• çərşənbə axşamı, 16 aprel, 18:46
  • Baku Bakı 18°C

Dövlət şirkətlərinin məsuliyyətini artıracaq qərar

11.08.20 18:04 1161
Dövlət şirkətlərinin məsuliyyətini artıracaq qərar
Ekspertlərin fikrincə, İnvestisiya Holdinqinin yaradılması qiymətli kağızlar bazarına giriş imkanını da genişləndirəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında Fərman imzalayıb. Fərmanda bildirilib ki, Azərbaycanda həyata keçirilən davamlı struktur islahatları iqtisadiyyatın səmərəliliyinin daha da artırılması məqsədlərinə xidmət edir.Bu istiqamətdə ölkədə institusional və tənzimləyici çərçivə təkmilləşdirilmiş, milli iqtisadiyyatın özəyi olan təsərrüfat strukturlarında idarəetmənin sağlam prinsiplər əsasında inkişafı və tam şəffaflaşması üçün möhkəm zəmin yaradılmışdır. Sözügedən islahatlar biznes mühitinin xeyli yaxşılaşmasını şərtləndirmişdir. Həmçinin ölkədə sosial-iqtisadi infrastruktur inkişaf etmiş, yeni strateji mərhələnin çağırışlarına adekvat formada qurulan idarəetmənin çevikliyi artmışdır. Ötən müddətdə struktur islahatlarının əhəmiyyətini nəzərə alaraq dövlət xidmətləri və məhsul istehsalı sferasının da qabaqcıl prinsiplər əsasında idarə olunmasına xüsusi önəm verilmişdir. Bu istiqamətdə ölkədə iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində dayanıqlılığın artırılması, onların gəlir və xərclərinə nəzarətin daha da gücləndirilməsi üçün bir sıra işlər görülmüş, paylarının nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslərin idarə olunmasının təkmilləşdirilməsi məqsədilə mühüm islahatlar həyata keçirilmişdir. Azərbaycan İnvestisiya Holdinqinin yaradılması iqtisadiyyatın inkişafına hansı töhfələri verəcək?
Millət vəkili Azər Badamov söylədi ki, İnvestisiya Holdinqi dövlət şirkətlərinin məsuliyyətini artırmış olacaq: "Dövlət başçısı bu günlərdə keçirdiyi müşavirədə dövlət şirkətlərinin rentabelli işləməməsi və gəlirli olmaması ilə bağlı öz iradlarını bildirib. İndi bu şirkətlərin fəaliyyətinin daha şəffaf olması üçün yeni bir format əsas götürülüb. Bütün bunların nəticəsi kimi İnvestisiya Holdinqinin yaradılması məsələsi gündəmə gəldi. Belə bir qurumun fəaliyyətə başlaması dövlət investisiyalarının daha səmərəli şəkildə yerləşdirilməsinə və bu investisiyanın gəlirliyinin təmin olunmasına imkan verəcək. İnvestisiya Holdinqinin yaradılması dövlət şirkətlərinin səmərəsiz fəaliyyətinə son qoymağa və eyni zamanda lazımsız xərclərin aradan qalxmasına xidmət edəcək. Bununla da İnvestisiya Holdinqi dövlət şirkətlərinin məsuliyyətini artırmış olacaq”.
İqtisadçı ekspert Ramin Rəhimov deyir ki, İnvestisiya Holdinqinin yaradılmasında əsas məqsəd dövlət payına malik olan müəssisələrin səhmlərinin idarə olunmasıdır: "Azərbaycanda qiymətli kağızlar bazarı o qədər də inkişaf etməyib. Buna görə də dövlət şirkətlərinin qiymətli kağızlarla olan əməliyyatlarından əldə olunan gəlirlilik yox səviyyəsindədir. Bununla bağlı peşəkar və mərkəzləşdirilmiş bir qurumun yaradılmasına ehtiyac var idi. Prezidentin fərmanı da məhz buna xidmət edir. Bu addım Azərbaycan iqtisadiyyatının qiymətli kağızlar bazarına inteqrasiyası və gəlir əldə etmə qabiliyyətini artırmaq məqsədi daşıyır. Bu holdinq vasitəsilə Avropa qiymətli kağızlar bazarına giriş imkanımız da genişlənəcək. Dövlət şirkətlərinin xarici bazarlara çıxış imkanları çox məhduddur. Bu şirkətlərin mövcud bazar konyukturasında ticari sövdələşmələri, yeni tendensiyaları izləmə imkanları çox zəifdir. Azərbaycan dövlətinin qlobal bazarlara inteqrasiya olması dövlətin gözlənilən hədəflər üzrə gəlirlər imkanını daha da artırmış olacaq. İndiyə kimi dövlət gəlirlərinin böyük bir qismini neft vəsaitləri təşkil edirdi. İndi artıq bu tendensiya qiymətli kağızlar bazarında da müşahidə olunacaq. Qiymətli kağızlar bazarı zəncir halqası kimi bütün dünyanı əhatə edir. Azərbaycan bu imkanlardan kənarda qalmamalıdır. Burada gəlirliliklə yanaşı, risk məsələsi və dövlətin maraqları da var. Ona görə də, mərkəzləşdirilmiş bir strukturun yaradılması və peşəkarlar tərəfindən idarə olunması büdcə gəlirlərinin artmasına gətirib çıxaracaq. Eyni zamanda xarici investisiyanın cəlbi baxımından da bu, çox vacibdir. Düşünürəm ki, ölkə iqtisadiyyatı üçün çox əlverişli bir qərardır”.
İqtisadçı millət vəkili Vüqar Bayramov bildirib ki, Azərbaycanda dövlət müəssisələrinin rolu kifayət qədər böyükdür. Belə ki, məşğulluğun 25 faizi dövlət müəssisələrinin payına düşür. Eyni zamanda, dövlət müəssisələri vergi daxilolmalarının formalaşmasında xüsusi rola malikdir. Azərbaycan İnvestisiya Holdinqinin yaradılması dövlət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, eləcə də şəffaflığın artırılması baxımından çox vacibdir. Bu, imkan verəcək ki, korporativ metodların dövlət müəssisələrində tətbiq edilməsi mümkün olsun. Belə ki, hesabatlılıq artacaq, ictimai nəzarət imkanları genişlənəcək. Holdinq tərəfindən səmərəliliyi və şəffaflığı ölçən meyarlardan istifadə olunması hər bir dövlət müəssisəsinin nə qədər səmərəli işlədiyini, şəffaflığını müəyyən etmək imkanı yaradacaq. Bu, həmçinin dövlət müəssisələrinin ixrac imkanlarının genişləndirilməsinə imkan verəcək”.
Millət vəkili qeyd edib ki, holdinqin yaradılması ixrac bazarlarının tapılması, rəqabətqabiliyyətli məhsulların istehsalının genişləndirilməsi və ixracı baxımından vacibdir. Holdinq dövlət müəssisələri sferasında şəffaf idarəetmənin formalaşmasına imkan verəcək. Bu, bir tərəfdən büdcədən ayrılan vəsaitlərin səmərəli və qənaətlə istifadəsinə, digər tərəfdən isə özəl sektoru cəlb etməklə iqtisadiyyatda rəqabətin gücləndirilməsinə gətirib çıxaracaq”.
Şəbnəm
banner

Oxşar Xəbərlər