• çərşənbə, 24 Aprel, 18:02
  • Baku Bakı 23°C

Dünyanı xilas edəcək qayğı - REPORTAJ

30.04.22 04:30 2078
Dünyanı xilas edəcək qayğı - REPORTAJ

“Uşaqlara işləmək çətindir. Burdakı uşaqlardan 6 nəfəri tam görmə məhdudiyyətlidir. Amma hərəkətlərində qətiyyən hiss olunmur. Bilirsiniz, bir var sağlam insan, bir də var sağlamlığı məhdud insan. Deyim ki, bunlar daha dözümlüdürlər. Mənə qarşı o qədər diqqətlidirlər ki, səsimdən, nəfəsimdən belə əhval-ruhiyyəmin necə olduğunu hiss edirlər”. 

“Sənin vurduğun zərbənin gücündən daha çox, dözə bildiyin zərbənin gücü vacibdir”.  Bunu dünya şöhrətli boksçu Mayk Tayson deyib. Bu fikir həm fiziki, həm də mənəvi baxımdan dəqiqdir. İnsanın nələrdən keçə, nələrə dözə və qalib gələ biləcəyini heç kim bilmir. Bu düşüncələr məni daha dərin fikirlərin ağuşunda fiziki cəhətdən Bakıdan ta Sumqayıta qədər apardı. Sumqayıt şəhəri, 47-ci məhəllə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin  Paralimpiya İdman Kompleksindəyəm.

Başqalarının görmədiklərini görməyə gəlmişəm

Kompleksdə, adından da məlum olduğu kimi, sağlamlıq imkanları məhdud şəxslər məşq edir. Burada 10-dan çox idman növü – cüdo, karate, üzgüçülük, gimnastika, futbol, boks, ciu-citsu, kapueyro və s. üzrə məşqlər keçirilir. Onlardan 6-sı – paracüdo, üzgüçülük, güllə atıcılığı, kamandan oxatma, stolüstü tennis, pouerliftinq paralimpiya idman növlərinə daxildir. Yadınızdadır da, Azərbaycan Tokio-2020 Paralimpiya Oyunlarında komanda birinciliyində 19 medalla 10-cu yeri tutmuşdu. Həmin anların sevinci, kövrəkliyi, göz yaşları da bir ayrı mövzudur. Yüksək nəticə göstərən idmançıların bir hissəsi bu kompleksdə hazırlıq keçib. Yəni uğurlar göz qabağındadır, bunları hamı görüb. Mənsə bura başqalarının görmədiklərini görməyə gəlmişəm. Kompleksin rəhbəri Yaşar müəllim bundan ötrü hər bir şərait yaratdı. Üstəlik də müavini Rəşad bəy bizi komplekslə tanış etdi, bütün işlər haqda ətraflı məlumat da verdi. 

Məhdudiyyət yox, imkanlar

İçəri keçən kimi, ab-havanın istiliyi məni dərhal qucaqladı. Personal üzündə təbəssüm, dilində xoş sözlərlə bizi qarşıladı. Hətta divarlardakı kafellərdəki çiçəklər də ora xüsusi bir şənlik, mehribanlıq qatırdı. Birinci hovuz zalına daxil oluruq. Bayırda hava sərin olsa da, içəri imistidir. Həm də havalandırması yaxşıdır. Uşaqlar həvəslə hovuzda üzürlər. Diqqət edirəm, hamısının üzündə xüsusi rahatlıq var. Bu, gözümdən yayınmır. Hərəsinin bir cür fiziki məhdudiyyəti olsa da, hamısını bir sevgi bura cəmləyib. Mən məhdudiyyətlərdən yox, imkanlardan danışmaq istəyirəm. Hər yerin son dərəcə təmiz və sahmanda olduğunu görürəm. Valideynlərlə söhbət edirəm, deyirlər ki, uşaqlar evə getmək istəmirlər, bura elə öyrəşiblər, elə bil ikinci evləridir. Bunu elə mən özüm də hiss edirəm. Vaxtın başa çatmasına baxmayaraq, uşaqlar məşqi bitirmək istəmirlər. Məşqçi Faiq bəy onlara, doğrudan da, xüsusi qayğı göstərir. Sevgi də, mehribanlıq da öz yerində. Zalda Vəliyev Əli və Nizamlı Elnarə də məşq edirlər. İkisi də həyat doludur, uğurlarına inanırlar. Elə mən də onlara inanıram. 

İlham Zəkiyevin açdığı cığırla 

Cüdo zalında da məşqlərin getdiyini bilirəm. Dəhlizdə divarlara, tavana, pilləkənlərə fikir verirəm. Təhvil verilməsindən 13 il keçməsinə baxmayaraq, təmiz, səliqəlidir. Başa düşürəm ki, buranın zəhmətkeşləri nəinki insanlara, həm də daşa-divara da qayğı göstərir, qoruyur. Bilirəm ki, hər şey elə bundan – dəyər verməkdən başlayır. Rəşad bəylə zala gedirik. Fotoqrafımız Sabir şəkilləri çəkir. Paracüdo üzrə Azərbaycan milli komandasının baş məşqçisi, SSRİ idman ustası, Azərbaycan Respublikasının əməkdar məşqçisi İbrahim İbrahimov zaldadır. Daha çox görmə və eşitmə məhdudiyyətli olan gənclər qan-tər içində, böyük həvəslə, yorulmadan məşq edir, məşqçinin yüksək səsli komandalarına əməl edirlər. Onların üzündəki əzm, inam məni qürurlandırır. Bilirəm ki, bu enerjini daha çox İbrahim müəllimin gur səsindən alırlar. Elə arada bir-iki kəlmə onunla da söhbətləşməyə imkan tapıram. İbrahim müəllim deyir ki, paralimpiya cüdo yığmasının yaranma tarixi ikiqat paralimpiya çempionu, yeddiqat Avropa çempionu İlham Zəkiyevin ilk dəfə paralimpiya oyunlarında iştirakı, çempionluğu ilə bağlıdır: “Bu bizi də  həvəsləndirdi. Və tələbələrim Məmmədov Tofiq, Alışov İlkin – bunlar əlilik dərəcəsi olan insanlardır, müraciət etdilər, qəbul olundular və mən də qoşuldum bu hərəkata. O vaxt baş məşqçi Əhməd Rəcəbli idi. Məni köməkçi məşqçi təyin etdi. Elə o gündən burada işləyirəm. 2008-ci ildə İlham Əliyevin başçılığı ilə bu gözəl kompleksin açılışı oldu və biz Pekin olimpiadasında iştirak etdik. Tələbəm orda ikinci yerə çıxdı. Daha sonra Tokioda keçirilən Paralimpiya oyunlarında yüksək nəticələr göstərdik. Burda məşq edən uşaqlar 2 qızıl, 2 bürünc medal qazandılar. Bizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi,  Paralimpiya Komitəsi, “Neftçi” cəmiyyəti, dostlar dəstək olur”. 

Çətin və şərəfli iş

Hazırda 2 ildən sonra Parisdə  keçiriləcək Paralimpiya oyunlarına ciddi şəkildə hazırlaşırlar. Fransada da böyük uğurlar qazanacaqlarına inanıram. Söhbətimizin davamında İbrahim müəllim bu cür xüsusi qayğıya ehtiyacı olan insanlarla məşqin necə keçməsindən də danışdı: “Uşaqlara işləmək çətindir, amma həm də çox şərəflidir. Burdakı uşaqlardan 6 nəfəri tam görmə məhdudiyyətlidir. Amma hərəkətlərində qətiyyən hiss olunmur. Biz burda təkcə idmançı hazırlamırıq, istəyirik ki, onlar evə qapanmasınlar, cəmiyyətdən ayrı düşməsinlər, daim özlərinə qarşı qayğı hiss etsinlər, biganəlik duymasınlar. Bilirsiniz, bir var sağlam insan, bir də var sağlamlığı məhdud insan. Deyim ki, bunlar daha dözümlüdürlər. Mənə qarşı o qədər diqqətlidirlər ki, səsimdən, nəfəsimdən belə əhval-ruhiyyəmin necə olduğunu hiss edirlər”. 

“Qarabağ”ın azarkeşi olan xanım atıcı 

Bu gün kompleksdə atıcılıq məşqləri də var. Məşq bitməmiş onlarla da görüşməyə tələsirəm. Keçmiş hərbçi Rafiq bəy 2013-cü ildən burda atıcılıqla məşğuldur. Birinci Qarabağ müharibəsi qazisidir. Bir xanım atıcı da var. Rəqsanə xanım deyir ki, əvvəl ağır atletikaya marağı olub. Sol qolu zəif olduğundan məşqçilər atıcılıqla məşğul olmağı tövsiyə ediblər: “Bu idman növündə tez nailiyyət əldə etmək olmur. Gərək ən azı bir neçə il işləyəsən ki, uğur qazanasan.  Futbolu da çox sevirəm.  “Qarabağ”ın azarkeşiyəm”. 

Böyük ümidli gənclər şəhəri

Anatoli Lunaçarski deyir ki, idman insanda optimizm, gümrahlıq mədəniyyəti formalaşdırır. Bu gün burda məşq edən idmançıları görüb buna tam əmin oldum. Kompleksdə hər cür şərait var. Özləri idmançılara göstərdiyi qayğını dövlət də onlara göstərir.  Qeyd edim ki, burda hər şey tam təmənnasızdır. Qəribə bir rahatlıq və arxayınlıq içində, ürəyimdə böyük ümidlərlə gənclər şəhərindən qədim şəhərə qayıtdım.

Xanım Aydın

Fotoqraf: Sabir Məmmədov

 

 

banner

Oxşar Xəbərlər