• cümə axşamı, 28 mart, 14:33
  • Baku Bakı 16°C

Dünyada beşinci, Avropada üçüncü - Fotolar

25.04.19 10:30 4664
Dünyada beşinci, Avropada üçüncü - Fotolar
Prado muzeyinin qapıları açılar-açılmaz, növbədə duran insanların sayı hesaba gəlmir. Muzeyi ziyarətə gələnlər təkcə Madridə dünyanın hər yerindən səfər edən turistlər deyil, həm də ölkənin öz insanlarıdır. "TripAdvisor” portalının yazdığına görə, son bir ildə ispanlar tərəfindən muzeylərə giriş bileti əldə edənlərin sayı 92 faiz artıb ki, bu sırada Prado muzeyi birincilik təşkil edir.

İspaniyanın paytaxtı Madrid şəhəri təkcə dünya futbol komandaları arasında önəmli yer tutan "Real”, "Atletiko”, "Rayo-Valekano”, "Xetafe” və s. kimi komandaları ilə tanınmır, paytaxt şəhəri həm də tarixi binaları, muzeyləri ilə məşhurdur. Madridə gələn hər kəsin ilk növbədə görməyə tələsdiyi Prado muzeyi isə ən yaxşı muzeylərin reytinqində dünyada beşinci, Avropada üçüncü və İspaniyada birinci yerdədir. Muzey müəssisələrinə "Travellers Choice” mükafatları təqdim edən "TripAdvisor” portalının versiyasına görə, İspaniyanın ən yaxşı on muzeyinin siyahısına paytaxtdakı Prado muzeyindən əlavə, Tissen-Bornemisa muzeyi (Madrid), İncəsənət və Elmlər Şəhəri (Valensiya), Quqqenhaym muzeyi (Bilbao), Kraliça Sofiya İncəsənət Mərkəzi (Madrid), Hoakin Sorolyanın ev-muzeyi (Madrid), Sesar Manrike Fondu (Las-Palmas), Dali Teatr-muzeyi (Fiqeras), Milli Arxeologiya Muzeyi (Madrid) və Pikasso muzeyi (Barselona) daxildir.

Prado muzeyi Madriddə gəziləcək yerlər siyahısında birinci yerdədir. Muzeyin yaranma tarixi də maraqlıdır. Belə ki, İspaniya kraliçası Mariya İzabella de Braqanza İsidoro Parisin "Luvr” muzeyini ziyarət edib təsirlənir və ölkəsində belə bir muzeyin olmasını istəyir. 1814-cü ildə belə bir muzeyin yaradılması qərara alınır. 1818-ci ildə Kral Muzeyi qurulur. 1819-cu ildə VII Ferdinand rəsmi olaraq Kral Muzeyinin açılış mərasimini keçirir. 1829-cu ilə qədər Muzey kral kolleksiyasının əhəmiyyətli bir hissəsini alır.

1838-ci ildə döyüşlərə (Çarlz ilə müharibə) görə, Prado Madridin ətrafında, Eskorial də daxil olmaqla, saraylardan çox sayda rəsmlər əldə edir. Kraliçanın arzusu İspaniya kolleksiyaçılarının əsərlərinin sərgilənməsi məqsədi ilə də üst-üstə düşür.

Hazırda Prado muzeyi günümüzdə bir çox dəyərli və ünlü sənət əsərlərinin seyr edilə biləcəyi yerdir.
200 yaşlı muzey
El Paseo del Prado küçəsində yerləşən muzey zahirdən təmir olunur. 200 illik yubileyini qeyd etməyə hazırlaşan muzey həmin günü təntənəli şəkildə keçirməyi planlaşdırır.

Muzeyin qarşısında uzun-uzadı çəkən növbəni başa vurub, muzeyə giriş bileti əldə etmək üçün kassaya yaxınlaşıram. "Muzeydə media işçiləri üçün hər hansı güzəşt nəzərdə tutulubmu?” - soruşunca vəsiqəmi diqqətlə nəzərdən keçirən xanım gülümsəyərək pulsuz giriş biletini mənə uzadır. Qeyd edim ki, Prado muzeyinə böyüklər üçün giriş bileti 15 avrodur. İzdihamlı ziyarətçilərdən qurtulub içəri daxil olanda, həmin gün üçün 5000-ci ziyarətçi olduğumu öyrənirəm. Muzeydə istisna halda foto çəkməyə icazə verilir. Bələdçi ilə söhbətimdən sonra bu istəyimə çətinliklə nail oluram.

Prado muzeyi dünyanın ən ünlü və görkəmli sənət qalereyası sayılır. Muzeydə hal-hazırda 3000-dən çox sənət əsəri saxlanılır. 103 otağı olan muzeydə məşhur rəssamların tabloları, tarixi heykəl nümunələri və qədim sikkələr daxil olmaqla saxlanan eksponatları üç hissəyə ayırmaq olar. Muzey ziyarətçilərini müxtəlif epoxaların – 12-ci əsrdən 19-cu əsrə qədərki yüz illikləri əhatə edən əsərləri ilə tanış edir. Muzeyin girişində ianə qutusu yer alıb. Ziyarətə gələnlər xeyriyyəçiliklərini əsirgəmirlər. Buradan əldə edilən pullar isə muzeyin zənginləşməsinə yönəlir. Məsələn, muzey xüsusi ianələr hesabına rəssam Simon Vuenin "Qızla göyərçinin portreti” (1620-1622) əsərini 200 min avroya əldə edib. Muzey rəsm əsərini almaqla bağlı kraudfandinq (xalq maliyyələşdirməsi) kampaniyasına başlayıb. Üç aydan sonra rəssamlıq qalereyasının nümayəndələri bildiriblər ki, pul toplamaq əməliyyatı uğurla başa çatıb. XVII əsrin şedevrini adı açıqlanmayan kolleksiyaçıdan almaq üçün lazım olan vəsait – 200 min avro artıq əldə edilmişdi. Aksiyada təxminən 6500 adam iştirak edib. İanələrin ümumi məbləği 204 min 84 avro olub. Prado muzeyində quraşdırılan ekranlarda portretin alınmasına öz vəsaitlərini sərf etmiş insanların adları əks olunub. Bu insanları rəsm əsərinin himayədarları adlandırırlar.

İspan kral ailəsi Prado muzeyinin klassik şah əsərlərini toplayıb. Əsrlər boyu krallar və kraliçalar gözəl zövq və aludəçiliklə sənət əsərlərini toplayıb və sifariş veriblər. Velaskes, Qoya, Ribera ve Zurbaran kimi İspaniya rəngkarlığının dahiləri ilə yanaşı, Prado muzeyi italyan (Titian və Rafael daxil olmaqla) və Flamand sənətçilərinin möhtəşəm şah əsərlərinə sahibdir. VII Fernando kolleksiyasını ictimaiyyət üçün açıq elan etdikdən sonra bu gün Xuan de Villanueva tərəfindən dizayn edilmiş həmin neoklassik binada bu kolleksiya sərgilənir.
Qoya, Rembrandt, Rubens, Rafael...
Muzeyin otaqlarını gəzməyə, eksponatlar qarşısında ayaq saxlamağa gün boyu vaxt sərf etmək lazım gəlir. Hərçənd muzey barədə yazılan rəylərdə 2 saat yarım vaxt lazım olduğu qeyd edilsə də, bu zaman möhtəşəm əsərlərin seyri üçün bəs eləmir. Təbii ki, mən də daxil olmaqla, ziyarətçilər dünya rəssamlıq inciləri ilə tanış olmaq üçün vaxt və həvəslərini əsirgəmirlər. Muzeydə İspaniya, İtaliya, Niderland, fransız, alman və ingilis rəssamlarının əsərləri yer alıb. Rubens, Rafael, Qoya, El Qreko, Murilyo, Bosx, Rembrandt kimi rəssamların yaratdığı incilər muzeyin qiymətsiz sərvəti sayılır.

Muzeyin 1-ci mərtəbəsində sərgilənən əsas eksponatlardan biri italyan rəssamı Rafael Santinin "Kardinalın portreti” (Ritratto di cardinale) hesab olunur. İntibah dövrünə aid edilən əsər yağlı boya ilə işlənib. Rəssam əsəri1510-cu ildə çəkib. ƏsərRafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir. Tabloda təsvir olunan kardinalın kim olduğu bilinmir. TabloRoma papasıPapa II Luisin sarayında çəkilib. Əsərin məşhur sahiblərindən biriİspaniyakralıIV Karloshesab olunur.

Venesiya rəssamlıq məktəbinin Tisian, Tintoretto, Bassano kimi nümayəndələrinin əsərləri muzeyin əsas ansamblını təşkil edir. İtalyan rəssamlarının əsas əsərləri V Karl, II Filipp və xüsusən IV Filipp tərəfindən əldə edilib. Niderland rəssamlarının əsərləri isə muzeyə təsadüfən düşməyib. Belçika, Lüksemburq və Niderland kimi ölkələr İspaniya taxt-tacına aid olduqlarından, onların rəssamları da yarım əsrlik bir dövrdə İspaniyada çalışıblar.

Təbii ki, ispan rəssamlığı muzeydə daha geniş təmsil olunur. Elə muzeyin girişində qoyulan Fransisko Qoyanın heykəli də buna işarədir. Muzeyin otaqlarında görkəmli rəssamın yaradıcılığının əsasını təşkil edən çarmıxa çəkilən insan portretləri yer alıb. Rəssamın kral ailələrinə həsr edilən silsilə əsərləri də ekspozisiyada üstünlük təşkil edir. Qoyanın əsərlərinə muzeyin bütün mərtəbələrində rast gəlmək mümkündür. Muzeydə rəssamın ümumilikdə 500 əsəri sərgilənir.

Orta əsrlərin freska, qotik, Renessans və 19-cu əsrin realist əsərləri böyük maraqla seyr edilir. Qızıl dövrün El Qreko, Dieqo Velaskes, X.Ribyera, Surbaran, Murilyo və b. rəssamlarının əsərləri ziyarətçiləri, sözün həqiqi mənasında heyrətə salır. Rembrandtın "Atremisia” əsərinin qarşısında isə insanların sırası seyrəlmir. Məşhur holland rəssamın muzeydə cəmi bir əsəri yer alıb.

Muzeyin fondunda saxlanan şəkil və qravüralar müntəzəm olaraq dünya muzeylərinin sərgilərində nümayiş olunur. Muzeyin zirzəmisində klassik heykəltəraşlıq nümunələri, qızıl və gümüş sikkələr, 14-15 əsrə məxsus yazı stolları, keramika nümunələrinin qarşısında da insanlar sıx-sıx gözə dəyir. Həmçinin muzeydə tematik sərgilər keçirilir.

Prado muzeyini hər il 3 milyondan çox insan ziyarət edir. Muzey əməkdaşları təkcə kolleksiyalarını bəzəyən nadir incilərə görə deyil, həmçinin ziyarətçilərə yaşatdığı yüksək zövqə və böyük sənətə verilən dəyərə görə qürur hissi keçirdiklərini deyirlər. Muzey gündəlik qazancı ilə bərabər, xeyriyyəçilik aksiyalarına da qatılır. Əlillər, kimsəsiz uşaqlar və tənha insanlar üçün muzeyə giriş azaddır. Həmçinin təqaüdçülər, müəllimlər, ispandilli ölkələrin vətəndaşları və azyaşlı uşaqlar da bu sırada yer alıblar. Tələbələr üçün 7 avroya endirimli biletlər satılır.

Prado muzeyi hər gün saat 10.00-dan 20.00-dək işləyir. Muzeyə 10, 14, 19, 27, 34, 37, 45 saylı avtobuslarla və Atocha və ya Banco de Espana metrostansiyalarından getmək mümkündür.
Təranə Məhərrəmova
Bakı-Madrid

banner

Oxşar Xəbərlər