• cümə axşamı, 28 mart, 19:04
  • Baku Bakı 13°C

Düşmən təxribatlarının arxasında dayanan məkr

28.08.20 17:49 2806
Düşmən təxribatlarının arxasında dayanan məkr
Ekspertlərin fikrincə, Ermənistan təxribatları ilə Azərbaycanın cavab reaksiyasına nail olub, bunu ölkəmizin aqresiyası kimi təqdim etmək istəyir


Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat cəhdinin qarşısı alındı. Lakin bundan sonra ermənilərin həm sərhəd, həm də təmas xəttində təxribatları intensiv xarakter alıb. Maraqlıdır ki, Tovuz hadisələri zamanı Azərbaycan Ordusundan layiqli cavabını alan ermənilər yenə də sakit oturmaq niyyətində deyil. Bəs görəsən, ermənilərin diversiya-təxribat cəhdlərinin artması nə ilə bağlıdır. Bu fəallıq haradan qaynaqlanır?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elşad Mirbəşirbildirdi ki, son dövrlərdə işğalçı Ermənistanın dövlətimizə qarşı təxribat xarakterli hərəkətləri xüsusilə artmaqdadır: "Ona görə "xüsusi” deyirəm ki, işğalçı Ermənistan davamlı olaraq Azərbaycana qarşı təxribatlar törədir. Son dövrlərdə artan təxribatları bir neçə amillə izah etmək olar. Düşünürəm ki, hər şeydən öncə Ermənistan Azərbaycanın getdikcə güclənməkdə olan beynəlxalq nüfuzundan ciddi narahatlıq keçirir. Azərbaycanın həyata keçirdiyi hücum diplomatiyası artıq öz səmərəsini nümayiş etdirməkdədir. Ölkəmizin münaqişə vəziyyətində ədalətli mövqeyi intensiv olaraq qəbul olunmaqdadır, dəstəklənməkdədir. Bütün beynəlxalq platformalarda sərgilənən əsas mövqe ondan ibarətdir ki, Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkündür. Yəni bir sözlə, münaqişə vəziyyətində Azərbaycanın siyasi potensialının güclənməsi işğalçı Ermənistanı ciddi narahat edir. Çünki bu, uyğun olaraq danışıqlar masası arxasında da Azərbaycanın siyasi imkanlarını genişləndirmiş olur. Düşünürəm ki, işğalçı Ermənistan təxribatlar törədərək Azərbaycanın cavab reaksiyasına nail olub və bunu ölkəmizin aqresiyası kimi beynəlxalq ictimaiyyətə təqdim etmək istəyir. Lakin Ermənistan bu istiqamətdə heç bir uğur qazana bilmir. Bu gün ölkəmiz beynəlxalq informasiya məkanında da kifayət qədər fəaldır. Ermənilərin təxribatları ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə daha intensiv və əsaslandırılmış şəkildə çatdırır. Müvafiq olaraq, Ermənistan Azərbaycana qarşı həyata keçirdiyi hər bir təxribatın ağrısını-acısını özü yaşamalı olur. Bir tərəfdən Azərbaycanın qətiyyətli cavab reaksiyası ilə üzləşir, ciddi itkilər verir, digər tərəfdən də formalaşmış işğalçı, vandal obrazını daha qabarıq şəkildə göstərmiş olur”.

E.Mirbəşir qeyd etdi ki, Ermənistanda olduqca gərgin sosial-iqtisadi vəziyyət var və Azərbaycana qarşı təxribatların arxasında dayanan məqamlardan biri də budur: "İşğalçı ölkədə siyasi münasibətlər olduqca ziddiyyətlidir. Populist Nikol Paşinyanın elektoratı getdikcə seyrəlməkdədir. Nəzərə almaq lazımdır ki, bu gün Paşinyana qarşı müxalif cinahın əhəmiyyətli dərəcədə gücləndiyi müşahidə olunur. Belə olan halda Paşinyan özünün hakimiyyətini qorumaq üçün ən uyğun yollardan biri kimi Azərbaycana qarşı təxribatlar törədərək cəmiyyətin diqqətini mövcud sosial-iqtisadi vəziyyətdən və daxili siyasi çəkişmələrdən kənara yönəltməyə çalışır. Bu baxımdan hesab edirəm ki, ölkəmizə qarşı siyasətində həmişə terror elementlərinə istinad edən Ermənistanın təxribatları intensiv xarakter alıbdır.
Ümumilikdə isə onu deyə bilərəm ki, erməni xalqı vandaldır və onlar heç bir qonşusu ilə dinc, yanaşı yaşamaq istəyində və iqtidarında deyil. Yeri gəlmişkən vurğulayım ki, 1992-ci il avqust ayının 28-də erməni vandalları Laçın rayonundan didərgin düşərək Goranboy rayonunun Ballıqaya kəndinə pənah gətirmiş soydaşlarımıza qarşı cinayət törədiblər və bu faciəni də xalqımıza yaşadıblar. Bu faciədə dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirəm. Bunu xatırlatmaqla onu qeyd etmək istəyirəm ki, ermənilər Azərbaycan xalqının düşmənidir və biz də hər zaman onlara qarşı barışmaz olmalıyıq”.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirdi ki, Tovuz hadisələrindən əvvəl də, sonra da Ermənistan tərəfinin diversiya-təxribat qruplarının fəaliyyəti davamlı xarakter alıb: "Hələ Tovuz istiqamətindən sonra bir-iki istiqamətdə də Ermənistan ordusunun təxribatları müşahidə olunub və bu cəhdlərin qarşısı qətiyyətlə alınıb. Bilirik ki, düşmən atəşkəs rejimini hər gün pozur. Lakin Ermənistan ordusunun bölmələrinə layiqli cavab verilir. Bu gün təmas xəttində olan bütün bölmələrimiz ən müasir müşahidə vasitələri ilə təchiz edilib. Həmin vasitələr Azərbaycan Ordusunun bölmələrinə Ermənistan silahlı qüvvələrinin bütün hərəkətlərini müşahidə etməyə və qabaqlayıcı tədbirlər görərək düşmənin aktivliyinin qarşısını əvvəlcədən almağa imkan verir.
Avqustun 23-də Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu Goranboy istiqamətində təxribat törətməyə cəhd göstərsə də, erməni diversiya qrupunun komandiri əsir götürüldü.

Bu, bir daha onu göstərir ki, Azərbaycan Ordusunun bütün istiqamətlərdə, o cümlədən təmas xəttində yerləşən bölmələri ayıq-sayıqlığını itirmir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”.
Ş.Ramaldanov vurğuladı ki, erməni tərəfi bu faktı gizlətmək üçün həmişə olduğu kimi, bir müddətdən sonra həlak olanları qeyri-döyüş şəraitində itkilər kimi qələmə verdi: "Bu, birinci hal deyil. Təbii ki, bu versiya itkiləri müəyyən dərəcədə cəmiyyətdən gizlətmək üçün ortaya atılacaq. Hər halda, kəşfiyyat qrupunun darmadağın edilməsi ilə ermənilər bir daha əmin oldular ki, Azərbaycan Ordusunun hərbçiləri cəbhənin bütün istiqamətlərində ayıq-sayıqlığı itirmirlər və düşmənin istənilən təxribatının qarşısını almağa qadirdirlər”.

BƏXTİYAR

banner

Oxşar Xəbərlər