• cümə, 29 Mart, 11:09
  • Baku Bakı 5°C

Dünyadakı erməni lobbisi əsasən kriminal mafiyadan ibarətdir

15.11.18 18:48 662
Dünyadakı erməni lobbisi əsasən kriminal mafiyadan ibarətdir
Bu günlərdə Almaniyada erməni mafiyasına qarşı aparılan əməliyyat çərçivəsində Bundestaqın deputatı və erməni lobbist təşkilatı olan Almaniya-Ermənistan Forumunun təsisçisi Albert Vayler şübhə obyektinə çevrilib və bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən dindirilib. Ermənistanın Almaniyadakı səfirinin adının hallandığı bu cinayət işi göstərib ki, ermənilərin lobbist fəaliyyətinin maliyyə təminatçısı və əlaqələndiricisi erməni mafiyasıdır. Həmin erməni mafiyası ki, Ermənistandakı siyasi hakimiyyətin hər zaman dəstəkçisi olub.
Zaman-zaman mediada bu barədə gedən yazılardan bəlli olduğu kimi, düşmən ölkənin əvvəlki prezidentləri Robert Köçəryan, Serj Sarkisyan, eləcə də onların yaxın ətrafı sayılan, mühüm dövlət vəzifələri tutan şəxslər də xaricdəki erməni mafiyası ilə əlaqədə olub, onlardan "qidalanıblar”. Bir neçə gün bundan öncə Avropa Parlamentinin (AP) Kipr Respublikasından olan üzvü Eleni Teoxarusla bağlı məsələnin gündəmə gəlməsi erməni mafiyasının bəzi siyasətçilərə, diplomatlara təsirini, hansısa maraqlar çərçivəsində onların ermənipərəst fəaliyyətə cəlb edilməsini növbəti dəfə ortaya qoyub.
Belə ki, Eleni Teoxarus erməni diasporunun sifarişi əsasında Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edib. Buna görə onun adı Azərbaycan XİN tərəfindən "ölkəmizə girişi arzu olunmayan şəxslər siyahısına” daxil edilib. Eyni zamanda, E.Teoxarus haqqında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb. Daim qalmaqallı addımları ilə gündəmə gələn E.Teoxarusun beynəlxalq hüququn prinsiplərinə, xüsusilə də ərazi bütövlüyü prinsipinə münasibətdə yanlış mövqeyinin, ekstremist çağırışlarının növbəti hədəfi Azərbaycan və Ukraynadan sonra Albaniya olub. Deputatın Albaniyanın cənub torpaqlarına qarşı ərazi iddialarını ehtiva edən ekstremist millətçi çıxışı Albaniya tərəfindən ölkənin ərazi bütövlüyünü və konstitusiyaya əsaslanan asayişi pozmaq cəhdi kimi qiymətləndirilib. Məhz buna görə də Albaniya Respublikasının Konstitusiyasına, təhlükəsizliyinə və ölkədə asayişə təhlükə yaradan ekstremist və nifrət çıxışı səbəbindən E.Teoxarus Albaniyanın Avropa və Xarici İşlər, Daxili İşlər nazirliklərinin birgə qərarı ilə ölkəyə girişi arzuolunmaz şəxs elan olunub. Bu deputatın Avropa İttifaqına üzvlüyə namizəd ölkə olan Albaniya tərəfindən də arzuolunmaz şəxslər siyahısına daxil edilməsi onun Azərbaycanın işğaldakı ərazilərinə qanunsuz səfərini təşkil edən erməni lobbi dairələrinin, xüsusilə Brüsseldə fəaliyyət göstərən və brilyant alveri ilə məşğul olan və əslən Yunanıstandan olan Kaspar Karampetyanı da ifşa edib. Çünki, E.Teoxarusun K.Karampetyanla əlaqələri var və onun işğal olunmuş ərazilərimizə səfərlərinin təşkilatçısı məhz Karampetyandır.
Xatırlatmaq yerinə düşər ki, Ermənistanın sabiq prezidenti S.Sarkisyanın adı da almaz alverində tetz-tez hallanıb. Bütün bu sadalananlar dünyadakı erməni diaspor təşkilatlarının, Ermənistandakı siyasi hakimiyyətin bilavasitə mafiya ilə əlaqəsinin olduğunu bir daha nümayiş etdirib. Onu da əlavə edək ki, 4 ay bundan əvvəl İspaniya təhlükəsizlik qüvvələridə Avropadakı ən böyük və təhlükəli erməni mütəşəkkil cinayətkar qrupunun qanunsuz əməllərinə son qoymaq üçün irimiqyaslı xüsusi əməliyyat keçirmişdi. Eyni vaxtda İspaniyanın 6 regionunda keçirilən 70-dən çox operativ-axtarış əməliyyatı nəticəsində, erməni mafiyasının qanunsuz silah və narkotik satışı, tütün məhsullarının qaçaqmalçılığı, çirkli pulların yuyulması və gizli cinayətkar qruplaşmaların yaradılmasında şübhəli bilinən 140 üzvü həbs edilmişdi.
Üzə çıxan bu faktlar Avropa ölkələrində, o cümlədən Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı fəaliyyət aparan, işğal olunmuş ərazilərimizə qanunsuz səfər edən qərəzli şəxslərin erməni mütəşəkkil cinayət qruplaşmaları ilə əlaqələrinin araşdırılmasını da labüd edir.

"Bakı xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev mövzu ilə bağlı qeyd edib ki, erməniçilik ideologiyasının başdan-başa cinayət və saxtakarlıq faktlarından ibarət olduğunu Almaniyada kəşfiyyat və xüsusi xidmət orqanlarının ortaya qoyduğu geniş hesabat bir daha sübut edib. Onun sözlərinə görə, İspaniyanın ardınca Almaniya hökumətinin xüsusi araşdırmaları beynəlxalq erməni mafiyasının ifşasında önəmli tarixi əhəmiyyətə malikdir: "Bu mafiyanın ağır qətl və terrorlarda, partlayışlarda, şantaj əməllərində, quldurluqda, insan qaçaqmalçılığı və silah, narkotik ticarətində fəal iştirakçı olması faktlarla sübut olunur. Almaniyada erməni mafiyası ilə bağlı aparılan araşdırma ən azı iki unikal cəhəti ilə diqqət çəkir. Birincisi, bu mafiyanın Ermənistanın dövlət və siyasi elitası ilə əlaqələri, ikincisi isə Qarabağa qanunsuz səfərlər etmiş alman deputatların, idmançı və digər titulları olan şəxslərin bu mafiya ilə sıx işbirliyində olduğunun aydınlaşması. Faktlar sübut edir ki, dünyanın ciddi dövlət elitaları ilə işləmək imkanları getdikcə məhdudlaşan Ermənistan hakimiyyəti hətta mafiya ilə də əməkdaşlığa gedir”.
Ekspert bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış əlacsız qondarma rejimin rəhbərliyi mafiya üzvlərinin Qarabağa səfərlərini təşkil etməklə öz təcavüzkar planlarını dünyada tanıtmaq istəyir: "Maraqlıdır ki, Almaniya hökuməti araşdırmalara Ermənistan dövlətinin rəsmi təmsilçilərini cəlb etməkdən yan keçib və bunu erməni hakimiyyətində ayrı-ayrı şəxslərin mafiya ilə əlaqələrdə ola biləcəkləri ehtimalı ilə izah edib. Ermənistan hakimiyyətində Sarkisyanın komandasının açılıb-tökülən cinayət əməlləri Almaniya hakimiyyətinin öz ehtimallarında haqlı olduğunu sübut edir. Ermənistan dövlətinin etnik kriminal mafiya ilə gizli işbirliyi barədə deyilənlər tam təsdiqini tapır. Bununla da Azərbaycan Prezidentinin Ermənistandakı rejimin cinayətkar-xunta mahiyyəti barədə ardıcıl bəyanatlarının dünyada aparıcı rəyə çevrilmək imkanları dəfələrlə gücləndi. Təsdiqlənən daha bir maraqlı mətləb budur ki, dünya erməni lobbisinin əsasən kriminal mafiyadan ibarət olduğuna şübhə qalmır. Dünyanın başqa dövlətlərində də erməni mafiyasının araşdırılması davamlı tendensiyaya çevrilə bilər”.

Alpər TURAN
banner

Oxşar Xəbərlər