• cümə, 29 Mart, 17:24
  • Baku Bakı 14°C

Dünyanı dolaşan səsin sahibi - Fotolar - Video

02.08.17 09:30 6359
Dünyanı dolaşan səsin sahibi - Fotolar - Video
Müslim Maqomayevin nadir səsi - zil və təmiz bariton idi. SSRİ-nin yaşlı və orta nəsli elə ilk səsdən onu tanıyırdı. Opera və estradanın ulduzu, bəstəkar, SSRİ-də doğulub yaşamış SSRİ Xalq artisti yaradıcılığı ilə 60-70-80-ci illərdə hamının sevimlisi idi. Onun konsertlərində minlərlə pərəstişkarı iştirak edir, valları isə milyonlarla tirajla buraxılırdı. Müslüm Maqomayevin repertuarında 600 əsər var idi. Sovet ulduzunun Fransa, Şərqi Almaniya, Finlandiya, Polşa və Bolqarıstana olan qastrolları ölkəyə milyonlarla rubl qazandırırdı. Onu məşhur Paris «Olimpiya»sında alqışlayır və firavan Qərbdə yaşamağa dəvət edirdilər, amma Maqomayev şirnikdirici dəvətlərə əhəmiyyət vermir, ölkəsində yaşamağı üstün tutaraq vətəninə qayıdırdı.
Sovet ittifaqı boyunca

Müslüm Maqomayev Bakıda anadan olub. Atası Maqomet Maqomayev müharibədə vuruşurdu. O, qələbəyə 15 gün qalmış cəbhədə həlak olur. Müharibədən əvvəl atası teatr rəssamı kimi fəaliyyət göstərirdi. Müslümün anası - Kinjalova təxəllüsü ilə çıxış edən Ayşət xanım dramatik aktrisa idi. Onun damarlarında türk, adigey və rus qanı axırdı. Gələcək müğənninin babası azərbaycanlı bəstəkar Əbdül-Müslüm Maqomayev milli klassik musiqinin əsasını qoyanlardan idi.

Müharibədən sonra Müslüm Maqomayev anası ilə Rusiyaya yollanır. Balaca Müslüm orada musiqi məktəbində oxuyur. Ancaq sonra anası onu musiqi təhsilini davam etdirmək üçün Bakıya göndərir. Müslüm Bakıda dayısı Camal Müslümoviçin ailəsində böyüyür. Anası isə Murmanska gedərək orada yerli dram teatrında işləməyə başlayır. Ayşet ikinci dəfə ailə qurur və Müslümün Yuri adlı qardaşı və Tatyana adlı bacısı dünyaya gəlir.

Bakıda isə Müslüm yalnız musiqi ilə məşğul olurdu. O, saatlarla Enriko Karruzonun, Mattia Baqtistini və Titta Ruffonun plastinkalarını dinləyirdi. Hər gün dayısıgilin qonşuluğunda yaşayan məşhur Azərbaycan müğənnisi Bülbülün səsinə yuxudan ayılan Müslüm musiqini daha çox sevməyə başlayırdı. O, həmçinin Bülbülün oğlu Poladla dostluq edirdi. Bakı Konservatoriyasının nəzdindəki musiqi məktəbində oxuyanda Müslüm fortepiano, solfedcio və xor dərslərində ən yüksək bal toplayırdı. Fizika, kimya və riyaziyyat dərslərinə gələndə isə artıq beyni o fənləri qəbul etmirdi. Veolençelist və professor Vladimir Anşeleviç şagirdinin qeyri-adi qabiliyyətini görəndən sonra onu öz qanadı altına alır. O, gənc vokalistə səsini cilalamağı öyrədir. Tezliklə qazandığı təcrübə Müslüm Maqomayevə «Sevilya bərbəri» operasında Fiqaronun pariyası üzərində işləməyə kömək edir. O, vokal sinfini yüksək qiymətlə bitirərək, 1959-cu ildə diplomunu alır. Onun yaradıcılıq bioqrafiyası dənizçilərin mədəniyyət evindən başlayır. Evdə Müslümün səsinə görə ehtiyatlanır və ona bütün gücü ilə oxumağı qadağan edirdilər. Ancaq 15 yaşlı gənc ailəsindən gizlin səhnəyə çıxır və ilk alqışlardan fərəhlənirdi. O, səsinin keçid dövrü təhlükəsindən qaçmağa nail olur. 1961-ci ildə Müslüm Maqomayev Bakı Hərbi dairəsinin mahnı və rəqs ansamblında peşəkar səviyyədə ilk çıxışını edir. Bir ildən sonra «Buhenvald nabatı» mahnısına görə onun istedadı Helsinkidə keçirilən Gənclərin Beynəlxalq Mahnı Festivalında diqqət çəkir. Elə həmin ildə Kremlin qurultaylar sarayında Azərbaycan İncəsənəti Festivalında çıxış edən vokalist ümumittifaq şöhrəti qazanır. 1963-cü ildə P.İ.Çaykovski adına konsert zalında Maqomayevin ilk solo-konserti anşlaqla keçirilir. Elə həmin il M.Maqomayev Bakıda Azərbaycan Opera və Balet Teatrının solisti təyin edilir. Bir il sonra isə vokalist iki il müddətinə təcrübə keçmək üçün Milanın məşhur La Skala teatrına göndərilir.

60-cı illərin ortalarında Müslüm Maqomayev bir sıra tamaşalarla bütün sovet ittifaqı boyunca qastrola çıxır. İstedadlı vokalisti Böyük Teatrın səhnəsində çıxış etməyə dəvət edirlər. Ancaq Maqomayev öz yaradıcılığını təkcə opera çərçivəsində məhdudlaşdırmaq istəmir. Parisə qastrola çıxan müğənniyə dünyaca məşhur «Olimpiya» konsert sarayının direktoru Brüno Kokatris bir illik müqavilə təklif edir. Vokalistə dünya şöhrəti vəd edirlər. Müslüm Maqomayev təklif üzərində düşünür. Bununla belə, hər şeyə SSRİ Mədəniyyət Nazirliyi qərar verməli idi. Axı, azərbaycanlı vokalist dövlət konsertlərinin əvəzolunmaz ifaçısı idi.

"Azərbaycan”

Uğurlar biri-birini əvəz edirdi. M.Maqomayev 1969-cu ildə Sopotda beynəlxalq festivalın birinci mükafatını qazanır. Kann Beynəlxalq Festivalında isə ona «Qızıl disk» təqdim olunur. Maqomayev 31 yaşında artıq təkcə Azərbaycanın deyil, həm də SSRİ-nin Xalq artisti idi. Vokalist 1975-ci ildə yaranan Estrada Simfonik Orkestrinə 14 il rəhbərlik edir. 1989-cu ilə qədər müğənni ansamblın musiqiçiləri ilə təkcə SSRİ-ni gəzmir, həm də xarici ölkələrə qastrol səfərlərinə çıxır. O zaman SSRİ-nin ali partiya rəhbərliyi tərəfindən bəyənilməsə belə, o, müasir Qərbdə populyarlıq qazanmaqda davam edirdi. "Bitils” hit qrupunun «Dünən» mahnısı onun ifasında səslənəndən sonra şöhrəti sərhəd tanımır. Müğənninin bir çox mahnılarının taleyi qeyri-adi idi. O, ölkənin ən böyük bəstəkarlarının mahnılarını oxuyurdu. Müslümün şlagerləri dillər əzbəri idi. Möhtəşəm "Azərbaycan” mahnısı onun ifasında dünyanın böyük konsert salonlarında səslənirdi.

Maqomayevin musiqi karyerasının pik vaxtı 60-70-ci illərə təsadüf edir. O, SSRİ-nin şəhərlərində çıxış edərkən bütün stadionlar insanlarla dolu olurdu. Dünyanın opera və konsert salonları onu böyük coşqu ilə qəbul edirdi. Qaldığı otellərin qarşısından pərəstişkarları səhərəcən çəkilmirdi. 1997-ci ildə kiçik planetin Günəş sisteminə yer üzündəki ulduzun şərəfinə "4980 Maqomayev” adını verdilər.

1998-ci ildə Müslüm Maqomayev səhnədə çıxışlarına son qoydu. «Hər bir istedadın səhnədən getmək vaxtı var», - deyən müğənni ömrünün son 10 ilini rəssamlığa həsr etdi. Həmçinin musiqilər yazaraq pərəstişkarları ilə veb-saytla ünsiyyət qururdu.
"Əlvida, Bakı...”

Müslüm Maqomayev uzun illər ümummilli lider Heydər Əliyevlə dostluq edib. 2003-cü ildə dostunun ölümündən sonra özünə qapanır. Xəstə ürəyi və ciyərləri ulduzu tez-tez narahat edirdi. Həyat yoldaşı Tamara Sinyavskayanın dediyinə görə, müğənni gün ərzində 3 qutu siqaret çəkirdi. Onun əsərləri içərisində ulu öndər Heydər Əliyevin, Bethovenin, Çaykovskinin, Sergey Rahmaninovun, Cüzeppe Verdinin portretləri var idi. O, portretləri çəkən zaman Tamara onu royalda müşayiət edirdi.
2005-ci ildə Maqomayev Rusiya vətəndaşlığını qəbul etsə də, özünü azərbaycanlı hesab edərək Rusiya azərbaycanlıları diasporunu birləşdirən ümumrusiya ictimai təşkilatının rəhbərliyində təmsil olunurdu.

2007-ci ildə Maqomayev Sergey Yeseninin sözlərinə özünün sonuncu «Əlvida, Bakı» mahnısını yazır.

Səhnədə və həyatda birgə

Müslüm Maqomayevin şəxsi həyatı sevgi macəraları ilə dolu idi. Birinci evlilikdən Marina adlı qızı vardı. 1972-ci ildə opera müğənnisi Tamara Sinyavskaya ilə müğənninin yeni macərası başlayır. Onlar Bakıda rus incəsənəti ongünlüyündə tanış olmuşdular. Qızların sevimlisi M.Maqomayev Böyük Teatrın gözəl primadonnası ilə evlənəndə az qadının qəlbi qırılmamışdı. Tamara ərli qadın idi. Ancaq onun üçün nikah zəif maneə idi. İtaliyadakı bir illik təcrübə müddətində Tamara ilə Müslüm yenidən görüşür və bir daha ayrılmırlar. «Müslüm ləyaqətli insan idi. Onun üçün nikah ciddi maneə idi. Mən isə nə onu, nə də həyat yoldaşımı incitməməli idim. Çox əzab çəkirdim. Əlbəttə, ərimlə münasibətlərim çox yaxşı idi. Ancaq «Sevgi gözlənilmədən gəldi”,- deyə Tamara o illərdən söz düşəndə xatırlayır. Amma M.Maqomayev «Bizim ilk tanışlığımız televiziyadan başlayıb» - deyə xatırlayırdı: "Mən yayda dostum İvan Semyonoviç Kozlovski ilə Bakıda idim. Biz yaxşı istirahət etmişdik və Çaykovski adına müsabiqəyə baxırdıq. Birdən səhnəyə Tamara çıxdı. O, qız uşağı kimi görünürdü, bəlkə də heç diqqətimi çəkməzdi. Oxumağa başlayanda isə heyrətdən ağzım açıq qaldı. Yadımdadır, mən «Bax, bu, metso-sopranodur! Əsil!» dedim. O, öz sənəti ilə məni heyran qoydu”.

Onlar 1974-cü ildə evlənirlər. Paytaxt restoranlarının birində təşkil etdikləri banketdə ən yaxın dostları iştirak edir. Maqomayev və Sinyavskayanı - bu iki ulduzu güclü xarakterləri birləşdirirdi. Müslüm ömrünün son günlərinə qədər Sinyavskaya ilə birgə yaşayır. Onlar 35 il səhnədə və həyatda birgə oldular.

Opera ulduzları tez-tez Bakıya gəlir, Xəzərin sahillərində istirahət edir, payız və yay aylarında Moskva yaxınlığındakı bağlarında yaşayırdılar. Son illər onlar səs-küylü məclislərdən qaçır, yalnız ciddi publikanın iştirak etdiyi musiqi gecələrinə qatılırdılar. Bu, gözəl, parlaq və təkrarsız ailə dueti idi. «Mən passiv istirahətin tərəfdarı deyiləm. Heç vaxt sanatoriyalarda olmamışam. Biz Tamara ilə tez-tez Bakıda – dənizin kənarında istirahət edirdik. Heydər Əliyev bizə dövlət bağlarının içərisində bir ev vermişdi. Orada çimir, kabab yeyir, bir neçə kilo kökəldikdən sonra Moskvaya qayıdır və pəhriz saxlayırdıq» - deyə xatirələrində yazıb.

2008-ci il 25 oktyabrında M.Maqomayev Tamara Snyavskayanın əlləri üstündə can verdi. Həkimlər dünya şöhrətli müğənninin ölüm səbəbini araşdırdıqdan sonra ona ürəyin işemik xəstəliyi və ateroskleroz diaqnozunu qoydular. Müslüm Maqomayev Bakıda - Fəxri Xiyabanda, babası Müslüm Maqomayevin yanında dəfn olundu. Tamara Sinyavskaya sevimli həyat yoldaşının ölümündən sonra hələ də özünə gələ bilmir. Hər dəfə onun oxuduğu mahnıları eşidəndə gözlərində yaş görünür. Müslüm ciddi xəstə olanda Tamara İlyiniçna ərinin xəstəliyə qalib gələcəyinə inanaraq yaşayıb. İndi tale onu «Ölüm həmişə gözlənilməzdir» fikri ilə barışdırıb.

T.Snyavskaya yenə də Bakıya gəlir. Sevimli ərinin məzarını ziyarət edir, onun adına təşkil edilən gecələrə, konsertlərə qatılır. «Mən əslən Moskvalıyam. Ancaq Azərbaycan məni gəlin kimi qəbul etdi. Gəlin – bu, bütün Azərbaycanın gəlini deməkdir. Necə ki, Müslüm bütün Azərbaycanın oğludur, mən də bütün Azərbaycanın gəliniyəm».

Müslüm Maqomayevin 75 illik yubileyinin keçirilməsi haqqında prezident İlham Əliyevin sərəncamı isə dünya şöhrətli müğənninin çoxmilyonlu pərəstişkarlarının sevincinə səbəb oldu. Avqustun 17-də Azərbaycan mədəniyyəti xəzinəsinin zənginləşdirilməsi və nailiyyətlərinin təbliği işinə dəyərli töhfələr vermiş görkəmli sənətkarın, "Anamın anasısan, Azərbaycan” - deyən Müslüm Maqomayevin doğum günüdür.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər