• cümə axşamı, 25 aprel, 19:26
  • Baku Bakı 21°C

Dünya güclərinin savaşdığı ölkə

25.06.21 16:30 1845
Dünya güclərinin savaşdığı ölkə
"Saqqallı tələbələr” Əfqanıstanda hakimiyyəti ələ alır
İllərdir ki, nisbi sakitliyin hökm sürdüyü Əfqanıstanda vəziyyət yenidən nəzarətdən çıxmaq üzrədir. Proseslər elə sürətlə və gözlənilməz şəkildə inkişaf edir ki, proqnoz və analiz etmək də çətinləşir. Artıq ölkənin yeni bir vətəndaş müharibəsi astanasında olduğunu əksəriyyət etiraf edir. Rusiya müdafiə naziri Sergey Şoyqunin etiraf etdiyi kimi, Əfqanıstanda NATO qoşunlarının çıxarılmasından sonra irimiqyaslı vətəndaş müharibəsi başlaya bilər. Rus nazirin sözlərində ciddi əsas da var. "Taliban" bir-birinin ardınca şəhərləri, qəsəbələri, hərbi bazaları ələ keçirir, hökumət qoşunları isə müqavimət göstərməkdə aciz qalır.
Proseslərin belə gedişi onu deməyə əsas verir ki, "taliblər”i ortaya salan və qızışdıran qüvvələr var. Bu qüvvə Rusiya, ABŞ və elə Çin də ola bilər. ABŞ qoşunlarını Əfqanıstandan çıxartmaqda məqsəd güdür. İstədiyi də odur ki, bölgədə gərginlik ətraf dövlətləri də əhatə etsin. Böyük ehtimalla, ABŞ bununla Mərkəzi Asiyada möhkəmlənməyə, Rusiya və Çini buradan sıxışdırıb çıxarmağa çalışır. Rusiya və Çin isə əksinə, ABŞ-ın Əfqanıstandan çıxmasını istəmir. Bu ölkələr gözəl anlayır ki, terrorçu qruplaşmalar sabah onların bölgədəki maraqları üçün ciddi təhlükə olacaq.

"Talib”lər qovur, hökumət qaçır

Hadisələrin son xronologiyasına nəzər salaq. Üç aylıq qarşıdurma bir neçə gün əvvəl ölkənin cənub-şərq vilayətində yerləşən Zabul şəhərinə nəzarətin "Taliban"ın əlinə keçməsi ilə nəticələnib. Artıq "talibançı”lar bunu təsdiq edən videonu da internetdə yerləşdirib. Başqa bir tutulan şəhər isə Qəznə vilayətində olub. Burada, hətta yeni bir hərbi baza da ələ keçirilib. Kadrlardan da aydın görünür ki, əfqan ordusu özünün hərbi texnikasını döyüş hazırlığı vəziyyətinə belə gətirə bilməyib. "Taliban" artıq Tacikistanla sərhəd Qunduz vilayətinə yaxınlaşıb. Bu vilayət tam şəkildə mühasirə vəziyyətindədir. Ən gərgin vəziyyət Tacikistanla sərhəd Şehgan-Bəndər ticarət və gömrük buraxılış məntəqəsindədir. "Taliblər” buranı da ələ keçirib. Bölgədə xidmət edən əfqan təhlükəsizlik xidməti əməkdaşları, sadəcə silahı yerə atıb Tacikistana qaçmağa üstünlük verir. Bu da terrorizmin Mərkəzi Asiyaya keçməsi təhlükəsini yenidən aktuallaşdırıb. Bu gərginliyin, gələcəkdə tək Əfqanıstanı deyil, ətraf yerləri də əhatə edəcəyi istisna deyil. Əsas döyüş əməliyyatları Qunduz şəhəri ətrafında aparılır. Praktiki olaraq eyni vaxtda Baqlan, Herat və Fəryab ətrafında da döyüşlər gedir. Son iki ayda "Taliban”, praktiki olaraq 30 rayonu ələ keçirib və ölkənin 4/3 hissəsinə nəzarət ondadır. Artıq "taliblər” böyük qələbənin yaxında olduğunu hiss edirlər. Kabulun süqut edəcəyi ehtimalı da günbəgün artır. Hökumət qüvvələri və polis də işinin öhdəsindən gəlməkdə acizdir. Prezident Əşrəf Qəni keçən həftə müdafiə, daxili işlər nazirlərini və silahlı qüvvələrin baş qərargah rəisini dəyişmək məcburiyyətində qaldı. Əfqanıstan parlamentariləri də hökumətin ölkədəki vəziyyətə nəzarəti itirdiyini bəyan edərək "Taliban”la mübarizə üçün ictimai cəbhə qurulmasının zəruriliyini bildirib. Fəlakətli bir vəziyyətin inkişafı fonunda Tahar, Bağlan, Cauzjan, Sarı-Pul, Fəryab, Kunduz, Bəlx, Pərvan, Qəndəhar və Badgis əyalətlərində milis birləşmələri yaradılır. Lakin zəif silahlanmış müqavimət dəstələri, NATO standartlarına uyğun təchiz edilmiş və təlim keçmiş hökumət ordusunun öhdəsindən gələ bilmədiyi işi bacaracaqmı?

Əfqan hərbçilər niyə döyüşmək istəmirlər?

Maraqlıdır ki, "taliblər”, əsasən qənimət kimi ələ keçirdikləri texnikanın köməyi ilə hərəkət edir. Məsələn, videoların birində qənimət kimi ələ keçirdikləri HMMWV-ni də nümayiş etdiriblər. Onlarla əsir əfqan əsgəri də nümayiş olunub. Hökumət qüvvələrinin döyüş ruhuna gəldikdə, bu, çox aşağıdır - kütləvi şəkildə təslim olur, texnikanı qoyub gedirlər. "Taliblər” təbliğat kimi əsir əfqanları evlərinə buraxmağa üstünlük verirlər. "Taliban"ın son uğurları tək hərbi deyil - hərəkat əhali ilə işləməyin yolunu da bilir. Bu yaxınlarda qəbilə başçıları ilə əldə olunan razılaşmaya uyğun olaraq yaraqlılar əsirlikdə olan əfqan hərbçilərinin böyük bir hissəsini azadlığa buraxıb. Onların dilindən bir daha güc strukturlarında işləməyəcəkləri və "Taliban"a qarşı döyüşməyəcəkləri barədə yazılı iltizam da alınıb. Böyük ehtimalla, onlar da bu razılaşmaya əməl edəcək. Əsirlərə qarşı mehriban münasibət göstərmək isə aşağıdakı mesaja xidmət edir - "bu, sizin müharibə deyil, boş yerə ölməyinizə lüzum yoxdur, evlərinizə gedin". Həqiqətən də əfqan hərbçilərinin əksəriyyəti Kabuldakı qeyri-populyar hökumət üçün döyüşmək niyyətində deyillər. Onlar hökumətin korrupsiya və əcnəbilərlə sıx münasibətlər qurmasını qəbul etmir. Əhali orduya, daha çox işsizlikdən qurtulmaq və yoxsul Əfqanıstanda yaşamaq üçün gedir.

Yeri gəlmişkən, "taliblər"in Tacikistan sərhədinə çıxışı yalnız lokal bir uğur deyil. Şehgan-Bəndər keçid məntəqəsi Tacikistanla Əfqanıstan arasındakı ən vacib ticarət və keçid məntəqəsidir - Orta, Cənubi və Cənub-Şərqi Asiya ölkələri arasında əhəmiyyətli ticarət həcmi buradan keçir. Yəni "Taliban” artıq Əfqanıstan xaricindəki beynəlxalq əlaqələrə müdaxilə edir. Öz növbəsində, Tacikistan sərhəd təhlükəsizliyini gücləndirib və on min əfqan qaçqını qəbul etməyə hazır olduğunu bəyan edib. Kəşfiyyat agentliklərinin ötən həftə gəldiyi qənaətə görə, beynəlxalq qüvvələr çıxandan altı ay sonra Əfqanıstan hökuməti çökə bilər. Bu haqda "The Wall Street Journal” qəzeti yazıb. Daha öncəki proqnozlarda hökumətin iki ilədək duruş gətirəcəyi deyilirdi. ABŞ ordusu regiondakı 3 min 500 hərbçidən yarıdan çoxunu və avadanlığını çıxarıb. "WSJ” yazır ki, indi Ağ ev rəsmiləri ordunun çıxarılma prosesini ləngitməyə çağırırlar. Müdafiə departamentinin sözçü Con Kirbi həftənin əvvəlində deyirdi ki, "Taliban”ın son qələbələrindən sonra Pentaqon əsgərləri çıxarmağı ləngidə bilər.

ABŞ, Rusiya Türkiyə və İran bölgədə aktiv rol oynamağa başlayır

ABŞ-ın mövqeyinə gəldikdə - Pentaqonun Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (məsuliyyət bölgəsinə Yaxın Şərq və Mərkəzi Asiya daxildir) Amerika kontingentinin Əfqanıstandan çəkilmə prosesinin 50% -in həyata keçirildiyini bildirib. BMT-nin Əfqanıstandakı Yardım Missiyasının rəhbəri Deborah Lyons isə Əfqanıstan arasındakı münaqişənin sülh yolu ilə həll olunacağına ümid bəsləyir. Bununla birlikdə o, vilayətlərin mərkəzlərini "əhatəyə alan" "Taliban"ın ən sərt ssenariyə uyğun olaraq hərəkət edəcəyinə şübhə etmir. Rusiyaya gəldikdə - Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Tacikistan, Qazaxıstan və Qırğızıstandan olan həmkarları ilə Düşənbədə keçirilən ikitərəfli danışıqlar zamanı Əfqanıstandakı vəziyyətlə əlaqəli təhlükəsizlik məsələlərini və bu çərçivədə qarşılıqlı fəaliyyət planlarını müzakirə edib. Bundan əvvəl müdafiə naziri Sergey Şoyqu mərkəzi asiyalı həmkarları ilə görüşüb. Rusiya və Özbəkistanın müdafiə idarələri 2021-2025-ci illər üçün hərbi sahədə strateji tərəfdaşlıq proqramı imzalayıb. Maraqlıdır ki, Rusiya hər vəchlə ABŞ-ın Əfqanıstandan çıxmasına qarşıdır. Kreml ABŞ və NATO qoşunlarının Əfqanıstandan çıxarılmasının onun üçün strateji bir tələ olduğuna inanır. Əfqanıstan Tacikistan, Türkmənistan, Özbəkistan, Pakistan, Çin, İran, Hindistanla həmsərhəddir. Görünən budur ki, Vaşinqton bölgədən çıxmaqla vəziyyətin gərginləşməsinə çalışır. Bununla birlikdə, Mərkəzi Asiya ölkələrində Pentaqon üçün "alternativ hava limanı" üçün davamlı axtarış, Əfqanıstandan çəkilmənin məcburi bir tədbir olduğunu göstərir. Öz növbəsində, keçmiş prezident Həmid Karzayi ABŞ və NATO-nun Əfqanıstanda uğursuzluqla üzləşdiyi qənaətindədir: "Beynəlxalq ictimaiyyət buraya 20 il əvvəl açıq bir məqsədlə gəldi - ekstremizm və sabitliyin təmin edilməsi. "İndi isə koalisiya qüvvələri ölkəni tam rüsvayçılıq və fəlakətlə tərk edir. 20 illik döyüşlərdə "Taliban”, əslində ABŞ-ı sülhə məcbur etdi. Və bəlkə də çox keçmədən "Taliban” daha çox şey istəyəcək. Ölkədə başqa dağıdıcı qüvvələr var – "Əl Qaidə”, İŞİD və təxminən 30 başqa terror qrupu.
Son vaxtlar prosesə daha aktiv bir beynəlxalq oyunçu da qoşulub. Bu, Türkiyədir. Bu həftə ABŞ hökumət rəsmiləri Ankarada Kabil beynəlxalq aeroportunun gələcəyini müzakirə edib. Türkiyə ilin sonunda - beynəlxalq qüvvələr Əfqanıstandan çıxandan sonra bu strateji məkanın təhlükəsizliyini təmin etmək öhdəliyini öz üzərinə götürüb. Türkiyənin müdafiə naziri Hulusi Akar ABŞ-ın nümayəndə heyəti ilə müzakirələr aparıb. Heyətə müdafiə və dövlət departamentlərinin rəsmiləri daxil olub. Akar parlamentdə jurnalistlərə deyib ki, Kabil aeroportunun qorunması planının detalları hələ müzakirə olunur. O, Ankaranın Əfqanıstana bu missiyaya görə əlavə hərbçi göndərməyəcəyini də deyib: "Hazırda bizim orada qüvvələrimiz var, əlavə hərbçi göndərmək müzakirə olunmur”. NATO missiyası tərkibində Türkiyənin 500 əsgəri fəaliyyət göstərir.
İrana gəldikdə, ilin əvvəlindən İran nümayəndələri ilə "Taliban” arasında Tehranda çoxsaylı görüşlər keçirilir. İran ABŞ-ın yoxluğunda onunla birgə əməkdaşlığa nail olmaq istəyirdi. Əfqanıstanda "Taliban”ın hakim gücə çevrilməsi İranın maraqlarına cavab verir. Çünki ABŞ bölgədən tamamilə çıxır, ABŞ tərəfindən dəstəklənən mərkəzi hakimiyyət isə şəriətçi "Taliban” rejimi ilə əvəz olunur. Əfqanıstanda "Taliban” rejiminin bərqərar olması isə ölkənin Mərkəzi Asiyada islam inqilabi ideyalarının yayılması üçün də platformaya çevrilməsi deməkdir.
Beləliklə, uzun müddət sabit qalan "əfqan məsələsi” hansısa qüvvələrin müdaxiləsi ilə yenidən gündəmə gətirilir. Vaxtilə İŞİD adlandırılan qondarma bir problemin bu dəfə Əfqanıstanda reallaşdırılmasına cəhd göstərilir. Lakin İŞİD-dən fərqli olaraq bu problem həllini tapmazsa, daha böyük arealı əhatə edə bilər.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər