• cümə, 19 Aprel, 08:18
  • Baku Bakı 13°C

Dünyanın 9-cu ən böyük mobil operatorunda çalışan azərbaycanlı xanım - Uğur hekayəsi

24.04.20 10:00 3806
Dünyanın 9-cu ən böyük mobil operatorunda çalışan azərbaycanlı xanım - Uğur hekayəsi
İradə Vəliyeva: "Uğur qazanmaq üçün risk etməkdən qorxmamaq vacibdir”
Cəsarətli, riskləri sevən və öz üzərində daim çalışandır. Səhv etməkdən, yanlış addım atmaqdan qorxmur. Çünki səhvlərindən daim öyrənib və uğur qazanıb. Ən əsası isə, özünə limitlər qoymur. Əgər hansısa işi bacaracağına inanırsa, mütləq addım atır...

Müsahibimiz Hollandiyada yerləşən, dünyanın 9-cu ən böyük mobil operatoru olan VEON B.V. şirkətində Qlobal (irimiqyaslı) innovasiyalar üzrə menecer vəzifəsində çalışan həmyerlimiz İradə Vəliyevadır.

Bakıda doğulub, böyüyüb. Orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Gömrük işinin təşkili və idarə edilməsi fakültəsinə daxil olub. Deyir ki, satış üzrə bir çox sahədə işlədikdən sonra yoluna Bakcell-lə davam edib. Əvvəlcə, Marketinq və Satış təchizatı üzrə baş mütəxəssis, daha sonra Şəbəkə və İT təchizatı üzrə bölmə rəhbəri, Şəbəkə və İT təchizatı üzrə şöbə rəhbəri , Təchizat və Logistika Şöbəsinin rəhbəri vəzifəsini icra edib. 2014-cü ildə Təhsil Nazirliyinin tam təqaüd proqramı ilə İngiltərədə "Manchester Business School”da (Mançester Biznes Məktəbi) təhsil alıb. Londonda MBA üzrə məsləhətçi, Lüksemburqda proqram üzrə menecer, Moskvada qlobal transformasiya üzrə menecer işləyib. Hazırda Amsterdamda qlobal innovasiyalar üzrə menecer vəzifəsini icra edir: "Təqaüdlə oxudum və yaxşı qiymətlərlə Mançesterdə universiteti bitirdim. İnstitutun təşkil etdiyi konsaltinq proyektlərində, Tokioda araşdırmalarda iştirak etdim. 2016-cı ildə VEON şirkətində işləməyə başladım. VEON-un baş ofisi Hollandiyada - Amsterdamda yerləşir. Həmçinin şirkət Rusiya və Asiyada da fəaliyyət göstərir. 3 il Moskvada menecer kimi işlədikdən sonra Bakıya gəlib bu sahədə təlim keçdim, konfranslarda çıxış etdim. Kiyevdə spiker kimi konfransda iştirak etdim və ötən ilə Moskvadan Amsterdama transfer olundum”.


- Sizcə, uğurun sirri çox çalışmaqdır, yoxsa düzgün çalışmaqdır? Siz uğurunuzu hansı xüsusiyyətinizə borclusunuz?
- Çox çalışmaq və öz bacarığına uyğun iş tapmaq önəmlidir. Əgər işin sənə maraqlıdırsa, deməli, ondan bezməyəcək, çox çalışa biləcəksən. İş sənə maraqsızdırsa, nə qədər özünü məcbur etsən də, işləyə bilməzsən. Ona görə də əsas öz bacarığına uyğun iş tapmalı, sonra çox çalışmalısan. Təhsilli olmaq çox əhəmiyyətlidir. Oxumaq , özünü təkmilləşdirmək və dayanmamaq da çox vacibdir. Mən mütləq treninqlərə gedir, daim öyrənir və ətrafımdakıları da öyrətməyə çalışıram. Həmişə öyrənmək və bu prosesi dayandırmamaq lazımdır. Bəzi insanlar bakalavr yaxud magistratura təhsili bitdisə, öyrənmək prosesini də bitmiş hesab edir və özünü hazır sayır. Bu, səhv düşüncədir. Əgər maraqlı işim varsa və hər gün bu işdən öyrənirəmsə, deməli, uğurluyam. Daim öyrənmək, cəsur olmaq, risk etmək, yeniliklərdən qorxmamaq və özünə güvənmək uğur sirrimdir. Mən səhv etməkdən, yanlış addımlar atmaqdan qorxmuram. Çünki bütün səhvlərim mənə kömək edib. Ən əsası isə, özümə limitlər qoymuram.

- Öz bacarığına uyğun iş tapmaq önəmlidir dediniz. Heç olub ki, işə başlamısınız və sizlik olmadığı üçün yolun ortasından geri qaytmısınız?
- Bəli. Sonuncu şirkətdə 3 departament dəyişmişəm. Başlayanda düşünürdüm ki, bəli, bu, maraqlıdır. Amma sonra gördüm ki, mənim bacarığıma uyğun deyil. Mən yenilik etməliyəm. Deməli, nəyisə düz etməmişəm. Mən işə mənə nələr öyrədə bilər gözü ilə baxıram. Əgər öyrənmir, yerimdə sayıramsa, işimi dəyişirəm. Hər gün mütləq öyrənməliyəm. Səhv etməyə də vaxtım var. Düşünürəm ki, nə qədər çox səhv etsək, o qədər uğurlu ola bilərik.

- İnsanda belə bir fikir yaranır ki, bu qədər uğurlu adam xaraktercə möhkəm və olduqca ciddidir...
- Mən şən və dostsevən insanam. Risk etməkdən qorxmuram. Uğur qazanmaq üçün risk etməkdən qorxmamaq çox vacibdir.

- Uğurlu karyerada yalnız ağıllı olmaq kifayət edirmi?
- Əlbəttə ki, ancaq ağıllı olmaq kifayət deyil. Düzdür, insan ağıllı olmalıdır, amma bu, əsas deyil. Ağıl elə bir məfhumdur ki, həmişə işlətməlisən. İşlətmədinsə, sənə fayda verməz.

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər