Dünyanın qapısının yerini heç kəs bilmir

Dünyanın qapısının yerini heç kəs bilmir

10 İyun 2019, 14:00 3638
"Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət açırıq. Budəfəki həmsöhbətimiz şair Tofiq Nurəlidir. Tofiq müəllimin ən sevdiyi əsər Ələkbər Salahzadənin "Onda bir qız dayanmışdı” şeiridir.
 
– Tofiq müəllim söhbətimizə başlamadan öncə oxucular üçün də danışacaqlarımız daha aydın olsun deyə, bəlkə, haqqında danışacağımız şeiri yada salaq:
– Olar, buyurun...
Onda
bir qız dayanmışdı
dünyanın qapısında.
O qız boydaydı,
o qız biçimindəydi qapı.
Bir su içimində
bilmirəm,
dünyanın içindəmi qaldım,
çölündəmi?!
 
Bilirəm,
qapısı çırpıldı onda!
Onda
bir qız dayanmışdı
dünyanın qapısında,
bir də
bir söz dayanmışdı...
– Çox sağ olun, elə bilirəm söhbətimizin daha aydın olması üçün bu şeriri xatırlamaq yerinə düşdü.
 
– Hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə Ələkbər Salahzadənin "Onda bir qız dayanmışdı” dünyanın qapısında şeiri sizin sevdiyiniz əsərdir?
– Qədim Şərq fəlsəfi düşüncəsini çağdaşlaşdıraraq modern üslubda cəmi bir neçə sözlə ifadə edə bildiyinə və dərin mənalı, dinamik, gərgin sevgi şeiri olduğuna görə bu şeiri sevirəm. Etiraf edək ki, belə sevgi şeiri ədəbiyyatımızda azdır.
 
– Sizcə, şair "dünyanın qapısı” deyərkən haranı nəzərdə tutur?
– Dünyanın qapısının yerini heç kəs bilmir, amma hamı bilir ki, belə bir mistik qapı var. Hər kəs həmin qapıyla haçansa rastlaşır, heyf ki, mütləq əksəriyyət "bu halın” həmin qapı olduğunu dərk etmir. Dünyanın qapısı insanın taleyindədir.
 
– Şeirdə mücərrədlik o qədərdir ki, nəyin kimə aidliyi tam bilinmir. Məsələn, qız kimdir, söz nədir, qapı haradır, "onda” hansı zamandır və s. Sizcə, müəllif nəyə görə fikrini bu qədər üstüörtülü, sirli ifadə edib, bu məqam elə şairin öz xarakteri ilə də haradasa bağlı deyilmi?
– Düz deyirsiniz, burada ilk baxışda bir qapalılıq hiss olunur! Şeirdə mücərrəd görünən hal reallıqla – qız, qapı, qapının qarşısındakı yeniyetmə oğlan, – irreallığın, – dünyanın qapısı, həmin qapıda dayanan söz – qarşılaşmasıdır. Və bu qarşılaşma ömrün sütül çağlarındadır, ömrün ilk məhəbbət çağlarındadır; çox pak, dilə gətirilməsi mümkün olmayan və hətta çarəsiz sevgi anlarında. Bu qapı ilk sevginin doğurduğu anlaşılmaz və hətta tam qavranılmayan maviliklərdəki xoşbəxtliyin qapısıdır.
 
– Şeirdə qapının qızla eyniləşdirilməsi, "qız boyda”, "qız biçimdə” olması hansı mənanı ifadə edir, qapının yalnız ona aidliyini, yoxsa?
– İlk sevgidə sevən üçün seviləndən o yana heç nə yoxdur, hətta o boşluğun özü təsəvvürə gəlmir. Ona görə də dünyanın qapısı da o qızdır, dünyanın özü də o qızdır. Ona görə də dünyanın qapısı da o qız boydadır və hətta dünyanın özü də o qız boydadır.
 
– Şeirdəki müəllif öz yerini də bilmir. Məsələn, bilmir ki, qapı çırpılandan sonra o dünyanın içində, yoxsa çölündə qalıb, dünyanın içindədirsə diridir, çölündədirsə ölü. Bəs o çöl ilə içərinin sərhəddi haradır?
– Artıq bundan o yana böyük poeziya üzə çıxır. Qapı qəfildən çırpılıb, şair harada qaldığını kəsdirə bilmir, elə bu məqamda şeirin dərin qatlarından həzin bir kədər və kəsilməyən göynəklli bir ağrı qalxır. Bu elə o qeyri-müəyyənliyin kədəri və ağrısıdır: görəsən, o söz deyildimi? Burda içəri ilə çölün sərhəddi şairin özündən keçir.
 
– Bu şeirdə o qız elə şeirin özüdür. Bildiyimiz kimi qız bakirəlik simvoludur. Şeiri yazdıran hiss, bəlkə, elə şeirin özü sözə çevrilən an öz bakirəliyini, təmizliyin itirir. Burda isə həmin qız qapının önündə dayanıb, yəni, hələ dünyaya gəlməyib, hələ şeir olmayıb və hələ sözə çevrilib təmizliyini itirməyib. Sondakı misranı düşünün: "birdə, bir söz dayanmışdı..!”
– Böyük şeir, böyük poeziya çoxmənalı olur, çoxçalarlı olur. Sizin mənalandırmanız da bunu bir daha sübut edir. Artıq bu əsərə sizin öz baxış bucağınız var. Bu qız "zalım balası” varlıqla yoxluğun sərhəddində dayanıb. Və onun yanında da hər şeyi ağlagəlməz dərəcədə dəyişəcək bir söz dayanıb. Şair–qız–söz üçbucağında kimdir həlledici? Əlbəttə, şair deyil, öz-özlüyündə qapıda dayanan qız da deyil və hələ ki, dinməz duraraq deyilməmiş söz də deyil. Bunların üçü birdən hərəkətdə olanda dünya qopur. Nə qədər ki, sözə toxunulmayıb bu gərgin status-kov yerində qalır. Həmin o dayanmış sözlə ehtiyatlı olmaq gərək. Çünki, həmin o söz, məqamı çatanda, deyilmədiyi üçün də dünyanı qoparır.
 
– Şeirdə üç obraz var; müəllif, qız, "qapını çırpan”. Obrazlı, lakonik şeirdi, ancaq atmosferində klassik şeirin detalları sezilir Məsələn, Füzulinin…
– Bəli, bu elə həmin qapıdır. Böyük Füzuli babamız bu qapının qarşısına ahıl yaşında gəlib çıxıb və qapını tanıyanda anlayıb ki, illər boyunca beli niyə bu qədər bükülüb: bu qapı dünyadan çıxmaq üçün olan qapıdır və bu çıxış qapısı alçaqdır, belin bükülməlidir ki, bu qapıdan çıxa biləsən... Bu qürub qapısıdır, gedər-gəlməz qapısıdır, sondur. İnsan ömrünün sonda belə faniliyə, puçluğa uğraması çox kədərlidir. Bu kədər qapısıdır! Amma hiss edirsən ki, Füzuli babamız bütün ciddiyətilə bu qapıdan qürurla çıxmaq istəyir. Bu mümkündürmü? Heçliyə, puçluğa qürurla getmək olarmı? Böyük şair yüz illərdir ki, sanki bu qapının ağzında durub və nəsil-nəsil insanlar bilmir ki, ona nə desin? Desinlər ki, çıxma o qapıdan? Bu, mümkün deyil. Desinlər ki, bu qədər əyilmə? – bu da mümkün deyil. Çox düşündürücü, ağrılı, pessimist mənzərədir. Qürub mənzərəsidir. Amma son yoxdur.
İndi isə, qayıdaq Ə.Salahzadənin bu şeirinə. Bəli, yüz illər sonra qarşıda yenə həmin dünya qapısıdır. Amma bu dəfə qapıdan qürub deyil, o qızın simasında sökülən dan yeri görünür; bu qapı sevgi, ilk məhəbbət yaşındadır, bu qapı sevgilərlə aşıb-daşan o qız boydadır. Bu qapıda aşıb-daşan həyat eşqi var! Və bir göz qırpımında qapı çırpılır. Və bilmirsən vəziyyətin daxilindən qopan ağrı nədəndir; qapı çırpılanda dünyanın içərisində qalmağın kədəridir, yoxsa, dünyanın çölündə qalmağın ağrısı?! O söz nə oldu: deyildi, yoxsa deyilmədi? Şair yazmasa da biz hamımız güman edirik ki, bu nə sözdür. Amma heç vaxt bilməyəcəyik bu həzin kədər, bu kəsilməyən ağrı, bu şirin fəlakət nədən oldu; o sözün deyilməyindən oldu, yoxsa o söün deyilməməyindən? Bu, eyni bir dünya qapısı önündə bir ahıl kişinin və sevgi yaşında bir yeniyetmənin qarşılaşdığı əbədi məchulluqdur.
Burada yeri gəlmişkən, bir gileyimi də bildirmək istəyirəm. Bizim ədəbiyyatşünaslarımız, klassik poeziyasevərlər, sanki, Füzulini mühasirəyə alıblar və ona heç kəsi yaxın buraxmırlar. Bu qətiyyən doğru münasibət deyil. Baxın, bu şeirin nümunəsində tamamilə çağdaş modern bir şairin Füzulidən necə təsirləndiyini, Füzuliyə nə qədər yaxın olduğunu. Bu, əslində, Füzulini daha da böyük edir. Anlamaq lazımdır ki, istənilən böyük yaradıcılığın son zirvəsi olmayıb, yoxdur və olmayacaq da. Bu yaradıcılığın yaranış dialektikasıdır.
 
– Şeiri dini motivlərlə əlaqələndirmək olarmı? Qapıdakı söz – "Ol” ifadəsinə, qız isə Məryəm obrazına uyğun gəlir. "Dünyanın içindəmi qaldım, çölündəmi?” misrası da bəşəri suala işarədir – hardan gəlib, haraya gedirik?
– Bayaq da dedim, böyük poeziya – təkcə poeziyamı, həmişə çoxmənalı, çoxçalarlıdır. Sizin bu izahınız mənə maraqlı gəldi. Doğrudan da, bu şeirin bətnində onlar da var və həmin əbədi sual da burada xeyli aydın görünür. Hər halda bu da bir ciddi yanaşma, bir ciddi yozumdur.
 
– Şair qapının örtülməsi ilə dünyanın içində, yoxsa çölündə qaldığını bilmədiyini deyir. Sizcə, şair hansı halda – dünyanın içində, yoxsa çölündə qalması zamanı qız olaraq adlandırdığı həmin varlığa daha yaxın ola bilərdi?
– Necə deyərlər, Kərəmi burda ağlamaq tutur da. Şair sanki qəsdən bizi çox ağrılı bir sualla, çox çaş-baş bir vəziyyətlə üz-üzə qoyur. Deməli, hər oxucunun özünün bir sonluğu yaranır.
 
– Şeirin zamanı poetik ab-havaya necə təsir edir? Qapının ağzında bir qız gözləyir. Qapı da qızın biçimindədir. Bu qapı elə qız keçsin deyə var, qız keçə bilmir. Ancaq keçməlidir. Keçməlidir, çünki qapı ona görə burada var. Keçə bilməsəydi, onda qapı da olmazdı. Qapı ilə qız arasında ekzistensional bir bağlılıq var. Bu bağlılığın bir nöqtəsində zaman dayanıb. "Dünyanın içi ilə çölü arasında" şeirin poetik zamanı donub. Bu şeirin məna çalarlarına necə təsir edir?
– Bu donuqluq anidir, lap, əslində, donuqluq yox, bu içdən qaynayan gərginlikdir. Bu çox dinamik şeirdir.
 Ümumiyyətlə bu şeir, məncə, poeziyamızın "məhəbbət lirikası” adlandırdığımız bölümündə qızıl fonda daxil olmalı bir əsərdir. Şişirtmədən demək olar ki, uzun zamanlar boyu bu yığcamlıqda, belə əhatəli, dərin məhəbbət şeiri yazılmayıb. Ona görə də bu şeiri oxuyanda mütləq Füzulini xatırlamalı olursan. Mənə etiraz edib deyə bilərlər, bəs bayatılar? Amma nəzərə alaq ki, bu sevgi şeirində sevgi haqqında bircə kəlmə belə yoxdur. Şeirin üstün cəhəti budur. Hamı bilir ki, Ələkbər Salahzadə heç kəsə bənzəri olmayan şairdir.
 
Söhbətləşdi: Fərid Hüseyn