• cümə axşamı, 28 mart, 19:59
  • Baku Bakı 13°C

Dünya ticarətinin yeni mərkəzi

22.01.21 15:45 1396
Dünya ticarətinin yeni mərkəzi
Asiya bazarına üz tutan Türkiyə, Avropa və Çin arasında körpüyə çevrilir
Qardaş Türkiyə bu gün nəinki siyasi, hərbi-iqtisadi cəhətdən də Yaxın Şərq, Şimali Afrika, Qafqaz və Mərkəzi Asiyada söz sahibinə çevrilir. Bu gün artıq regionda və onun hüdudlarından kənarda hər hansı bir problem onun iştirakı olmadan həll olunmur və oluna da bilməz. Artıq Türkiyə iqtisadi cəhətdən də güc mərkəzinə çevrilir. Yeni qaz yataqlarının kəşfi, eləcə də Rusiya və Azərbaycanla enerji sahəsində sıx əməkdaşlıq, onu iri enerji habına çevirib. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Ərzurum qaz, Bakı-Qars dəmir yolu, TANAP, TAP, "Türk Axını” kimi layihələrin reallaşması qardaş ölkəni iqtisadi və siyasi cəhətdən möhkəmləndirib. Artıq bu gülərdə qonşu İranla da Türkiyə arasında yük daşımaları sahəsində yeni razılaşma əldə olunub ki, bu da, Türkiyədən İrana yük daşımaların həcmini iki dəfə artırmağa imkan verəcək. Bu saziş, Türkiyəyə yük daşımaları ilə bağlı Mərkəzi Asiya, Pakistan, Əfqanıstan və Fars körfəzi ölkələrini də əhatə edəcək. İl ərzində 400 min ton olan daşımalar milyon tona çatacaq. Bu il ərzində isə əsasını Qarsdan götürəcək və uzunluğu 230 km. olacaq Naxçıvan dəmir yolunun inşasına başlanılacaq. Koronavirus pandemiyası təsiri altında yeni dünya düzəni şəraitində Türkiyə özünün strateji vəziyyətini daha da istifadə etməyə çalışacaq. Məqsədə çatmaq istiqamətində hərəkət edərək, tək regionda deyil, dünyada əhəmiyyətli loqistik xəttə çevriləcək. Qardaş ölkə dünya ticarətinin 35 faizinin reallaşdığı marşrutda əhəmiyyətli dəmiryolu layihələrini həyata keçirəcək.

Avropa-Çin yolunun əsası qoyulub

İlk növbədə bu sahədə investisiyalar "Dəmir İpək yolu” çərçivəsində həyata keçiriləcək. Bu layihə Çindən Avropaya kimi uzanacaq. Artıq bu marşrutda qatarlar hərəkət edir. "Türkiyə” qəzetinin yazdığına görə, 2019-cu ilin noyabrında Çinin Sian şəhərindən yola çıxan qatar "Mərmərə” tunelindən keçməklə Çexiyanın paytaxtı Praqaya çatıb. Türkiyə sonrakı illərdə bu ixrac xəttindən istifadə etməyə başladı. Türkiyənin Çinə ilk yük qatarı təntənəli şəkildə İstanbuldan Çinə dekabrın 4-də göndərilib. Çərkəzköy stansiyasından çıxan yük qatarı iki qitədən, iki dənizdən, beş ölkədən keçərək iki həftəyə Çinə gedib çıxıb. İran dəmir yolları ilə imzalanan yeni anlaşma hesabına, yükdaşıma Mərkəzi Asiya, Pakistan, Əfqanıstan və Fars körfəzi ölkələrini də əhatə edəcək ki, bununla da il ərzində 400 min olan yük daşımalar milyon tona çatacaq. İranla alternativ dəhlizin əsası 1969-cu ildə qoyulub. Yeni razılaşma ilə mövcud şərtlər də dəyişib. Bu istiqamətdə dəmir yollarının modernləşməsi və yük daşıyan qatarların sayı artırılacaq.

Qars-İqdır-Naxçıvan dəmir yolu layihəsi
"Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttində istifadə ediləcək yük vaqonları ilə bağlı Azərbaycanda istehsal müəssisəsinin yaradılması planlaşdırılır. Yük vaqonları istehsal olunacaq müəssisənin avadanlıqları Türkiyə tərəfdən təmin olunacaq”. Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turhan deyib. Nazir bildirib ki, hazırda bu istiqamətdə müvafiq işlər aparılır. Nazirliyin tabeliyində olan "Türkiye Demiryolu Makinaları Sanayi A.Ş."nin (TÜDEMSAŞ) istehsalı olan 150 ədəd yeni və milli yük vaqonu BTQ-nin yükdaşımalarında istifadə olunur. Xüsusilə Türkiyə-Azərbaycan arasında istifadə oluna biləcək vaqonların TÜDEMSAŞ tərəfindən istehsalı məqsədilə işlərə başlanıb. Buna görə azərbaycanlı həmkarlarımızdan bir ədəd EA (tökmə yüklərdə istifadə olunan, yandan və üstdən yüklənən, kənarları yüksək, üstüaçıq vaqonlar) tipli vaqon alınaraq Türkiyəyə gətirilib və TÜDEMSAŞ tərəfindən yeni vaqon layihələndirilib. İlin sonunadək iki ədəd yeni sınaq vaqonlar istehsal ediləcək. Mehmet Cahit Turhan Azərbaycan tərəfinin 600 ədəd yük vaqonuna ehtiyacı olduğunu bildirib. Qars-İqdır-Naxçıvan dəmir yolu layihəsi hazırlanma ərəfəsindədir. Nazir bildirib ki, bu, Türkiyənin Azərbaycanla nəqliyyat əlaqələrinin daha da genişlənməsindən xəbər verir: "Türkiyənin Azərbaycanla birgə həyata keçirdiyi layihələr təkcə iqtisadi deyil, həm də böyük siyasi məna daşıyır. Birlikdə həyata keçirdiyimiz layihələr regionun təhlükəsizliyini və sabitliyini artırır. Nazir qeyd edib ki, son zamanlar Türkiyənin Azərbaycanla iqtisadi əməkdaşlıq əlaqələri daha da sıx xarakter alıb: "Bu, hər iki ölkənin gücünü artırmaqla yanaşı, regionda nəqliyyat infrastrukturunun inkişafına zəmin yaradır”.

Naxçıvan yolu inşa ediləcək

Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin hələ 2008-ci ildə anonsunu verdikləri Naxçıvan dəmir yolu layihəsinə bu il start veriləcək. Azərbaycanın Dağlıq Qarabağda qalibiyyətindən sonra bu layihəni tezləşdirmək qərarına gəlinib. Sıfırdan başlanılacaq və uzunluğu 230 km olacaq dəmir yolunu Qars, İqdırdan Naxçıvana kimi uzanması nəzərdə tutulur. Oradan xəttin İran, Əfqanıstan və Pakistana kimi uzanması planlaşdırılır. Layihənin reallaşmasına 2 mlrd. türk lirəsinin sərf olunması nəzərdə tutulub. Burada hədəf həm də Naxçıvanın nəqliyyat habına çevrilməsidir. Belə ki, yükdaşımalar regionun inkişafına gətirib çıxaracaq. Eyni zamanda Halkala-Kapıkulu xəttinin inşası da nəzərdə tutulub. Bu dəmir yolu layihəsi Avropa ölkələri ilə dəmir yolu əlaqəsini gücləndirəcək. Yüksək standartlara cavab verəcək bu xəttin artıq 25 faizi həyata keçirilib. Nəzərdə tutulub ki, Çerkezköy-Kapıkulu xətti 2023-cü ildə başa çatacaq. Uzunluğu 76 km olacaq Çerkezköy-Kapıkulu xətti ilə bağlı tenderin keçirilməsi nəzərdə tutulub. Halkalı-Kapıkulu layihəsinin reallaşması daşınma müddətini dörd saatdan bir saat iyirmi dəqiqəyə kimi endirməyə imkan verəcək. Bu layihə çərçivəsində Ədirnə, Qırxlareli və Təkirdağ layihələri yüksəksürətli məlumatlar şəbəkəsinə daxil ediləcək. Halkala-Kapıkulu xətti əlavə olaraq Londondan Pekinə kimi uzanan "Dəmir İpək Yolu”nun əhəmiyyətli hissəsini möhkəmləndirəcək.
Bu il ərzində Türkiyə-Çin biznesin assosiativ inkişafı assosiasiyasının təşəbbüsü ilə "Dəmir İpək Yolu ölkələri”nin forumu keçiriləcək. Türk biznesmenlərinin Çinə və bu marşrutda yerləşən ölkələrə sata biləcəkləri bütün məhsullar orada nümayiş etdiriləcək. Bu sahələrə dağ mədən sənayesi, qida sənayesi, kənd təsərrüfatı, energetika, elektron ticarəti, informasiya texnologiyaları, podrat xidmətləri, turizm, və logistika daxildir. Bütün bu sahələrin ticarət dövriyyəsini artıracağı gözlənilir.

"Məşğulluq və ixrac üçün balzam”

Türkiyə onun ərazisindən keçəcək qlobal dəmir yolları şəbəkələri hesabına ticarətin həcmini il ərzində birinci mərhələdə 40 mlrd. dollara çatdırmağa müvəffəq olacaq. Bu impuls ölkənin sənaye sektoruna əlavə sifarişlər gətirəcək, eləcə də, milyon yeni iş yerləri açılacaq. Türkiyə bu dəmir yolları şəbəkəsi hesabına nəinki ticarətini genişləndirməyə müvəffəq olacaq, həm də logistik xidmətlər göstərəcək. Asiya və Avropa ölkələri ilə əməliyyatları sürətləndirəcək. Çindən Avropaya kimi uzanacaq dəmir yolu şəbəkəsi Türkiyəni dünya ticarətində söz sahibi olacaq bir dövlətə çevirəcək.
Türkiyə ticarət naziri Ruxsar Pekcan türk ixracatçıları Asiyaya doğru irəliləməyə çağırıb. "Sabah” qəzetində dərc olunan məqalədə nazir, onları Asiyaya güc verməyin vaxtının çatdığını vurğulayıb. Artıq Türkiyə iki ildir ki, region ölkələri ilə əlaqələri genişləndirmək üçün "Yeni Asiya” layihəsini işə salıb. Bura müxtəlif sahələr – təhsil, müdafiə sənayesi, investisiyalar, ticarət, texnologiya, mədəniyyət və siyasi dialoq daxildir. Türkiyə şirkətlərini Asiya-Sakit Okean regionunu tək idxal deyil, ixrac üçün də nəzərdən keçirməyə çağırış da burada əks olunub. Nazir Asiya-Sakit Okean regionuna, xüsusən də Çin və Hindistana ixracın həcminin artırılmasının vaxtının çatdığını dilə gətirib. Bir faktı da qeyd edək ki, Asiyanın rolu, dünya istehsal və ticarətin mərkəzi kimi artır. Asiya-Sakit regionunun dünya ümumdaxili məhsulunun həcmində rolu 2019-cu ildə 35 faizə yüksəlib. 2000-ci ildə isə bu rəqəm 26 faiz idi. Dünya ixracatında da rolu 28 faizdən 37 faizə yüksəlib. 2020-ci ildə Türkiyənin region ölkələrinə ixracının həcmi 1,5 faizə düşüb, idxal isə 8,6 faizə kimi enib. Türkiyənin xarici ticarətdə balanslaşdırılmış deyil. Türkiyəli nazir bu göstəricini dəyişməyin vaxtının çatdığını deyib. Türkiyə xarici iqtisadi əlaqələr Şurasının sədri Nail Olpak hesab edir ki, əsas xarici ticarət kəsrinin 40 faizi Çinin payına düşür. Regionda ticarət balansı səviyyəsinə çatdıqda, bu kəsir yoxa çıxacaq. Bu, mürəkkəb olsa da, əsas hədəfdir”.

Avropa və Çin arasında körpü
2019-cu ilin vəziyyətinə görə, regionda türk biznesmenlərinin investisiyaları 3,5 mlrd. dollara yüksəlib, region ölkələrindən daxil olan investisiyalar isə 17,5 mlrd. dollar təşkil edir. Transxəzər beynəlxalq nəqliyyat dəhlizi, tarixi İpək yolunun bərpası gələcəkdə Türkiyəni Avropa ilə Asiya arasında körpüyə çevirəcək. İstanbuldan Çinə yük daşımalar da artıb. Yeri gəlmişkən, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, 21-ci əsr "Asiyanın əsri” olacaq. Artıq regionun strateji əhəmiyyəti və potensialı artır. 19 və 20-ci əsrlər Avropa və Amerikanın əsri olub. İndi is artıq 21-ci əsrin Asiya əsri olacağını demək olar. Türkiyə koronavirusa qarşı mübarizədə Çin vaksinini alıb və pandemiya dövründə 33 Asiya ölkəsini dəstəkləyib. Avropanın bir çox ölkələri, xüsusən də Böyük Britaniyanın, Asiya ölkələri ilə imzalanan sazişlərinə istinad edərək qeyd etmək olar ki, artıq bir çox ölklər bunu anlayır. Türkiyə 2019-cu ildə Asiya ölkələri ilə əlaqələrin genişləndirilməsi məqsədilə "Asiya AneW” təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüs, xüsusən də iqtisadi münasibətlərin yaxşılaşdırılması üçün əhəmiyyət kəsb edir.

Azər

banner

Oxşar Xəbərlər