Dünya Velosiped Mərkəzinə dəvət alan azərbaycanlı gənc - Portret
Yola salmağa hazırlaşdığımız 2018-ci il digər sahələrdə olduğu kimi,
idmanda da əlamətdar hadisələrlə yadda qaldı. Belə ki, tarixdə ilk dəfə olaraq
cüdo və velosiped idmanının BMX növü üzrə dünya çempionatına ev sahibliyi
etdik. Yüksək səviyyədə baş tutan sözügedən mundiallarla yanaşı, dünya
idmanının elit qrupunda yer alan Formula1 üzrə sayca üçüncü Azərbaycan
Qran-prisi mövsümün ən yaxşı yarışlarından biri seçildi. Bu və digər faktlarla
"odlar yurdu"nun idman ölkəsi imici növbəti dəfə təsdiqlənmiş oldu.
Velosiped idmanı ilə bağlı digər diqqətçəkən məqam isə iki
həmyerlimizin Dünya Velosiped Mərkəzinə dəvət almasıdır. Gənclərdən ibarət
yığmanın üzvləri Musa Mikayılzadə və Kərim Şirəliyev altı ay müddətində
adlı-sanlı həmkarları ilə bir araya gələrək, mükəmməl təcrübə toplayacaq. Onu
da vurğulayaq ki, iki təmsilçimizin İsveçrədə keçirilən ənənəvi təcrübə
proqramına çağırılması, Azərbaycan velosiped idmanında ilk haldır. Bu gün o
gənclərdən birini - Kərimi sizə yaxından tanıdacağıq.
Veloidmana gəlişinin maraqlı tarixçəsi var. Belə ki, o, velosiped
sürdüyü günlərin birində, yolda təsadüfən rastlaşdığı şəxslə yarışa çıxaraq,
sonda üstün tərəf olur. Sonradan söhbət əsnasında məlum olur ki, həmin şəxs
əslində, peşəkar velosipedçi imiş. Potensialına heyrət edən "rəqibi",
Kərimə bu idman növü haqqında danışaraq, peşəkar karyera qurmağı tövsiyə edir.
Şirəliyev, bir ay çək-çevir etdikdən sonra onunla əlaqə saxlayıb, koordinatları
alır və beləcə, həyatında yeni səhifə açılır.
Halbuki...
Şirəliyev Kərim Rəhim oğlu 3 iyun 1999-cu ildə Bakıda doğulub.
İdmançıların əksəriyyətində maraq lap kiçik yaşlardan özünü büruzə versə də,
Kərim, 15 yaşına qədər ümumiyyətlə, idmançı olmaq sevdasına düşməyib.
Maraqlıdır ki, onun heç futbolla da arası olmayıb. Məhəllələrində digər uşaqlar
hər gün futbol oynasa da, onu çox nadir hallarda top qovan görüblər. Əvəzində,
orta məktəbdə yaxşı oxuyan şagird kimi ad çıxarıb. Dediyinə görə, ailəsində
daim təhsil prioritet kimi qəbul edilib. Bu səbəbdən də, ilk vaxtlar
valideynləri idmanla məşğul olmasına narazılıqlarını bildiriblər.
2014-cü ildən "Lokomotiv"də ilk addımlarını atan Şirəliyev,
tezliklə adından söz etdirir. Heç üç ay keçmir ki, U-17 kateqoriyasında
Azərbaycan çempionatının gümüş medalına sahib çıxır. Bununla da, dərslərinə də
vaxt ayırmaq şərti ilə ata-anasının razılığını alır.
Azərbaycanın ən güclü
velosipedçisi
İlk ilini o, Federasiya Kuboku və ölkə çempionatının iki qızıl medalı
ilə başa vurur. Növbəti - 2015-ci ildə Azərbaycan çempionatının daha üç qızıl
medalına sahib çıxan Kərim, Federasiya Kubokunda gümüş və bürünc medalları
boynundan asır.
2016-cı il gənclər kateqoriyasında ilk ili olsa da, ölkə çempionatını
qızıl, Federasiya Kubokunu isə gümüş medalla başa vurur. Uğurlara doymayan
Şirəliyev, 2017-ci ildə də Federasiya Kubokunda fərqlənir. Burada bürünc
medalla kolleksiyasını zənginləşdirən qəhrəmanımız, beynəlxalq yarışlarda da
nəzərəçarpacaq uğurlara imza atır. Bunlardan biri də Türkiyədə baş tutan iki
günlük "Fatih Sultan Mehmet" veloturunun qızıl və gümüş medallarıdır.
Belə ki, 2017-ci ildə ümumi nəticədə gümüş medal qazanan Kərim, növbəti il dağ
mərhələsində ikinci olub.
Beləliklə, cari ildən 23 yaşadək velosipedçilərdən ibarət millimizin
heyətinə cəlb olunub. Geridə qalan bir il ərzində sadəcə, beynəlxalq yarışlarda
iştirak edib. Qəhrəmanımız, bir ara "Sinerji Bakı" komandasında da
çıxış edib. Kərim, komandanın adlı-sanlı üzvləri ilə çiyin-çiyinə üç mötəbər
yarışa qatılıb. Bir sözlə, Şirəliyev bu gün Azərbaycanın ən perspektivli
velosipedçilərindən sayılır.
Əvəzsiz fürsət
Məlumdur ki, velosiped idmanı ölkəmiz üçün ənənəvi növlərdən deyil.
İdmançılarımızdan qitə və dünya miqyaslı mötəbər yarışlarda, olimpiadalarda
böyük uğurlar gözləmək, sadəlövhlük olar. Bu gün üçün əsas məqsəd növün
kütləviləşməsini təmin etməkdir. Kərim və onun komanda yoldaşlarının qazandığı
nailiyyətlər məhz bu baxımdan olduqca əhəmiyyətlidir. Bununla belə,
qəhrəmanımız, tarixdə sıradan biri kimi qalmaq istəmir, o, böyük zirvələri
hədəfləyib. Dünya Velosiped Mərkəzində özünü ən yaxşı tərəfdən göstərib,
nüfuzlu komandaların birinin diqqətini cəlb etməyi düşünür. Özünün dediyinə
görə, bu təcrübə proqramında iştirak edən velosipedçilərin əksəriyyətinin
əziyyəti yerdə qalmır. Nəzərə çatdıraq ki, proqram 2019-cu il, yanvarın 15-də
start götürəcək.
İki il hobbi, iki il peşə
Veloidmanla məşğul olduğu illəri iki yerə ayırır. Belə ki, iki il
hobbi, sonrakı iki ili peşə kimi səciyyələndirir. Karyerasını otuz yaşa qədər
davam etdirməyi düşünən gənc velosipedçi, bunda xaricdən dəvətin
gəlib-gəlməməsinin də rolunu istisna etmir. Nüfuzlu klublardan biri ilə
anlaşacağı təqdirdə, hələ uzun illər onu idmanda görəcəyik.
"Velosipedçi kimi ən üstün cəhətim verilən tapşırıqları düzgün
yerinə yetirməyimdir" - deyir. İşinə qarşı məsuliyyətinə görə, daim diqqət
mərkəzində olub. Onun canfəşanlığını bir çox yerli və xarici mütəxəssislərlə
yanaşı, komandamızın təcrübəli və titullu velosipedçilərindən olan Kiril
Pozdnyakov da dəfələrlə yüksək qiymətləndirib.
Gələcəyin iqtisadçısı
Kumiri "Sinerji Bakı"da çiyin-çiyinə çıxış etdiyi, keçmiş
komanda yoldaşı Aleksandr Polivadadır.
Hobbisi bilyard oynamaqdır. Dediyinə görə, burada da onunla bacarmaq
çətin məsələdir.
Hazırda Tbilisi Dövlət Universitetinin iqtisadiyyat fakültəsində
təhsil alan Şirəliyev, bununla, valideynlərinə və böyük qardaşına verdiyi sözü
tutub. İntellektual səviyyəsi ilə seçilən Kərim, ingilis və rus dillərini də
yaxşı səviyyədə bilir. Dil biliklərini və ümumi dünyagörüşünü genişləndirmək
üçün mütəmadi hekayələr oxuyur, filmlər izləyir.
Bu arada onu da vurğulayaq ki, veloidman həm də səyahət etməyi sevən,
dünyanın hər yerini gəzib-görməyi arzulayan gənc qəhrəmanımız üçün bir vasitə
rolunu oynayır.
Xaraktercə ünsiyyətcil, səmimi olan Kərim, əhatə dairəsini
genişləndirməyi, daim yeni insanlarla tanış olub, onların bilik və
bacarıqlarından faydalanmağı qarşısına məqsəd qoyub.
Portret
Belə bir deyim var: Bir işə necə başlasan, elə də davam edəcəksən.
Cəmi dörd il ərzində gəldiyi nöqtə, onun istedadını, əzmkarlığını, bir sözlə,
potensialını bütün təfərrüatı ilə ortaya qoyur. Özü hələ çox gənc olsa da,
həmkarlarının ondan öyrənməli olduğu çox şey var.
Kərim, Azərbaycanda daha populyar olan növləri deyil, velosiped
idmanını seçdiyinə görə qətiyyən peşman deyil. Hesab edir ki, onun üçün ən
uyğun növ məhz budur.
Təvazökarlığı, yüksək təlim-tərbiyəsi ilə seçilən qəhrəmanımız, ölkə
velosiped idmanı camiəsində hamının hörmətini qazanıb, az yaşına rəğmən,
nümunəvi idmançı kimi qəbul edilib.
Sahib