• cümə, 29 Mart, 18:30
  • Baku Bakı 14°C

Dünya birliyi Dağlıq Qarabağda keçirilmiş saxta seçkiləri birmənalı şəkildə rədd etdi

09.04.20 15:30 602
Dünya birliyi Dağlıq Qarabağda keçirilmiş saxta seçkiləri birmənalı şəkildə rədd etdi
Beynəlxalq münasibətlər sisteminə nəzər yetirsək, görərik ki, II Dünya müharibəsindən sonra dünya dövlətləri, ümumilikdə bəşəriyyət hazırda mövcud olan belə bir çətin vəziyyətlə ilk dəfədir üz-üzə qalıb. Belə ki, dünya dövlətləri və xalqları bütün digər dərd-sərlərini kənara qoyaraq, ümumi və gözəgörünməz düşmən olan COVID-19-a qarşı birgə mübarizə aparırlar. Lakin insanların və xalqların yumruq kimi birləşdiyi bir məqamda, insanlığa əks cinahda dayanan aktorlar da yox deyil. Bəşəriyyətin sınağa çəkildiyi və Azərbaycanın da dünya ilə həmrəylik nümayiş etdirdiyi bir vaxtda Ermənistanın yenə də öz məkrli siyasətindən əl çəkmədiyinin şahidi olduq. Belə ki, "koronavirus bəlasından ən tez necə qurtula bilərik?”, - deyə dünyanın ürəyinin tək bir arzu ilə çırpındığı zaman kəsiyində Ermənistan nəinki bu qorxunc virusla mübarizə aparmaq məsələsində ümumi axının əksi istiqamətində hərəkət edir, hətta Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağda "seçkilər” keçirməklə şou göstərir. Bu addım, heç şübhəsiz, belə bir vaxtda Azərbaycana qarşı deyil, eyni zamanda, beynəlxalq aləmə meydan oxumaq deməkdir.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova bildirib.
Politoloq deyib: "Birincisi, bu, bir daha onu sübut edir ki, humanizm prinsiplərini pozan Ermənistan üçün bir dövlət olaraq koronavirus pandemiyasının insanların həyatına necə təsir edəcəyi maraqlı deyil. İkincisi isə işğalçı Ermənistan Dağlıq Qarabağda "seçki” keçirməklə bir daha beynəlxalq hüququ saymadığını nümayiş etdirdi.
Dünya birliyinə də məlumdur ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu işğal olunub. Əvvəla, bu beynəlxalq hüququn bütün norma və prinsiplərinin kobudcasına pozulması deməkdir. Bu ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə aparılıb ki, belə bir şəraitdə "seçkidən”, beynəlxalq hüquq normaları çərçivəsində dövlətlər üçün müəyyənləşdirilən və onlara xas olan hər hansı bir fəaliyyətdən söhbət gedə bilməz. Çünki seçki beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilən bir hadisə olmaqla yanaşı, eyni zamanda, beynəlxalq münasibətlər sisteminin tamhüquqlu üzvü olan dövlətlər tərəfindən həyata keçirilir ki, bu, həm də beynəlxalq standartlara cavab verən bir tələbdir. Eyni zamanda, Ermənistanın özünün də üzv olduğu ATƏT-in 1990-cı il Kopenhagen Sənədi demokratik seçkilərlə bağlı bu qurumun əsas prinsipidir. Bu sənəd təşkilata üzv ölkələrin prosesləri davamlı və ədalətli tətbiq etməsi üçün bütün öhdəlikləri özündə ehtiva edir. Deməli, Azərbaycanın işğal edilmiş ərazisi olan Dağlıq Qarabağda "seçki” keçirilməsi Ermənistanın təşkilata üzv ölkə kimi bu prinsipi və təşkilat qarşısında götürdüyü bütün öhdəlikləri kobudcasına pozması deməkdir. Bu "seçkilər” beynəlxalq hüququn aktorları tərəfindən qəbul olunan normal seçkilərdən tamamilə fərqlidir və heç bir legitimliyi yoxdur.
Xatırladaq ki, Dağlıq Qarabağda 2020-ci il martın 31-də təşkil olunan və ümumi seçki kimi qələmə verilən "prezident və parlament seçkiləri” şousu beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə rədd edildi. Azərbaycanın işğal olunmuş torpaqlarında keçirilən qondarma "seçkilər”in qanunsuzluğu BMT-dən sonra dünyada ikinci ən böyük siyasi platforma sayılan Qoşulmama Hərəkatına üzv olan 120 dövlətin yekdil qərarı ilə bir daha təsdiqləndi. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri ABŞ, Fransa və Rusiya bu qondarma seçki şousunu pisləyərək tanımadıqlarını bəyan etdilər. 57 dövlətin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı, Türk Şurası, Türkdilli Ölkələrin Parlament Assambleyası, GUAM, ATƏT Parlament Assambleyası, Avropa İttifaqı, NATO, bundan əlavə Çexiya, Estoniya, Latviya, Litva, Rumıniya, Bolqarıstan, Finlandiya, Almaniya, İtaliya, Monteneqro, Böyük Britaniya, Belçika, İsveç, Xorvatiya, İran, Kanada, Norveç və s. kimi ayrı-ayrı dövlətlər də bəyanatlarla çıxış edərək prinsipial mövqe ortaya qoydular və qondarma seçkini tanımadılar.
Azərbaycanın strateji tərəfdaşı olan qardaş Türkiyə, digər strateji tərəfdaşımız Gürcüstan və Ukrayna isə nəinki qondarma seçkilər haqqında sərt mövqe sərgilədilər, onlar ümumiyyətlə, bu şounun keçirilməsinə etiraz etdilər. Bundan əlavə, Ermənistan tərəfi çalışırdı ki, saxta seçkilərə dünyanın bir sıra dövlətlərindən müşahidəçilər gəlsin, lakin dəvət olunanların hamısı bu təklifdən imtina etdi. Bu da işğalçı ölkənin ümidlərini puça çıxardı. Tarixə qısaca nəzər yetirsək, görərik ki, beynəlxalq ictimaiyyət Azərbaycanın işğal olunmuş ərazilərində indiyədək keçirilən bütün seçkiləri birmənalı olaraq qəbul etməyib.
Əlbəttə ki, bu, hər şeydən əvvəl, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyasının növbəti uğuru və qələbəsidir. Bu gün uğurla həyata keçirilən xarici siyasət kursu ölkəmizin haqlı mövqeyinin dünya birliyinə çatdırılması missiyasında mühüm rol oynayır. Eyni zamanda, beynəlxalq aləmdə kifayət qədər tanınmış politoloq və siyasətçilərin qondarma qurumun saxta seçkilərlə bağlı verdikləri bəyanatlar da Ermənistanın işğalçı siyasətinə etirazın bariz nümunəsidir.
Ermənistan rəhbərliyi hələ də dərk etmir ki, belə saxta seçkilər keçirməklə beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur. İşğal olunmuş Dağlıq Qarabağda seçkilər yalnız Azərbaycan Konstitusiyası çərçivəsində və Azərbaycan dövlətinin nəzarəti altında keçirilə bilər”.
banner

Oxşar Xəbərlər