• cümə, 19 Aprel, 18:46
  • Baku Bakı 24°C

“Dövlət tərəfindən aparılan bütün tədbirlər əhalinin sağlamlığı üçündür”

09.01.21 12:00 455
“Dövlət tərəfindən aparılan bütün tədbirlər əhalinin sağlamlığı üçündür”
Reyhan Tağıyeva: "Ehtiyatsızlığın ağır nəticələrini gördüyümüz üçün bundan dərs çıxarmalıyıq”
Bütün dünyada olduğu kimi, ölkəmizdə də pandemiya ilə mübarizəni 2021-ci ildə də davam etdiririk. Amma 2020-ci ildən fərqli olaraq ümidlərimiz böyükdür. Elə ilk şad xəbəri də 2021-ci ildə yoluxma sayı 4 rəqəmlidən 3 rəqəmliyə düşərkən aldıq. Vəziyyət, nisbətən stabilləşib. Təbii ki, bunun səbəbi karantin rejiminin sərtləşdirilməsi ilə bağlıdır. Lakin sərtləşdirmə tədbirləri nə qədər xeyrimizə işləyirsə, yumşalmalarla bağlı da geri addım atmağa məcbur oluruq. Bu, təkcə bizdə belə deyil. Dünya təcrübəsi də göstərir ki, xüsusi karantin rejimindən sonra tətbiq olunan yumşalmalar koronavirus infeksiyasına yoluxma hallarının artmasına səbəb olur. Koronivurusun yeni növünün sürətlə yayıldığı bir vaxtda yumşalma tədbirləri olarsa, bizi hansı nəticələr gözləyir? İkinci dalğanın acı nəticələri bizi daha ehtiyatlı davranmağa vadar edirmi?
"Ən böyük rol vətəndaşların üzərinə düşür”
Həkim Reyhan Tağıyeva deyir ki, karantin rejiminin yumşaldılması, yoluxma sayının yenidən yüksəlməsini istisna etmir: "Son günlər sərt karantin rejiminə keçidlə əlaqədar yoluxma sayının azalmasını müşahidə edirik. Amma karantinin yumşalması ilə yoluxma sayının yenidən yüksəlməsi, 4 rəqəmli ədədə keçə biləcəyi gözləniləndir. Çünki həm dayanıqsız immunitet, həm təkrar yoluxma hallarının mümkünlüyü, həm də qonşu ölkələrdə virusun mutasiya olunmuş variantının müşahidə edilməsi narahat edəcək məsələlərdəndir. Biz bir ilə yaxındır ki, virusla mübarizə aparırıq. Artıq həm TƏBİB, həm də Səhiyyə Nazirliyi bu sahədə geniş təcrübəyə malikdirlər. 2021-ci ildə virusun yayılmasının qarşısını alacaq daha yeni tədbirlər, karantin rejiminin səmərəli, planlı, mərhələli şəkildə yumşaldılması hesabına və ən nəhayət hər bir vətəndaşın daha məsuliyyətli olub, maska, məsafə, gigiyena prinsipinə əməl etməsi nəticəsində normal həyatımıza qayıda bilərik. Yumşalmalardan sonra ən böyük rol vətəndaşların üzərinə düşür. Sadəcə qaydalara riayət etməklə, peyvənd tətbiq olunana qədər vəziyyəti stabilləşdirə bilərik. Bütün dünyada karantin rejiminin şəraitə uyğun olaraq, həm sərtləşdirilməsi, həm də yumşaldılması prosesi bir-birini əvəzləyir. Bu əvəzləmə üçün əsas təsiredici faktor odur ki, yoluxanların sayı sağalanların sayını üstələməyə başladıqda və üstələmə faizi kəskin şəkildə artıqda, avtomatik olaraq, sərtləşmə tədbirləri işə salınır, əksinə olduqda isə yumşalma tədbirlərinə start verilir. Biz bu halların şahidi olmuşuq. Hesab edirəm ki, yenidən sərtləşmə insanların yumşalma prosesinə düzgün qiymət verməməsinin nəticəsi olub. İlk növbədə 3 sadə prinsip var: Maska taxılmalı, sosial məsafə saxlanılmalı və dezinfeksiyaedici vasitələrdən istifadə edilməlidir. İnsanlar bəzən bu yumşalma prosesini sanki həm maska taxmaqdan, həm məsafə saxlamaqdan, həm də dezinfeksiya vasitələrindən istifadə etməkdən imtina kimi qarşılayırlar. Yumşalmanı yanlış anlayırlar. Bu da nəticə etibarilə yenidən bu xəstəliyin yayılmasına gətirib çıxarır. Ona görə də, ilk növbədə olduqca məsuliyyətli davranmaq lazımdır. Artıq bizim təcrübəmiz var. Biz sərt karantini də, yumşalma mərhələsini də yaşamışıq. Ehtiyatsızlığın ağır nəticələrini gördüyümüz üçün bundan dərs çıxarmalıyıq”.
Həkim deyir ki, arxada qoyduğumuz ikinci dalğanın aqressivliyi insanları qorxutdu və bu səbəbdən də əhali bu dəfə daha məsuliyyətli olacaq: "2021-ci ildə insanların öz üzərinə düşən vəzifələri artıqlaması ilə yerinə yetirəcəyinə inanıram. Çünki arxada qoyduğumuz dalğada əhalinin böyük bir qisminin virusa yoluxması nəticəsində insanların fikirləri dəyişdi. İnsanların virusun daha aqressiv gedişinə, ölüm hallarının sayına şahid olmalarından sonra karantin rejimi yumşaldılsa belə, hər kəsin maska, məsafə və gigiyena qaydalarına ciddi riayət edəcəyinə şübhə etmirəm. Əlbəttə peyvəndin ölkəmizə gətirilməsi, tətbiqi, kütləvi immunizasiyaya böyük ümid bəsləyirik. Ölkəmizdə aparılacaq kütləvi immunlaşma nəticəsində virusun yayılmasını tamamilə minimuma endirmək, hətta aradan qaldırmaq səhiyyəmizin ən böyük uğurlarından olacaq”.
Virusun "qızıl açar”ı
Milli Məclisin deputatı, həkim Rəşad Mahmudov bildirib ki, tarix boyu pandemiya və epidemiyaların qarşısının alınmasında "qızıl açar” rolunu peyvəndlər üzərinə götürüb: "Bu gün bu reallığı hamı qəbul etməlidir ki, effektiv peyvəndin dünyada kütləvi şəkildə istifadəsi koronavirus bəlası ilə mübarizədə uğur qazanmamıza səbəb ola bilər. Dünyada bu istiqamətdə baş verən prosesləri yaxından izləyirəm. Tibb institutlarının və ekspertlərin verdiyi rəyləri də nəzərə aldıqda, peyvəndin istifadəsinin hər bir ölkədə kütləvi şəkildə başlanması problemin nəzarət altına alınması üçün hazırda yeganə vasitədir”.

Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyir ki, tətbiq olunan sərt karantin rejimləri heç də məsələnin birdəfəlik həlli demək deyil: "Bunu son elmi tədqiqatlar da göstərir, hətta Ümumdünya Səhiyyə Təşkilatının bu barədə insanlara müraciəti olmuşdu. Orada lokal olaraq karantin rejimlərinin tətbiqi səsləndirilmişdir. Dünyanın bütün ölkələrində sərt karantin rejimləri sosial, iqtisadi, maliyyə problemləri yaradır və insanların psixi vəziyyətinə təsir edir. Lakin hazırda virusla mübarizə üçün ən uyğun variant budur. Sərt karantin müəyyən formada virusun azalmasına kömək edir bunun nəticəsində yoluxma azalır. Xəstəxanalarda xəstələrin daha çox olması, orada olan çarpayı məhdudiyyətləri sağala bilən xəstələrinin ölümünə səbəb olur. Bu, bütün dünyada belədir. Sərt karantin rejimindən sonra yumşalmalar olanda insanlar düşünürlər ki, artıq virus dalğası bitib və əvvəlki həyatımıza geri dönə bilərik. Yanlış düşünürlər. İnsanlar sərt karantin rejimindən sonra kifayət qədər maariflənib və virusa qarşı olan tədbirlərlə bərabər hərəkət etməsələr, qaydalara uyğun davranmasalar, peyvənd tapılana qədər sərt karantin rejimi ilə üzləşəcəklər. Müəyyən formada stabillik yaranandan sonra yumşalmalar olmalıdır. Amma bu yumşalmalarda da insanlar qaydalar riayət etməlidir”.
"Hələ ki, ona qalib gəlməmişik”
İnfeksionist Vüqar Cavadzadə "Kaspi”yə açıqlamasında bildirdi ki, əgər yumşalma müddətində xəstələrin sayı artarsa, onda karantinin yumşalmasını saxlamaq olar, xəstələrin sayı artarsa, yenidən sərt karantinə keçid qaçılmazdır: "İnsanlar sərt karantin ləğv olunandan sonra da bu məsələyə məsuliyyətli yanaşmalı, mütləq maskadan istifadə edilməlidir. Sərt karantin tədricən yumşaldılmalıdır. Əgər yumşalma müddətində xəstələrin sayı artarsa, onda karantinin yumşalmasını saxlamaq olar. Belədə, yenidən sərt karantinə keçid qaçılmazdır. İnsanların səhvi odur ki, yumşalma olduqda, onlar elə bilir ki, bu xəstəlik artıq bitib. Amma virus hələ ki, ölkəmizdədir və biz ona qalib gəlməmişik”.
İnfeksionist vurğuladı ki, insanlar qaydalara riayət etmək istəmir: "Dəfələrlə deyilib, bu gün də təkrar edirik. Koronavirus infeksiyasının başladığı zaman sərt qaydalar, karantin rejimi tətbiq olundu. Lakin karantin rejimi yumşaldıqdan sonra əhali qətiyyən qaydalara riayət etmək istəmirdi. Əhalidən xahiş edirəm ki, göstərilən bütün gigiyenik normativlərə əməl etsin. İlk növbədə, istər böyük, istər kiçik marketlərdə maskalardan mütləq istifadə olunmalıdır. İnsanlar kütləvi toplantıdan çəkinsinlər. Ara məsafəsi mütləq gözlənilməlidir. Karantin rejiminin yumşadılması o demək deyil ki, xəstəlik tamamilə bitib, yoluxma ola bilməz. Yoluxma ehtimalı yüksəkdir. Buna da səbəbkar yalnız və yalnız insanlardır. Dövlət tərəfindən aparılan bütün tədbirlər əhalinin sağlamlığı üçündür”.
"Normal həyat tərzimizə qayıda biləcəyik”
Həkimlərin də fikirlərindən nəticə çıxarırıq ki, koronavirusun peyvəndi tətbiq olunmadan, pandemiya ilə vidalaşmaq mümkün deyil. Amma yuxarıda qeyd etdiyimiz kimi, peyvəndlə bağlı ümidlərimiz böyükdür. Ölkə prezidenti İlham Əliyev də qeyd edib ki, peyvənd tətbiq olunduqdan sonra normal həyat tərzimizə qayıda biləcəyik: "Ümid edirəm ki, bu il peyvənd tətbiq olunandan sonra pandemiya artıq yavaş-yavaş yoxa çıxacaq. Biz də yaxın günlərdə peyvəndi gözləyirik və ondan sonra normal həyat bərpa ediləcək. Bizim mədəni həyatımız çox zəngin olmalıdır, müsabiqələr, festivallar keçirilməlidir. Biz həm Azərbaycan mədəniyyətini dünyada təbliğ etməliyik, həm də xarici qonaqları bundan sonra da dəvət etməliyik”.
Virus dünyadan tamamilə yox olmadan və ya hamıya peyvənd vurulmadan rahat davranmaq yolverilməzdir. Hazırda tibbi maska taxmaq, gigiyenik qaydalara əməl etmək və sosial məsafə saxlamaq infeksiyadan qorunmağın ən sadə və ən səmərəli yoludur.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər