Dünyanın ən böyük Frida Kahlo toplusu elektron formatda
"Google
Arts & Culture” tərəfindən reallaşdırılan "Fridanın üzləri” ("Faces of
Frida”) kolleksiyası qəhrəmanın fərqli tərəflərinin canlandırıldığı tabloları
elektron dünyanın istifadəçilərinə təqdim edib. Şəxsi komputerlərlə yanaşı,
"Google Arts & Culture” proqram tətbiqi vasitəsilə mobil telefonlardan da
kolleksiya ilə tanış ola bilərsiniz. Proqram təminatının açıqlamasındakı
məlumata görə, kolleksiya rəssamın əl işləri, yarımçıq qalmış tabloları, şəxsi
albomları, geyimləri, məktubları və günlüklərini özündə birləşdirir. Məhz bu
baxımdan "Fridanın üzləri” proyekti çərçivəsində hazırlanmış bu kolleksiya
rəssamın bütün həyatını özündə cəm edən ən iri topludur.
Qeyd
edək ki, bu kolleksiyanın hazırlanmasına 8 il vaxt sərf edilib. Kolleksiya
üzərində 7 ölkədəki 33 muzeyin xüsusi əməkdaşları çalışıb. Proyekt çərçivəsində
Kahlonun 800-dən çox naməlum əsəri ortaya çıxarılıb. Muzeylərdəki Frida Kahlo
guşələri ilə yanaşı, "Google” şirkətinə məxsus "Art Camera”ların köməyi ilə
rəssamın son nəfəsini verdiyi "Mavi Ev” də daxil olmaqla, yaşadığı 5 mənzilin
iç və çöl görüntüləri kolleksiyaya daxil edilib.
Kolleksiya
haqqında ətraflı məlumatı
"https://artsandculture.google.com/project/frida-kahlo” internet ünvanından əldə edə bilərsiniz.