Döyüşdə də müəllimlik edən qəhrəman - FOTOLAR
"Tarixi
"Dünənim, bu günüm, gələcəyim” prinsipi ilə uşaqlara sevdirməyi bacaran insan
idi. Çağırış gələn günü onunla xeyli dərdləşdik. Dedi ki, darıxmayın, tezliklə
qələbə ilə qayıdacağam”.
Yaxınları
deyirlər ki, o, iyul hadisələrindən sonra özünə yer tapa bilmirdi. Daim cəbhə xəbərlərini
izləyir, bu hadisələrdən danışırmış. Elə həmin günlərdə könüllü xidmətə
yazılmaq üçün hərbi komissarlığa müraciət edir. İkinci
Qarabağ Savaşı başlayanda ordu sıralarına çağırılan ilk döyüşçülərdən olur.
Söhbət şəhid Famil Əhmədzadədən gedir.
Haqqında məlumat
Qeyd edək
ki, Famil Əhmədzadə 23 sentyabr 1975-ci ildə Bakı şəhəri, Xətai rayonunda
anadan olub. 1982-ci ildə İsmayıllı şəhər 3 saylı tam orta məktəbə birinci sinfə
gedib. 1992-ci ildə məktəbi bitirdikdən sonra Sosial İdarəetmə və Politologiya
İnstitutunun politologiya fakültəsinə daxil olub. 1997-ci ildə təhsilini başa vurduqdan
sonra 3 saylı tam orta məktəbdə müəllim kimi fəaliyyətə başlayır. 1999-cu ilin
fevralında zabit kimi Naxçıvana hərbi xidmətə gedir. 2000-ci ildə tərxis
olunduqdan sonra İsmayıllı şəhər 3 saylı tam orta məktəbdə müəllim kimi fəaliyyətini
davam etdirir.
Famil Əhmədzadə
İkinci Qarabağ Savaşında sentyabrın 30-dan döyüşə qatılır, oktyabrın 14-ü
Talış-Suqovuşan istiqamətindəki yüksəkliklər uğrunda gedən döyüşlərdə qəhrəmancasına
şəhid olub. Noyabrın 3-ü İsmayıllıda Şəhidlər xiyabanında dəfn edilib. Prezidentin
sərəncamı ilə "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Suqovuşanın azad
olunmasına görə” medalları ilə təltif edilib.
Şəhid
Famil Əhmədzadənin şəhadətinin ildönümü ərəfəsində onu tanıyanlarla həmsöhbət
olduq.
"Dedi ki,
qələbə ilə qayıdacağam”
Müəllim
dostu Çingiz Muradlının sözlərinə görə, o, tarix fənnini sevdirmək üçün əlindən
gələni edirdi: "Famil Əhmədzadə həm müəllim ordusunun əsgəri, həm də Vətən
müharibəsi dövründə Azərbaycan silahlı qüvvələrinin baş leytenantı olub. Azərbaycanda
onun hazırda minlərlə şagirdi var. Tarixi "Dünənim, bu günüm, gələcəyim”
prinsipi ilə uşaqlara sevdirməyi bacaran insan idi. Çağırış gələn günü onunla
xeyli dərdləşdik. Dedi ki, darıxmayın, tezliklə, qələbə ilə qayıdacağam”.
İdeal
insan və müəllim
Şagirdi Zərəfşan
Səfərli bildirir ki, sadəcə müəllimini yox, ailə üzvü qədər sevdiyi insanı
itirib: "Hər birimizi övladı kimi qəbul edirdi, biz də onu ailə üzvümüz kimi
bilirdik. Sinfə daxil olanda birinci şagirdləri ilə maraqlanır, sonra dərsə
başlayırdı. Valideynlərini itirmiş uşaqlara ödənişsiz məşğələ keçirdi. Şagirdlərinə
həmişə dəstək olurdu, deyirdi ki, sualların hamısını düzgün yazmalısan, çünki sən
mənim şagirdimsən. Famil müəllimi tanıdıqdan sonra bildim ki, həyatda həm ideal
insan, həm də müəllim var. Mən hələ də inana bilmirəm ki, artıq yoxdur və onu
bir daha görməyəcəyik”.
"Torpağımız
düşməndə qalmamalıdır”
Zərəfşan Səfərlinin
sözlərinə görə, Famil müəllim vətənpərvərliyi ilə bütün şagirdlərinə nümunə
idi: "Qarabağın azad olunması ilə bağlı tez-tez bizimlə danışırdı. Deyirdi ki, torpağımız düşməndə qalmamalıdır, biz onu azad
edəcəyik. İçində inam var idi. Hər kəsdə vətən sevgisi yaratmağa çalışırdı.
Onunla bağlı bir şey heç yadımdan çıxmır. Otağında sağ hissədə bayrağımız var
idi və oranı təmizləyəndə heç vaxt çıxarmağa icazə verməzdi. Deyərdi ki,
"Bayraq bu otaqdakı ən təmiz əşyadır”. Vətən haqqında olan layihələrdə həmişə
adını görərdik. Torpaqlarımızın işğal olunduğu günlərdə həmişə bizə məlumatlar
verir, danışanda isə kədərlənirdi. O əraziləri görməyi çox istəyirdi. Həmin
yerlərdə şəhadətə yüksələrək arzusuna çatdı”.
"Mütləq nə
isə edib önə keçəcək”
Qardaşı
İlqar Əhmədli deyir ki,
Famillə döyüşdə olduğu müddətdə hər gün əlaqə saxlayıb. Ancaq valideynləri
narahat olmasın deyə döyüşdə öndə olduğunu onlardan gizlədib: "Döyüşdə olduğu
müddətdə hər gün imkan tapdıqca əlaqə saxlayırdı. Bilirdi ki, ona görə
narahatıq. Valideynlərimizin narahat olmasını istəmirdi. Tapşırırdı ki,
valideynlərimə ön cəbhədə olduğumu demə. Amma onu tanıyan hamı əmin idi ki,
arxada dayana bilməz, mütləq nə isə edib önə keçəcək”.
"Bu, bizim
zəfər döyüşümüz olacaq”
Döyüş
yoldaşı, baş leytenant Rövşən Quliyev bildirir ki, Famil çox yüksək
əhval-ruhiyyə ilə döyüşə qatılmışdı: "29 sentyabrda onunla hərbi hissədə
görüşmüşük. İlk gəldiyi gündən tabeliyinə şəxsi heyət ayrıldı. Daim əsgərləri
ilə söhbət aparırdı, deyirdi ki, bu, bizim zəfər döyüşümüz olacaq”.
R.Quliyev
bildirdi ki, Famil müəllim əsgərlərini övladı kimi görür və onları özündən
üstün tuturdu: "Tabeliyindəki əsgərlərin çoxu yaşca ondan kiçik idi. Hamısına
övladı kimi baxırdı. Bununla bağlı orda çox hadisələrin şahidi oldum. Elə
sonuncunu deyim. 14 oktyabrda, səhər saat 6-da Suqovuşan-Ağdərə istiqamətində
döyüşə girdik. Famil müəllim də taqım komandiri vəzifəsini icra edir, sağ
cinahda əsgərlərinə hücum əmri verirdi. Tapşırığı icra edən zaman müəllimin qəlpə
yarası aldığını görüb sürünərək ona yaxınlaşdım. Dediyi son sözlər bu oldu: "Mən
özüm çıxacağam, sən şəxsi heyətimi arxaya çək”. Famil müəllim çıxmaq istəyərkən
snayper gülləsi ilə şəhid oldu”.
Zərif
Salmanlı