• cümə, 29 Mart, 00:06
  • Baku Bakı 7°C

Dünyanın rəngləri

29.01.20 09:30 4042
Dünyanın rəngləri
Ədəbiyyatımızda daim yaşayan Cabir Novruz həmişə şerlərindən boylanacaq

Qəlbimin üzüntülərinə-daha dəqiq ifadə etsəm, həyatın təzadlarına tab gətirə bilməyəndə şeir oxuyuram (əvvəllər yazardım da), bəzi misraların ahəngindəki haraydan sanki təsəlli tapıram. "Bu dünyanın rəngləri belədir” fikiri ovqatıma sığal çəkir. Haqq dünyasına qovuşmuş Bəxtiyar Vahabzadə,Məmməd Araz, Məmməd Aslan, Xəlil Rza Ulutürk, Söhrab Tahir, Cabir Novruz və digər şairlərin şeirləri ürəyimdə çəkdiklərimin güzgüsünə çevrilir. Etibarsızlığın, xəyanətin, gözləmədiyim zərbələrin ağrılarında çırpınanda son vaxtlar tez-tez Cabir Novruzun bu misralarını az qala bütün aləmə çatdırmaq istəyirəm:
Ən dözülməz ağrılara, acılara tab edirəm,
Şeytandan ümid umuram, iblisə xitab edirəm,
Ürəyimin al qanını döndərib şərab edirəm
Başıma çəkib içirəm, səni unutmaqdan ötrü,
Arzumu kəsib biçirəm səni unutmaqdan ötrü.

Unudulmaz şairimizin poeziyasında dünyanın bütün rəngləri dil açıb. Müəllif böyük ürəklə oxucusunu düşündürür və bəlkə də həyata qaytarır ki, üzülməyə dəyməz.
Ləyaqətli bir ömrün sahibi, yaradıcılığı ilə ədəbiyyatımızın yeni səhifələrini yazmış xalq şairimizin məşhur bir misrası da var: "Sağlığında qiymət verin insanlara". Bir qürur duyur, təskinlik tapırıq ki, Cabir Novruz məhz öz sağlığında istər oxucuları, istərsə də dövlətimiz tərəfindən layiqli qiymətini alıb,
həmişə qədirli və qiymətli olub.
Xalq şairi kimi yüksək fəxri ada layiq görülmüş görkəmli söz sərrafımız Cabir Novruz ümummilli lider Heydər Əliyev tərəfindən Prezidentin fəxri təqaüdünə də layiq görülmüşdü. Yadımdadır ki, bu yüksək təltif münasibətilə onu təbrik edəndə ürəkdən gələn səmimi bir cümlə işlətdi: "Mənim belə bir şeirim var: "Özünü qoru, xalqım". İndi isə üzümü millətimə tutaraq deyirəm ki, özünü qorumaq üçün birinci növbədə Prezidentini qoru". Müdrik və mənalı fikirdir. Xalq yazıçısı Anar şairin "İnsanı tanımaq olmur" adlı kitabına yazdığı ön sözdə sənət dostu haqqında maraqlı fikirlər qələmə alıb: "Cabir Novruzu 40 ildən artıq bir müddətdə tanıyır, ictimai və ədəbi davranışını, rəftarını izləyir, müşahidə edirəm. Bu qırx ildə sakit, təlatümsüz vaxtlarda da, sürətlə dəyişən, püskürən, çalxalanan dövrlərdə də Cabirin həm şair, həm də insan kimi bütün sınaqlardan dəyanətlə, həmişə abrını, vüqarını saxlayaraq çıxdığının şahidiyəm".
Tale elə gətirib ki, xalq şairinin yaradıcılığı ilə bağlı bir neçə dəfə yazmalı olmuşam. Hər dəfə də Cabir Novruzun diqqətinə, ürəyinin genişliyinə heyrət etmişəm. Təşəkkür dolu zənglərindəki həssaslığına valeh olmuşam. Bütün mövzularda uğurlu şeirlərin müəllifi olan Cabir Novruz hər şeydən öncə vətəndaş şair idi. Onun nəzərində bütöv Azərbaycan var idi. Parça-parça edilən, didilən torpaqlarımızın harayı şairi təpədən-dırnağa göynədirdi. Onun poeziyasında bu dərdi doğuran səbəblər dəqiq açılırdı:
Özümüz quzğunlara eylədik ov bu yurdu,
Etdik öz nəfsimizə qurban, girov bu yurdu,
Allah bölə bilməzdi belə bütöv bir yurdu,
Onu öz soyumuzdan bölənlər olmasaydı...
Ömrün belə ağır vaxtlarını içindən keçirən şair yollarımızaçökmüş boranın, şaxtanın yaxasından yapışaraq bu gün də bizi düşündürən poetik ittihamlar qaldırırdı: "Qapımızda yad toxumları olmasaydı, bəlkə də ərzin ən zəngin, xoşbəxt xalqı olardıq". Şairin ən böyük arzusu xalqdan danışanların xalqa layiq olmağında idi. Cabir Novruza ağır gəlirdi ki, dinsiz-imansızlar dindən, qorxaqlar Koroğludan, böhtan quraşdıranlar düzlükdən söz açırdılar. Bunun da nəticəsində yaranan zərbələr hərlənib, fırlanıb Vətənə dəyirdi:
Zaman-zaman bu yurdu neçə yerə böldülər,
Mahallara böldülər, bölgələrə böldülər,
Balaca bir ölkəni ölkələrə böldülər,
İndi bu tayı satır o taydan danışanlar,
Bizi az sayda qoydu çox saydan danışanlar.
1993-cü ildə ömrünün 60 yaşına ünvanlandığı bir rekviyemdə Vətənin ağır günlərini gördüyünə görə pəjmürdə dolu misralar işlədib. "Kaş bu yaşa girməyəydim" söyləyən Cabir Novruz Qanlı Yanvar vəhşətinə, Xocalı dəhşətinə, Qarabağın qara günlərinə içdən gələn bir ah çəkib. Bu şeirin hər misrasından Vətən dərdi duyulur. Xüsusilə də sinəsinə dağ çəkmiş Şuşadan danışanda şairin necə dolub-boşaldığı, göynədiyi misra-misra ürəyimizə köz kimi sıxılır:
Şuşa eşqi, Şuşa dərdi,
Bütün dərdlərdən betərdi,
Bütün dərdlərdən əvvəldi,
Bütün dərdlərdən öndərdi...
Şuşa dərdi ağır dərddi,
yaman dərddi.
Heç dərdə sığmayan dərddən...
O Qalasız yaşamağa haqqım yoxdur,
O Qalasız özüm heçəm,
xalqım yoxdur.
Vətən Cabir Novruzun nəzərində Tanrının özü demək idi. Vətən onun üçün aldığı hava, içdiyi su, qoynuna sığındığı ana kimi dəyərləndirilirdi. Bu səbəbdən də şairin əksər şeirlərində Vətənin mübarək adına bağışlanan poetik deyimlər var:
Gözümün ağı-qarası,
Müşküllərimin çarəsi.
Ən dəqiq nizam-tərəzi,
Meyar mənim üçün Vətəndir.
Şəxsi istəkləri, kreslo naminə Vətənini aldadan, onun torpaqlarını bada verən namərdlər haqqında şairin şeirlərində kəskin münasibət var. O bu xəyanətləri heç cür bağışlaya bilmir. Bu səbəbdən də ölümü deyil, belə şərəfsiz yaşamağı qorxulu sayan şair alınmaz Qala Şuşanın, Qarabağın məhz məsləksizlərin qurbanı olduğunu qələmə alıb.
Həmişə ülvi arzularla, müqəddəs hisslərlə yaşayan Cabir Novruz üzünü Allaha tutaraq göylərdən kömək diləyir: "Təmiz ölmək istəyirəm". İstər həyatı, istərsə də yaradıcılığı ilə şair təsdiqlədi ki, o, saf əqidəli, Vətən sevgili, vətəndaş mövqeli, əsl insan kimi yaşadı və qəlbindən su içən misraları da poeziyamızın solmayan nümunələrinə çevrildi. Ruhunu, təbiətini şeirlərinə köçürməyi bacaran şairimiz uzaqgörənliklə yazırdı: "Məni şeirlərimdə taparsınız".
Vətəndən sonra Cabir Novruzun yaradıcılığında geniş yer verdiyi müqəddəs mövzulardan biri də ana haqqında olan nəğmələrdir. Gəncliyindən ömrünün sonuna kimi anasının ünvanına yönəltdiyi bütün şeirləri bütövlükdə Azərbaycan qadını haqqında deyilmiş ən səmimi və mənalı əsərlərdir. Bu şeirlərin sayı çoxdur. Onların hər birində ana məhəbbəti qarşısında övlad ürəyinin müxtəlif ovqatlarda çırpıntısı,döyüntüsü eşidilir. Allah ucalığında və qüdrətində gördüyü Cabir Novruz yaradıcılığında ana elə bir möhtəşəm yer tutur ki, heç kəsə oxşamayan bu xilqətin qarşısında dönə-dönə baş əymək istəyirsən:
Anadan bu bəşər doğmayıb hələ,
Sənə tay tutulmaz heç kəs, ay Ana...
Mənə qəhmər dura bir Allah belə,
Allah da yerini verməz, ay Ana...
Cabir Novruz düşünən və düşündürməyi bacaran şair idi. Onun şeirləri ruha, idraka qida vermək üçün oxunurdu:
Hələ varlı olmaq zənginlik deyil.
Fərhadlıq deyil ki, dağ yarmaq hələ.
Hər ağırlıq özü hələ yük deyil,
Yaşamaq deyil ki, sağ olmaq hələ.
Həyatı bütün rəngləriylə poeziyada əks etdirən Cabir ona görə də çox sevilirdi, şeirləri dillər əzbəri idi. Şeirlərinin birində deyirdi ki, zaman bizi ələyəcək, zaman kimi ələk olmaz. Həqiqətən də bu, hər kəsin qismətinə çıxmış səadət deyil ki, zamanın ələyində qala bilsin. Nə xoş ki Cabir Novruz adını Azərbaycan ədəbiyyatına, poeziyasına əbədi həkk etdirə bildi.
Onu yaxından tanıyanlar bilirlər ki, nə şairin öz təbiətində iddia var idi, nə də şeirlərində bu hal duyulurdu. Mətləb, fikir aydınlığı Cabir Novruz yaradıcılığının mayası idi. O, həyatı elə real boyalarla, poetik düşüncələrlə şeirlərində təsvir edirdi ki, sanki sözlə bədii tablo yaradırdı. Müəllifin 1998-ci ildə yazdığı "Düz yaşadın, Cabir Novruz" adlı bir şeiri çox mətləblərdən xəbər verir. Şair sanki həmişə özünə, övladlarına, həm də oxucularına bir poetik hesabat verirmiş. Sözün gücünə söykənərək ömrünə ayna tutan Cabir Novruz bu şeirlə öz şərəfli tərcümeyi-halına bir nida qoyub. Başqa bir şeirində isə bizə
xatırladıb:
Bir vaxt bu dünyada mən olmayanda,
Məni taparsınız şeirlərimdə.
Nə yaxşı ki belədir. Əbədi ayrılığın rüzgarları, onsuz keçən illərin soyuqluğu bu böyük şairin qəlblərimizdə ucaltdığı abidəsinə yaxın düşə bilməyib. Ədəbiyyatımızda və yaddaşımızda daim yaşayan Cabir Novruz həmişə şerlərindən boylanacaq.
Flora XƏLİLZADƏ,
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər