• cümə, 19 Aprel, 23:31
  • Baku Bakı 24°C

Durna qatarının Sonası

01.05.19 11:00 8658
Durna qatarının Sonası
Biz nəsil jurnalistlərin həyatında və yaradıcılığında rolu olan elə xanım qələm sahibləri vardı ki, onları həmişə durna qatarına bənzədərdim. Firuzə Nağıyeva, Məryəm Həsənzadə, Sona Bağırova, Tamara Əliyeva, Svetlana Nəcəfova, Tükəzban Əsədova, Pirxanım Qasımova, Mailə Muradxanlı... Xalidə Hasilova da bu qatarın öncülü sayılardı. Hərdən ötənlərə boylananda onların necə fədakar, zəhmətkeş, əzabkeş olduqlarını anladıqca heyrətə gəlirəm. Nə qədər iradəli, daxilən böyük və qüdrətli olasan ki, həm fiziki, həm də mənəvi çətinlikləri dəf edə biləsən. Jurnalistikamızın, eləcə də o füsunkar durna qatarının yeganə Sonası olan əməkdar jurnalist Sona Bağırovanın 90 illik yubileyidir. İllərdir ürəyimdə saxladığım fikirlərimi qələmə alaraq unudulmaz insana hörmət və ehtiramımı bildirmək istəyirəm. Çox arzulayıram ki, şəxsiyyəti, yaradıcılığı ilə örnək olan bu xanım qələm sahibindən gənclər nümunə götürsünlər, ən başlıcası onu yaxından tanısınlar.
Sona Bağırovaya məxsus fikiridir: "İnsan ömrü boyu gördüyü işlərlə, əməllərlə öz şəxsi tablosunu yaradır”. Gözəl deyimdir. Bizim qəhrəmanımız da fəaliyyəti, qələmi ilə məhz öz portretini elə dəqiq və dürüst yaradıb ki, bələdləşdikcə bir şerin nəqarətinə haqq qazandırırsan: "Söz mülkünün tacı Sona...” Yazıçı Cəmil Əlibəyov vaxtı ilə onun barəsində yazırdı "Bizim bircə Sonamız vardı. O, bu qədir-qiyməti, pak imanı, dupduru halallığı, tərtəmiz abır-isməti, kimsənin imdadına çatmaq üçün xeyirxahlığa tələsməsi, uğur və sevinclərini hamı ilə bölüşmək məcazı, şücaəti, xas polad təki qeyrəti ilə qazanıb. Üstəlik də istedadı, qələm səmimiliyi ilə!”
Sona Bağırova 1 may 1929-cu ildə Bakının Bülbülə qəsəbəsində anadan olub. Uşaqlıq və ilk gənclik illəri II Dünya müharibəsinin ağır dövrünə təsadüf edib. Yadımdadır bir dəfə söhbət əsnasında demişdi ki, hərdən "Bizim Cəbiş müəllim” filminə baxanda öz həyatımı xatırlayıram. 1952-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdikdən sonra təyinatla "Azərbaycan gəncləri” qəzetində işə başlayıb. Hələ tələbəlik illərindən respublika mətbuatında məqalələri ilə çıxış edən Sona Bağırov düz 40 il bu qəzetin redaksiyasında çalışıb. Etiraf edək ki, "Azərbaycan gəncləri” qəzeti ötən əsrin ən nüfuzlu, sevilən, seçilən qəzetlərindən biri olub. Özünün etirafıdır: "Müharibədən sonrakı illərdə ömrümün səhifələrinə məşəqqətli günlər yazılsa da, bütün çətinliklərə dözür, yaxşı oxumağa, jurnalist peşəsinə yiyələnməyə çalışırdım”. 90-cı illərdən sonra "Açiq söz”, "”Bakı post” və digər qəzetlərdə çalışsa da, "ömrümün qızıl günləri "Azərbaycan gəncləri” ilə bağlıdır” deyərdi.
Onun necə cəsarətli və qeyrətli qələm sahibi olması ilə bağlı bildiyim bir neçə faktı demək istərdim. 1956-57-ci illərdə Sona Bağırovanı Moskvaya Komsomol məktəbinə oxumağa göndəriblər. Dünyanın müxtəlif ölkələrindən bura təhsil almağa gələrdilər. Sona xanım xatırlayardı:”Bizə görkəmli alimlər, siyasətçilər, dövlət vəzifəliləri mühazirə oxuyurdular”. Həmin illər Azərbaycan K.P. MK-nın birinci katibi M.C. Bağırovun həbs edildiyi dövrə təsadüf edirdi. SSRİ üzrə bütün yerlərdə onun əleyhinə təbliğat kampaniyası aparılırdı. SSRİ-nin baş prokuroru Rudenko (M.C. Bağırova ölüm hökmü onun tələbi ilə verilib.) geniş auditoriyada M.C. Bağırovun dəhşətli əməllərindən danışıb, onu xarici düşmənlərə satılmış casus, Vətən xaini adlandırıb. Sona xanım o günləri belə xatırlayırdı: "Düzü, Mircəfər Bağırova qarşı məndə lap uşaqlıqdan ikrah hissi oyanmışdı. Kəndimizin yaxşı adamlarını, xüsuisilə vəzifəli, gələcəyi olan cavanları güdaza verən bir cəllada anam həmişə qarğış tökərdi. Bununla belə, Moskvada, müxtəlif millətlərin iştirak etdikləri bu geniş auditoriyada azərbaycanlıya "casus”, "xain” damğası vurulması heysiyyatıma toxunurdu. Məni hövsələdən çıxaran bir də o idi ki, ittihamçı Azərbaycanın ən yaxşı oğullarını qətlə yetirən digər cəlladların - Markaryanın, Qriqoryanın, Sumbatovun- Topuredzenin adlarını çəkmirdi. Hədəf ancaq azərbaycanlı idi. Dözə bilməyib Rudenkoya yazılı surətdə suallarımı göndərdim. Əslində, bu, baş prokurora meydan oxumaq kimi alındı: "Siz hansı əsaslarla M.C. Bağırovu xarici düşmənlərə satqınlıqda ittiham edirsiniz? Vətən xaini də öz doğma övladını cəbhəyə-güllə qabağına göndərərmi?” Bununla da çək-çevirlər, danışdırmalar, məlumat toplamaqlar başlayıb. Əvvəl soyadların eyni olması onları şübhəyə salıb. Elə zənn ediblər ki, Sona xanım M.C. Bağırovun qohumudur. Nəhayət tutarlı dəlil tapılmadığından onu rahat buraxıblar.
1988-ci ildən başlayaraq ta Şuşa və Laçın erməni qəsbkarları tərəfindən işğal edilənədək Qarabağın ən təhlükəli yerlərinə gedir, millətimizin başına gətirilən müsibətləri qələmə alırdı. Dəfələrlə gülləbarana da düşüb, salamat qurtarıb. Deyərdi ki, Allahın elə bil mənə yazığı gəlirdi. Həmişə özümlə qızım Sevinci də aparırdım. Çox bəlalardan qurtulmuşdu. Ağdərədə bir əsgərimizin fədakarlığı nəticəsində minaya düşməkdən qorunmuşdu. 1995-ci ildə Bakıda 300 nəfərin həlak olduğu metro qəzasından ( daha doğrusu, dəhşətli terrordan-F.X.) sağ çıxmışdı. Özünün bir yazısında oxumuşdum ki, Qarabağ hadisələrinin təzə qızışdığı vaxtlarda akademik Zemfira Verdiyevanın başçılığı ilə Xankəndinə gediblər. Gecələr köhnə vaqonlarda qalır, gündüzlər isə Qarabağdakı sovet əsgərləri arasında təbliğat aparır, tarixdən danışırdılar. Onları haqqı-ədaləti qorumağa çağırırlar. Sona xanım xatırlayırdı ki, vaxtı ilə Qarabağ Qadınlar Şurasının sədri olan Knarik adlı bir erməni "harsın”ı vardı, Bakıya gələndə bizə elə yaltaqlanardı ki... Amma orda onu axtaranda bizimlə heç telefonla danışmadı. Lakin "qəribə də olsa sabahısı ermənilər Bakıdan gələn qadınları qonaq dəvət etdiklərini bildirdilər. Doğrudur, Zemfira xanım bu dəvətə razılıq verməyib. Amma Sona xanım söyləyirdi ki, mən bu görüşə tərəfdar idim. Fikirləşirdim ki, bəlkə erməni analar səhvlərini başa düşərlər. Nəhayət getməyə hazırlaşdıqları vaxt Əlif Hacıyev tənginəfəs halda onların yanına gələrək " nəinki o görüşə, heç hara getməyin, ermənilər sizi girov götürmək istəyirlər. "Sona xanım yazırdı: "Erməni dilində sərbəst danışan, gözəl kəşfiyyatçı, Azərbaycan xalqının qeyrətli oğlu Əlif Hacıyev olmasaydı kim bilir nələr olacaqdı, fitnəkar erməni axçikləri nə cür alçaqlıq edəcəkdilər”.
Şair-publisist Mahmud Qacar Sona Bağırovanın vəfatından sonra yazdığı elegeyada deyirdi:
Xəzərin qayasında işıq olan,
Qələminin mayasında işıq olan.
Üz-gözünün həyasında işıq olan
Söz mülkünün tacı Sona!

Sona Bağırova ötən əsrin sonlarında Məkkəyə ziyarətə gedib. Uzun illər arzusunda olduğu niyyətini gerçəkləşdirə bilib. Səfərlə bağlı təəssüratlarını qələmə aldığı yazıda diqqətimi bir rəqəm də çəkdi: "Sovet dövründə azərbaycanlıların Məkkə ziyarətinə getməsi qadağan idi. Həmin dövrdə 80 min azərbaycanlı məhz dindar olduğu üçün güllələnmişdi. Hələ uşaqlığımdan gücünə, qüdrətinə, vahidliyinə, ədalətliliyinə sidq ürəklə inamım olduğundan 1992-ci ildə müqəddəs yerə-Məkkə ziyarətinə getmək qismətimə düşdü”. Əlini başıma çəkdiyi günü və ilk tanışlığımızı xatırladım.
Mən onun imzasını hələ orta məktəbdə oxuduğum illərdən tanıyırdım. "Azərbaycan gəncləri” çox sevdiyim qəzet idi. Mən də jurnalist olmaq istəyirdim. Bir dəfə bu qəzetdə "Şagird inşa yazır” rubrikası altında Sədaqət Paşayeva adlı bir məktəblinin yazısını oxudum və təsirləndim. Ona bəxtəvərlik verdim ki, belə bir qəzetdə dərc oluna bilib. Redaksiyaya məktub yazaraq arzularımdan söz açdım. Çox keçmədi ki, Sona Bağırovadan cavab aldım. Bir cümləsini indiyə kimi yadımda saxlamışam: "Arzuna çatmaq üçün inadkar ol və bir də dərslərini yaxşı oxu...” Bakı Dövlət Universitetinə qəbul olduğum gün isə divardan asılmış siyahıda Sədaqət Paşayevanın da adını oxudum. Elə ilk gündən dostluğumuz tutdu. Qərarlaşıb redaksiyaya - Sona Bağırovanın yanına getdik. Kimliyimizi bilən kimi bizi bağrına sıxdı, təbrik etdi və dönə-dönə tapşırdı, indi qəzetlərə məqalələr yazın, jurnalist dərc olunmalıdır.
Son kursda oxuyurdum, məni redaksiyaya çağırdılar və qəribə bir yazı tapşırdılar. Bir fırıldaqçı qadın insanları-xüsusi ilə gənc qızları aldadaraq guya fala baxırdı. "Falçı xala, bircə mənim falıma bax” adlı yazım geniş əks-səda doğurdu. Sona Bağırovanın məhəbbətlə "afərin” kəlməsi ürəyimə yağ kimi yayıldı. Çünki bu sözü bizim ideal sandığımız bir qələm sahibindən eşidirdim. Bir qədər sonra "Matan gəldi” felyetonum dərc olundu. Məni ilk təbrik edən və tərifləyən yenə Sona xanım idi. Deməyim odur ki, çox böyük ürəyi və həssas qəlbi var idi. Ömründə xeyrə şər, yalana gerçək, pisə yaxşı deməzdi. Dürüstlük ən böyük meyarı idi. Zahirən sərt, qaşqabaqlı görünərdi, amma elə yumaq təbiətə malik idi ki, onunla davaya gedib, salamat qayıtmaq olardı. Son illər "Sona Bəhrəli” imzası ilə çıxış edərdi. Açığı, bu imza çox xoşuma gəlmişdi. Həqiqətən Sona xanım bəhrəli jurnalist idi. Ömrünün 50 ildən çoxunu mətbuata bağlayan bir qələm sahibi idi. Yüzlərlə məqalənin, felyetonun, tənqidi yazının müəllifi kimi şöhrət qazanmışdı. Amma çox sonra bildim ki, Bəhrəli atasının adı imiş.
Ömrünün 72-ci zirvəsində dünyasını dəyişmiş Sona Bağırova Əməkdar jurnalist, "Qızıl qələm”, Həsən bəy Zərdabi adına mükafatlar laureatı idi. Yaşasaydı biz indi onun 90 illik yubiley mərasiminə yığışardıq. Amma yenə də onu unutmamışıq. Bu mətin və iradəli insandan təkcə gözəl xatirələr, qələmə aldığı yazıları qalmayıb ki... Sona xanımı unudulmağa qoymayan qızları - Sevinc, Sevda, Tamella, arzularını yaşadan gül-nəvələri, tez-tez yada salan biz qələm ardıcılları var. Mərhum jurnalist Camal Qaryağdı deyərdi ki, Sona düzlük təbəssümüdür... Qəlblərdə abidəsini ucaldanların ömrü heç vaxt sona yetməz. Tarixə dönmüş imzası illər boyu araşdırılacaq. Ona həsr edilmiş bir şeirdən gətirdiyim nümunə ilə yazıma yekun vururam:
Qəlbi kövrək, sözü kəskin,
Qələmi ox, Sona xanım!

Flora XƏLİLZADƏ,
Əməkdar jurnalist


banner

Oxşar Xəbərlər