Dövlətin aliment dəstəyi - ARAŞDIRMA
Ombudsmanın
Aliment Fondunun yaradılması ilə bağlı təklifi vətəndaş cəmiyyəti institutları
və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən də dəstəklənir
Ölkəmizdə Aliment Fondunun yaradılması ilə bağlı
səslənən təkliflər yeni deyil. İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın)
2021-ci il üzrə məruzəsində Aliment Fondunun yaradılması ilə bağlı təklifin
yenidən irəli sürülməsi uzun illərdən bəri həllini tapmayan problemin
çözülməsinə səbəb ola bilər. Belə ki, təklif ailələr boşandıqdan sonra uşağın
saxlanılması üçün məhkəmə tərəfindən təyin edilən alimentin dövlət tərəfindən
ödənilməsini və sonradan borcludan məcburi qaydada alınmasını nəzərdə tutur. Alimentin
ödənilməməsi ilə bağlı mövcud problemlərin çoxluğu və həllinin müşküllüyü heç
kəsə sirr deyil. Məruzədə aliment tələbinə dair məhkəmə qərarlarının icrası
zamanı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati
məsuliyyətin ayrıca maddədə göstərilməsi, həmin pozuntuya görə cərimə cəzası və
pozuntunu törədən şəxsin maddi durumu nəzərə alınmaqla mövcud problemlərin
həlli istiqamətində addımlar nəzərdə tutulur.
Təklifin yenidən gündəmə gəlməsinə təkcə dəstək
verənlər yox, ümidlə baxanlar da az deyil. Bununla belə, "Aliment Fondu bu
sferada mövcud problemləri həll edə biləcəkmi?” sualı da cavabını gözləyir.
Dövlətin
müdaxiləsinə ehtiyac
Millət vəkili
Elman Nəsirov məsələnin kifayət qədər aktual
olduğunu bildirir: "Bu təklif ombudsmanın əvvəlki hesabatlarında da yer alıb. Eyni
zamanda, Milli Məclisin plenar iclaslarında da millət vəkilləri dəfələrlə bu
məsələni qaldırıblar. Nəzərə alsaq ki, bu sahədə müəyyən boşluqlar mövcuddur,
onda problemin nə qədər aktual olduğunu başa
düşmək çətin deyil”. Millət vəkili qeyd edir ki, hazırda da ailələrdə boşanma
tendensiyası müşahidə olunmaqdadır. Həmçinin erkən nikahlar da cəmiyyəti
narahat edən məsələlərdir: "Boşanma faktı ilə üz-üzə qalan ailələrdə aliment
problemləri yaşanır. Bir çox hallarda aliment ödəməli olan tərəf cürbəcür
bəhanələrlə ödənişi həyata keçirmək istəmir. Bunun üçün obyektiv və subyektiv
səbəblər tapırlar. Bu məsələdə ziyan çəkən tərəf isə ana və övladı olur. Bu
baxımdan, problemin həllində dövlətin müdaxiləsinə ehtiyac var”. E.Nəsirov hesab
edir ki, belə bir fondun yaradılması boşandıqdan sonra tək qalan analara kömək
olar: "Məsələnin aktuallığını nəzərə alaraq ombudsmanın hesabatının
müzakirəsində mən də bu təklifin lehinə səs vermişəm”.
Aliment verməkdən
yayınanlar
Konstitusiya
Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev qeyd edir ki, Aliment Fondunun yaradılması ilə bağlı təklif təkcə ombudsmanın
hesabatlarında yer almayıb. Eyni zamanda, uzun illərdir ki, Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi, həmçinin vətəndaş cəmiyyəti qurumları tərəfindən
də fondun yaradılmasının zəruriliyi qeyd olunur: "Vətəndaş cəmiyyətini narahat
edən məsələlərdən biri də ondan ibarətdir ki, məhkəmə qərarlarının olmasına
baxmayaraq, bir çox şəxslər aliment verməkdən yayınır və ya imtina edirlər.
Bəziləri ümumiyyətlə zamanında ölkə ərazisini tərk edib gediblər və onları
tapmaq mümkün deyil”. Hüquqşünas hesab edir ki, aliment verilməsində
məşğulluqla bağlı məsələlər də öz həllini tapmalıdır: "Bir çox şəxslər iş tapa
bilmir. Belə bir vəziyyətdə onlar, təbii ki, aliment ödəmək iqtidarında
deyillər. Amma bununla bərabər uşaqlar da böyüməlidir, onlara diqqət olmalıdır.
Düzdür, uşaqlara dövlət tərəfindən diqqət ayrılır, müəyyən ünvanlı sosial yardım
və digər vasitələrdən istifadə etməklə yoxsulluq həddinin azaldılması
istiqamətində işlər həyata keçirilir. Amma Ailə Məcəlləsinə görə, valideynlərin
əsas vəzifələrindən biri uşağın qayğısına qalmaq, onun mənəvi tərbiyəsində
iştirak etmək, sosial-iqtisadi dəstək göstərməkdir. Bu baxımdan məhkəmələrin çıxardığı
qərarlar icra olunmalıdır. Çünki hazırda ölkəmizdə aliment ala bilməyən uşaqlar
çoxdur”. Hüquqşünasın fikrincə, dövlətin bu quruma vəsait ayırması aliment ödənməli
olan uşaqların daha yaxşı təmin edilməsinə gətirib çıxara bilər: "Aliment Fondu
aliment verilməsində fasiləsizliyi təmin edə, eyni zamanda uşaqların normal
böyüməsi məqsədilə maliyyə mənbələrindən biri ola bilər. Sonradan aliment
ödəməli olan şəxsləri işlə təmin etməklə və ya digər formada onlardan pulun
alınması həyata keçirilə bilər. Hazırkı vəziyyətdə isə alimentin verilməməsi
ailələri daha çətin vəziyyətə salır, uşağın böyüməsi, təhsili, sosial müdafiəsinin
təmin edilməsində çətinliklər meydana çıxır. Hesab edirəm ki, Aliment Fondunun
yaradılması bu çətinliyin qarşısını alacaq”.
Dövlət, özəl
qurumlar, ayrı-ayrı şəxslər…
Ə.Nuriyev bir çox ölkələrdə də oxşar fondların
yaradıldığını bildirir: "Bu hər şeydən əvvəl büdcəyə aid olan məsələdir. Azərbaycanın
iqtisadi imkanları az deyil. Digər tərəfdən, sosial paketlə bağlı bir çox
yüklər artmaqdadır. Eyni zamanda,
işğaldan azad edilən ərazilərin bərpası məsələsi var. Bütün bunlar böyük
vəsaitlər tələb edir. Bununla belə, hesab edirəm ki, Aliment Fonduna ayrılacaq
vəsait o qədər də böyük olmayacaq. Həmçinin, bu fonda təkcə dövlət deyil, özəl
qurumlar, ayrı-ayrı şəxslər də dəstəyini verə bilər. Çünki burda artıq
ünvanlılıq vardır - ayrılan vəsait konkret şəxslərə yönəldiləcək. O zaman
şəffaflıq və hesabatlılıqla bağı problem də olmayacaq. Ümid etmək istərdim ki, ombudsman,
vətəndaş cəmiyyəti və digər qurumlar tərəfindən irəli sürülən bu təklif reallaşmaq
imkanını itirməyib”.
Məhkəmə
qərarları olsa belə…
Vəkil Ruslan Vəliyev
hesab edir ki, Aliment Fondunun
yaradılması ilk növbədə uşaqların hüquqlarının təmin olunmasına kömək edəcək.
Belə ki, təcrübədə alimentin ödənilməməsi ilə bağlı çoxsaylı problemlər
mövcuddur: "Məhkəmə qərarı var, amma valideyn müxtəlif bəhanələrlə alimenti
ödəməkdən boyun qaçırır. Aliment Fondu olduqdan sonra artıq uşağın tələbatı bu
qurum hesabına həyata keçiriləcək. Amma problem yenə də qalacaq. Yəni ödəməyən
şəxslər yenə pulu ödəməyəcək və Aliment Fonduna borclu qalacaqlar. Sonra dövlət
borclu olan, yəni alimenti ödəməli olan şəxsdən ödənişi tələb edəcək”.
Təbii ki, bununla bağlı dövlətin öz tədbirləri
olacaq. Hazırda isə vəziyyət belədir: məhkəmə qərarları olsa da, bu tələbin
effektivliyi yoxdur. Bu baxımdan, təkcə uşaqları alimentlə təmin edəcək Aliment
Fondunun yaradılmasına yox, həm də bu sahədəki köklü problemlərin həlli
istiqamətində işlər görməyə ehtiyac var…
Təranə Məhərrəmova