AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Dünyanın ən gözəl çiçəkləri, dilimizdəki ən qiymətli sözlər Sizə ünvanlanır - Deputat Şəhid Analarını təbrik etdi

Dünyanın ən gözəl çiçəkləri, dilimizdəki ən qiymətli sözlər Sizə ünvanlanır - Deputat Şəhid Analarını təbrik etdi

Cəmiyyət
08 Mart 2021, 10:08 311
"Bu gün dünyanın ən gözəl çiçəkləri də, dilimizdəki ən qiymətli sözlər də Sizə ünvanlanır, Əziz Şəhid Anaları.”

Sabah dünya qadınları 8 Mart-Beynəlxalq Qadınlar Gününü qeyd edəcək. Görəsən nə qədər xoşbəxtdir və ya məmnundur dünya qadınları.. .yaşadıqları həyatdan və cəmiyyətdən?

…Bir doyum yemək üçün onillərdir inildəyən Afrika qadınlarımı, yoxsa uzaq Asiyada Araqanın müsəlman anaları, bəlkə okeanın o tayında irqçilikdən və rasizmdən zülm çəkən siyah dərili xanımlar…

Aralıq dənizində sulara qərq olan və ya Avropada körpəsi əlindən alınaraq, özü qəfəsə tullanan bacılarımız, Orta Doğunun müsəlman qadınları…

Utancverici mənzərədən dünya heçmi xəbərsiz..

Bu insanlıq dramlarını görməmək və unutmaq mümkünmü…Bu faciələri yaşayan və onunla üzləşən bu qadınlar bəlkə də beynəlxalq təşkilatların və hüquq müdafiəçilərinin xoşbəxtlik, saədət, insan və qadın haqları, gender bərabərliyi haqqında pafosla səsləndirdikləri sözlərə nifrət edirlər…

Necə ki, düz 30 il Azərbaycanın bir milyon qaçqın və köçkünü, xüsusilə də, qadınlar öz yurd və yuvalarında faşistcəsinə pozulmuş hüquqlarının bərpası üçün bu təşkilatlardan nicat gözlədilər…Kor və kar oldular.., Bəzən də səsləndirdikləri ikiüzlü fikirlərlə insanların əsəblərini çarmıxa çəkdilər. Əyilməz Azərbaycan xalqı barışmadı bu susqunluqla. Müqəddəs Qarabağ torpağına qovuşmaq Azərbaycan Anasının tək arzusu və tək diləyi oldu. Ana qəlbim odlanır söz düşəndə davadan desə də, dilinin duası və yuxusunun röyası oldu…Dözümün gücü, səbrin sərhədləri tükəndi…

Qətiyyətli və əzmkar Ali Baş Komandan haqq və ədalətin müdafiəsi üçün yenilməz Azərbaycan Ordusuna "irəli” əmri verdi. Elə bir "irəli” əmr ki, bölgədə barışın, dayanıqlı sülhün, əməkdaşlığın və inkişafın əsasına və təminatçısına çevrildi.

Qıza zaman kəsiyində Müzəffər Ali Baş Kamandan və Milli Ordumuz rəşadət və şücaət göstərərək, ədaləti və haqqı bərqərar etdilər.

Qəhrəman və cəsur Azərbaycan əsgəri canından və həyatından keçərək, 44 günlük Vətən müharibəsində müqəddəs torpaqlarımızı Ana Vətənimizə qovuşdurdu. Şərəfimiz və qürurumuz olan Müstəqil Dövlətimizin ərazi bütövlüyü bərpa edildi…. Üçrəngli Bayrağımız Şuşada dalğalandı…arzular çin oldu…

Azərbaycan Əsgəri qanı və canı ilə Dövlət Himnimizin melodiyasına yeni bir ruh verdi…

Əfsanəvi Azərbaycan Əsgəri bir an belə Xocalıdan əsir və girov götürülmüş Ana və bacılarımızın harayını unutmadı…Azərbaycan xalqının milli dəyəri olan namus sözünün hikmət və fəlsəfəsini varlığı və qanı ilə anlamayanlara anladaraq, şəhadətinə qovuşdu…. Hər tökülən bir damla qan Ana Vətənimizin yarasına məlhəm oldu, torpaqlarımız suvarıldı.

Üç minə yaxın Azərbaycan Əsgəri Uca Millətimizin şərəf, fəxarət, ləyaqət, qürur və ölməzlik rəmzinə çevrildi… Onların hər biri Zəfər tariximizin salnaməsinin müəllif və qəhrəmanı oldu. Azərbaycan Qadınının adı və Ana müqəddəsliyi Şəhid oğulların adı ilə bir daha ucaldı.

Bu gün 8 Mart Qadınlar Günüdür. İndi ölkəmizdə üç minə yaxın Ana yaralı ürəyinin çırpıntısı və göz yaşı ilə oğul təbriki gözləyir və gözləyəcək… Nəhayət dözməyərək, özü çiçəklə övladının pişvazına, hər birimizin and yeri olan Şəhidlər xiyabanına tələsəcəkdir…

Əziz Şəhid Anaları,

Qürurumuz, milli kimliyimiz, şərəfimiz olan Zəfərimizə görə Sizlərə borcluyuq…

Başınızı uca tutun. Siz Azərbaycan qadınlarının ən vüqarlısısız. Sizin ürəyinizin ağrısı bütün Azərbaycan anaların ürək ağrısıdır.

Gənclik və gələcək üçün amal və örnək olan Əziz Şəhidlərimiz hər bir ailənin övladıdır.

Bu gün dünyanın ən gözəl çiçəkləri də, dilimizdəki ən qiymətli sözlər də Sizə ünvanlanır, Əziz Şəhid Anaları.
 
Məlahət İbrahimqızı
Milli Məclisin deputatı