• cümə, 29 Mart, 17:40
  • Baku Bakı 14°C

Ədəbi aləmdəki bulanıq suyu durultmaqla məşğul olan sayt

18.02.19 12:00 1117
Ədəbi aləmdəki bulanıq  suyu durultmaqla məşğul olan sayt
17 fevralda "Artkaspi.az” ədəbiyyat və mədəniyyət saytının yaranmasından iki il ötür. 2 yaşlı saytın fəaliyyəti barədə elm, sənət və ədəbiyyat adamlarının fikirlərini təqdim edirik:
MUXTAR İMANOV, AMEA Folklor İnstitutunun direktoru, akademik: "Mən "Artkaspi.az” saytını daimi izləyirəm. Əən çox bəyəndiyim məqam isə saytın, Azərbaycan ədəbiyyatının, mədəniyyətini ayrı-ayrı faktlarını doğru-düzgün əks etdirməsidir. Deyək ki, hər hansı ədəbi faktın bizim ədəbiyyatımızdakı, mədəniyyətimizdəki yerini düzgün müəyyənləşdirmək və onu öz oxucusuna düzgün istiqamətdə çatdırmaq məhz elə bu doğru-düzgünlükdür. Mənə elə gəlir ki, bu, həm "Kaspi” qəzetinin, həm də onun nəzdində olan "Artkaspi.az” saytının gördüyü ən əhəmiyyətli işlərdən biridir. Həm "Kaspi” qəzetinin şənbə günü buraxılışı, yəni "Ədəbiyyat əlavəsi” ilə bağlı, həm də "Artkaspi.az,” saytı ilə bağlı çox yüksək fikirlər söyləmək olar. Mənim çox sevdiyim və daimi izlədiyim layihələrdən biri də "Sevdiyim əsər” layihəsidir. Orda Fərid Hüseyn ayrı-ayrı ədəbiyyat adamlarını müxtəlif əsərlər barədə suallarını ünvanlayır. Və həmin suallar ətrafında cavablar alır və mən o yazıları çox böyük maraqla oxuyuram. İdeyanı irəli sürmək özü işin bir tərəfidir. Onu ayrı-ayrı adamlara dolğun suallarla ünvanlamaq məsələnin digər – daha çətin, daha mürəkkəb bir tərəfidir və onlar bunun öhdəsindən bacarıqla gəlirlər”.

İNTİQAM QASIMZADƏ, "Azərbaycan” jurnalının baş redaktoru: "O sayt ki, səhifəsində ədəbiyyatı, mədəniyyəti təmsil edir, onlara geniş yer verir, onu alqışlamaq lazımdır. Və bu, hesab edirəm ki, köhnə ənənəvi mətbuat orqanlarında çalışanları sevindirməlidir yalnız. Buna qətiyyən qısqanclıqla yanaşmaq lazım deyil... Çünki bu da təbliğatın, təşviqatın, maarifçiliyin yeni – elektron formasıdır. Məqsəd birdir – insanları maarifləndirmək, ədəbiyyatı daha geniş kütlə içində yaymaq. Məsələn, kitablar əvvəllər ancaq kağızda çap olunurdu, fəqət, dövr, zaman keçdikcə hər şey dəyişir. Və zamanın bugünkü tələblərindən biri də elektronlaşmadır. Statistika göstərir ki, elektron kitablar ümumilikdə kitabların cəmi 20 faizini təşkil edir. Bu o deməkdir ki, yenə də kitab oxunur. Bir vaxtlar kino sahəsinə da belə yanaşanlar vardı. Onlar düşünürdülər ki, kino çıxdısa, vəssalam, daha teatr sənəti öləcək və teatrlara gedən olmayacaq. Amma yüz il keçir, hələ də kino kino yerini, teatr da teatr yerini saxlamaqdadır. Ədəbiyyatı təbliğ edən iki yaşlı sayta arzum budur ki, hər zaman indi gördüyünüz işləri davam etdirəsiniz, yəni sağlam ədəbiyyatı, sağlam mədəniyyəti, sağlam incəsənəti təbliğ edəsiniz. Mən sizə bu işdə müvəffəqiyyət, saytınıza uzun ömür arzu edirəm... Uğur olsun sizə...”
ELNARƏ AKİMOVA, filologiya elmləri doktoru, ədəbi tənqidçi: "İki yaş geriyə boylanmaq üçün qısa zaman kəsimi olsa da, hər halda, bəhs etmək üçün özündə müəyyən cizgiləri ehtiva edir. "Artkaspi.az”saytının bu iki ildə özəlliyi – həyəcana köklənməməsi, özünü belə bir mənasız savaşdan, kimisə ötmək, kimisə geridə buraxmaq missiyasından kənar tutmasıdır. Bu, bəlkə də, bizim hazırkı ədəbi mühitin sürət xəttinə adekvat davranışdır. Ciddi əsər olmayan yerdə, yalançı hay-küyə ehtiyac duymur, təqdim etdiyi mətnin öz oxucusunu tapacağına inanır, çalışır ki, dünya ədəbiyyatının "təcrübələr məxəzindən” yararlansın, həm də kompleks şəkildə –ədəbiyyat, incəsənət, kino, teatr, rəssamlıq, memarlıq sahələrini dünənin və bu günün baxış kontekstində təsvirə çəkməklə.Bu saytda ədəbi prosesin müəyyən çalarları daha çox sualtı axının dili ilə danışmağı tərcih edir. Müxtəlif ədəbi layihələr – sevimli əsərini danışdırmaq, yaradıcı adamlarla dialoq-müsahibə, teatr xadimlərinin sənət görüşləri, kitabxanadan reportajlar, klassika haqda ustad çıxışları və s. layihələr saytın simasını xarakterizə edən əsas nümunələr kimi maraq doğurur. Yəni yalnız tərcümələrə güc verməklə deyil, alternativ yollar axtarmaqla balansı qoruyur.
Təklifim nə ola bilər? İstərdim ki, saytın etalon nümunələrə həssaslığı bir qədər də artsın, daha çox oxunmağa layiq mətnləri təqdim etsin oxucuya. Bir də, müzakirələrə, fikir mübadilələrinə daha çox rəvac versin. "Artkaspi.az” kollektivini, saytın bütün yaradıcı heyətini təbrik edir, qürurlu bir gələcək diləyirəm!”
MƏTİ OSMANOĞLU, filologiya elmləri üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas: "Düzü, "Artkaspi.az” saytının iki yaşını qeyd etmək ərəfəsində olduğunu eşidəndə təəccübləndim: mənim təsəvvürümdə bu sayt elektron mediamızın "ağsaqqallarındandır”.
Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin” haqqında yazmışdı ki, jurnalı zaman özü yaratdı. Mənə elə gəlir ki, "Artkaspi.az” da zamanın sifarişi ilə dünyaya gəlib. Sayt fəaliyyətə başladığı andan Azərbaycan mediasında öz yerini təsdiq edə bilib və səmərəli işi ilə seçilir....
"Artkaspi.az” saytı mənim üçün zamanın çağırışlarına cavab verən ciddi mədəniyyət tribunası olduğuna görə dəyərlidir. Son zamanlarda istər elektron mediada, istərsə də çap mediasında müsbət təmayüllərlə bərabər, bəzən mənəvi terror səviyyəsinə çatan dağıdıcılıq meyllərinin də şahidi olmuşuq. Ən böyük itki isə oxucunun oxumaqdan uzaqlaşması olub: indi nəşr olunan kitabların, ədəbi nəşrlərin tirajı bu fikri çox aydın təsdiqləyir. Ona görə də, oxucu-media məsələlərinə dövlətçilik təfəkkürü mövqeyindən yanaşılmalıdır. Bu baxımdan, "Artkaspi.az”-ın üstün cəhəti onun quruculuq missiyası ilə fəaliyyət göstərməsidir.
Saytın video layihəsinin perspektivinə inanıram. Bu layihədə müxtəlif estetik mövqeləri təmsil edən sənət adamlarının dialoqları tamaşaçı üçün daha cəlbedici ola bilər.
"Artkaspi.az”-ın əhəmiyyəti, sadəcə, mədəni həyatda baş verən prosesləri əks etdirməklə məhdudlaşmır, bu sayt, eləcə də üç əsri təmsil edən "Kaspi” qəzetinin "Ədəbiyyat əlavəsi” həm də zəmanəmizin, içində yaşadığımız mürəkkəb dövrün mədəniyyətini yaradır. Belə bir məsuliyyətli işdə "Artkaspi.az” saytının özü kimi gənc olan yaradıcı kollektivinə böyük uğurlar arzulayıram”.
ƏLABBAS, yazıçı: "Artkaspi” saytı mənim üçün nüfuzunu, abır-həyasını qoruyan beş-üç saytımızdan biridir. Ona görə də, "Artkaspi.az”a böyük hörmətim var. Yarandığı vaxtdan indiyədək aramızda xoş münasibət, isti əməkdaşlıq əlaqələri qurulub. O əlaqələr bu gün də davam edir. Doğrusu, yazılarımı hara, hansı sayta göndərmək məqamı çatanda ilk olaraq yadıma düşən "Artkaspi.az” olur. Məni diqqətdə saxladıqları, yaddan çıxarmadıqları üçün saytın əməkdaşlarına necə minnətdar olmaya bilərəm?! Hər hansı fikir və rəyimi, müsahibə və münasibətimi saytın səhifələrində görmək olduqca xoşdur. Son kitabımdan dörd hekayənin müzakirəsi də məhz bu saytda baş tutub. Çağdaş tənqidimizin ünlü simalarından olan Rüstəm Kamalın, Nərgiz Cabbarlının, Elnarə Akimovanın, Ülvi Babasoyun təqdimatında o hekayələr barədə professional təhlil çox ürəyimcə olub. Qısası, "Artkaspi.az” bu gün ədəbi aləmdəki bulanıq suları durultmaqla məşğuldur. Bu yöndə çalışan dostlara uğurlar, iş avandlığı arzulayıram!”
QULU AĞSƏS, "Ulduz” jurnalının baş redaktoru: "...90-cı illərin əvvəlləri ədəbiyyata qarşı elan olunmamış müharibə başlamışdı: ədəbi orqanların maliyyəsi kəsilmiş, siyasi mətbuatın sayı-hesabı itmişdi; gözəgörünməz əl "şair xalqı" "siyasətçi xalqa" çevirmişdi. Hərdənbir hansısa qəzet ədəbi mətnlərə humanitar sığınacaq əvəzi səhifə bağışlayanda, toplumun gülüşünə səbəb olurdu. Xalqa istiqlal qazandıran ədəbiyyat küncə qısılıb öz vaxtını gözləyirdi. O vaxt gəldi – ənənəvi ədəbi nəşrlər yenidən müntəzəm işıq üzü görməyə başladı, gündəlik qəzetlər ədəbiyyat səhifə və əlavələrini artırdılar, hətta "525-ci qəzet"in şənbə sayı, az qala, tam ədəbiyyat qəzeti kimi çap olunmağa başladı. Tezliklə bu sıraya "Kaspi" də qoşuldu, iki il bundan qabaq isə qəzetin nəzdində "Artkaspi.az” saytı yarandı. Sayt ədəbiyyatın müxtəlif cərəyan nümayəndələrinə yer ayırmaqla yanaşı, mədəniyyət və incəsənətin başqa qollarına da qucaq açdı. Həm də çox təmkinlə və özünəməxsus tərzdə! Saytla "Ulduz" jurnalının birgə layihəsi də gerçəkləşib”.
ƏSƏD CAHANGİR, ədəbi tənqidçi: "Artkaspi.az” saytının iki yaşı tamam olmasını eşidib, təəccübləndim. Məni, bu iki ilin bu qədər tez keçməsi təəccübləndirdi. Sanki sayt hələ dünən yaranmışdı. Və mən bu iki ildə, arada qısa fasilələri çıxmaq şərti ilə bu saytın daimi müəllifi olmuşam. Saytda mənə oxucu rəğbəti, məhəbbəti, hörməti qazandıran yazılarım, müsahibələrim və s. çap olunub. Müasir ədəbi proseslə, klassik ədəbiyyatla, tutalım ki, Dostoyevski ilə bağlı müsahibələrim var. Bu gün saytda Azərbaycanın ədəbi-mədəni mühitində ən çox seçilən, sayılan imzalara sıx-sıx rast gəlmək mümkündür. Kino, teatr, ədəbiyyat sahələrində və həyatın digər sahələri üzrə müxtəlif, maraqlı yazılar mütəmadi olaraq yenilənir. Sayt müasir ədəbi-mədəni mənzərəni bütün mürəkkəbliyi ilə verməyə çalışır və buna əsasən nail olur. Obyektiv saytdır, işə müəyyən mövqeləri təbliğ etmək prizmasından yanaşmır. Bu da jurnalistikanın əsas tələblərindən biri olan mövqesizliyin mövqeyini göstərməkdir. Jurnalistika müəyyən bir mövqe göstərəndə, orda bir tendensiya olur və obyektivlik hissi itir. Bizim əksər saytlarımızın ən böyük bəlalarından biri bu idi ki, onlar hansısa bir konkret cəbhənin mövqeyini əks etdirirdi. Bu da nəticədə onların mənəvi iflasına səbəb oldu. Amma "Artkaspi.az” saytı bundan uzaqdır və bu özəlliyi ilə çox seçilir. Yaxşı mənada seçilir. Mən arzu edirəm ki, sayt özünün bu nüfuzunu, mövqeyini gələcək fəaliyyətində də qoruyub saxlaya bilsin. Saytın bütün kollektivinə can sağlığı, yaradıcılıq uğurları arzu edirəm. Bu gün demək olar ki, "Artkaspi.az” saytı internet aləmində ədəbiyyatla bilavasitə bağlı olan yeganə saytdır. O, bu yeganəlik mövqeyini, kiminsə bostanına daş atmaq, qalmaqal yaratmaq, yeni görünmək üçün klassiklərə hücum çəkmək və bu kimi başqa bayağı metodlara əl atmadan qazandı. Zərrə-zərrə, gilə-gilə, addım-addım qazandı uğurlarını. Belə qazanılan uğurlar daha davamlı olur”.
MÜBARİZ ÖRƏN, yazıçı: "Adamın inanmağı gəlmir ki, "Artkaspi.az”-ın yaranmasından cəmi ikicə il keçir. Bu iki il ərzində sayt o qədər böyük, ciddi işlər görüb, sanballı, konseptual materiallar, mətnlər dərc edib, layihələr həyata keçirib ki, özündən deyən qosqoca ədəbiyyat saytlarını tozunda, kölgəsində qoyub. Saytın tərtibatından tutmuş material seçiminə qədər bütün işlər elə diqqətlə, peşəkarlıqla təşkil edilib ki, tarixi, ənənəsi olan "Kaspi"nin indiki sanbalına, mötəbərliyinə ancaq güc qatır. Saytımızın 2 yaşını ürəkdən təbrik edirəm, 200 il yaşasın!”
RAMİLƏ QURBANLI, publisist: "Yaşından çox böyük işlər görmüş 2 yaşlı dostumuzu – "Artkaspi.az” saytını dünyaya gəlişi münasibəti ilə təbrik edirəm. Arzu edirəm ki, müqəddəs missiyasını qarşıdakı uzun illərdə də uğurla davam etdirsin. Elə indiki kimi mədəniyyətimizin, ədəbiyyatımızın şəffaf güzgüsü olsun”.
MİRMEHDİ AĞAOĞLU, yazıçı: "Artkaspi.az” özünün prinsipləri, bəlli yolu olan saytdır. Biz bu saytda bir-birindən maraqlı materiallarla tanış oluruq. Ədəbiyyatın hər yerdə sıxışdırıldığı, şou-biznesin üstünlük təşkil etdiyi dünyada ədəbiyyata qayğı ilə yanaşmaq, özünü ədəbi dərgiyə həsr etmək böyük hünər tələb edir. Mən "Artkaspi.az” saytına bu yolda bol-bol uğur arzu edirəm. Necə deyərlər, çox yaşayın, xoşbəxt yaşayın!”










banner

Oxşar Xəbərlər