Döyüş meydanından yaşıl meydana - Portret
"Ayağımı
itirmişəm" deyə bilmirəm. Vətən uğrunda fəda edilən heç nə itki
sayılmamalıdır".
Rubrikamız üçün müsahib
seçimində Olimpiya Oyunları, dünya, Avropa çempionatlarının mükafatçılarına
üstünlük versək də, bu və digər mötəbər beynəlxalq yarışlarda sadəcə, iştirak
təcrübəsi olan idmançılara da diqqət ayırmışıq. Budəfəki qəhrəmanımızın isə
ümumiyyətlə, qitə miqyaslı turnirlərə qatılmaq fürsəti olmayıb. Lakin o, heç
bir mükafatla müqayisə olunmayan, istənilən çempionluqdan daha ucada dayanan
ada sahibdir. Beləliklə, II qrup müharibə əlili, ehtiyatda olan gizir,"Qarabağ qaziləri" amputant futbol komandasının üzvü Eşqin
Hüseynovdan bəhs edirik.
Nümunəvi
kəşfiyyatçı
Hüseynov Eşqin Seyfəddin
oğlu 10 oktyabr 1984-cü ildə Lerikdə anadan olub. Orta təhsilini rayonunun
Günəşli kənd orta məktəbində alan qəhrəmanımız, fiziki tərbiyə və hərbi
hazırlıq dərslərini əla, digər fənləri isə orta və kafi qiymətlərlə oxuyub.
Fiziki göstəriciləri ilə yaşıdlarından seçilən Eşqin, uşaqlıqdan elə hərbçi
olmağı qarşısına məqsəd qoyduğundan, təhsilini bitirdikdən sonra sənədlərini
Heydər Əliyev adına Ali Hərbi Məktəbə verib. Lakin arzuolunmaz vəziyyətlə üzləşib.
Belə ki, qabiliyyət imtahanından uğurla keçsə də, sənədlərini itirdiyinə görə,
test imtahanında iştirak edə bilməyib. 2002-ci ilin oktyabrında həqiqi hərbi
xidmətə çağırılan Hüseynov, növbəti il Xüsusi Təyinatlı Qüvvələrin kursunu
uğurla bitirərək, burada gizir kimi xidmətə başlayıb. XTQ-nin sıralarında
qulluq etdiyi 12 il ərzində o, bir çox uğurlu əməliyyatların iştirakçısı olub.
Xidmətlərinə görə, 2008 və 2013-cü illərdə, müvafiq olaraq, "Silahlı
Qüvvələrin 90 və 95 illiyi" yubiley medalı ilə təltif edilib. 2013-cü il
onun üçün həm də "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalla
əlamətdar olub.
2015-ci il, aprel ayının
6-da, gecə saat 3 radələrində düşmən arxasında döyüş tapşırığını yerinə
yetirərkən, baş verən mina partlayışı nəticəsində, qəhrəman gizirimiz ağır
yaralanır. Nəticədə, sağ ayağını itirən Hüseynov, bu hadisədən sonra
"Hərbi xidmətdə fərqlənməyə görə" III və II dərəcəli medal ilə təltif
edilir. 2017-ci ilin iyununda isə "Vətən naminə" medalına layiq
görülür. Təfərrüatlarını və bərpa prosesini öz dilindən oxuyaq: "Məsafə
uzaq olduğundan, həyatım təhlükədə idi. Qrup yoldaşlarım ağrıkəsici vurdular,
birtəhər qanaxmanı dayandırdılar. İki saat sonra məni Əhmədbəylidə yerləşən
hospitala çatdırdılar. Axşam orada ilk əməliyyatım baş tutdu. Sabahı gün
vertolyotla Silahlı Qüvvələrin Baş Klinik Hospitalına aparıldım. On gün
reanimasiyada qaldım. Hadisədən 43 gün keçəndən sonra isə məni evə buraxdılar.
Protezləşmə 7-8 ay çəkdi. Bu arada ruh düşkünlüyü yaşadım, özümə qapandım. 13
ilə yaxın XTQ-də xidmət edən, dağda-daşda ömür keçirən biri üçün bu, belə davam
edə bilməzdi. Amerikada və dünyanın müxtəlif yerlərində yaşayan amputasiya
olunmuş əsgərlərin sonrakı həyat fəaliyyəti, əlilliyi olan idmançılarla
maraqlandım. Bu hekayələr həyat eşqimi yenidən alovlandırdı. Qərara gəldim ki,
gec olmadan aktiv həyata dönüm. Beləcə, üz tutdum Milli Paralimpiya
Komitəsinə".
Yarımçıq
ağırlıqqaldırma karyerası
Pauerliftinq (ağırlıqqaldırma)
üzrə hazırlıqlara başlayan Hüseynov, qısa vaxtda göstəricilərini xeyli
yaxşılaşdırır. 140 kiloqramadək çəkini ram edir ki, bu, ona respublika
çempionatında fərqlənmək imkanı yaradır - gümüş medal. Bu arada o, Türkiyədə
keçirilən təlim-məşq toplanışına da göndərilir. Lakin növbəti respublika
çempionatında çiynindən aldığı zədə Eşqinin pauerliftinq karyerasının üstündən
xətt çəkir.
Para-paerliftinq komandamızın baş məşqçisi İlqar İbişov: "Desəm ki,
"hər şey əla cərəyan edirdi", yalan olar. Çünki yaşı başlanğıc üçün
bir az çox idi. Amma çalışqanlığı ilə müəyyən bir səviyyəyə gəlib çatmışdı.
Qalsaydı, Tokiodan sonrakı oyunlara lisenziya uğrunda mübarizə apara
bilərdi".
"İnanmazdım
ki, bir insan əsa ilə gözəl futbol oynayar"
Daha əvvəl pauerliftinqlə
məşğul olub, oxşar halı yaşayan digər fiziki məhdudiyyətli idmançılarımız kimi,
Eşqin də ruhdan düşmür. Şansını digər növdə sınamaq qərarına gəlir. Lakin
həmkarlarından fərqli olaraq, yay paralimpiya növlərindən birinə deyil,
Azərbaycanda yeni yaranan amputant futbola üz tutur. Əslində, bu barədə o, hələ
iki il əvvəl düşünürdü: "Pauerliftinq komandası ilə Türkiyədə təlim-məşq
toplanışında olanda yerli futbolçuların çalışmalarını görüb, heyrətlənmişdim.
Onadək inanmazdım ki, bir insan əsa ilə gözəl futbol oynamağı bacarar.
Düşündüm, bizdə olsa, mən də özümü sınayardım. Qayıdandan bir müddət sonra
eşitdim ki, Türkiyə Avropa çempionu olub. Oyunlarını izlədim, daha da
həvəsləndim. Lakin mənə deyəndə ki, bizdə də komanda yığılır, pauerliftinqi
yarımçıq qoyub, gedə bilmədim. Üstəlik, çəkim də çox idi".
Eşqin altı aydır ki,
futbolla məşğul olur. Həftədə üç-dörd dəfə olmaqla, Abşeron Olimpiya İdman
Kompleksinin stadionunda hazırlıq keçir. 104 kq çəki ilə məşqlərə başlayan
Qarabağ qazisi, hazırda 90 kiloqrama düşüb. Əvvəl stadionda bir dövrə qaçmaqda
çətinlik çəkirdisə, indi altı-yeddi dövrəni rahatlıqla qət edir. Bu vaxtadək
Türkiyə və Gürcüstanla beynəlxalq yoldaşlıq görüşləri keçirən "Qarabağ
qaziləri"nin heyətində yer alan Hüseynov, hazırda müdafiəçi mövqeyində
oynayır. Futbolçu karyerasına bir qədər gec başlasa da, yaşıl meydanla tezliklə
vidalaşmaq istəmir. "Nə qədər canımda qüvvət var, vətənə xidmətimi bir
ayaqla da davam etdirəcəyəm" deyir.
Avropa
çempionatına doğru
Yeni yaradılmasına
baxmayaraq, komandamızın yaxın illər ərzində qarşıya qoyduğu məqsədlər
böyükdür. Bu barədə Qarabağ-Əlil Döyüşçülər Futbol Federasiyasının
vitse-prezidenti Elmar Hüseynovla söhbətləşdik. Qarabağ qazisi, ehtiyatda olan
polkovnik-leytenant Hüseynov bildirdi ki, bu gün üçün əsas hədəf Avropa
çempionatında uğurlu çıxış etməkdir: "Çox maraqlıdır ki, komandamızda daha
təcrübəli oyunçular olsa da, Eşqin diqqət mərkəzindədir (gülür). Görünür,
fərqlilikləri sizlərin də diqqətindən qaçmır. O, bizə qoşulan ərəfədə Türkiyə
ilə oyuna hazırlaşırdıq. Cəmi bir ay vaxtımız vardı. Dedim, Eşqin, bu müddətdə
sənin komandaya düşməyin mümkünsüzdür, hazırlaş, inşallah, gələn oyunlarda
iştirak edərsən. Lakin bütün proqnozları alt-üst edib, qısa vaxtda elə bir
irəliləyişə nail oldu ki, biz onu da özümüzlə Türkiyəyə apardıq. Əsas heyətdə
yer aldı, oyunun ən yaxşılarından oldu. Komanda ilə işləmək bacarığına görə,
hər kəsə nümunədir. Ən kritik məqamlarda belə, əhval-ruhiyyəsini dəyişmir.
Eşqinə "dinamik bombardmançı" ləqəbini əbəs yerə verməmişəm.
Qarabağ qazisi Rövşən
Quliyevin təsis etdiyi federasiyamız "Aprel döyüşləri"nin ikinci
ildönümündə yaradılıb. Dövlətin də dəstəyi ilə qısa vaxtda əhəmiyyətli işlər
görmüşük. Ən əsası, beynəlxalq federasiyalara üzvlüyümüz təsdiqlənib. İndi
bütün diqqətimizi Avropa çempionatına yönəltmişik. İlk iştirakımız olsa da,
minimum nəticə ilə kifayətlənmək niyyətində deyilik. Seçmə mərhələdə Türkiyə,
Rusiya kimi güclü yığmalarla bir qrupda yer almağımıza rəğmən, uğurlu çıxışa
ümid edirik".
"O,
heyətdə olmayanda..."
Futbol Eşqin üçün yad idman
növü deyil. Uşaqlıqdan futbola böyük həvəsi olub, məktəb-məhəllədə daim top
qovub, üstəlik, hərbi hissənin komandasında aparıcı oyunçulardan biri kimi ad
çıxarıb. Bəs maraqlıdır, hansı klublara azarkeşlik edir, kumir seçdiyi futbolçu
kimdir?
- Komandamızın əksər üzvləri kimi, mən də "Qarabağ"a azarkeşlik
edirəm. Rəşad Sadıqov və Qara Qarayevlə yaxın münasibətlərimiz var. Tez-tez
hal-əhval tuturuq. "Real Madrid" isə uşaqlıqdan sevib-seçdiyim
klubdur. Lakin hamı kimi Kriştiano Ronaldonu deyil, Benzemanı daha çox bəyənmişəm.
Çünki əsl komanda oyunçusudur. O, heyətdə olmayanda oyuna marağım itir.
Küsürəm, hətta "Barselona" ilə oynasalar belə, baxmıram".
Portret
Göründüyü kimi, son dərəcə
pozitiv, məqsədyönlü insandır qazimiz. Başına gələn bədbəxt hadisədən
sarsılmayan, vətənə xidmətini davam etdirmək üçün daim yeni yollar axtaran
Eşqin, döyüş meydanından yaşıl meydana doğru uzanan həyat hekayəsi ilə
"Azərbaycan hərbçisi necə olmalıdır" sualına ən mükəmməl cavabdır.
Bizə isə qürur duymaq, atdığı addımların izini itirməmək düşür.
Sahib