• şənbə, 20 Aprel, 05:12
  • Baku Bakı 15°C

Dünya səyahətinə çıxan Hamlet

27.10.15 14:04 2257
Dünya səyahətinə çıxan Hamlet
Düzü bu məqaləm bir qədər gecikmiş sayıla bilər. Yəni bizim üçün, amma ümumilikdə hələ davam edir. Söhbət Şekspirin məşhur “Qlobus” teatrının dünya turnesindən gedir. Bu turnedə də Azərbaycana səfərindən və bu səfərdə göstərdiyi “Hamlet” tamaşasından.
Oktyabrın 3-ü, Akademik Milli Dram Teatrı, hər kəs böyük maraq və həyəcan içindədir. Axı nə qədər də olmasa dünyaca məşhur Şekspir teatrı gəlib. Məqsəd - Londonun “Qlobus” Teatrı Şekspirin anadan olmasının 450-ci və ölümünün 400-cü ildönümünü 23 aprel 2014-cü il tarixindən 23 aprel 2016-cı il tarixinədək davam edəcək möhtəşəm dünya turnesinə çıxmaqla qeyd edir. Bu, tamamilə misilsiz teatr sərgüzəşti “Hamlet” tamaşasını iki il müddətində dünyanın hər bir ölkəsində nümayiş etdirməkdən ibarətdir. On altı nəfərdən ibarət teatr truppası dünyannın bütün kontinentlərinə səyahət edərək unikal məkanlarda və əsrarəngiz teatr səhnələrində çıxış edir. Şekspir Qlobus teatrının bədii rəhbəri və Hamlet tamaşasının rejissoru Dominik Dromgul bildirib ki, “Globe to Globe Hamlet” layihəsi “Hamlet” tamaşasının müxtəlif məkanlarda və böyük tamaşaçı auditoriyasına nümayiş olunmaq məqsədilə yaradılıb.
Turnemizin əsas qayəsi ondan ibarətdir ki, Şekspir yer üzündə insanların harada olmasından asılı olmayaraq hər kəsi əyləndirə və hər kəslə danışa bilər və heç bir ölkə və heç bir xalq Hamletin canlı tamaşasından imtina etməz.
Tamaşadan bir neçə saat öncə iştirak etdiyim mətbuat konfransında Qlobus teatrının prodüsseri Tom Börd və əslən Pakistanlı Hamlet rolunun ifaçılarından biri ilə tanış olma şansım oldu. Onlar öz məramlarından danışdılar, suallara qarşılıqlı cavablar verdilər.
Və axşam... ən çox gözlədiyimiz an. Uzun zamandır ki, Milli Dram Teatrında belə anşlaq görməmişdim, hətta beləsini deyərdim ilk dəfə idi görürdüm. Belə ki, zala əlavə stullar da qoyulmuşdur. Təbii ki, aktyorlar ingilis olduqlarından tamaşa indilis dilində gedirdi. Yalnız səhnənin qıraqlarına azəricə titrlər göstərilirdi. Başa düşən düşür, düşməyənsə həm tamaşaya baxmalı, həm də titrləri izləməli olurdu. Amma onu da qeyd edim ki, mətndə cüzi dəyişikliklər edilmişdi, azəricə titrlərin nümayişi isə heç də qənaətbəxş deyildi. Gah sözlər gecikir, gah tez verilir, gah bir sözün üstə qalır, gah da tamamilə silinirdi.
Hər nə isə keçək tamaşaya. Səhnə içində səhnə, tamaşa içində tamaşa. Adətən alışmışıq ki, səhnə böyük olduqda dəbdəbə ilə bəzənsin, başdan ayağa dekor qurulsun, boşluqları da bu dekorlar doldursun. Amma burada tam fərqli idi. Sadəcə, səhnənin ortasında balaca bir dekor. Və mən bu dekorun “Hamlet” kimi möhtəşəm bir əsəri tam təsvir etməyə kifayət edəcəyinə əmin deyildim. Lakin sonda özüm də şaşırdım. Tərtibatda üç uzun taxta əsas rol oynayır: həm olur məbəd, həm olur gəmi, həm olur qayalıq, həm də qəbirstanlıq. Əlavə olaraq ortadan asılmış pərdə, arxadan divarı xatırladan kəsmə və skamyalar. Əlavə heç nə yoxdur. Obrazlar ikiləşir, həm adi küçə əhli olurlar, oxuyub çalırlar, həm də bir andaca dönürlər əsas qəhrəmanlara. Və ən əsası budur ki, heç biri o birinə bənzəmir. Məsələn, Gertruda gah kraliça olur, üst geyimin çıxaran kimi də çevrilir adi qadınlardan birinə. Bütün bunlarsa seyrçinin gözü önündə baş verirdi. Tamaşada nə fonoqram musiqi vardı, nə də dekorların yerini dəyişən. Bunların hamısı aktyorlara həvalə edilmişdi. Aktyorlar müxtəlif alətlərdə ifa edirdilər, lazım gələndə sanki tamaşanın bir parçası kimi dekorları elə oradaca dəyişirdilər. Mənə ən xoş təsir bağışlayan o idi ki, sanki kinoteatrda ingiliscə bir film seyr edirdim. Təbii və səlis. Mimika, jest, hərəkət, mizan, aktyorların bir-birini izləməsi sonacan axıcı idi. Ən maraqlı səhnələrdən biri - Hamletin əmisi və anasına hazırladığı tamaşa hissəsi oldu. Bir anın içində həm tamaşa göstərirdilər, həm də guya izləyirdilər. Və tamaşanı göstərən elə anasıyla əmisi idi, halbuki onlar həm də izləyici olurdu. Ancaq bu elə qurulmuşdu ki, ortadakı pərdə açılanda guya Hamletin anası və əmisi təlxək kimi çıxıb kralı necə öldürdüyünü, necə evləndiklərini göstərirdilər, pərdəni çəkən kimi yenə kral və Gertruda olurdular.
Qəbirstanlıq səhnəsində də, Ofeliyanın basdırılmasında da kiçik səhnə sanki dönüb qərbirstanlıq olurdu. Taxtalar elə quraşdırılırdı ki, sanki qəbrin içidir. Mən bu cür təbiiliyi bir də GTT da “Kannemarda bir kəllə” tamaşasında görmüşdüm.
Tamaşa qəribə bir sintezdə verilmişdi – avanqard və klassika. Bəlkə də kənardan qəribə səslənir. Ancaq tamaşada bu çox maraqlı alınmışdı. Danışıq, pafos, adalar klassika və anidən bu klassikaya avanqardlıq əlavə olunurdu.
Tamaşanın sonu da maraqlı bir yozumla bitirdi. Son səhnə, hamı növbə ilə ölür əsərdəki kimi və hamı elə bilir ki, tamaşa bitir. Elə bu anda məlahətli səsi ilə mələk kimi gələn Ofeliya səhnəyə daxil olur. Dayanmadan həzin mahnısını oxuyur və asta-asta sırayla ölənlərə yaxınlaşır, çırtmaq çalaraq sanki onları yuxudan ayıldır, sonda isə Hamleti oyadır. Sanki bu bir oyundur, Şekspirsayağı yozumdur, zarafatdır, əhvalardır və o da bitti. Yaxud da o dünyada hər kəs bir-birinə qovuşur... Və yenə də sadə əhali kimi hərə öz yerini alır, oxuyan oxuyur, çalan çalır və rəqs edirlər.
Lakin bir nüans mənə qəribə gəldimi deyim, yoxsa xoş olmadımı bilmirəm. Mən bu tamaşada Hamlet coşğunluğu, Hamlet ehtirası, Hamlet dəlisovluğu, Hamlet intiqamı olan Otellonu gördüm. Düzdür hamletlər müxtəlif olub, olacaq da. Ancaq qaradərili Hamleti görən kimi bu, məndə Otello təəssüratı oyatdı. Nə olar bəlkə bu da bir yozumdur.
Bütövlükdə tamaşanı izlədikdən sonra mən bir xeyli Vaqif İbrahimoğlunun quruluş verdiyi “Otello” tamaşasını xatırladım. Amma bilmirəm nədən...
Nigar Pirimova
banner

Oxşar Xəbərlər