• cümə axşamı, 25 aprel, 15:28
  • Baku Bakı 23°C

Dünyanın gözü qarşısında törədilmiş soyqırımı

22.02.19 18:32 561
Dünyanın gözü qarşısında törədilmiş soyqırımı
Hər il olduğu kimi, bu ildə qardaş Türkiyənin bir çox bölgəsində Xocalı faciəsinin növbəti ildönümü ilə bağlı anım tədbirləri keçiriləcək. Faciənin növbəti ildönümü ərəfəsində qardaş ölkənin mediasında soyqırımı ilə bağlı çoxsaylı materiallar dərc olunur. Məsələn, "Yeni akıt” qəzetində dərc edilən məqalədə Anadolu Aydınlar Ocağnını baş katibi professor İbrahim Öztek yazır ki, Xocalı soyqırımı nankor bir toplumun türkə xəyanətkar hücumunun sonuncu nümunələrindən biridir.
O bildirib ki, dünyada ən çox soyqırımına məruz qalan millət türklərdir: "Yalnız Balkanlar, Krım və Qafqazda 10 milyon, Türküstan coğrafiyasında isə altmış milyon soydaşımız yox edilib, bu soyqırımı hazırda Şərq Türküstanda yenə dünyanın gözləri qarşısında hələ də davam etməkdədir”. Onun sözlərinə görə, ermənilər heç bir zaman dövlət və millət kimi formalaşa bilməyiblər. 1800-cü illərdən etibarən də xüsusilə Qarabağ bölgəsinə ruslar tərəfindən Osmanlı Türkiyəsindən və İrandan köçürülüblər. Öztek Azərbaycan və Anadolu coğrafiyasında ermənilərin 2 milyon türk və kürd müsəlmanı qətlə yetirdiklərini, bu məlumatları Qərb alimləri, eləcə də erməni baş nazir Kaçaznunin də etiraf etdiyini yazıb: "Ermənilər 1991-ci ildə Rusiya tərəfindən boşaldılan bazalardan əldə etdikləri silahlarla Qarabağda türk kənd və qəsəbələrini atəşə tuturdular. 1992-ci ilin qış aylarında Xocalını davamlı olaraq bombalayaraq, işğala başladılar. 412 gün mühasirə altında tutduqları Xocalı qəsəbəsinə 2000 nəfərlik qüvvə ilə hücum edərək tarixin ən vəhşi qırğınlarından birini törətdilər. Uşaq, qadın və qocaları ayırmadan insanların başına olmasın müsibətlər açdılar, gözlərini çıxardılar. Xocalı soyqırımı zamanı cinayətkar şəbəkənin başında Sarkisyan və Koçaryan dururdular. Onlar müharibə cinayətkarları elan edilməli, beynəlxalq məhkəmədə mühakimə olunmalıdırlar. Azərbaycan ərazisinin beşdə biri Ermənistanın işğalı altındadır. Azərbaycan maddi və mənəvi dəyərlərdən böyük zərər gördü. Bir milyon azərbaycanlı türku deportasiya edildi”.
Alim yazır: "Türkiyədə 24 aprel günü İstanbulun müxtəlif yerlərində toplanıb şam yandıran, məftil, şəkillər sərgiləyən və "türklər bizə soyqırımı etdi” deyənlərdən və onları Türkiyədə dəstəkləyənlərdən soruşuram: Birinci dünya müharibəsi zamanı qətlə yetirilən iki milyon türk və Xocalı soyqırımında yandırılan günahsız insanlarla bağlı vicdanınız heç əzab çəkirmi?” İbrahim Öztek türklərin hər hansı bir dövrdə soyqırımı törətmədiyini bildirib: "Türkləri günahlandıran insanlar türklərə şükran günü təşkil etməlidirlər”.
Çerkezköy Türk Ocaqlarının sədri Burak Candaş isə bildirib ki, Xocalı faciəsi dünyanın gözü qarşısında törədilmiş bir soyqırımıdır: "Beynəlxalq səviyyədə qəbul edilən qərarlar yalnız kağız üzərində qalıb. İşğal edilən Azərbaycan torpaqları geri qaytarılmayınca, bu qan axan yara sağalmayacaq. Xocalı Azərbaycan türkünün dərdi olduğu qədər, Türkiyə türkünün və hər türkün dərdidir. Qarabağ dərhal Azərbaycana qaytarılmalıdır. Biz ay-ulduzlu Azərbaycan bayrağının bir an əvvəl Qarabağda dalğalanmasını həsrət və səbirsizliklə gözləyirik”.
Yeri gəlmişkən, türk mediası onu da yazır ki, soyqırımının ildönümü ərəfəsində Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası kütləvi aksiyalar keçirəcək. Belə ki, Adana Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi fevralın 28-də professor Aygün Attarın iştirakı ilə ermənilərin Xocalıda törətdiyi soyqırımı ilə bağlı konfrans təşkil edəcək. Bundan başqa, Ankara, Antalya, Balıkesir, Çankale, Derince, Ədirnə, Eskişehir şəhərlərindəki Azərbaycan dərnəkləri ermənilərin tarix boyu törətdikləri terror aktları, həmçinin Xocalı faciəsi ilə bağlı yerli, xarici mətbuat nümayəndələri üçün mətbuat konfransları keçirəcək.
İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyi fevralın 23-də soyqırımı ilə bağlı iclas və fotosərgi təşkil edəcək. İzmir şəhərində isə Azərbaycan dərnəyi Xocalı şəhidlərinin xatirəsinə salınmış parkda anım mitinqi keçirəcək. Dərnəyin rəhbəri Bilal Dündarın sözlərinə görə, fevralın 26-da Kocaeli vilayətində Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası, Heydər Əliyev Mədəniyyət Evinin və İzmit bələdiyyəsinin birgə təşkilatçılığı ilə Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin ətrafında tədbir keçiriləcək. Daha sonra Heydər Əliyev Mədəniyyət Evində KİV nümayəndələri üçün mətbuat konfransı keçiriləcək. Analoji tədbir Körfəz Azərbaycan mədəniyyət və idman dərnəyi tərəfindən də təşkil olunacaq.
"Milliyet” yazır ki, Uludağ Universitetində "Xocalı soyqırımını anma proqramı” təşkil edilib. Universitet rektorunun köməkçisi Mehmet Yüce qəzetə bildirib ki, Xocalı qətliamı üstündən keçib gediləsi bir hadisə deyil, sadəcə, baş verən hadisələr zəncirinin bir halqasıdır. Professor Mete Cengiz bildirib ki, türklər dünya üzərində yaşadıqları torpaqları qorumaq üçün ən çox can və qan verən bir millətdir. "Haberturk” isə yazır ki, Xocalı soyqırımı Manisanın Turğutlu qəsəbəsində də anılacaq. Tədbiri Azərbaycan Mədəniyyət Dərnəyi keçirəcək.
Öz növbəsində, Türkiyənin "Haber Global” telekanalı Xocalı soyqırımı ilə bağlı sənədli film hazırlayıb.Filmdə 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində Ermənistanhərbi birləşmələrinin törətdiyi soyqırımı ilə bağlı məlumatlar verilir. Sənədli filmdə Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş XXəsrin ən böyük cinayətlərindən biri olan bu faciə haqqında geniş bəhs edilib, eləcə də, faciə şahidlərinin insanlığa yönəlmiş qanlı cinayət barədə fikirlərinə yer verilib. Filmdə qeyd edilir ki, əsir düşənlərin məruz qaldığı işgəncələr tarixin utanc siyahısını da utandıracaq səviyyədədir.

Azər
banner

Oxşar Xəbərlər