri-hökumət təşkilatları və yaradıcı insanlar ədəbi əlaqələri gündən-günə genişləndirirlər. Ancaq bu sahədə dövlətlərimizin də daha sistemli və məqsədyönlü inkişafı üçün həyata keçirə biləcəyi işlər var. Bu istiqamətdə hansı işlərin görülə biləcəyini müəyyənləşdirməliyik”.

Özünəməxsus ənənə, inam dolu gələcəyə malik

Beynəlxalq ALAŞ Ədəbi Mükafatı laureatı Əkbər Qoşalının fikrincə, Azərbaycan-Türkiyə ədəbi əlaqələri özünəməxsus ənənəyə, romantik "ən yeni tarix”ə, sabitləşməkdə olan "bu gün”ə və arzu, inam dolu gələcəyə malikdir: "Yaradıcı insanlarda da, oxucularda da sanki belə bir təsəvvür var ki, ən asan, ən tez qurulan əlaqələr Azərbaycanla Türkiyə arasında olan əlaqələrdir. Ancaq mən deyər­dim, Azərbaycan-Türkiyə əlaqələri ən doğma, ən əziz əlaqələr olsa da, amma doğmalığı, əzizliyi sanıldığı qədər sadə deyildir. Ən azı ona görə ki, türkcələrimiz arasında bir sıra qrammatik fərqlər vardır və sanki tamamilə eyni dil olsa da, indiyəqədərki uyğun­laş­dırmalarda, tələffüz aldanışlarından irəli gəlmiş xeyli qüsurların olduğunu gö­rürük. İllər boyu, ədəbi əlaqələrin də digər əməli çalışma sahələri kimi, az qala "sıfır sə­viyyəsi”nədək endirildiyi bəllidir. İkincisi, ədəbiyyatımız, ona bağlı təsərrüfatımız başqa-başqa istiqa­mətlərdə cərəyan edib, ideallarımız, ən azı, ideologiyamız fərqli, hətta bir-birinə qarşı olub. Müstəqillik ərəfəsində, müstəqilliyin ilk illərində əlaqələrimizi romantika seli sarmışdı və bu inersiya ilə yaxın vaxtlaradək davam etdi, deyə bilərik. Nəhayət, romantika ilə yanaşı və getdikcə daha da dərinləşən öyrənmək, təhlil etmək keyfiyyətləri də qazanmış olduq. Açığı, sovet dövründə, obyektiv və subyektiv səbəblərdən, biz Türkiyə Cümhuriyyəti adı­na ədəbiyyatı kəm bilmişik – ya sosrealizmə uyğun gələn ədəbi örnəklər tirajlanıb ya da (necə deyərlər) "gərginlik yaratmayan örnək”lər…”
Ə.Qoşalının sözlərinə görə, qardaş Türkiyədə isə bizim "sosrealizm”dən mümkün qədər arınmış və arındırılmış ör­nəklər tirajlanıb - daha çox milli cizgidə, etnoqrafik planda, ozan-epos havasında olan əsərlər öyrənilib, öyrədilib: "Bu da təbiidir, ancaq yetərli deyil.
Əlbəttə, akademik çevrələr hər iki qardaş ölkədə müəyyən bilgilərə, materiallara malik olub, bununla belə, ümumoxucu miqyasında yetməzlik, çatışmazlıqlar danılmazdır: "Misal olaraq, Türkiyə Tolstoya, Dostoyevskiyə, Puşkinə bir qədər gec vaqif oldusa, biz məlum ger­çəkliklər səbəbi ilə, rus klassiklərini, sosialist ölkələrinin ünlü yazarlarını zamanında, ətraflı (bəlkə qədərindən artıq) öy­rənə bilmişdik; buna qarşılıq, Türkiyənin Qərb ədə­biyyatını, ümumən dünya ədəbiyyatını senzuradan keçirməyə əlahiddə ehtiyac görmədən, mənimsəmə imkanları bizdən öncələrdən olub. Bunları niyə deyirəm? Sıx əlaqələr yaranan kimi bizlər yalnız öz yazarlarımızın əsərlərini mübadilə etmədik – eyni zamanda, türkcələrimizə qazandırılmış əsərləri də mübadilə etmiş olduq. Məsələn, 2000-ci ildə Türkiyənin ünlü solçu şairlərindən biri məndən Səməd Vurğunun çevirməsində Puşkinin "Yevgeni Onegin”ini istədi və mən onu göndərdim. Eləcə də, biz bir çox çağdaş dünya yazarını qardaş ölkə, qardaş türkcə üzərindən əldə etdik. Bunlar öz yerində, bir də, Türkiyədə kəskin solçu, sağçı ədəbi ayrımı vardı (bu günlərdə bir qədər səngimiş olsa belə), müəyyən "ayrımçı infrastruktur”a malik həmin o məktəbləşmiş "sağ” və "sol”, ədəbi əlaqələrdə müəyyən suallar, problemlər də yaradırdı. Məsələn, solçu ədəbiyyatçılarla yaxın olan yazarlarımız sağçılar tərəfindən bir o qədər də isti məhəbbət görmürdü və ya əksinə…
Bir də, bizim üçün əlimiz çatıb, ünümüz yetən – "gəzən türk dili” Nazim Hikmət fenomeni var(dı) və ədəbi əlaqələrin dünəni, yaxın keçmişi, qismən, bu günə də öz damğasını vurur. Sizi inandırım, Nazim Hikmət, (bütün öncəki öyrənimlər, sevgilər öz yerində) önəmli dərəcədə azərbaycanlı yazarların xatirələri, Azərbaycan nazimşünaslığı, Azər­baycan nazimsevərliyi mü­qabi­lində öz vətənində yeni baxış, sevgi qazandı…” Ə.Qoşalının fikrincə, Türkiyədə tanınmaq baxımından Bəxtiyar Vahabzadə ən bəxtli şairdir: "Onun haqqında əfsanələr dolaşdığına şahidəm. Təsəvvür edin, "Sovet Azərbaycanı” yazarları bir yana, o boyda Hüseyn Cavid Türkiyədə Bəxtiyar Vahabzadə qədər tanınmır, sevilmirdi… O Hü­seyn Cavid ki Türkiyə türkcəsinə uyğunlaşdırmağa ehtiyac yoxdur belə… Yaxud Əhməd Cavad, Almas Yıldırım… - onlar da yalnız milli azadlıq mübarizəsi illərində, müstəqilliyin ilk illərində sözün yaxşı mənasında dilə-dişə düşdü… (Tanrı haqq dünyasında olan yazarlarımızın hamısına rəhmət eləsin!) Bax, ədəbi əlaqələr belə məsələlərə də ayna tutmaqdadır”.
Ədəbi cərəyan, üslub və milli, qeyri-milli ədəbiyyat söhbətinə toxunan Ə.Qoşalı bu istiqamətdə konkret adlardan söhbət açır: "Hələlik yeganə türk ədəbi nobelçisi Orxan Pamuk, habelə Əlif Şafak və b. "zədəli ideya”ya sahib tanınmış yazarlar bir yandan, İskəndər Pala, Nurullah Gənc, Turqut Özakman… kimi sağçı yazarlar digər yandan – iki fərqli axıma diqqət yetirdikdə, elə bil, onların tanıtdığı Türkiyələr eyni Türkiyə deyil. Sanki onlar eyni türkcənin, eyni ruhun daşıyıcısı deyil… Bu da, bizim onlara münasibətdə ya "niyəsiz-necəsiz qucaqlamaq”mı, yoxsa, kimlərə, nələrə üstünlük verib, birincilik tanıyacağımız məsələsini qarşımıza çıxarır. Doğrudur, adıçəkilən ədiblərin müəyyən əsərləri artıq uyğun­laşdırılıb, onlar haqqında müəyyən təsəvvür var, lakin məncə, yetərli elmi-tənqidi mü­nasibət hələ yoxdur. Əlbəttə, Sovet dönəmində əzmkar fəaliyyət göstərmiş prof.dr. Abbas Zamanov, Xəlil Rza Ulutürk kimi ay­dınlarımızı rəhmət və şükranlıqla anırıq, ruhları şad olsun!
Akademiyanın Ədəbiyyat İnstitutu, "Vektor”, "Kaspi”, "Hədəf nəşrlər”i seri­ya­sından, vaxtı ilə mənim başçılıq etdiyim Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən, digər ayrı-ayrı nüfuzlu aydınlarımız – Xalq yazıçısı Anar, Xalq şairi Sabir Rüstəmxanlı, akademik Nizami Cəfərov, professor Ramiz Əskər, görkəmli şairlərimiz – Məmməd İs­mayıl, rəh­mətlik Məmməd Aslan və başqa ədiblərimiz və qurumlarımız tərəfindən görülmüş işlər vardır, heç birini unutmuruq, amma daha çox, daha miqyaslı və ardıcıl nəşrlərlə çıxış etməyə ehtiyacımız olduğunu da deməliyik”. Ə.Qoşalı ayrı-ayrı qurum və təşkilatların, o cümlədən TÜRKSOY-un ədəbi əlaqələrin inkişafı istiqamətində bir sıra məsələlərə diqqət göstərməsini, xeyli yeni nəşrlərin meydana çıxmasını sevinclə qeyd edir: "Qardaş ölkə tərəfdən "Bengü” yayınlarını özəlliklə qeyd etməliyik. Bəs gələcəyə yönəlik nələri deməliyik? Məncə, akademik nəşrlərə, özəlliklə antologiyalara ehtiyac var. İkinci bir istiqamət daha öncəki illərdə uyğunlaşdırılmış əsərlərdən ən önəmlilərinə yeni bilgi və imkanlarla bir daha qayıtmaq lazımdır. Eləcə də, hələ bir-birimizin türkcəsinə qazandırılmamış, amma qa­zandırılmalı olan əsərlərin siyahısını tərtib edib, ardıcıl və urvatlı şəkildə bu işlərlə məşğul ol­maq gərəkdir”.

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər