• cümə axşamı, 18 aprel, 06:27
  • Baku Bakı 12°C

Dünyanı qorxuya salan “Çin virusu”ndan necə qorunmalı?

22.01.20 20:53 1359
Dünyanı qorxuya salan “Çin virusu”ndan necə qorunmalı?
Ekspertler deyirlər ki, təhlükəli hallarda özbaşına müalicə yolverilməzdir, mütləq şəkildə həkim nəzarəti olmalıdır

Çində yayılan koronovirusun yeni növündən ölənlərin sayı artır. Artıq Mərkəzi Amerika ölkələri təhlükəsizlik tədbirlərini gücləndirib. Qvatemala, Panama, Kosta-Rika və Nikaraqua səhiyyə nazirlikləri bunu bəyan edib. ABŞ-da da ilk yoluxma qeydə alınıb. Həmin şəxs də məhz Çindən gəlib. ABŞ-da bununla bağlı ilkin təhlükəsizlik tədbirləri elə təyyarədəcə aparılır. Virusun vətəni olan Uxanda ölü sayı artıq 10-a çatıb. Çin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin rəhbəri Qao Fubildirib ki, 440 nəfərin yoluxduğu virusun Uxan şəhərindəki dəniz məhsulları və ət bazarında qanunsuz satılan vəhşi heyvanlardan yayıldığını güman edirlər. Təkcə ötən həftə sonunda 140 yeni yoluxma qeydə alınıb. Cənubi Koreya, Yaponiya, Tailand, Sinqapur və Avstraliyada da yoluxanlar var.Ölümcül Çin virusuna görə Ümumdünya Səhiyyə Təşkilatı fövqəladə toplantı çağırıb.
"Çin ərazisində yayılmağa başlayan və insandan insana keçdiyi təsdiqlənən yeni koronovirus Rusiya əhalisi üçün bioloji təhdid təşkil edir”. Bu bəyanatla Rusiyanın səhiyyə nazirinin müavini Sergey Kraevoy çıxış edib. Dövlət Dumasında çıxış edən nazir müavini bildirib ki, Çində koronovirusun səbəb olduğu infeksiya ölkə əhalisinin məruz qala biləcəyi bioloji təhlükəyə misaldır. Ümumdünya Səhiyyə Təşkilatının Rusiya üzrə nümayəndəsi Melita Vuynoviç isə "İnterfaks”a bildirib ki, təşkilat Çində yayılan yeni virusu donuz qripi, Ebola qızdırması və poliomielitin yaratdığı təhlükə ilə müqayisə edir. Yanvarın 22-də ÜST-nin xüsusi komitəsi virusla bağlı fövqəladə toplantı keçirib. Toplantıda virusla bağlı dünya miqyaslı fövqəladə situasiya elan edib-etməmək məsələsi müzakirə olunub. Habelə yaranmış vəziyyətdə görüləcək tədbirlər nəzərdən keçirilib. ÜST fəaliyyət göstərdiyi müddətdə cəmi beş dəfə dünya miqyaslı fövqəladə situasiya elan edib: 2009-cu ildə donuz qripinə və poliomielitə, 2016-cı ildə Zika virusuna, 2014 və 2019-cu illərdə Ebola qızdırmasına görə.
Xatırladaq ki, Səhiyyə Nazirliyi Çində yayılan və ikitərəfli sətəlcəmlə müşayiət olunan ölümcül virusun Azərbaycanda qeydə alınmadığına əhalini əmin edir. Lakin ötən ilin son günlərindən başlayaraq xəstəxanalara virus mənşəli pnevmoniya ilə xəstələrin daxil olması, ölüm halları barədə xəbərlər gəlir. Dövlət Gömrük Komitəsi bildirir ki, Çində yayılan virusa görə ölkənin sərhəd-keçid məntəqələrində xüsusi rejim tətbiq ediləcək.
Çin virusunun Azərbaycana keçmək təhlükəsi varmı? Özümüzü bu virusdan necə qorumalıyıq?
Tibb üzrə ekspert, professor Adil Qeybulla deyir ki, koronovirusun müxtəlif ştamları var: "Bu virusa ilk dəfə 1960-cı ildə rast gəlinib. Belə ki, həmin vaxt virus xəstələrin nəfəs yolunda aşkarlanıb. Sonradan bu virusun ayrı-ayrı dövrlərdə A, B, C kimi ştamları yayılmağa başlayıb. Hal-hazırda da bu koronovirus yenidən aktuallaşıb və Çində ağırlaşmalar qeydə alınıb. Virusdan dünyasını dəyişən xəstələr var. Buna görə də bütün ölkələr məsələ ilə bağlı həyəcan təbili çalmalıdır. ÜST virusun yayılmasının qarşısının alınması istiqamətində təcili tədbirlər həyata keçirməlidir. Xəstəliyin yayıldığı ölkələrdə əhaliyə tövsiyələr verilməli, texniki yardım göstərilməlidir. Əsas məqsəd infeksiyanın yayılmasının qarşısını almaqdır. Lokallaşdırıcı tədbirlərə ehtiyac var. Azərbaycanda da bu virusun yayılması realdır. Çünki insanlar dayanmadan miqrasiya edir. Çinlə ticarət müqaviləmiz var. İnsanlar sərbəst şəkildə Çinə və digər ölkələrə gedib-gəlir. Ona görə də, mütləq vəziyyətə nəzarət edilməlidir. Xüsusilə trans-sərhəd zonalarda xəstə insanların saxlanılması və yoxlanılması, lazım gələrsə hospitalizasiyası aparılmalıdır. Virusa yoluxan şəxslərdə xəstəlik bir neçə gün ərzində daha da dərinləşərsə, mütləq yataq rejiminə keçməlidir. Bol maye qəbul edilməlidir. Belə təhlükəli hallarda özbaşına müalicə yolverilməzdir, mütləq şəkildə həkim nəzarətində müalicə aparılmalıdır. Antibiotik qəbulu daha pis nəticələrə gətirib çıxara bilər. Xəstənin tez sağalması və reabilitasiyası üçün sistemli müalicə aparılmalıdır. Müvafiq qurumlar əhali arasında düzgün təbliğat işi aparmalıdır ki, insanlar təşvişə düşməsin. Mətbuatda bu virus haqqında ətraflı və maarifləndirici yazılar yazılarsa, daha yaxşı olar”.
Tibb üzrə fəlsəfə doktoruŞəmsiyyə Namazlı bildirdi ki, tənəffüs yollarının xəstəlikləri adətən hava-damcı yolu ilə yayılır: "Xəstə insanın asqırması və öskürməsi nəticəsində ətrafdakı insanlar da qısa zamanda virusa yoluxur. Virus xəstəliklərinin yayılma arealı və sürəti isə çox böyükdür. Bu virusların inkişaf etdiyi ölkələrdən Azərbaycana və müxtəlif ölkələrə insanlar miqrasiya edir. Bu da virusu lokallıqdan çıxarır. Ona görə də, maksimum dərəcədə ehtiyatlı olmalı, tibbi maskalardan istifadə edilməlidir. Əllər tez-tez yuyulmalı, insanların sıx toplaşdığı ərazidən uzaq olmaq lazımdır. Belə yerlərdə viruslar daha da sürətlə yayılır. Qida rejiminə nəzarət olunmalı, meyvə-tərəvəzdən daha çox istifadə etmək lazımdır. Virusa yoluxan insan asqırdıqda 1,5 metr radiusa qədər virusun yayılma ehtimalı var. İmmun sistemi zəif olan insanlar belə viruslara daha tez yoluxur və xəstəlikləri ağır keçirir. Həmçinin, uzun müddət xroniki xəstəliklərdən əziyyət çəkən insanlar üçün də virus təhlükəli hesab olunur. Ona görə də, təhlükəsizlik tədbirlərini gücləndirmək lazımdır. Əgər xəstənin temperaturu qalxarsa, dərhal həkimə müraciət etmək lazımdır. Müalicə həkim tərəfindən aparılmalıdır ki, dəqiq diaqnoz qoyulsun və düzgün şəkildə müalicə aparılsın. Ağırlaşmalar zamanı adi dərmanlarla özbaşına müalicə etmək olmaz”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər