• cümə, 26 Aprel, 15:54
  • Baku Bakı 23°C

“Dünya ölkələri qiyabi təhsil sistemini qəbul etmir”

11.07.13 08:34 4616
“Dünya ölkələri qiyabi təhsil sistemini qəbul etmir”
Qiyabi təhsil alanların pedaqoji fəaliyyətinə təhsil nazirinin qoyduğu qadağadan, Bakı Dövlət Universitetinin hüquq fakültəsində magistratura üzrə qiyabi təhsilin ləğvindən sonra Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyevin “Azərbaycanda ali təhsil müəssisələrində qiyabi təhsil üzrə qəbul 2015-ci ildən dayandırılacaq”- deyə səsləndirdiyi fikirlər müzakirə mövzusuna çevrilib. Belə ki, komitə sədrinin mətbuata açıqlamasına görə, bununla bağlı qanunvericiliyə dəyişiklik ediləcək və o vaxta kimi qiyabi təhsil tədricən distant (məsafədən təhsil) təhsillə əvəz olunacaq. Ş.Hacıyevin sözlərinə görə, keçmiş SSRİ ölkələri istisna olmaqla, dünyanın heç bir yerində qiyabi təhsil yoxdur, yalnız distant təhsil mövcuddur. “Bizdə qiyabi şöbələrə qəbul olunan sonuncu şəxslər təhsillərini başa vurduqdan sonra - 2015-ci ildən etibarən bu prosesi tədricən həyata keçirmək olar”.
Təhsildə beynəlxalq standartların tətbiqi istiqamətində atılan addımlardan, verilən qərarlardan sonra “Qiyabi təhsil çoxdan ləğv olunmalı idi” fikirlərini deyənlərlə yanaşı, qiyabi təhsili təhsilin variantlarından biri hesab edənlər də var.
Əyani təhsilin fərqi
Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov ümumiyyətlə, dünya ölkələrində qiyabi təhsilin olmadığını bildirib: «Bu qədər müəllim var. İş tapa bilmirlər. Qiyabi təhsili bitirənlərin də bəziləri işləyir, bəziləri yox. Qiyabi təhsil keçmiş sovet dövründən qalma formadır. İndi həmin təhsil distant təhsillə əvəz olunub. Amma mən hələ bu təhsilin də şəffaflığına inanmıram. Ona görə ki, hələ bizdə o psixologiya sonadək formalaşmayıb. Birdəfəlik distant təhsilə keçid, digər tərəfdən bu sahədə şəffaflığın gözlənilməsi o qədər də asan deyil».
A.Mehrabov təhsil nazirinin qiyabi təhsilini başa vurmayan tələbələr müəllim kimi sinfə daxil olmamaları ilə bağlı əmrinə də münasibət bildirib: «Keçmişdə üçüncü kursdan sonra tələbələrə öz ixtisasları üzrə işləməyə icazə verilirdi. Yeni nazirin əmrinə görə qiyabi təhsilini başa vurmayan şəxs müəllimlik fəaliyyəti ilə məşğul ola bilməz. Sovet dövründə qiyabi təhsil alan tələbələr öz ixtisasları üzrə işləyirdilər. İndiki dövrdə isə bu cür təhsil alan tələbələrin çoxu öz ixtisasları üzrə işləmir. Əksəriyyəti ayrı-ayrı ixtisaslar üzrə çalışırlar. Ona görə necə ola bilər ki, 3-cü kursdan sonra tələbələr müəllimlik fəaliyyəti ilə məşğul olsunlar?» A.Mehrabov qiyabi təhsillə müqayisədə əyani təhsilin üstün olduğunu qeyd edib. Belə ki, əyani oxuyan tələbələrin auditoriyada müəllimlə təmasda olmaq, məşğələlər keçmək, laboratoriyalarda məşğul olmaq, mühazirələr dinləmək və s. imkanları var. “Qiyabilər isə sessiyaya çağırıldığı 10-12 gün ərzində müəllimə qulaq asır. Ancaq ilboyu əyani təhsil tam fərqlidir. Əyani təhsilin tələbləri də başqadır». İnstitut direktorunun sözlərinə görə, distant təhsilin formalaşması üçün müəyyən zamana ehtiyac olsa da, müasir texnologiyaların inkişafı prosesi sadələşdirə biləcək: «Hazırda müasir texnologiyalar o qədər inkişaf edib ki, bölgələrlə də əlaqələr yaradılacaq, lazım gələndə distant təhsilə cəlb olunan tələbələrə tapşırıqlar göndəriləcək və əgər şagird və tələbənin bir sualı varsa həmin sayta göndərəcək. Tələbə bütün tapşırıqları özü həll etməlidir».
Bir ayda nə mənimsəmək olar?
Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinin humanitar və sosial məsələlər üzrə dekan müavini Elxan Nuriyev hazırda Rusiya və digər ölkələrdə distant təhsilə keçildiyini qeyd edib: «Ümumiyyətlə, distant təhsil də qiyabi təhsil kimidir. Əziyyət çəkib rayondan Bakıya gələrək kirayədə yaşayıb qiyabi təhsil almaq, əlavə xərclər çəkməkdənsə distant təhsillə məşğul olmaq daha yaxşıdır». İkinci təhsilin də faydasız olduğunu qeyd edən E.Nuriyev hesab edir ki, tələbə birinci təhsili normal almalıdır: “O, magistratura pilləsini oxuyub bitirsin – bu, elə ikinci təhsildir. Biri Texniki Universiteti bitirəndən sonra könlünə hüquqşünas olmaq düşür və təzədən hüquq fakültəsinə daxil olur. Sizcə o, yaxşı mütəxəssis ola bilərmi?» E.Nuriyevin sözlərinə görə, hazırda dünya ölkələri qiyabi təhsil sistemini qəbul etmir: «Ümumiyyətlə, dünya ölkələrində qiyabi təhsil yoxdur. Elə distant təhsillə oxuyub öz-özünə hazırlaşmaq, lazım gələrsə ildə bir dəfə müəlliminlə görüşüb məsləhətlər almaq qənaətbəxşdir. Tələbə qiyabi oxuyanda dərslərə yalnız bir ay müddətində gəlir və imtahan verir. Bir ayda nə mənimsəmək olar ki, imtahan da verəsən?” E.Nuriyev xarici ölkələrdə oxumaq üçün yer alan elanları müsbət qarşıladığını bildirib: “Məsələn, Ukrayna universitetlərinin hüquq fakültələrində oxumaq üçün qəbul elan olunub. Onlar burada tələbələrlə ünsiyyətdə olur, onlara məsləhətçi təyin edir və imtahanı keçirib gedirlər. Düzdür, təhsil pulludur, ancaq tələbə adını qazanan şəxs yaşadığı yerdən ayrılmadan təhsilini davam etdirir».
Ciddi suallar
Professor Şahlar Əsgərov qiyabi təhsilin ləğvinin əleyhinədir: “Qiyabi təhsil, distant təhsil, özünü təhsilləndirmək - bunlar hamısı təhsilin variantlarıdır. Bu variantlar o qədər çox olmalıdır ki, kimə hansı əl verirsə, insanlar o metoddan istifadə etməlidirlər. Ona görə qiyabi təhsil də lazımdır. Çünki insan öz-özünü təhsilləndirə bilər”. Ekspert hesab edir ki, təhsillə bağlı bəzi məsələlərdə dünya praktikası ilə müqayisə yaratmağın əhəmiyyəti yoxdur: “Bizim istiqamətimiz ayrı olmalıdır. Bizim Qarabağ problemimiz, qaçqınlarımız, köçkünlərimiz, dağılmış məktəblərimiz var. Bu baxımdan bu məsələləri dünya praktikası ilə müqayisə etmək doğru deyil».
Təhsil eksperti Etibar Əliyev isə hesab edir ki, qiyabi təhsilin ləğv olunması bir qədər gecikmiş məsələdir. Belə ki, qiyabi təhsil çoxdan ləğv olunmalı idi: “Bu təhsil formal xarakter daşıyır. İstənilən işə qəbul edən şəxs qiyabi təhsilli vətəndaşın müraciətinə ironiya ilə yanaşır. Bildirirlər ki, bu təhsil forması mükəmməl deyil. Bu və ya digər amillər hesabına tələbələr qiyabi təhsili başa vururlar. Bu təhsil artıq özünü doğrultmur. Dünyanın inkişaf etmiş ölkələri 1970-80-ci illərdə bu təhsil formasını distant təhsillə əvəz ediblər. Ancaq Azərbaycanda bu prosesə keçid yaranmayıb. Çünki bu təhsilə keçid prosesi olduqca mürəkkəbdir. Distant təhsilə keçid yaransaydı, məsələlər bir qədər vətəndaşların xeyrinə həll olunardı. Ancaq buna baxmayaraq, qiyabi təhsilin hesabına əyani təhsil alan tələbələrin sayını artırmaq mümkündür. Qiyabi təhsil formasına keçənlər ən aşağı bal toplamış tələbələr olur. Həmin balı olduğu kimi əyani təhsil formasına transfer etmək mümkündür”.
Ekspert hesab edir ki, distant təhsil şəffaf təhsildir. Belə ki, bu, internet vasitəsilə həyata keçirilən təhsildir və bu sistem ilk dəfə 1970-ci ildə ABŞ universitetində tətbiq olunub. “Bu təhsil formasının üstünlüyü ondan ibarətdir ki, tələbə yerini dəyişmədən internet vasitəsilə müəllimlə ünsiyyət qurur. Müəllim materialları tələbəyə, o da öz növbəsində müəllimə göndərir. On-line yolla böyük auditoriyalarda imtahanlar keçirilir. Hətta indiki situasiyada distant təhsil qiyabi təhsildən daha şəffaf təhsildir. Artıq postsovet məkanına daxil olan bir sıra ölkələrdə bu təhsil prosesinə keçilib. Burada birbaşa müəllim-tələbə əlaqələri itir, bütün proseslər internet vasitəsilə həyata keçirilir, şəffaflıq yaranır. Bir də bütün dünyada İKT-nin təhsilə tətbiqi geniş vüsət alır və bu sistemə keçid yaranır».
Ekspert ikinci təhsilin fəsadlarının yarandığını da qeyd edib: «Bunu artıq hökumət dərk edir. Təsəvvür edin, coğrafiya ixtisasını bitirən bir şəxs sonradan hüquq fakültəsində oxuyur. Bunlar tamamilə fərqli ixtisaslardır. Və yaxud riyaziyyat ixtisasını bitirən şəxs Beynəlxalq münasibətlər üzrə ikinci ixtisasa yiyələnir. Bu, müxtəlif şəkildə həyata keçirilir”. Ekspertin fikrincə, qiyabi təhsilin ləğv olunması təhsilin inkişafına fayda verəcək: “Qiyabi təhsil sistemi yığcamlaşmalıdır. Əgər tələbələrin sayını artırmaq mümkündürsə, kontingenti artırmaq şərti ilə bunun üçün qiyabiləri əyaniyə çevirmək olar. Nə üçün hüquq fakültəsində təhsil alan bir şəxs coğrafiya fakültəsində ikinci ixtisas almır? Və yaxud kimsə filologiya fakültəsində ikinci ixtisasını davam etdirmir? Bunlar çox ciddi suallardır. Onlar ya iqtisadiyyatı seçirlər, ya da hüququ. Bir ixtisas üzrə 5 il oxuyan bir şəxsin birdən-birə yaşının hansısa zamanında hüquqçu olmaq düşür. Bunlar açıq məsələlərdir. Ona görə də qiyabi təhsilin ləğvi cəmiyyət tərəfindən dəstəklənməlidir». Ekspertin fikrincə, vətəndaşların hamısı ikinci təhsildən istifadə edə bilmir: «Bu, xüsusi adamlar üçündür. Yəni hər bir vətəndaşın ikinci təhsil almaq ixtiyarı yoxdur. Bu, xüsusi olaraq tətbiq olunmuş məsələdir».
Xarici Dillər Universitetinin ingilis dili fakültəsinin qiyabi 5-ci kurs tələbəsi Dinarə Abaszadə əyani təhsilin tərəfdarı olduğunu bildirdi. Onun fikrincə, il ərzində 2 dəfə və hərəsi 3 həftə olmaqla dərs keçilməsi nəticəsində mükəmməl biliklərə yiyələnmək çətindir: “Əgər kiminsə bazası yoxdursa, zəif tələbədirsə onun 3 həftə ərzində nə isə öyrənməsi çətindir. Xüsusən də qiyabi təhsil birinci təhsil kimi faydalı deyil. İkinci təhsil kimi işləyənlər əldə edə bilərlər. Düzdür, 3 həftə ərzində bircə dərsimiz də boş keçmir. Buna baxmayaraq, qiyabiçi tələbə eyni ixtisas üzrə təhsil alan əyani oxuyan tələbələrdən fərqlənir. Onlar hər gün dərsə gəlir, müəllimlə təmasda olurlar. Bizim isə belə imkanımız olmur”.
Qeyd edək ki, qiyabi təhsilin ləğvindən daha çox narahatlıq keçirənlər ailə və sosial vəziyyətlərinə görə təhsilin bu istiqamətini seçənlərdir. Əvəzində isə onlara distant təhsil təklif olunur. Bəlkə də yalnız bu təhsilə keçiddən sonra keyfiyyətdən və müqayisədən danışmaq olar.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər