AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Düşmənə xəbərdarlıq

Düşmənə xəbərdarlıq

Siyasət
19 Fevral 2021, 15:45 830
Azərbaycan imkan verməyəcək ki, erməni faşizmi bir daha başını qaldırsın
 
Ötən il cəmi 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoydu. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimiz düşmən tapdağı altında olan torpaqlarımızı azad etdi. Minlərlə canlı qüvvəsini, yüzlərlə hərbi texnikasını itirən, ordusu məhv olan, əsgərləri pərən-pərən düşən, fərarilik edən Ermənistan ağ bayraq qaldıraraq təslim oldu, noyabrın 10-da kapitulyasiya aktına imza atdı. Normal dövlət və millət bundan ibrət götürər, bir daha başqa ölkənin, xalqın torpağına göz dikməz, işğalçılıq eşqi ilə yaşamaqdan əl çəkərdi. Lakin əfsus ki, Ermənistanda bunun əksi müşahidə olunur. Döyüş meydanında silah-sursatını, mövqeyini, hərbi texnikalarını, işğal altında saxladıqları yaşayış məntəqələrimizdə isə qadınını, qocasını, uşağını qoyub qaçan ermənilərin sabiq və indiki hakimiyyət təmsilçiləri Azərbaycan ünvanına sərsəm bəyanatlar səsləndirməkdədirlər. Əsgərlərimizin ayaq səslərini, pilotsuz təyyarələrimizin nəriltisini eşidəndə siçan deşiyində gizlənənlər indi "cəsarətlənib” Azərbaycana qarşı yenidən təşkilatlanmaq, savaşmaq istəyirlər. Xocalı soyqırımının günahkarları, uşaq qatilləri Robert Köçəryan, Serj Sarkisyan, eləcə də hazırkı baş nazir Nikol Paşinyana müxalif olan digər revanşist qüvvələr ölkəmiz əleyhinə bəyanatlar verir, müxtəlif təxribatlara əl atırlar. Görünür, başlarına dəyən dəmir yumruğun dadını unuda bilmir, təkrar əzilməyə, alçalmağa, məhv olmağa həvəs göstərirlər.
 
Prezident İlham Əliyev fevralın 14-də Laçında səfərdə olarkən bu məsələyə diqqət çəkərək, bu gün də Ermənistanda revanşist qüvvələrin baş qaldırmağa çalışdıqlarını vurğulayıb. Qeyd edib ki, onlar bu yolla Azərbaycanı növbəti təxribatlarla, müharibə ilə hədələməyə çalışırlar. Dövlətimizin başçısı bəyan edib ki, ölkəmiz belə hallara qətiyyən imkan verməyəcək: "Onlar anlamalıdırlar ki, biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik. Heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın. Biz erməni faşizmini məhv etmişik. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq. Onları torpaqlarımızdan rədd etmişik. Ermənistan ordusunu demək olar ki, məhv etmişik. Ermənistan ordusu yoxdur, dağılıb. Həm texnika dağılıb, həm canlı qüvvə dağılıb. Özləri etiraf edirlər ki, müharibə zamanı onların 10 min fərarisi olubdur. Azərbaycan Ordusunda isə nəfər də fərari olmayıbdır. Bu, xalqımızın, Ordumuzun yüksək mənəvi ruhunun təzahürüdür. Aparılan siyasətin təzahürüdür. Biz döyüş meydanında Qələbə qazandıq. Biz bu torpaqları vuruşaraq işğalçılardan azad etmişik. Ermənistanı məğlub edib məcbur etdik ki, noyabrın 10-da kapitulyasiya aktına imza atsın və Laçın, Kəlbəcər, Ağdam rayonlarını məcbur olub bizə qaytarsın”.
 
Mövzu ilə bağlı Milli Məclisin deputatı Azər Badamov bildirib ki, erməni müxalifəti populist revanşist fikirlər səsləndirməklə erməni ictimaiyyətin könlünü almağa və hakimiyyət çevrilişini etməyə çalışır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün bu revanşist fikirləri həyata keçirmək üçün erməni ordusu yoxdur: "Biz erməni ordusunu darmadağın etmişik, məhv etmişik. 10 noyabrda imzalan üçtərəfli bəyanat Ermənistanın və erməni ordusunun kapitulyasiya aktı idi. Baxmayaraq ki, ermənilər populist çıxışlar edirlər, realllıq odur ki, ermənilərin özünə gəlməsi üçün onillər lazım olacaq. Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində öz sözünü deyib və 10 noyabrda imzalanan üçtərəfli bəyanat ölkəmizin ərazi bütövlüyünü təmin edib. Bu gün həmin ərazilərə müasir həyatın qaytarılması istiqamətində yenidən qurma və bərpa işləri sürətlə davam etdirilir”.
 
"Onlar anlamalıdırlar ki...”
 
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva qeyd edib ki, Prezident İlham Əliyev hər zaman prinsipiallıq, yenilməz iradə nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə edib. Deputatın fikrincə, Vətən müharibəsinin gedişində, ümumiyyətlə, danışıqlar prosesinin müxtəlif mərhələlərində Prezident İlham Əliyevin göstərdiyi prinsipiallıq və qətiyyət, milli maraqlarımızı cəsarətlə müdafiə etməsi, böyük diplomatik məharəti, dəqiq, məqsədyönlü, ardıcıl siyasət aparması qazanılmış tarixi qələbənin məntiqi nəticəsidir: "Azərbaycanın gücü, potensialı və strateji yanaşması bölgədə yeni reallıq yaradacaq. Güclü və böyük iqtisadi potensiala malik Azərbaycanın işğaldan azad edilmiş ərazilərin sürətli inkişafına nail olacaq, bu bölgələrin ən qabaqcıl standartlara uyğun yenidən bərpa edilməsi, orada yaşayan əhalinin rifahı üçün bütün addımlar atılacaq və bütün bunlar həmin regionda yaşayan bütün insanlar üçün yeni perspektiv açacaq. İmzalanmış bəyanat ardıcıl şəkildə icra edilir. Belə bir vaxtda Ermənistanda revanşist qüvvələr baş qaldırmağa, Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar. Amma bütün bunlar əbəsdir. Prezident İlham Əliyev Laçın rayonunda olarkən bəyan etdi ki, "Biz hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın”. Ona görə də erməni tərəfi başına gələnlərdən ibrət dərsi götürməlidir. Onlar anlamalıdırlar ki, təxribatçı əməllərlə, bəyanatlarla heç nəyə nail ola bilməzlər. Çünki Azərbaycanın gücünü gördülər. Ermənistanın gələcəyi öz qonşuları ilə normal əməkdaşlıqdan asılıdır”.
 
"Ermənistan üçün ən yaxşı yol...”
 
Milli Məclisin deputatı Afət Həsənova da hesab edir ki, ermənilərin Azərbaycanı növbəti təxribatlarla çəkmək, müharibə ilə hədələmə cəhdləri əvvəlcədən iflasa məhkumdur və intihardan başqa bir şey deyil. Millət vəkili bildirib ki, 44 günlük müharibədə ordusu məhv olan, siyasi böhran, iqtisadi tənəzzül, dərin sosial problemlər bataqlığında çabalayan Ermənistanın bu cür revanşist fikirlər səsləndirməsi, sadəcə gülüş doğurur: "Ermənilər mövcud vəziyyətdən nəticə çıxarmalı, revanşist fikirlər səsləndirmək əvəzinə düşdükləri dərin böhrandan çıxmaq haqqında düşünməlidirlər. Bu gün Ermənistan bütün sahələrdə Azərbaycandan kifayət qədər geri qalır. Ermənistan bu gün müharibənin acı nəticələri ilə baş-başa qaldığı, ordusu məhv olduğu halda, Azərbaycan yeni hərbi təlimlərə başladı. Ermənistan hərbiçilərini ixtisara saldığı halda, Azərbaycan 2021-ci ilin dövlət büdcəsində müdafiə xərclərini artırdı. Bu, sadəcə kiçik bir müqayisədir. Elə buradan aydın görünür ki, revanşist fikirlər, sadəcə bir xülyadır, özünü intihara sürükləməkdən başqa bir şey deyil. Ermənistan prezidenti Armen Sarkisyan özü etiraf etdi ki, müharibədə ölənlərin ailələrinə, yaralananlara dəstək göstərməyə, onlara pensiya verməyə imkanları yoxdur. Baxın, hərbi texnikası 44 günlük müharibədə məhv edilib, hərbiçilərini ixtisar edir, pensiya verə bilmir. Belə olan halda Ermənistan hansı yeni müharibəyə başlaya bilər?! Revanşist fikirlər səsləndirənlər bilməlidirlər ki, Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı təcrübədən irəli gələrək öz ordusunun peşəkarlığını daha da artırır. Ermənilər onu da bilməlidirlər ki, Azərbaycan 44 günlük Vətən müharibəsində hərbi potensialının yalnız bir hissəsini istifadə etdi. Ermənistan ölkədə tam səfərbərlik elan etdiyi halda, Azərbaycan qismən səfərbərlik elan etdi, hətta çağırılanların da hamısı döyüş əməliyyatlarına cəlb edilmədi, yəni ehtiyac olmadı. Hərbi texnikanın da yalnız bir hissəsi döyüş əməliyyatlarında istifadə olundu. Nəticə olaraq Azərbaycan Ordusunu qismən döyüşlərə cəlb etməklə Ermənistan silahlı qüvvələrini məhv etdi”.
 
Deputat vurğulayıb ki, Azərbaycan dövləti bundan sonra da öz Ordusunun qüdrətini, peşəkarlığını artıracaq, Silahlı Qüvvələrimiz yeni müasir silahlarla təchiz ediləcək: "Bunun üçün Azərbaycanın geniş imkanları, iqtisadi əsasları var. Cənab Prezident İlham Əliyev dediyi kimi, "dəmir yumruq” hər an hazırdır və erməni faşizmi yenidən baş qaldırdığı halda, yenə də düşmənin başını əzəcək. Ermənilər nəzərə almalıdır ki, onların revanşist fikirləri, sadəcə xülyadır və onların sonu ola bilər. Tarix göstərir ki, müharibədən sonra revanşa cəhd edən ölkələr daha dərin iflasa uğrayıblar, daha ağır itkilər verərək çətin vəziyyətə düşüblər. Tarixdə bununla bağlı çoxlu sayda misallar var. Əgər Ermənistan da revanşist iddiaya düşsə, yenə ağır itkilərə məruz qalacaq. Ermənistan üçün ən yaxşı yol bu absurd iddialardan əl çəkib qonşuluq, əməkdaşlıq, iqtisadi layihələrdə iştirak etmək kursunu tutmaq olar”.
 
"Bu cəhdin uğursuz aqibəti...”
 
Milli Məclisin deputatı Cavanşir Feyziyev qeyd edib ki, hərbi məğlubiyyət Ermənistan siyasi mühitində böyük canlanma yaradıb. Onun sözlərinə görə, erməni cəmiyyəti təslim aktının kədərini və məyusluğunu yaşadığı bir zamanda erməni siyasətçilər fürsətdən yararlanaraq taleyinə təslimçilik aktını imzalamaq missiyası düşən Paşinyanı devirmək və siyasi hakimiyyətə yiyələnmək üçün mübarizə meydanına atılıblar: "2018-ci il inqilabından sonra keçirilən seçkilərdə uğursuz olmuş çoxsaylı cırtdan partiyaları təmsil edən psevdo-siyasətçilər daha çox vətənpərvər olduqlarını göstərmək üçün revanş şüarı altında birləşdilər və hələ də müharibənin ağır itkilərinə yas tutan xalqı meydana çağırdılar. Müharibənin nəticələrini dəyişmək kimi cəlbedici şüarların bolluğuna baxmayaraq, xalq onları dəstəkləmədi və onlar az sonra meydanda tək qaldıqlarını gördülər. Bütün müxalif güclərin hazırkı hakimiyyətə qarşı yönəlməsinə baxmayaraq, məqsədlərin müxtəlifliyi də nəzərdən qaçmır. Müxalifət revanşizmi ilə saxta birlik nümayiş etdirən Koçaryan və Sarkisyan cütlüyünün revanşizmi əslində müharibənin nəticələrinə qarşı deyil, məhz Paşinyan hakimiyyətinə qarşı yönəlib. Onların məqsədi heç də müharibənin nəticələrin aradan qaldırmaq yox, cinayət araşdırmalarına qarşı öz şəxsi təhlükəsizliklərini təmin etməkdən ibarətdir. Çünki, Paşinyan hökuməti, öz növbəsində, tədricən müharibə şokundan ayılmağa başlayır. 10 Noyabr Bəyanatından uzaqlaşan hər gün, laxlamış Paşinyan hökumətinin mövqeyini bir qədər möhkəmləndirir. Müharibə mövzusunu qapadaraq yenidən islahatlar haqqında anonslar verən hökumət üzvləri getdikcə "köhnə qvardiya”ya qarşı daha inamlı müqavimət göstərirlər. Beynəlxalq təmaslarda üçtərəfli Bəyanatın müddəalarına sadiqliyini təkrarlamaqdan başqa çarəsi qalmayan baş nazir, daxili siyasətində xalqı islahatlar yolunun doğruluğuna inandırmağa çalışır və hətta regional əməkdaşlığa hazırlıq haqqında mesajlar da verməyə başlayır. Hələlik vahid blokda çıxış edən Ermənistan müxalifəti fevralın 20-də növbəti mitinqini keçirməyə hazırlaşır. Müxalifət liderlərinin verdikləri açıqlamalara görə, bu, Paşinyan hökumətinə qarşı son və həlledici həmlədir. Ermənistanda siyasi mübarizənin bugünkü mənzərəsi isə onu göstərir ki, gözlənilən mitinq müxalifətin özü üçün də son və həlledici cəhddir. Bu cəhdin uğursuz aqibəti erməni revanşistlərini uzun müddət üçün siyasət səhnəsindən uzaqlaşdıra bilər”.
 
Rufik İSMAYILOV