• bazar, 11 May, 08:06
  • Baku Bakı 17°C

“Ebola” virusunun Azərbaycana gəlmə ehtimalı varmı?

16.10.14 12:06 1523
“Ebola” virusunun Azərbaycana gəlmə ehtimalı varmı?
“Quş qripi”ni yola saldıqdan sonra dünya ölkələrini yeni bir bəla olan “Ebola” virusu təhlükəsi bürüyüb. İndi bütün dünyanın diqqəti məhz bu virusun gətirdiyi bəlalara yönəlib. Bu virusdan ölənlərin sayı 4447-yə çatıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında deyilir. ÜST ekspertlərinin məlumatına görə, həftənin sonunadək bu təhlükəli xəstəliyə yoluxanların sayı 9 mini keçəcək.
Məlumat üçün bildirək ki, epidemiya ilə bağlı ən təhlükəli vəziyyət Qərbi Afrikada - Syerra-Leone, Liberiya və Qvineyada yaranıb. Virus yeni ərazilərə yayılmaqda davam edir.
“Ebo” qızdırması inteksikasiya, qusma, nealgiya, qanaxmalar və yüksək ölüm faizi verən ağır virus xəstəliyidir. “Ebo” qızdırması hemorafik qızdırmaların bir növüdür. İlk dəfə 1976-cı ildə Afrikanın Qərbində, Sudan və Zair (Konqo) ölkələrində epidemiya baş verdikdən sonra təyin edilib. “Ebo” orada çay adıdır. O çayın ətrafında olan bir ərazidə qeydə alındığı üçün “Ebo” qızdırması adlandırılıb. Bu virus antilopların, qorillaların, həmçinin yarasaların orqanizmində daim yaşayır, çoxalır və burdan ətraf mühitə yayılır. İnsanlara bu virus məhz təbiətdən, yəni həmin heyvanların orqanizmindən xaric olunduqdan sonra damcı yolu ilə (yəni yuxarı tənəffüs yolları vasitəsi ilə) və dəridə müəyyən zədə yeri olduqda çox asanlıqla keçə bilir.
Azərbaycanda isə belə bir xəstəliyə tutulma ehtimalı çox azdır. Bunu bizimlə söhbətində bu sahə üzrə mütəxəssislər deyir. “Ebola” virusuna ölkəmizdə yoluxan hələ olmayıb və bununla yanaşı, qoruyucu tədbirlər görülür.
Respublika Taun Əleyhinə Stansiyanın laboratoriya müdiri Musa Cahanov bizimlə söhbətində qeyd etdi ki, Azərbaycanın sərhəd-keçid məntəqələrindəki Sanitar-Karantin Müfəttişliyinin mütəxəssisləri ölkə ərazisinə gələn bütün insanları sorğu-sual edir və “Ebola” virusunun Azərbaycana yalnız xaricdən gətirilə bilmə mümkünlüyünü nəzərə alaraq, bu məsələyə çox diqqətli yanaşırlar. Müsahibimiz bildirdi ki, hələ ki Azərbaycanda “Ebola” virusuna rast gəlinməyib və sözügedən virusun gəlmə etimalı da yoxdur: “Bütün sərhəd-keçid məntəqələrində nəzarət bölmələri var. İstər ölkəyə daxil olan, istərsə də ölkədən xaric olan vətəndaşlara nəzarət edilir. Xüsusilə də Qərbi Afrikadan gələn vətəndaşlar nəzarət altındadırlar. İlk növbədə ölkəyə gələn vətəndaşların bədən temperaturu ölçülür və onlar arasında sorğu aparılır. Əgər əldə olunan nəticələr “Ebola” xəstəliyinə şübhə yaradarsa, həmin şəxs Ümumdünya Səhiyyə Təşkilatının tətbiq etdiyi xüsusi qaydalara uyğun olaraq, təxirə salınmadan bu xəstələr üçün nəzərdə tutulmuş Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna göndəriləcək. Bundan sonra Respublika Taun Əleyhinə Stansiya məlumatlandırılır. Amma bu günə qədər belə şübhəli hal qeydə alınmayıb”.
M.Cahanov “Ebola”nın xəstəliyin törədicisinin adı olduğunu, sözügedən xəstəliyin əslində ebola hemorragik qızdırması adlandırıldığını qeyd etdi: “Xəstəliyin başlanğıc əlamətləri xəstənin bədən temperaturunun qəfildən qalxması, ümumi zəiflik, əzələ və baş ağrıları, eyni zamanda, sinədə ağrıların olmasıdır. Xəstəlik inkişaf etdikcə, onun digər əlamətləri ortaya çıxır. Qana keçdikdən sonra virusun orqanizmdə imputasiya dövrü 4-6 gündür. Bu, gizli dövrdür. Bundan sonra xəstəlik qəfildən güclənir. Xəstələrdə güclü baş ağrısı, səpmə, qusma, qarında güclü ağrılar olur. Çox vaxt xəstəlikdə qripə bənzər əlamətlər olur - quru öskürək, döş qəfəsində göynədici, sancı verən ağrı. Xəstəliyin ikinci həftəsində dəridə səpkilər qeydə alınır və burunda, daxili orqanlarda, mədədə, uşaqlıqda çox güclü qanaxmalar baş verir. Sonda hemorradis sindromu deyilən əlamət – daxili və xarici qanaxmalar müşahidə olunur. Mədə-bağırsaq, qulaq və dodaqlardan qanaxmalar başlayır. Bu virusa yoluxmamaq üçün ilk növbədə şəxsi gigiyenik qaydalara nəzarət etmək lazımdır. Bu xəstəliyə tutulmasına şübhə olan şəxslərlə ünsiyyətdə olmamaq məsləhət görülür. Çünki bu xəstəlik daha çox təmas vasitəsi ilə insana ötürülür. Bu tip şübhəli şəxslərdən kənar gəzmək lazımdır. Xəstəyə qulluq edən tibb işçisi və ya ailə üzvləri fərdi qoruyucu vasitələrdən istifadə etməlidir. Əgər təmas yaranmasa, heç bir yoluxma halı müşahidə edilə bilməz. Azərbaycanda isə bu tip xəstələr yoxdur”.
Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov da mətbuata açıqlamasında bildirib ki, “Ebola” virusuna yoluxma əsasən bir neçə Afrika ölkəsində qeydə alınıb, digər ölkələrdə isə virusa yoluxan az sayda xəstə var. Qonşu Gürcüstanda “Ebola” virusuna yoluxmanın qeydə alınması barədə yayılan məlumatlar öz təsdiqini tapmayıb: “Heç bir ölkə deyə bilməz ki, “Ebola” virusu bizə daxil ola bilməz. Çünki xəstə insanlarla təmasda olan və ona yoluxan insanlar 21 günlük inkubasiya dövründə dünyanın hər hansı ölkəsinə gedə bilər. Heç kim xəstəliyin gizli mərhələsində insanın virusa yoluxduğunu təyin edə bilməz. Yalnız gizli dövr keçəndən sonra insanda xəstəliyin əlamətləri özünü göstərə bilər”.
Onun sözlərinə görə, sərhəd-keçid məntəqələrində quraşdırılmış xüsusi aparatlar da “Ebola” virusuna yoluxmuş və xəstəliyin gizli mərhələsində olan insanlarda bunu aşkarlaya bilməz. Bu aparat yalnız insanların hərarətini qeyd edir. Ş.Qurbanov xatırladıb ki, xəstəliyin geniş yayıldığı Afrika ölkələri ilə Azərbaycanın ticarət, mədəni əlaqələri aktiv deyil. Ancaq həmin ölkələrdən gələn insanlar Azərbaycan sərhədini keçdikdə, sərhəd-keçid məntəqələrindəki Sanitar-Karantin Müfəttişliyinin mütəxəssisləri tərəfindən qeydiyyata alınmalı, onların hansı ünvanlara getdikləri öyrənilməlidir. Daha sonra isə həmin şəxs barədə əraziyə baxan poliklinikaya məlumat verilməli, onlar inkubasiya dövründə nəzarətdə saxlanılmalıdırlar.
Ekspertlərin dediklərini nəzərə alsaq, Azərbaycanda “Ebola” virusunun yayılma təhlükəsi yoxdur. Ancaq yenə də əsas vəzifə dövlət sərhəd-keçid məntəqələrində fəaliyyət göstərən sanitar karantin müfəttişliyi əməkdaşlarının üzərinə düşür.
Xəyalə Məmmədova
banner

Oxşar Xəbərlər