AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Dövlət başçısı insanların ürəyini oxudu

Dövlət başçısı insanların ürəyini oxudu

Siyasət
14 Fevral 2013, 10:35 1575
“Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır, dövlət qurumları tərəfindən normal rəftar edilməlidir, təhdid edilməməlidir, incidilməməlidir. Belə hallar var?! Var! Kim bunu edir?! Dövlət məmurları! Kim incidə bilər vətəndaşı?! Dövlət məmuru!” Bu fikirləri prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda səsləndirib.

Ölkə başçısı yerli və mərkəzi icra orqanlarında vətəndaşların incidilməsinin, aşağılanmasının dözülməz olduğunu bildirib. Məmurların bəzi hallarda vətəndaşlara yuxarıdan aşağı baxmaları, insanları saymamaları, təhqir etmələrinin arzuolunmaz olduğunu qeyd edən dövlət başçısı bu cür halların aradan qaldırılmasının vacibliyini vurğulayıb: “Yerli icra orqanları, icra başçıları öz məsuliyyətlərini dərk etməli, dövlət siyasəti aparmalıdırlar. Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir. İcra başçılarının hər birinə demişəm ki, gedin, insanlara arxa durun, gedin, köməklik göstərin. Gedin, hörmət edin insanlara. Amma bəzi hallarda mən bunu görmürəm”.
Prezident bildirib ki, hər bir dövlət məmuru öz vəzifə borcunu şərəflə yerinə yetirməli, insanlara qulluq etməli və təvazökar olmalıdır: “Hər bir icra başçısını vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm: inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət! Ancaq bəzi hallarda təvazökarlıqdan, ümumiyyətlə, söhbət getmir”.

Cəmiyyətdə normal davranış qaydalarının olduğunu vurğulayan dövlət başçısı qanunlara əməl etməyənlərin, adət-ənənələrimizi pozanların cəzalandırılacağını bildirib: “Bizi millət kimi saxlayan bizim ənənələrimizdir, adətimizdir, davranış qaydalarıdır. İndi bunu pozmaq istəyənlər öz cəzasını alacaqlar”.

Əslində ölkə başçısını narahat edən məqamlar cəmiyyətin, xalqın içində yaşanan münasibətləri ehtiva edir. Prezidentin fikirləri yerlərdə insanlara sanki “ürəklərindən çıxan tikan” təsiri bağışlayıb. Çünki vətəndaşlar əksər hallarda yerli məmurların kobudluğundan, özbaşınalığından narazıdır. Adi “JEK”də rəhbər vəzifədə çalışan məmurdan tutmuş, yüksək postda oturanlara qədər əksər məmurların vətəndaşlara münasibətinin qəbuledilməz olduğu sirr deyil. İnsanlar adi problemlərini həll etmək istərkən, məsələn, əl boyda arayış almaq üçün belə problemlərlə üzləşir, süründürməçiliyə salınır, günlərlə növbələrdə gözlədilir, kobudluqla qarşılanırlar, onlardan rüşvət istənilir. Elə dövlət idarələrində, icra strukturlarında vətəndaşların qəbullarda üzləşdiyi problemlər buna misaldır. İnsanlar bəzən nəinki məmurların, hətta həmin idarələrin sıravi işçilərinin də kobud münasibəti ilə qarşılaşırlar. Vətəndaşların müraciətlərinə o qədər etinasız yanaşılır ki, onlar bir daha həmin ünvana yenidən müraciət etmək istəmirlər. Süni surətdə çözülməyən problemlər insanların səbir kasasını daşdırır. İş o yerə gəlib çatıb ki, bu pozuntular, özbaşınalıqlar dövlət başçısı səviyyəsində səsləndi.

Hərçənd, ölkəmizdə 2007-ci ildə qəbul edilən “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanun bu cür məmurlardan şikayət etməyə və onları cəzalandırmağa imkan verir. Belə ki, qanun dövlət qulluqçularından davranışlarında daha diqqətli və intizamlı olmağı tələb edir. Əks halda, onları ciddi cəza gözləyir. Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilovun mediaya verdiyi açıqlamasına görə, intizam məsuliyyətinin töhmət, vəzifə maaşının 1 il müddətində 5 faizdən 30 faizə qədər azaldılması və dövlət qulluğuna xitam verilməsi kimi növləri var. Üstəlik, dövlət qulluqçuları tərəfindən etik davranış qaydaları pozulduqda, onların məsuliyyətə cəlb edilə bilmələri birbaşa qanunda da göstərilib. İntizam məsuliyyətinə cəlb etməyə əsas isə ilk növbədə fiziki və hüquqi şəxslərin müraciətləridir. KİV-in hər hansı dövlət qulluqçusu tərəfindən etik davranış qaydalarının pozulması haqqında məlumatı da məsuliyyətə cəlb olunmaq üçün əsas götürülür. Təəssüf ki, qanunda ciddi sanksiyalar nəzərdə tutulsa da, məmurların etik davranış qaydalarını pozmaları halları müşahidə olunmaqdadır. Elə ölkə başçısının konfransda səsləndirdiyi kimi...

Dövlət başçısı həmçinin, məmurların özləri, ailələri üçün böyük məclislər, təmtəraqlı toylar, yubileylər təşkil etmələrinin, bahalı hədiyyələr alıb-vermələrinin yolverilməz olduğunu qeyd edib: “Yaraşırmı bu, dövlət məmuruna?! Bu, həm yerli icra orqanlarına, həm də mərkəzi icra orqanlarının rəhbərlərinə aiddir. Ona görə, hesab edirəm ki, bu sözlərdən sonra özlərini yığışdıracaqlar, özləri və onların ailə üzvləri, uşaqları”.
Qeyd edək ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda hədiyyə alma ilə bağlı məhdudiyyətlər yer alıb. Belə ki, vəzifəli şəxs mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. O cümlədən, məmur xidməti vəzifələrinin icrası ilə əlaqədar bir il ərzində hər hansı fiziki və ya hüquqi şəxsdən ümumi məbləği 55 manatdan yuxarı olan bir və ya bir neçə hədiyyəni qəbul edə bilməz. Belə ki, vəzifəli şəxsə qanunsuz maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, onlardan imtina etməlidir. Hələlik isə bəzən vəzifəli şəxslərin ağlasığmaz hədiyyələrinin məbləği barədə faktlar açıqlansa da, indiyə qədər hansınınsa bahalı hədiyyədən imtina etməsi, bu barədə birbaşa rəhbərinə məlumat verməsi və ya işlədiyi dövlət orqanına akt üzrə təhvil verməsi haqqında məlumata rast gəlinməyib. Göründüyü kimi, real mənzərə tamam ayrı – qanuna zidd vəziyyəti ortaya çıxarır. Ölkədə çox bahalı toy məclisləri, yubileylər, ad günləri təşkil edilir. Hətta xarici ölkələrdən müğənnilər dəvət olunur, onlara bahalı, əntiq hədiyyələr, başgicəlləndirən məbləğdə pullar verilir. Sonradan mərasimlər bitsə də, səs-sədası nə mətbuatdan yığışır, nə də dillərdən.

Göründüyü kimi, ölkə başçısı xalqın, sadə vətəndaşların ürəyindən keçənləri dilə gətirdi, ölkə vətəndaşına nə qədər dəyər verdiyini nümayiş etdirdi. İndi qaldı yerlərdəki kiçikdən-böyüyə bütün məmurların özlərini düzəltməsi. Burada artıq təkcə vicdan məsələsi rol oynamır. Tələb olunan qanunun aliliyinə hörmət, vəzifə borcu, məsuliyyət və insanlara qayğı-diqqətdir.

Təranə Məhərrəmova