• cümə, 29 Mart, 03:59
  • Baku Bakı 7°C

Dövlətdən öz zərərlərini bağlamaq üçün dəstək alan hər bir sahibkar daha dürüst olmağa borcludur

01.04.20 16:25 620
Dövlətdən öz zərərlərini bağlamaq üçün dəstək alan hər bir sahibkar daha dürüst olmağa borcludur
Dövlətdən öz zərərlərini bağlamaq üçün dəstək alan hər bir sahibkar daha dürüst olmağa, fəaliyyətini aşkarlıq prinsiplərinə söykənərək göstərməyə borcludur.
Bunu Trend-ə açıqlamasında iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirib.
F.Yusifov bildirib ki, koronavirus pandemiyasının yaratdığı durumun ağırlığı dünyanın gözləri qarşısındadır. Vəziyyətdən çıxışın yeganə yolu bu bəlaya qarşı birləşərək mübarizə aparmaqdan keçir. Bu vəziyyətdə hər kəs bir araya gəlməlidir, əks halda prosses nəzarətdən çıxaraq insanlığı miqyası bəlli olmayan fəlakətə apara bilər:
"İki ay öncə bir neçə ölkədə aşkarlanmış epidemiyanın səsi indi dünyanın 180 ölkəsindən gəlir. Son məlumatlara görə, COVİD-19 virusuna dünyada yoluxanların sayı 850 min nəfəri, ölənlərin sayı isə 42 min nəfəri ötüb. Ölkələr arasında bu siyahıya hazırda Amerika Birləşmiş Ştatları başçılıq edir, sonrakı iki yer isə İtaliya və İspaniyaya məxsusdur.
Bəşəri bəlanın dünya iqtisadiyyatına və maliyyə sisteminə vurduğu və bundan sonra vura biləcəyi zərbənin ölçüləri olduqca böyükdür. Bəzi iqtisadçılar bu itkilərin miqyasını keçən əsrin 20-ci illərinin sonlarında baş vermiş "əsrin depressiyası” adlandırılmış iqtisadi böhran nəticəsində baş vermiş itkilərlə müqayisə edirlər. Real olan isə budur ki, virusu ram edəcək peyvənd gec tapılarsa, dünya iqtisadiyyatında və beynəlxalq maliyyə sistemində tarixdə misli görünməmiş iqtisadi fəlakət qaçılmaz olacaq.
Artıq bu gün Birləşmiş Millətlər Təşkilatı "yaxınlaşan maliyyə sunamisi” ilə bağlı həyacan təbili çalaraq Qərbi koronavirusla mübarizə aparmaq üçün inkişaf etməkdə olan ölkələrə 2,5 trilyon dollar həcmində yardım göstərməyə səsləyib. BMT bu ölkələrin 1 trilyon dollar həcmində borcunun silinməsini və eyni zamanda zəruri tibbi xidmətlərin göstərilməsinin təmin olunması məqsədilə onların səhiyyə sistemlərinin bərpasına 500 milyard dollar məbləğində yardım etməyi tövsiyə edib.
Beynəlxalq miqyasda koronavirusun indiyə qədər yaratdığı durum heç də yaxşı deyil. Bu gün kimliyindən asılı olmayaraq bu durum hər bir kəsi ciddi düşündürməli və hər kəs bu durumun aradan qaldırılmasına öz töhvəsini verməlidir. Kimlərsə problemin həllinə maddi dəstək verməklə, kimlərsə də sadəcə virusun yayılmaması naminə özünü izolyasiya etməklə bunu etməlidir. Hər bir problemin həlli bilavasitə ona düzgün yanaşmaqdan asılı olur. Virusun yayılmağa başladığı ötən dövr ərzində bütün dünyada yoluxanların vaxtında aşkarlanması və müalicə edilməsi nəticəsində ümumilikdə 174 mindən çox insanın həyatını xilas etmək mümkün olub. Deməli, təhlükəli virusun peyvəndi tapılmadan belə onu müalicə etmək mümkündür.
Bunun üçün çox asan bir şəkildə insanlara yoluxan bu virusun peyvəndi tapılana qədər hər kəs səbr nümayiş etdirib daha az təmasda olmalı, bir sözlə özünü, yaxınlarını və bütövlükdə cəmiyyəti qorumaq üçün özünütəcrid variantını seçməlidir".
F.Yusifov bildirib ki, yaranmış durumun dünyanın bir parçası olan ölkəmizdən yan keçməsi mümkün deyildi:
"Bunu nəzərə alan Azərbaycan hökuməti vaxtında zəruri olan bütün addımları atdı və bu istiqamətdə işlər ən yüksək səviyyədə bu gün də davam etdirilir. Biz COVİD-19 virusunun bəzi ölkələrdə yaratdığı acınacaqlı vəziyyətin ölkəmizdə təkrarlanmaması üçün əlimizdən gələn bütün işləri görürük. Lakin bu işlər o zaman yetərli nəticələrə aparıb çıxara bilər ki, hər bir vətəndaş vəziyyətin reallığını olduğu kimi dəyərləndirməyi bacarsın.
İndiki məsuliyyətli və həssas bir məqamda hər kəs təkcə özünü deyil, ailəsini, cəmiyyəti və bütövlükdə insanlığı düşünməyə məhkumdur. Odur ki, hər birimiz pandemiyanın yaratdığı vəziyyətin durdurulması məqsədilə hökumətin müəyyənləşdirdiyi qaydaların tələblərinə tam riayət etməliyik.
Prezident İlham Əliyev martın 31-də İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən yaranmış durumla bağlı öz fikirlərini olduqca açıq bir şəkildə cəmiyyətə çatdırdı. Görüş zamanı onun səsləndirdiyi "Dünyanın və Avropanın aparıcı ölkələrində demək olar ki, vəziyyət nəzarətdən çıxır”, "heç bir ölkənin səhiyyə sistemi bu artan xəstələrin sayına uyğun xidmət göstərə bilməz”, "Əgər pandemiya Azərbaycanda geniş vüsət alarsa bizdə də çox faciəvi inkişaf dinamikası qaçılmazdır” kimi fikirlərdən hər birimiz ciddi nəticə çıxarmalıyıq.
Bu gün vətəndaş-iqtidar birliyinin ən yüksək səviyyədə nümayişinə ehtiyac var. Hesab edirəm ki, dövlətin yaranmış durumla bağlı atdığı addımlar kifayət qədər səmərəli olacaq və məhz bu tədbirlər sayəsində pandemiyanın yaratdığı problemlərin minimallaşdırılmasını təmin edə biləcəyik. Yetər ki, Prezidentin "Ona görə dövlət tərəfindən qəbul edilmiş bütün qərarlar istisnasız, heç bir güzəştsiz tətbiq edilməlidir və vətəndaşları bir daha məsuliyyətə çağırıram” tələbinə hər birimiz əməl edək.
Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dörd istiqamətdə xüsusi işçi qruplar yaradılıb. Artıq pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndrən işçi qrupun rəhbəri - iqtisadiyyat naziri M.Cabbarov Dövlət dəstəyinin göstərilməsini nəzərdə tutan və 9 proqramdan ibarət olan zərfi ölkə başçısına təqdim etdi. Bu proqramlar hazırlanarkən, ilk növbədə, pandemiyadan zərər çəkmiş sahələrin müəyyənləşdirilməsi həyata keçirilib.
Bütövlükdə proqramlar dörd böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. Bütün fəaliyyət sahələri təsnifləşdirilib və ən çox zərər çəkmiş sahələr, mənfi təsirə əhəmiyyətli dərəcədə məruz qalmış sahələr, minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələr müəyyən olunub. Ümumilikdə, doqquz proqramın maliyyə tutumu 2,5 milyard manat təşkil edir ki, bu da Azərbaycanın ümumi daxili məhsulunun 3%-nə bərabər bir məbləğdir.
Bu göstərici MDB məkanında və regionda olan ölkələr arasında onların iqtisadiyyatının ölçüləri baxımından ən yüksək göstəricidir. Bir sözlə, dövlət həmişə olduğu kimi öz vətəndaşlarının və sahibkarların yanındadır. Yetər ki, həm vətəndaşlar və həm də sahibkarlar qoyulan tələblər çərçivəsində davransınlar. Dövlətdən öz zərərlərini bağlamaq üçün dəstək alan hər bir sahibkar daha dürüst olmağa, fəaliyyətini aşkarlıq prinsiplərinə söykənərək göstərməyə borcludur. Dövlət belə sahibkarları həmişə dəstəkləyib və bundan sonra da dəstəkləyəcək".
banner

Oxşar Xəbərlər