• cümə, 19 Aprel, 23:23
  • Baku Bakı 24°C

Dünya iqtisadi geriləmə və gərginlik ilinə qədəm qoyur

18.12.18 20:33 679
Dünya iqtisadi geriləmə və gərginlik ilinə qədəm qoyur
"2019-cu ildə dünyanı qlobal məhsul çatışmazlığı, aclıq gözləyir. Rusiyaya gəldikdə, bu ölkə geosiyasi qarşıdurmaların gərginləşməsi və hibrid müharibələrlə üzləşəcək. ABŞ və Çin arasında isə ticarət qarşıdurmalarının gərginləşəcəyi gözlənilir”. Gələn il üçün belə bir bədbin proqnozu Qərb ekspertləri bölüşüblər. Və artıq heç kim şübhə etmir ki, bəşəriyyəti gələn il iqtisadiyyatda qlobal geriləmə və ticarət qarşıdurmalarının artması gözləyir. Ən bədbin olanı odur ki, gələn il üçün analitik mərkəzlərin heç biri optimist proqnoz səsləndirməyib.
2019-cu ilin qlobal iqtisadi riskləri - proteksionizmin (himayədarlıq) güclənməsi, Böyük Britaniyanın Avropa İttifaqından çıxması, iqtisadi perspektivlərin qeyri-müəyyənliyi, Çinin iqtisadi inkişaf tempinin aşağı düşməsi və inkişaf etməkdə olan ölkələrin bazarından kapitalın çıxarılmasından ibarət ola bilər. Bu qənaət "Scope Ratings” reytinq agentliyinin hazırladığı "Suveren risklər - 2019”də öz əksini tapıb. "Scope Ratings”in rəhbəri Cakomo Borizone hesab edir ki, düzdür, 2008-ci il böhranı ilə müqayisədə 2019-cu ildə ciddi fiasko yaşanacağı gözlənməsə də, ciddi problemlərin baş verəcəyi dəqiqdir. Hesabatda bildirilir ki, Rusiya gələn il üçün sərt maliyyə-pul kredit siyasəti həyata keçirəcək: "Maliyyə islahatı, maliyyə buferlərinin bərpası gözlənilir. Gələn il üçün ümumdaxili məhsulun həcmi 1,8 faiz təşkil edəcək. Rusiya üçün risklər əsasən anti-Rusiya sanksiyaların güclənməsindən, Çin və ABŞ arasında ticarət müharibəsinin gərginləşməsindən, neftin qiymətinin oynamasından və Ukrayna ilə gərginliyin artmasından asılı olacaq”.
Digər mərkəzlərin də proqnozları pessimist notlara söykənir. Məsələn, Bloomberg agentliyinin proqnozunda əsas məqam təbii kataklizmlərə əsaslanır. "Quraqlıq və qasırğalar mütəmadi olaraq məhsul qıtlığı, aclıq və güclü miqrasiya hərəkətlərinə gətirib çıxaracaq”, - deyə agentliyin proqnozunda bildirilir. Qeyd olunur ki, dörd ölkədə ərzaqla bağlı problem olmayacaq – ABŞ, Kanada, Ukrayna və Rusiya. Rusiya buğda ixracına embarqo tətbiq edərək daxili bazarda prioriteti qoruyacaq. Bloomberg yazır ki, Rusiya özünün əsas rəqibi Ukraynanı Donbasa əlavə qoşunlar göndərmək hesabına zəiflətməyə çalışacaq. O ki qaldı Rusiya-Türkiyə münasibətlərinə, Rusiya silahının satışı ilə tərəflər arasında münasibətlər daha da yaxınlaşacaq: "Və bu da Türkiyənin NATO ilə tərəfdaşlıq münasibətlərində ABŞ-a əlavə bir problem olacaq”.
Qərbin başqa bir nüfuzlu mərkəzi – Stratfor bəyan edir ki, 2019-cu il geosiyasi gərginliklə xarakterizə olunacaq. "ABŞ-ın orta və uzaq mənzilli raketlərin ləğv edilməsi barədə sazişdən çıxması iki ölkə arasında münasibətləri gərginləşdirəcək. Bu, ABŞ və Rusiya arasında xüsusən də Avropadan kənarda hərbi qüdrətin artırılmasına gətirib çıxaracaq. Polşa, Baltikyanı dövlətlər öz ərazilərində ABŞ qüvvə və vasitələrini yerləşdirməkdə maraqlı olacaq”, - hesabatda vurğulanır: "ABŞ, Çin və Rusiya arasında rəqabət sürətlə silahlanmaya səbəb olacaq və kiberməkandakı mövcud vəziyyəti gərginləşdirəcək. Ekspertlər əmindirlər ki, artan təhlükə fonunda qlobal idarəetməni nizamlamaq çətin olacaq. Çünki beynəlxalq sistemdə gərginlik artacaq”.
Stratforda hesab edirlər ki, Rusiya Qərb ölkələrinə və Avroatlantik inteqrasiyaya meyilli ölkələrə qarşı aktiv hibrid müharibəsi aparmaqda davam edəcək. Qərb isə bu hibrid taktikaya qarşı sanksiya təzyiqini davam etdirəcək, eləcə də, kibertəhlükəsizlik sahəsində öz fəaliyyətini koordinə edəcək. Ekspertlər hesab edirlər ki, Rusiyaya qarşı yeni sanksiyalar konkret rusiyalı məmur, müəssisə və təşkilatlara tətbiq olunacaq. "ABŞ Konqresi Ağ evə təzyiq edərək, onu Rusiyaya qarşı daha radikal tədbirlər görməyə məcbur edə bilər”, - deyə hesabatda bildirilib. Rusiya da sanksiyalardan qorunmaq üçün valyuta ehtiyatlarını artırmağa və dollar asılılığını azaltmağa çalışa bilər. Bu da onu gələn il iri iqtisadi böhrandan uzaq tutar. Qeyri-populyar iqtisadi islahatlar (pensiya yaşının artırılması və vergilərin artırılması) bütün ölkə boyu narazılıqlara səbəb ola bilər. "Bundan isə müxalifət yararlanacaq”, - deyə hesabatda bildirilir. Kreml etirazlara cavab olaraq sərt qərarlar qəbul edə və müəyyən güzəştlərə gedə bilər.
Qlobal problemlərdən bəhs edən Stratfor, biznes üçün geosiyasi risklərin arta biləcəyindən ehtiyat edir. "ABŞ Avropa, Yaponiya, Avstraliya, Kanada, Cənubi Koreya və Tayvana təzyiqləri gücləndirəcək. Onlardan Çin investisiyalarına baryerlər tətbiq etməyi tələb edə bilər. 2019-cu ildə dünya enerji bazarında da vəziyyət gərgin olaraq qalacaq. Səudiyyə və Rusiya qlobal neft bazarında baş verən dəyişikliklərə əvvəlki tək operativ reaksiya verəcəklər. Gələn ilin sonuna ABŞ sıxılmış təbii qaz sahəsində ən iri istehsalçılar olan Qətər və Avstraliyanı ötüb keçəcək. ABŞ-ın səhm bazarında qiymət düşməsi baş verəcək, dünyanı isə resessiya gözləyir. Neft, valyuta və "emerging markets” səhmləri təzyiq altında olacaq”, - deyə hesabatda vurğulanır.
Ümumiyyətlə, gəlinən yekun qənaət budur ki, gələn il üçün siyasi risklər iqtisadi riskləri üstələyəcək.

Azər
banner

Oxşar Xəbərlər